QUZANLI AĞDAMI XATIRLADIR
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
(əvvəli
ötən sayımızda)
Həyat dəyişir. Dünyanın inkişaf sürəti bizim inkişafımızı həm öz axarına alır, həm də onun formalaşmasına təkan verir. Bu mənada Azərbaycan insanının artıq dünya çapında özünü təsdiq etməsi, öz elmi potensialı ilə ön sıralar çıxması bir növü normal və təbii haldır. Çünki təhsil sisteminin bazası, onun əhatə dairəsi yeni dünyanı tanımağa, onun inkişafına qoşulmağa bizim üçün də şərait yaradır. Əgər bu gün Azərbaycanda təhsil ilə bağlı atılan addımları nəzərdən keçirsək, onda qazanılan uğurların elmə söykəndiyini bir daha görmüş olarıq.
Bax, bu mənada səngərlə üz-üzə yaşayıb hər gün düşmən atəşinin qopardığı gurultular altında dərsə gedən, elmi biliklərə yiyələnən şagirdlərin qavrama bacarığını düşünəndə və onların nəticələrini gözdən keçirəndə istər-istəməz insanın ürəyində qürur hissi hakim kəsilir. Bax, bu mənada 2014-2015-ci tədris ilinin yekunlarına diqqət yetirəndə məlum olur ki, bu il Ağdam rayonunda ali məktəblərə qəbul olunmuş 372 nəfərin 23 nəfəri 600-dən, 51 nəfəri isə 500-dən artıq bal toplayıbdı. Üstəlik, xatırlatdığımız tədris ilində rayonun iki nəfər şagirdi respublika olimpiadasında medala layiq görülüb. Bu da onu göstərir ki, cəbhə bölgəsində fəaliyyət göstərməsinə baxmayaraq, Ağdamın təhsil işçiləri, pedaqoji kollektivləri öz vəzifələrinə, öz müqəddəs müəllim adına böyük sayqı və diqqətlə yanaşırlar, bu adı uca tuturlar. Elə buradaca onu xatırladım ki, rayon rəhbərliyi ilə xüsusilə rayon icra hakimiyyətinin başçısı Raquf Məmmədov da qabaqcıl müəllimlərə, pedaqoji kollektivlərə həmişə özünün böyük qayğı və ehtiramı ilə onların əməyinə yüksək qiymət verildiyini bir daha diqqətə çatdırmış olur. Bu da öz növbəsində həm rayon müəllimlərinin, həm də bütövlükdə təhsil sahəsində çalışanların məsuliyyət hissinin artmasında öz təsirini göstərir.
Bu gün Ağdamda məktəb tikintisi və bu tikintinin keyfiyyət məsələsi icra strukturunun daim nəzarətdə saxladığı məsələlərdən biridi. Ona görə də rayon ərazisində tikilən 160 yerlik I Baharlı kənd, 120 yerlik Həsənxanlı kənd, 360 yerlik Əfətli kənd tam orta məktəbləri, eləcə də 83 saylı 440 yerlik İmamqulubəyli qəsəbə köçkün məktəbləri, Yevlax-Bərdə avtomobil yolunun kənarında salınmış yaşayış massivində tikilmiş 480 yerlik 1 saylı köçkün tam orta məktəbi 640 yerlik köçkün tam orta məktəbi söylədiklərimizə faktiki nümunədir. Bundan başqa rayonun Əhmədağalı, Xındırıstan kənd tam orta məktəbləri də əsaslı təmir olunaraq pedaqoji kollektivin və şagirdlərin ixtiyarına verilmişdi. Burada onu da qeyd etmək yerinə düşər ki, təkcə yeni məktəb binalarının tikilməsi deyil, həm də köhnə məktəb binalarının əsaslı təmiri və bütün məktəblərdə tədris vəsaitlərinin bütünlüklə təminatı məsələləri də rayon rəhbərliyinin daim nəzarəti altında olubdu. Hətta məktəb kitabxanalarının şagirdlər üçün zəruri olan təminatı da rayon icra hakimiyyətinin və təhsil şöbəsinin diqqətindən yayınmayıbdı. Bu gün Quzanlı qəsəbəsində, eləcə də bölgənin digər yaşayış massivlərində məktəbəqədər müəssisələrin, uşaq bağçalarının da normal işləməsi, onların təminatı məsələləri də rayonun əlaqədar qurumlarının diqqətdə saxladığı və ardıcıl nəzarət etdikləri sahələrdən biridir. Elə buna görədir ki, bu rayonun yetişən gənc nəsli bu qayğıdan yararlanır və özlərinin təhsildəki uğurları ilə hər kəsi sevindirirlər. Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşər ki, bu gün Ağdamın bütün məktəblərində "Qan yaddaşı" kitabçası hazırlanmış və həmin kitabçaya şagirdlərin özləri tərəfindən hazırlanmış, seçilib bəyənilimş plakatlar, stendlər, mədəniyyət və incəsənət nümunələri, işğal tarixi, milli qəhrəmanlar, tarixi abidələr və digər önəmli məqamlar öz əksini tapmışdı. Təbii ki, bu qan yaddaşını həmişə ayaqda saxlamaq, onun real nümunəsini sərgiləmək üçün pedaqoji kollektivlərin təşəbbüsü ilə bölgədəki əsgərlər, hərbi kontingentlə sıx əlaqə qurulmuş, mütəmadi görüşlərin keçirilməsi təmin olunmuşdu. Görünür elə bu təşəbbüslərin bəhrəsidir ki, Ağdam məktəblilərindən 8 nəfəri ali hərbi məktəbə, 1 nəfər Daxili qoşunların akademiysına, 2 nəfər Sərhəd qoşunları Akademiyasına, 1 FHN Akademiyasına, 1 nəfər MTN Akademiyasına, 3 nəfər C.Naxçıvanski adına Hərbi liseyə qəbul olunmuşdu. Bütün bunlar da böyüyən nəslin, xüsusilə orta məktəbdə oxuyan oğlanların formalaşmasında öz müsbət təsirini göstərir.
Bəli, bu gün Ağdam rayonu ərazisində həm mədəniyyət, həm də təhsillə bağlı həyata keçirilən tədbirlərin sırasında idman yarışlarının təşkili də xüsusi yer tutur. Yəni bir kütləvi tədbir kimi diqqəti çəkən idman yarışlarında sözünü deməyi bacaran Ağdam məktəbliləri və onların "Cəsurlar" və "Şahin" hərbi idman oyunları üzrə komandalarının formalaşması, bu komandaların zona mərhələlərində iştirakı rayonun idman nüfuzunu daha da artırmışdı. Ümumiyyətlə rayonda şahmat, futbol və idmanın digər növləri ilə məşğul olan idmançıların önə çıxması üçün kifayət qədər normal şərait yaradılmışdı. Elə bölgədəki idman kompleksini xatırlatmaq yəqin ki, söylədiklərimizi özü-özlüyündə təsdiq edər. Bu isə istər respublikamızda, istərsə də onun bölgələrində idmana göstərilən qayğının, diqqətin və bu sahəyə ayrılan resursların çox yaxşı bir göstərcisidir.
Doğurdan da bu gün Ağdamın daha çox aran bölgəsini əhatə edən kəndlərində, yeni salınan qəsəbələrində həyat öz axarı ilə davam edir. Sakinlər təsərrüfatların müxtəlif növləri ilə məşğul olmaqla öz ailə büdcələrini təmin edir, üstəlik yerli sahibkarların istehsal etdikləri kənd təsərrüfatı məhsulları respublikanın paytaxtına və digər şəhərlərinə göndərilir. Öz işgüzarlığı ilə həmişə fərqlənən Ağdam sakinləri normal həyat səviyyəsinin qurulmasında onlara dəstək olan ölkə rəhbərliyinin qayğısından yararlanaraq hər gün yeni uğurlara doğru addımlayırlar. Bu da həm onların elektrik enerjisinə, qaza, suya olan tələbatının vaxtlı-vaxtında ödənilməsindən, yolların abadlığından, təhsil, səhiyyə, mədəniyyət sahəsindəki nailiyyətlərdən qaynaqlanır. Yəni hər kəs ona həm fərdi, həm də ümumi formada göstərilən diqqətin təsirini öz həyatında, ailəsində görüb hiss edir. Təbii ki, bu da Ahərbaycan prezidenti İlham Əliyevin birmənalı şəkildə söylədiyi "Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm" kəlamının real göstəricisidir.
Bəli, biz Ağdam nisgili ilə yaşasaq da, amma ümidli, inamlıyıq. Yaşadığımız həyat, qazandığımız uğurlar və bir də ölkə rəhbərliyinin qətiyyətli addımları bizim bu inamı, bu ümidi hər gün artırır.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2015.-24 oktyabr.-S.4.