"XİRƏDMƏNDLƏR SƏNƏTİDİR QƏZƏL"

ƏDƏBİ HƏYAT

 

 

"Böyük Füzulimizin yadigarı mən özüməm!" deyən ustad şair Əliağa Vahiddən sonra uzun müddət idi ki, qəzəl bir janr kimi öz ömrünün qışını yaşayırdı. Doğrudur, muğam ustaları oxuduğu dəstgahlarda, ifa etdikləri təsniflərdə yenə qəzəl oxuyurdular, ara-sıra qəzet və jurnallarda müasir şairlərimizin qəzəlləri ilə rastlaşırdıq. Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi ustad şairlərimiz əruz yanğılarını qəzəllə söndürürdülər. Amma qəzələ -əsrlərdən bəri Azərbaycan poeziyasının bu aparıcı janrına meyl azalmış kimiydi.

Belə düşünmək olardı ki, müasir şeirimizin versifikasiya səviyyəsi, dünya poeziyasında baş verən novator axtarışlar qəzəlin süqutuna yol açır. İlk qəzəlxan şair Ömər ibn Əbu Rəbiədən (VII əsr) Füzuliyə, Nəsimiyə, Seyid Əzimə, Nəbatiyə, Vahidə və Şəhriyara qədər uzanan ədəbi-tarixi yolda qəzəlin oynadığı rolu, daşıdığı missiyanı unutmaqmı olar? Halbuki, nə əruz, nə də qəzəl milli poeziyamızda yad həyatı, qonaq ömrü yaşamışlar. Yaşar Qarayevin təbirincə desək, əgər belə olsaydı, neçə əsrlik Azərbaycan şeirini, onun bənzərsiz klassik nümunələrini hansı milli ədəbiyyatın ayağına yazmalıydıq?

Doğrudur, klassik qəzəl öz ömrünün qışını yaşayırdı, amma hökm vermək olmazdı ki, daha bu janr süquta doğru gedir. Qış fəslində də gözəl güllər, çiçəklər yetişdirmək olar, çünki bu xalqın damarından qəzəli və əruzu şprislə sorub çıxarmaq olmaz.

Keçən əsrin 80-90-cı illərindən başlayaraq qəzəl janrına meyl artmağa başladı. O mənada ki, yeni qəzəlxanlar meydana çıxdı, həm də qəzələ və əruza qarşı biganəlik buzu əriməyə başladı. Xüsusilə, Bakı və Lənkəran ədəbi mühitləri qəzəlin canlanmasında böyük rol oynadılar. Hacı Mail başda olmaqla qəzələ, əruza, Füzuliyə qayıdış başlandı. Bir sözlə, qışdan yaza doğru sərin meh əsməyə başladı, qəzəl gülüstanında təzə güllər pöhrələndi. Klassik poeziyaya son dərəcə sədaqətli, sufi-ürfan təfəkkürlü Hacı Ələmdar Mahir Hacı Maildən sonra qəzəl gəmisini poeziyamızın nəhrində üzdürməyə başladı. Hacı Ələmdar Mahirin Vahid qəzəl məktəbinin ən layiqli davamçısı olduğu məlumdur, amma onun özününbir ustad kimi yeni qəzəlçilərin meydana çıxmasında rolunu danmaq olmaz. Belə cavanlardan biriİlqar Fəhmi idi.

İlqar Fəhminin qəzəlləri haqqında ilk yazının ("Köhnəliyin təzəliyi", "Ədəbiyyat qəzeti", 27 dekabr 2002) müəllifi bu sətirlərin yazarıdır. O zaman 27 yaşlı İlqarı biz ancaq şair kimi tanıyırdıq (sonralar İlqar nəsrə, publisistikaya, dramaturgiyaya da meyl etdibir sıra yadda qalan, uğurlu bədii nümunələr ortaya qoydu). Bədii təfəkkür etibarilə yenilikçi ruhu ilə seçilən İlqar bu "köhnə" havada-qəzəldə də təzə notlar səsləndirməyə can atırdı.

Məlumdur ki, daha qəzəldə sözü Füzuli kimi ucalıq mərtəbəsinə yetirmək, misilsiz məcazlar yaratmaq çox müşküldür. Heç Seyid Əzim də, Əliağa VahidFüzuli mərtəbəsinə yüksələ bilmədilər. Amma məsələni bu şəkildə qoymaq da düzgün deyil. Çünki ədəbiyyatın hər tarixi mərhələsinin öz qanunauyğunluqları var. Füzulinin məcazlar sistemini XIX əsr poeziyasında eynən təkrar etmək mümkün deyildi, amma Seyid Əzim, Nəbati kimi ustadlar, "Beytüs Səfa", "Məclisi üns", "Məclisi fəramuşan", "Məcməüş-şüəra" şairləri mümkün qədər Füzuli ənənəsini yaşada bildilər. Təbii ki, ədəbiyyatda reallıq hissi romantikanı üstələyirdi, ədəbi dil sadələşməyə, xəlqiləşməyə doğru gedirdi və qəzəldə bu missiyanı bütünlüklə Vahid reallaşdıra bildi. Vahid qəzələ XX əsrin ruhunu qatdı, onu bir çox mücərrəd rəmz və simvollardan xilas etdi, qəzəlin ruhunu təşkil edən romantikanı canlı hisslər, duyğularla əvəz etdi. Bu missiyanın həyata keçməsində başqa bir şairin - Süleyman Rüstəmin də rolu az olmadı. Sonrakı nəsildən olan şairlərimiz də bu ənənəni uğurla davam etdirirlər və onların sırasında İlqar Fəhminin də adını xoşhallıqla çəkə bilərik.

İlqar Fəhminin qəzəllərində əsrimizin, belə deyək ki, XXI əsrin ritmi və ahəngi duyulur. Füzuli deyirdi ki, "xirədməndlər" (ağıllı adamlar) sənətidir qəzəl". Bu anra müraciət edənlərin sadəcə nəzm qayda-qanunlarını bilməsi, ən başlıcası isə əruzu mənimsəməsi başlıca şərt deyil. Xatırladaq ki, əsrlər boyu ən ülvi hisslər, duyğular, ən fəlsəfi fikirlər qəzəl dililə ifadə olunub. Amma hər dövrün, hər ədəbi mərhələnin öz qanunauyğunluqları var. Yeni dövrün qəzəli klassik qəzələ yalnız forma baxımından sədaqətlidir, amma məzmun, fikir, bədii təsvir baxımından klassik qəzəllərdən tamamilə fərqlənir. Baxın:

 

Gör bir necə qalxır göyə Məcnunun harayı,

Yüz il görünür ona hicrində hər ayı.

Ol qədri atıbsan sinəmə kirpik oxundan,

Yox yarələrin göydəki ulduz təki sayı.

 

Bir böylə ki, sənsiz bu gözüm yaş axıdıbdır,

Dərya bilib anı, yığılıb xeyli qağayı.

 

Can nəqdini ver eşq bazarında vüsalçün,

Harda görünüb ki, yetəsən vəslə havayı.

 

Vəsf etmək ilə gül üzünü axırı, Fəhmi,

Bir şair olar, sonra əgər çıxmasa zayı.

 

Bu qəzəldə bəzi füzuliyanə ştrixlər var (xüsusilə ikinci beytdə), amma sonrakı beytlərdə müasirləşmə əlamətləri peyda olur. Hiss olunur ki, burada füzuliyanə kədəri vahidanə şuxluq əvəz edir, leksik material da yeniləşib (qağayı, havayı, zayı). Başqa bir nümunə:

 

Mən ki, öz şerimə bükdüm qəmi misra-misra,

Qəm şerimlə gəzir aləmi misra-misra.

 

Dərdimi bildi təbibim, mənə bir şer oxudu,

Sanki çəkdi yarama məlhəmi misra-misra.

 

Qələmimlə yığıram düzmək üçün kağıza

Gül yanaqlarda donan şəbnəmi misra-misra.

 

En səmadan mələyim ki səni vəsf etmək ilə

Dağıdım qəlbə doğan matəmi misra-misra.

 

Yazılır dəftəri-eşqə ürəyim qanı ilə,

Ömrümün sənsiz ötən hər dəmi misra-misra.

 

Sevmişəm bir gülü ki, varlığı bir incə qəzəl

Nazı beyt-beyt eliyir, çəm-xəmi misra-misra.

 

Bəlkə Həvva da o vaxt Fəhmi kimi şair olub,

Yəni yoldan çıxarıb Adəmi misra-misra.

 

Bu nümunə XXI əsrin qəzəlçisi İlqar Fəhminin təkcə şairlik məharətini deyil, həm bizim üçün XXI əsrin bir qəzəl modelini aşkarlayır. Diqqət edin, bu Füzuli, Nəbati, Seyid Əzim qəzəlidir. Çətin anlaşılan ərəb-fars kəlmələrinə rast gəlmirik, hər beyt anlaşılır izaha ehtiyac yoxdur. Qəzəldə nikbirlik çağlayır, onun sətirlərində həyat eşqi ilə coşub-çağlayan bir ürək döyünür. Ancaq biz bu qəzəli misal gətirməklə sübut etmək niyyətində deyilik ki, İlqar Fəhminin qəzəllərində optimizm gur çaylar kimi çağlayır. Yox, İlqarın qəzəllərində lirik qəhrəmanın-Aşiqin kədərli anlarının şahidi oluruq, sevgilinin Aşiqə çəkdirdiyi cəfa da nəzərə çarpacaq dərəcədə diqqəti cəlb edir. Yaxud gözəlin misilsiz görünüşü nəzərdən qaçmır.

 

Füzuli yazırdı:

 

Deyil bihudə gər yağsa fələkdən başıma daşlar,

Binasın tişeyi ahımla viran etdigimdəndir.

 

Bu mənzərəni təsəvvür etmək qeyri-adi deyilmi?

 

XXI əsrin şairi İlqar Fəhmisə yazır:

 

Görmərəm mən səni dursan da gəlib qarşımda,

Gözümü çünki tutub kölgəsi sənsizliyimin.

 

Yaxud:

 

Gözüm yaşın töküb ah eylərəm hicran otağında,

Nədir bu?

Dörd divar içrə yağış məhbus, külək məhbus.

 

Deməli, XXI əsr şairi İlqar Fəhmi klassik qəzəldən gələn ənənəyə sadiq qalır. Ən başlıcası budur ki, Aşiqin izharı, sevgilisinə münasibəti bu münasibətin poetik ustalıqla ifadəsi onun qəzəllərində davam etdirilir. Ancaq yenə təkrar edirik: XXI əsrin Aşiqi hiss duyğularının əlində əsir deyil, o hətta kədərində realistdir, bu günün adamıdır.

Hiss olunur ki, İlqar Fəhmi klassik qəzəl poetikasını yaxşı mənimsəmişdir. Ona görə ki, klassik poeziyaya məxsus bir çox sözlər, ifadələr tərkiblər faiz etibarilə azlıq təşkil etsə , hər halda onun qəzəllərində hifz olunur. Ancaq bütün bu hifzetmə Vahid yolu ilə-xəlqiləşmə prinsipinə tabe tutulur. Hətta deyərdik ki, qəzəllərdəki bu xəlqiləşmə, dil materialının sadəliyi, təmiz Azərbaycan sözlərinə bəzən daha çox müraciət olunması ifrat dərəcəyə çatır. Ancaq bu, qəzəlin məzmununa, bədiiyyatına xələl gətirmir. Yeni tipli Azərbaycan qəzəli yaranır.

 

Yüngül meh olub yanına gizlincə gələydim,

Nərgiz gözünün yaşını gizlincə siləydim.

 

Bir ah çəkərək odlu sinəmdən gecə yarı,

Qəm zülmətinin bağrını gizlincə dələydim.

 

Könlünə baxıb gözlərinin pəncərəsindən,

Məndən utanan sirləri gizlincə biləydim.

 

Gizlincə yazaydım sənə son şeiri, nəhayət,

Son dəfə öpüb şəklini gizlincə öləydim.

Sən göz yaşı tökdükcə mənim qəbrimə, Fəhmi,

Göydən baxaraq mən sənə gizlincə güləydim.

 

XX əsrin sonlarında Bakının şeir-qəzəl məclislərində iki tendensiyanın şahidi olduq. Bir qisim şairlər qəzəlin, ümumiyyətlə əruz şeirinin ancaq klassik poeziyada olduğu kimi saxlanılmasına, yəni ərəb-fars kəlmələrinin silsilə təşkil etməsinə üstünlük verirdilər. İkinci qisim şairlər isə qəzəldə sırf Azərbaycan sözlərinin işlənməsini, mümkün qədər sadə dillə yazılmasını israr edirdilər. İlqar Fəhminin bu "qarşılaşmada" hansı fikrə üstünlük verməsi göz qabağındadır. Ancaq qəzəli, əruzu sevən bir ədəbiyyat adamı və oxucu kimi deyə bilərik ki, hər iki fikirdə müəyyən yanlışlıq nəzərə çarpır. Qəzəlin klassik formada, yəni əsasən qəliz ərəb-fars sözləri ilə qələmə alınması müasir şeir mədəniyyətinə ziddir, bu qəzəlləri yazan şairlərin oxucu auditoriyası ola bilməz. İkinci halda isə əsrlər boyu qəzəldə işlənən bir sıra ərəb, fars sözlərindən, ifadələrində də imtina etmək olmaz. Vahid yolu - Vahid tərzi bunu bir daha təsdiq etdi. Qəzəl aləminin gənc nümayəndəsi İlqar özü klassik ədəbiyyatı, sufi-ürfan poeziyasını yaxşı mənimsəyib, "Məclisi-üns"də apardığı verilişlər də bunu təsdiq edir. Ancaq onun sadə və təbii, asan oxunan qəzəllər yazmasının bir başqa səbəbi də var, o da bundan ibarətdir ki, İlqarın fərdi üslub tərzi, yazı manerası (istər şeirdə, istərsə də nəsrdə və publisistikada) lap ibtidadan sadəliyi ilə seçilir. Amma bu sadəlik bizim bəzi qəzəl yazarlarımız kimi primitivliyə aparıb çıxarmır. Sadəlikdə dərinliyə, obrazlı ifadə tərzinə yol alır.

Müasir qloballaşmatexnologiya əsrində qəzəlin bir janr kimi yeni ifadə tərzi, yeni tipi meydana çıxır və biz bunu İlqar Fəhminin qəzəllərində də görürük. İlk növbədə, İlqar Fəhmi şablon ifadələrdən, məlum təşbehlərdən qaçır, ona yeni məzmun, yeni bədii təsvir əlvanlığı bəxş edir. "Taleyin fırçasın almış dişinə çərxi-fələk, Ömrünü rənglərə göy qurşağı tək bölmək üçün" - bu beytdən Füzuli rayihəsi duyulur, amma tamamilə yeniorijinal mübaliğədir. "Bu nə dünyadı, ilanlar uçuşur göylərdə, Qara torpaqlarda qartal doğulanlar sürünür" - bədii təzadın mükəmməl müasir nümunəsidir. Qəzəlin qəhrəmanının da məkanı dəyişir: "Bir zaman Məcnun idi divanə, səhra məskəni, İndi yox Məcnun, nə səhra, bir dənizdir, bir də mən". Zarafat ruhu, yumor ahəngi yeni qəzəllərə bir şuxluq gətirir: "Məcnuna həyat yoldaşı qəm, Fəhmiyə möhnət, Aləm dedi-Məcnun ilə Fəhmi bacanaqdır". Köhnə, klassik ifadələrə yeni həyat bəxş eləmək də müasir qəzəllər üçün səciyyəvi hala çevrilir: "Atəşlərə baş vurmağa səslər bizi sanki Pərvanələrin qəhqəhəsi şam işığında". Misalların sayını dəfə-dəfə artıra da bilərik.

Sözümüzü İlqarın bir şeirindən bu misralarla bitirək. Elə bir şeir ki, İlqarın özünün obrazı da o şeirdən bizə boylansın:

 

Mənə bir qədəh Ömür ver,

Səsimi boğub sinəmdə, yaşayım sükut içində,

Payıma düşən bu dərdi, daşıyım sükut içində.

 

Mənə bir qədəh külək ver,

Qapına gələn bu yollar məni salsa gər ayaqdan,

Çəkib ahımı səmaya sənə göstərə uzaqdan.

 

Mənə bir qədəh ümid ver,

Ki ürəkdə gizli-gizli doğulan hər arzu, istək,

Yuvadan yıxılmasın qoy gözü bağlı körpə quş tək.

 

Mənə bir qədəh günəş ver,

Bu qaranlığın içində səni əllərim tapanda,

Mənə zillənən baxışlar unudulmasın bir anda.

 

ədalət.-2015.-24 oktyabr.-S.15.