Vaqif Bəhmənlidə ürəyə bax...

 

Allah məmləkətində adam ştatında çalışan şair özünə yubiley mərasimi qurdu

 

60 il öncə bir yay günündə Füzulidə doğulan şair Vaqif Bəhmənli payız axşamında dost-tanışlarını, oxucularını Dövlət Gənc Tamaşaçılar Teatrına topladı. Hər işi vaxtında görməyə çalışan yubilyarın məclisi niyə belə yubanıb görəsən? Bu suala tədbirin sonunda cavab tapıldı məlum oldu ki...

 

Şair bunu da bacarırmış

 

Məlum oldu ki... Bu məsələni yazının sonunda açıqlayarıq. İndi isə "Beş damla " adlanan yubiley mərasimindən yazaq. Tədbirin əvvəlində səhnəyə Vaqif Bəhmənli özü çıxdı, ətrafında da 5-6 balaca uşaq.

 

Necə qopsun dilimdən:

"Ey ilhamım, çağla, ax!"

Nizamidən sonra mən

Şeir yazıram, Allah,

Məndə ürəyə bax.

 

Həqiqətən şair Vaqif Bəhmənlidə ürək varmış. Yubiley tədbirində əvvəldən axıracan səhnədən düşmədi, məktəblilər soruşdu, o, cavab verdi. Özü öz məclisinin aparıcısı oldu, şeirlərini əsl bədii qiraət ustası kimi oxudu, hamıya göstərdi ki, bu çətin işi bacarırmış.

İlk sözü yazan gün demədimmi bəs,

qələmim, özünə ayrı yol ara.

Qələmim, qılınc ol, boğazımı kəs,

Səni çox çəkmişəm əyri yollara.

 

... Sən mənim balamsan, qələmdir adın,

Yatmır ürəyimə yazdığım sətir.

Əzəldən belədir nankor övladın

Dərdini həmişə atası çəkir.

 

Vaqif Bəhmənli arada dedi ki, səhnədə şeir deməyi o qədər yaxşı bacarmır. Amma yubilyar belə gözəl axşamda deyəsən bir balaca yalan danışdı.

Ömrümün sarayı ovuldu daş-daş,

Cənnət çeşmələri axmadı məndən.

Ya fərli bir oğul, ya fərli qardaş,

Ya bir fərli ata çıxmadı məndən.

 

Keçmə Vaqif Bəhmənlinin aradabir belə yalanlarından...

 

Dərddən sevgiyəcən

 

Şair yorulmaq bilmədən şeirlərini oxudu, məclisə toplaşanlar qulaq asdı. Belə yubilyardan kim inciyər? Vaqif Bəhmənlinin arada ürəyi yumşaldı səhnəni xanəndələrə güzəştə getdi. Mələkxanım Əyyubova, Almaz Orucova, Sevinc Sarıyeva, Nizami Abdullayev, Səyyad Əlizadə, Eldəniz Məmmədov öz ifaları ilə şairi təbrik etdilər.

Musiqili qonaqlar gedən kimi şair yenə səhnəni əlinə aldı.

 

Pirani babayam, nağıllar qoşan...

Dizimin dibini kəsdirib dərdlər.

Uzun ətəyindən bərk-bərk tutmuşam

Məni nənəm kimi gəzdirib dərdlər.

 

Sevgi şeirlərini oxuyanda 60 yaşlı Vaqif Bəhmənli dönüb başqa bir adam oldu.

 

Lütf elə, bu sirri kimsə bilməsin,

Kəsik baş gəzdirən kisə bilməsin,

Məscid eşitməsin, kilsə bilməsin,

Qalsın Allah ilə öz aramızda.

 

"Beş damla"nın sonunda yubilyar bu tədbirin təşkilində ona arxa-dayaq duran insanlara, mədəniyyət turizm naziri Əbülfəs Qarayevə, nazir müavini Ədalət Vəliyevə, nazirlikdə çiyin-çiyinə çalışdığı digər yoldaşlarına minnətdarlığını bildirdi.

Nəvələri baba Vaqifin şeirlərindən oxudular. Şair nəvələridirlər axı... sonda səhnəyə Rəhilə xanım çıxdı- şairin ömür-gün yoldaşı. Məlum oldu ki, mayda doğulan Vaqif Bəhmənli 60 illik yubiley mərasimini payız axşamına təsadüfən salmayıb. Tədbirin keçirildiyi bu payız axşamı Rəhilə xanımın doğum günüdür.

Həmin Rəhilə xanım ki, şair onun haqqında belə yazıb:

 

Paltar vannasından çıxmayan əlin

Qırışdı desəm, incimə.

İşıq salan qızıl telin

Qarışdı desəm, incimə.

Günəş gözün kədərlə,

Barışdı desəm, incimə.

Çox yaşıl gülümüzü

olsun xəzəl eyləyib.

Həyat səni, əzizim,

Bir az da gözəl eyləyib.

 

Vaqif Bəhmənlinin dəvətini qəbul edib gələn qonaqlar yubilyarı belə gözəl məclisə görə alqışlayıb dağılışdılar.

Şair özü getdi şeir yazmağa...

 

Ədalət.-2015.-27 oktyabr.-S.7.