KÜRDƏMİR: İNKİŞAFIN
VƏ MODERNLƏŞMƏNİN YENİ ÜNVANI
Bura Vətəndir, Ana Vətən...
...Uzaqdan, lap uzaqlardan baxanda əvvəlcə göylərdə dalğalanan bayraq görünür. Ay-ulduzlu, üç rəngli Azərbaycan Bayrağı! Yolun hansı istiqamətdən olur-olsun, Kürdəmir şəhərinə yaxınlaşdığını (əslində hələ bir 30-35 km qaldığını) beləcə görüb rahatlanırsan. Şirvanın aran mərkəzində, Kürdəmirdə səni sevinc dolu anlar gözləyir. Yol boyunca yeni salınmış park və bağlar, müasir tikililər, sosial obyektlər, rahat yollar, səliqəli küçələr... Yolun bu yerlərdən çoxdan düşməyibsə çaşıb qalırsan. Bir ilin, il yarımın zaman müddəti, əslində görülən işlərin miqyasında qısa bir vaxtın yaşantısıdır. Hələ bir müddət düşüncələrin labirintində qalırsan: bura doğurdanmı həmin yoldur, həmin şəhərdir, həmin yerlərdir?
Bura Vətəndir! Güdən-günə inkiaf edən Azərbaycan Respublikasıdır. Özü də təkcə şəhərləri, rayon mərkəzləri ilə deyil, kənd və qəsəbələri ilə də daim inkişafda olan gözəl Vətən. Bu gün öz inkişafı və müasirliyi ilə hamını sevindirən Kürdəmir də bu Vətənin bir parçası, qürurudur...
Gerçəkdən son vaxtlar buralarda görülən işlər, bütün istiqamətlərdə baş verən yeniliklər bütövlükdə Kürdəmir rayonunun simasını büsbütün dəyişərək onu da müasir bölgələr sırasına çıxarmışdır. Dövlət Proqramının uğurlu icrası, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna qayğı və diqqəti bu böyük aran rayonumuzun da geniş inkişaf yolunu təmin etmişdir. Bütün bunlar barədə rayonda keçirilən tədbirlər zamanı həmişə geniş söhbətlər açılır, ölkə rəhbərliyinin ünvanına minnətdarlıqlar, alqışlar səslənir.
Prezident qayğısı və
etimadın doğrulması
Bu yaxınlarda keçirilən iclas zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir. C.Cəfərov demişdir:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Respublika Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 12 oktyabr tarixli iclasında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yığıncaqda 9 ayda qarşıda duran bütün iqtisadi və sosial məsələlərin uğurla həll edildiyini, ölkə iqtisadiyyatının inkişafına nail olunduğunu qeyd etmişdir.
Bu ilin 9 ayı rayonumuz üçün də uğurlu olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabr ayının 17-də rayonumuza tarixi səfər etdi. Bu səfər zamanı cənab Prezidentimiz Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək Heydər Əliyev parkında aparılmış yenidənqurma işləri ilə yaxından tanış oldu. Daha sonra Cənab Prezidentimiz əhalinin asudə vaxtının səmərəli təşkili, dövlət rəmzlərin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmiş "Bayraq meydanı"nın və "Bayraq muzeyi"nin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun, Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının inzibati binasının, Tarix Diyarşünaslıq Muzeyinin, 624 şagir yerlik Atakişili kənd tam orta məktəbinin və Ağsu-Kürdəmir avtomobil yolunun açılışlarını həyata keçirdi.
Cənab Prezident Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışı zamanı bir qrup rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirtdi. Görüş zamanı yenidən Kürdəmirdə olduğundan çox məmnun olduğunu bildirərək rayonda görülmüş abadlıq-quruculuq işlərinə yüksək qiymət verdi.
Cənab Prezidentin görüş zamanı qeyd etdiyi məsələlər, rayonumuz haqqında söylədiyi fikirlər bizi daha da ruhlandırır və başladığımız işlərin uğurla davam etdirilməsinə sövq edir.
Bütün sahələrdə qazanılmış uğurlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni və sürətli inkişaf mərhələsini yaşayır, dünya miqyasında daha da güclənir və zəngin dövlətə çevrilir.
Cənab Prezident 2015-cü ilin doqquz ayında Respublikamızda sosial-iqtisadi inkişafın uğurlu olduğunu, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş bütün vəzifələrin uğurla icra ediləcəyini qeyd etməklə qarşımıza mühüm vəzifələr qoymuşdur. Dövlət Proqramına əsasən rayonumuzda da nəzərdə tutulmuş bir çox tədbirlər uğurla həyata keçirilmişdir. 2015-ci ilin 9 ayında 463 nəfər işlə təmin olunmuşdur ki, bundan 393 nəfəri daimi, 70 nəfəri isə müvəqqəti və mövsümü işlə təmin olunmuşlar. Bu məqsədlə 2015-ci il 28 avqust tarixdə keçirilmiş əmək yarmarkasının da böyük rolu olmuşdur. Ənənəvi "Əmək Yarmarkası"nda 780 nəfərdən çox rayon əhalisi iştirak etmiş, rayonun 55 dövlət və qeyri dövlət təşkilatları tərəfindən 270 boş iş yeri çıxarılmış və 124 nəfər daimi işlə təmin olunmuş, 16 nəfər peşə hazırlığı kursuna, 19 nəfər isə haqqı ödənilən içtimai işlərə cəlb olunmuşdur. 2015-ci ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 7,3 faiz artaraq 264897,1 min manat, ümumi məhsul buraxılışının sənaye sahəsi keçən illə müqayisədə 43,2 faiz artaraq 34523,0 min manat, kənd təsərrüfatı sahəsi 14,2 faiz artaraq 106410,0 min manat, nəqliyyat sahəsi 23,4 faiz artaraq 3125 min manat, rabitə sahəsi 3,7 faiz artaraq 384,1 min manat və ticarət sahəsi 6,7 faiz artaraq 61825 min manat olmuşdur...
(ardı gələn sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət.-2015.-27 oktyabr.-S.7.