AŞIQ CAHANGİR

Təbriz səfərinə çıxmışdıq...

 

Qəfil qəza varmış bu ölümlü-itimli dünyada, ölümün özündən betər ölümlər də varmış bu fanidə.

Gözəl şairimiz Məmməd İlqar tuş gəldi belə qəfil qəzalardan birinə. Sükan arxasındaca "İnsult" keçirmiş, beyninin arxa kürəsinə qan sızmış, və qəzadan salamat qurtulsa da yaddaşını itirmişdi... Nə zülm xəstəlik imiş yaddaş itkisi...

Dostumuza şəfa diləkləri ilə Təbrizə gedirdik. Deyilənə görə orada yaxşı həkimlər varmış və bu ümidlə, dostumuz, gözəl xislət sahibi Böyük Bəyin təklifi ilə payızın son aylarında səfərə çıxdıq. Təbriz, xəyallarımın nağıllar, əfsanələr dünyası idi. İçimdə qəribə hisslər keçirirdim, sanki, möcüzələrlə dolu bir dünyaya düşəcəkdim.

Sərhədin arası bircə qarış olmasına baxmayaraq, İran torpağına qədəm qoyan kimi doğrudan da elə bil başqa bir dünyaya düşdüm. İnsanların geyimi, psixologiyaları, evlərin quruluşu və sair, tamam fərqli idi. Təbiət də başqalaşdı bir andaca, sehrli bir aləmə səyahət başlandı. Üzü axşama yol gedirdik. Gündüzdən dönmüş hava bomboz bozardı, ruzigarlar qar çovğun gətirdi. Əhər şəhərinə getməli, bizə himayədarlıq edən Böyük Bəyin evində gecələməli idik. Əhərə qədərki yolumuz 250 km. yaxın yol idi və həmin yol səfərini qələmə alsaydım, macəralarla dolu bir hekayət alınardı.

... Lopa-lopa yağan qar yolları bağlamış, qaranlıq düşmüşdü. Əslən Əhərli olan sürücümüz yola çıxmasına peşman olsa da, geriyə yol yox idi. Ancaq irəli getməliydik. Qar isə dayanmadan yağır, gediş-gəlişi kəsilmiş yolu tamamilə bağlamağa cəhd edirdi. Peşəkar sürücümüz bizə ürək-dirək verirdi ki, təşvişə düşməyin, təkərlərim qışa hesablanmış, dişli təkərlərdi. Bir təhər çatdıracam sizi Əhərə, - deyib maqnitofonunu işə saldı. Bir andaca təşvişə bürünmüş sükut parçalandı, saz havası və Aşıq Cahangirin məlahətli səsi hamımızın üzündə bir sevinc, bir ümid çırağı yandırdı: "Ərzurumun gədiyinə varanda, Onda gördüm burum-burum qar gəlir..."

Belə halları möcüzə adlandırmaq olar. Qar, çovğun bizi elə yaxalamışdı ki, orada qalsaydıq, nələrin baş verəcəyini təsəvvür etmək tükürpərdici olardı. Şennik yaşamayan hüdudsuz çöllük, soyuq-sazaq, ucsuz-bucaqsız gecə. Sürücünün dediyinə görə bu çöllüklər yalquzaqlarla dolu olur və bir neçə dəfə insanlara hücum edərək parçalamışdılar...

İndi müdhiş xəyalların yerini, Aşıq Cahangirin səsi silib- süpürməkdəydi. "Kərəm köcdü"dən "Zarıncı"ya keçid aldı: "İncənimi soruşursan əfəndim, Dünyanın bir bucağında bir eldi, Halal biçər, haramılar daşıyar, Haram bişməz ocağında, bir eldi..." Məmmədin huşu özünə gəldi bir anlıq. "Bu Aşıq Cahangirdimi? Deyəsən mənim sözlərimi oxuyur", - dedi. Könüllərdə ümid çırağı yandı. Yollar duruldu sanki. Küləklə sovrulan qar, maşının işığında sağa-sola burulur, görünməz olan yolun üstünə bir pərdə çəkirdi. Sürücü çox ehtiyatlı və təcrübəli idi. Hər yer ağarmışdı. Yol ilə, yolun kənarını sərhədləyən, qurumuş qanqal çəpərcikləri olmasaydı, yolu ayırd etmək mümkünsüz olardı. Bu qanqal zolağı bizə bələdçilik edir, sürücü həssaslıqla maşını idarə edirdi. Qəribə burası idi ki, sürücü maşını sürətlə sürür, bizdən təşvişə düşməməyimizi xahiş edirdi. Yavaş sürsəm maşın sürüşə bilər - deyərək, sürəti qətiyyən aşağı enməyə qoymurdu. Qəribə deyilmi?

Arada qanqal zolaqları yoxa çıxır, təhtəl şüurla demək olar ki, Allah ümidinə gedirdik. Maşının dirənməsi ağır nəticələrin başlanması olacaqdı.

Aşıq Cahangir oxuyur, maşın isə sürətlə irəli şığıyırdı. Bütün qorxunu və təlaşı silib-süpürən qara sazın sədaları qarlı gecəni başına götürmüş, Aşıq Cahangirin məlahətli səsi yollarımıza bələdçilik edirdi. Elə bu ara maşın oynadı və bir dəfə fırlanaraq yoluna düzəldi. "Sallama Kərəmi" İlahidən gələn bir səs kimi maşınımızı yolunu səhmanladı sanki: "O zaman ki, çıxdıq Vannan İrana, Qəfləli, şütürlü, mayalı dərvi..." Hamımız bu yol təhlükəsini unutmuşduq. Məmməd İlqar isə ətrafda nələrin baş verməsinin fərqində deyildi. Onun yaddaşı bərpa olunmuşdu elə bil. Cahangir bir misranı tamamlamış Məmməd ikinci misranı təkrarlayırdı: "Dindirəndə kəlmə-kəlmə danışar, Gəlindən, qızdan da həyalı dərviş".

Üzücü yol uzanır, qar isə hikkəsini daha da artırır, zorla da olsa yolumuzdan eyləmək istəyirdi. Uzaqda ulaşan canavarların səsi aydınca eşidilirdi. Görünür onlar da bizi izləyir, nə zaman dayanacağımızı gözləyirdilər. Çox qəribə bir mənzərə idi. Qar dayanmaq istəmir, canavarlar ovunu izləyir, sükan arxasında oturmuş inadkar sürücü bütün diqqətini yol kənarını bələdləyən qanqal zolağından gözünü çəkmir, Aşıq Cahangir isə telli sazıyla Ol Xudadan aman istəyirdi. Elə bu zaman qəfil bir qəza şığıdı üstümüzə. Qarşıdan gələn nəhəng bir yük maşını yanımızdan şığıyaraq ötdü. Elə bil başımıza qar uçqunu üşələndi. Yük maşının üstündən tökülən qar seli maşınımızın üstünə töküldü və qarşı şüşəni tamamən bağladı. Sürücü özünü itirmədi. Şüşə təmizləyici bir müddət çapaladı, birtəhər şüşəni təmizlədi. Maşın sürüşdü və yolun kənarındakı çökəkliyə düşdü və dayandı. Sürücünün cəhdiylə xeyli eşələnən maşın yola düzələ bilmədi. Sürücü tez düşüb özüylə gəzdirdiyi balaca saplı bel ilə təkərin önünü və arxasını təmizlədi. Artıq vəziyyət son həddə çatmışdı. Maşın buradan çıxmasaydı bizi izləyən ac canavarlar üstümüzə yeriyəcəkdilər.

Sürücü, maşını dala-qabağa sirkələyərək, yan tərəfdən itələməyimizi xahiş etdi. Dala-qabağa yırğalanan maşın yolun kənarındakı uçuruma yuvarlanmasın deyə, biz, yəni mən, Babək (M. İlqarın oğlu) və Böyük Bəy, Maşının yan hissəsindən yola tərəf itələdik. Bəlkə də Uca Allahımız da Aşıq Cahangirin sazını-sözünü eşidirdi. Maşını Aşıq Cahangirin "Qaytarma" havasıyla yoluna qaytardı və yolumuza düzəldik. Arxamızca sürünən canavar sürüsü bizdən əl çəkmirdi.

Nəhayət yolun inadı qırıldı. Qarlı gecə təslim oldu, ac canavarlar çəkilib getdilər və gecə yarıdan keçmiş Əhər şəhərinə qədəm qoyduq. Aşıq Cahangir Müxəmməslə sözünü tamam eyləyirdi: "...Yamandı halım samovar"... və biz artıq samovar çayı içməyə tələsirdik.

Mən bu balaca hekayəti özümdən uydurmadım. Canlı şahidlərim var. Bu hekayəti də ona görə qələmə adım ki, sazın və sözün sehrinə sizi inandıra bilim. Dastanlarımızda, nağıllarımızda Haqq aşığı olanlardan söhbət gedəndə bəzi adamlar "Nağıldı" deyib inanmırlar. Məsələn, "Əsli Kərəm"də durnaların lələk tökməsi və s. İnanın, bu, bir həqiqətdir və sazın-sözün sehrinə mən inanıram. Ədalət saz çalanda bülbülün onun başına pərvanə tək dolanmasını video yazılarından görmüsünüz. Bizim o qarlı gecədəki macəramızda bizə bələdçilik edən Aşıq Cahangirin sazı və sözləri quş qanadında maşınımızı Əhərə yetirmişdi.

Aşıq Cahangir, vaxtında dünyaya gəlmiş sənətkardı. Ta Dədə Qorquddan üzü bəri yol gələn sazımız Qurbanidən, Xəstə Qasımdan, Tufarqanlı Abbasdan keçərək Aşıq Alıya, Dədə Ələsgərə qədər dövranlar qurmuş, zamanın bütün sınaqlarından, qarından, çovğunundan keçmişdi. Zaman-zaman dövran qurmuş saz-söz sənəti məhrumiyyətlərə də məruz qalmış, eniş enmiş, yenidən zirvələrə yüksəlmişdir. İyirminci əsrə qədəm qoyan qolça qopuzumuz, qaraca sazımız, yeni zirvələrə ucalmış, Aşıq Şennikdən Borcalı mahalına yeni nəfəs gətirmiş, Xındı Məmməd, Sadıq Sultanov, Əmrah, Hüseyn Saraclı, Kamandar kimi sənətkarların sinəsində yeni erasını yaşamış, Ədalətin barmaqlarıyla dünyanı heyrətdə saxlaya bilmişdi.

Açıq Cahangir niyə vaxtında dünyaya gəldi? Bəli, söylədiyimiz kimi, hər təşəkkülün tənəzzülü də olur və bu azman sənətkarlar dünyadan köç etdikdən sonra bu yolu yolda qoymayan sənətkarlar, davamçılar olmalıdır. Bu gün mübaliğəsiz söyləyə bilərəm ki, Aşıq Cahangir bu klassik ənənənin davamçısı sayıla bilər.

Bu gün ozan sənəti yasaq olunmayıb. Azadlıq və müstəqilliyimiz bərpa olunduqdan sonra, saz sənəti də azadlığa çıxdı, böyük salonlara, məclislərə qatıldı. Qastrollara çıxaraq, xarici ölkələrdə səsləndi, tele-ekranlarda saz müsabiqələri keçirildi və s. Bütün bunlara baxmayaraq, nə yeni Sadıq Sultanov, nə Əmrah, nə Kamandar, nə də Ədalət Nəsibov yetişə bilmədi. Demək olmaz ki, saz məkanımızda boşluqlar yarandı. Sadəcə saz da dövrün axarına qoşuldu, ağır el şənliklərindən çıxıb, bərli- bəzəkli şənlik evlərinə qatıldı, şou bizneslərlə qoşalaşdı, ağır el havalarını yüngül, oynaq havalar əvəz etməyə başladı. Ola bilsin bunlar da labüddü. Amma saz biznesi alverə çevrilməyə başladı, azacıq saz dınqıldatmağı bacaranlar, şou verilişlərə qatılaraq reklam qazandılar, sazın başına min oyun açaraq pul qazanmağa cəhd etdilər.

Bu təkcə sazın faciəsi deyil, sözün də faciəsinə çevrildi. Aşıqların çoxusu varlı adamlara söz bəstələdilər, dünyanın ən bayağı söz yığınlarını sazın belinə yüklədilər, sazı urvatdan, sözü qiymətdən salmaqla məşğul oldular. Bu həm də millətin zövqünün korlanması deməkdi. İndi ən populyar aşıqlar, bu söylədiyim missiyanın daşıyıcılarıdırlar. Amma sazın və sözün urvatını qoruyan sanballı aşıqları heç kim böyük şənlik məclisə dəvət etmir. Çünki, onlar saz əlində toy toğlusu kimi hoppanıb düşmürlər, ağır el havaları oxuyur, dastanlardan parçalar söyləyirlər, insanları düşündürə bilən klassik şair və ustadlardan oxuyurlar. Əvəzində isə iri toylara sifariş ala bilmirlər, olsa-olsa bir-iki əhli urfan məclisinə dəvət alırlar və evə əliboş qayıdırlar. Buna baxmayaraq sazın və sözün ləyaqətini qoruyub saxlayırlar.

Belə aşıqlardan biri və birincisi Aşıq Cahangir Gədəbəylidi. Bu sıraya aşıq Qərib İncəlini də əlavə etmək olar.

Aşıq Cahangiri çox zaman Borçalı aşığı zənn edirlər. Düzdü, sazın bölgələr üzrə məktəbləri və fərqli məkanları var. Amma sazın bir vətəni var. Böyük Turan. Hər bölgənin ləhcəsi olduğu kimi sazın da bölgələr baxımından fərqli ləhcəsi var. Aşıq Cahangir əsil Borçalı ləhcəsində çalıb-oxuyan ustad aşıqdı. Ustad adını qazanmaq hər aşığa nəsib olmaz. Ustad, ilk növbədə ustaddan dərs almalı, sazı olduğu kimi dərk etməlidi.

Aşıq Cahangir, ustad oğludu. Ustad oğlundan şəyird olmaz deyiblər. Buna baxmayaraq, atası Aşıq Sənandan dərsini aldıqdan sonra, bir neçə ustada qulluq etmiş, Aşıq Sədi Abbasovdan sazın bir mətləbini, ustad aşıq Mahmuddan ləhcə şirinliyini, Dədə Kamandardan Ulu Borçalı havalarının şəhdi-şirəsini döyşürmuş, bütövlükdə İranda-Turada öz ləyaqətli imzasını təsdiqlədə bilmişdi. İstənilən ara aşığını adi bir saz havası ilə imtahana çəkmək olar. Məsələn, mən bir dəfə kafelərin birində, əlində saz hərlənən bir aşığı məclisimizə dəvət etdim". Aşıq, üç hava deyəcəm, çalsan bu 50-lik halalın olsun, çala bilməsən, sazını əlindən alacam", - dedim. İki nəfər idilər. Bir-birinin üzünə baxdılar. Çaşmışdılar. Bir də mənə baxdılar. Gördülər boğazı qalstuklu bir adamam. Fikirləşdilər ki, müəllim adamdı, nə qaner saz nədi. Odur ki, razılaşdılar. Mən fikrimdə qəti olduğumu bir daha vurğuladım. "Bilməsəniz sazı alacam", - dedim. Nəhayət razılaşdıq. "Bir "Dolhicranı" havası çal", - dedim. Yazıqlar bir-birinin üzünə baxıb şinidilər. İkinci havanın adını söyləmək istəyəndə dinməzcə sazı qabağıma qoydular. "Qardaş, saz halalındı, belə başladınsa biz pas", - deyib təslim oldular...

Bu gün aşıqlarımızın çoxu bu gündədi. Aşıq Ədalət demiş, ustadı maqnitofon olandan nə aşıq çıxacaq?

Aşıq Cahangir, nəinki havaların hamısını bilir, mən deyərdim ki, o hər havaya öz nəfəsini, öz eşqini də əlavə edə bilir. Belə aşıqlar çox az-az yetişir. Baxın, Hüseyn Saraclının " Ruhani"sini heç kim çala bilmir. Kamandarın saz dünyasına gətirdiyi təravəti kim gətirə bilər? Aşıqların yetmiş faizi Ədalər Nəsibovun çevrəsindən çıxa bilmirlər. Hamının başı pul qazanmaq işinə qarışıb, sazı az qala əldə oyuncağa döndəriblər. Nə yaxşı ki, Aşıq Cahangir kimi aşıqlarımız da az deyil.

Aşıq Cahangir Quliyevin ünvanına söylənənlər tərif yox, hala haqqıdır. Ol Xuda onu ustad aşıq kimi dünyaya göndərmiş. O, özünü dərk edən gündən "Mən aşıq olacam" - demiş və bu gün yar-yaraşığı, ədəb-ərkanı və çalıb-oxumağı ilə heç kimə bənzəmir, yeni, orijinal və təbiidir.

O, hər havanı yaşaya-yaşaya ifa edir. "Sallma Kərəmi"də, "Qaytarma"da, "Zarıncı"da,"Mansırı" da bir irfan babaya, "Dol hicran"da "Sultanı"da, "Kərəm köçdü" də ozan dərvişə bənzəyir, ruhları təzələyir, insanı kökünə-köməcinə qaytarır.

İndiki zamanda dastançılıq ola bilsin ki, aktual olmasın. Amma bu qədər möhtəşəm keçmişi, zəngin folkloru olan millət öz keçmişindən imtinamı etməlidi? Mən çox istərdim, teleməkanlarda bu xörək bişirən, millətin zövqünü zay günə qoyan yüngül əyləncəli verilişlərin yerinə, dastan axşamları, folklorla bağlı maraqlı verilişlərə yer ayrılsın. Aşıq Cahangir kimi nadir ozanlarımız milləti özünə qaytaran hikmətlərimizdən, dastanlarımızdan, ustad aşıqlarımızın yaradıcılığından söhbətlər açsınlar.

Billah, bu millət halallıqda çox uzaqlaşır. Şər-böhtan baş alıb gedir. Qardaş-qardaşı aldadır, ata qızına meyl etməyə, qardaş bacısına sataşmağa başlayır. Bu millətin zövqü teleməkanlardan evimizə soxulan şit-şit verilişlərlə korlanır. Teleməkan insanın formalaşmasında ən aparıcı amildi. Çünki indi kitab oxumurlar, teatrlara getmirlər, bütün günü televiziya qarşısında bayağı verilişlərə baxaraq korlanıb gedirlər (bu da bir giley idi, dedik, burda da qaldı).

Aşıq Cahangir eyni zamanda yaradıcı aşıqdı. Bu günlərdə " Ustad aşıq Cahangir" adlı kitabı işıq üzü görüb. Şeirlərini-qoşma və gəraylılarını, divani və təcnislərini oxudum. Özünə məxsus yaradıcılığı bir qom dağ bənövşəsinə bənzəyir...

Və ozandan bənövşə ətirli bir şeir:

 

Qəribsəmə, qərib bizik,

Yurd daşısan ay bənövşə.

Kim deyir ki, dərd çəkməyə,

Sən naşısan, ay bənövşə.

 

Boynun bükük, qəlbin üzük,

Sən gündəyik, sanma düzük.

Bütün güllər olsa üzük,

Sən qaşısan, ay bənövşə.

 

Həsrət kəsib aramızı,

Bulan yoxdu çaramızı.

Göz-göz olan yaramızı

Az qaşısan, ay bənövşə.

 

Şahidisən olanların,

Cahangir tək solanların.

Yurd-yuvasız qalanların

Göz yaşısan, ay bənövşə.

 

Ədalət.-2015.-24 oktyabr.-S.10.