Şanapipik
(hekayə)
Vahid
MƏHƏRRƏMOV
Gün qızandan sonra biçənəkdə çox qala bilmədim. İş görən kimi tər dabanımdan süzülürdü. Güclə nəfəs alır, susuzluqdan dil-dodağım quruyurdu. Tərslikdən termosdakı çay da qurtarmışdı. Əlimi bir az iti tərpətdim ki, başladığım layı vurub evə qayıdım. Dəryazın ağzı kütləşdiyindən otu yaxşı biçmirdi. Olan-qalan gücümü toplayıb birtəhər layı axıra çatdırdım. Dəryazı, termosu götürüb biçənəyin qapalağını bağlayıb kövşən yolu ilə yorğun-arğın kəndə tərəf getdim. Evə çatmağa az qalmış arxın qırağında ayaq saxlayıb üzümə su vurub sərinlədim.
Bir hovur dayanıb özümə gələndən sonra yoluma davam elədim. Çox getməmişdim ki, çəpərin dibində bir şanapipiyin çabaladığını, başqa şanapipiyin isə onun başının üstündə narahat-narahat uçduğunu gördüm. Fikirləşdim ki, yəqin göydə uçan ana, yerdə çabalayan bala şanapipikdir. Yazıq ana şanapipik səs-küy salıb uça bilməyən balasını yerdən qaldırmaq istəyirdi. Yoldan keçənlərin onu öldürəcəyindən qorxurdu. Bala şanapipik adamlardan qorunmaq üçün çəpərin ara-bərəsinə girmək istəyirdi. Əgər uşaq-muşaq əlinə düşsə, yəqin sağ qalmayacaqdı. Şanapipiyi köməksiz qoyub gedə bilməzdim. Quşa yazığım gəldi, əyilib yerdən götürdüm. Bala şanapipik barmaqlarımın arasında da çabalayırdı. Aman Allah, ürəyi necə həyəcanla döyünürdü! Onu yerdən qaldıran kimi anası qanad çalıb başımın üstündə fır-fır fırlanır, az qalırdı ki, gözümü töksün. Əvvəl güman elədim ki, yerdəki quş bala olduğundan uça bilmir. Amma sonra gördüm ki, yox, şanapipik yaralıdır. Yazığın ayağı da, qanadı da əzilib sınmışdı. O, bir ayağı üstə çətinliklə irəli dartınır, qana bulanmış qanadını güclə sürüyürdü.
Şanapipiyi özümlə evə gətirdim. Yolu irəli getdikcə ana şanapipik də başımın üstündə uçaraq səs salıb ora-bura vurnuxurdu. Ovcumdakı şanapipik daha çırpınmırdı, ürəyi bayaqkı kimi həyəcanla döyünmürdü. Elə bil, hiss eləmişdi ki, onu öldürmək fikrində deyiləm. Bir şanapipik əlimdə, biri də başımın üstündə uça-uça həyətə girəndə oğlum Cabir, qızım Xuraman qabağıma yüyürdülər. Uşaqlar şanapipiyi əlimdən alıb oynatmaq istədilər. Onlara quşun yaralı olduğunu dedim. Buna uşaqlar da yaman pis oldular. Çardağın kölgəsində şanapipiyi yerə qoydum. Yazıq quş təkayaqlı bir az irəli dartındı, sonra qanlı qanadlarını arxasınca çəkmək istəyəndə yıxıldı, çox çabalasa da qabağa gedə bilmədi. Ana şanapipik çardağın üstünə qonub qana bulanmış balasını səsləyirdi. Balasının isə cavab verməyə heyi qalmamışdı. Gördüklərimizdən hamımızın gözü yaşarmışdı.
Həyat yoldaşım Təranə soruşdu:
- Ay Murad, bu şanapipiyi neyniyəssən? Onu qapıya niyə gətirdin? İndi burda başına bir iş gəlsə, qarğış yiyəsi olacıyıx, axı. Qoyeydin quş öldüyü yerdə öleydi də!...
- Nə danışırsan, ay arvad, bu sözləri deməyə dilin necə gəlir? Neçə illərdir məni tanıyırsan. Bilirsən ki, indiyə qədər heç Allahın bir qarışqasını da tapdalamamışam. O ki qalmışdı, yaralı quşu yolumun üstündə görüb onu orada köməksiz qoyam.
- Bəs onda onu neyniyəssən? Həkimə aparassan, müalicə elətdirəssən?
- Hə, müalicə etdirəcəm. Onu sınıqçı Qızbəs xalanın yanına aparacam, qoy şanapipiyin sınmış ayağını, qanadını yerinə salsın.
- Ay Murad, bəyəm Qızbəs quşlara da baxır?
- Niyə baxmır e-ee? Ayaq ayaqdır də,
nə fərqi var ki?
Həyat
yoldaşım dodağının
altında bir az da deyinib sakitləşdi. Çay içib susuzluğumu yatırandan sonra, Təranənin gileylənməyinə
məhəl qoymayıb
yaralı şanapipiyi
bir parça təmiz əskiyə büküb üz tutdum sınıqçının
evinə.
Qızbəs xala hündür tut ağacının kölgəsində
oturub nəvələrini
başına yığmışdı. Məni görəndə
tez ayağa qalxdı, yəqin nə isə bədbəxt bir hadisə baş verdiyini güman elədi. Tələsik
qabağıma yeriyib soruşdu:
- Nə olub sənə,
ay Murad?
- Mənə heç nə olmayıb, ay Qızbəs xala. Kövşən yolunda yaralı
bir şanapipik gördüm. Yazığım gəldi, quşu çəpərin dibində
köməksiz qoymadım.
İndi gətirmişəm ki, qanadına, ayağına bir əlac eliyəsən.
Bunu sağalda bilsən, sən sağaldacaqsan, bir əlac eləməsən,
ölüb gedəcək.
Bu, Allaha da
xoş gedər, bəndəyə də.
O dee, anası da çardağımızın
üstünə qonub
balasını axtarır.
Qızbəs xala barmağını
dodaqlarına aparıb
təəccüblə dedi:
- Ay Murad, vallah, mən hələ indiyə qədər quş ayağını, quş qanadını yerinə salmamışam.
- Ay Qızbəs xala, sənin üçün nə fərqi var e? Ayaq ayaqdı də,
qırılan yerləri
üz-üzə qoy sarı, qurtarıb getsin. Sonra yavaş-yavaş bitişib sağalacaq də.
Bu sözləri deyəndən
sonra əskini açıb şanapipiyi Qızbəs xalanın qabağına qoydum. Quşa yazığı
gələn sınıqçı
tələsik işə
başladı. Gəlini Simuzərə
tapşırdı ki,
bir ovuc una yumurta vurub
qarışdırsın. Özü isə arıq və nazik barmaqlarını
asta-asta şanapipiyin yaralanıb sınmış
yerlərində gəzdirdi.
Yazıq
Qızbəs xala birinci dəfəydi ki, quş üzərində
sınıqçılıq edirdi. Hiss olunurdu ki, çətinlik çəkir. Ağrılara dözməyən bala şanapipik səs salıb çırpınırdı. Qızbəs
xala quşun ayağının və qanadının sınmış
yerlərini gəlini Simuzərin hazırladığı
xəmirlə möhkəmcə
sarıdı. Düzdür,
sarğı bir az səliqəsiz
alınmışdı. Amma daha
neyləmək olardı,
təki şanapipik tezliklə sağalsın.
Evə şad xəbərlə qayıtdım. Xuramanla
Cabirə dedim
ki, narahat olmasınlar, bir-iki həftəyə şanapipik
sağalıb uca biləcək. Bala şanapipiyin anası
hələ də həyətdə səs-küy
salıb balasını
gəzirdi. Uşaqlar çardağın
altında quş üçün yuva düzəltdilər. Yaralı şanapipiyə
həm biz yem verirdik, həm də anası ağzında soxulcan, çəyirtkə və
başqa həşəratlar
gətirib balasını
yedizdirirdi. Xuramanla Cabir
axşama qədər
onunla oynayıb əylənirdilər. Onlar şanapipiklərə,
şanapipiklər də
onlara öyrəşmişdi.
Təranənin də ürəyi
yumşaldığından daha deyinmirdi.
On gündən sonra şanapipiyi yenə Qızbəs xalanın yanına apardım. Arvad sarğısını açıb baxanda sevinə-sevinə dedi ki, Murad gözün aydın, quşun vəziyyəti yaxşılaşıb, sümükləri bitişir, bir həftəyə tamam sağalacaq. Qızbəs xala sarğını dəyişdi. Həftənin tamamında artıq şanapipik bir az uça bildi. Hərdən vaxtım olanda yaralı quşu çiyin bərabəri qaldırıb oradan buraxırdım. O da rahatca uçub yerə qonurdu. Deyəsən, daha sınmış ayağı, qanadı əvvəlki kimi ağrımırdı. Şanapipiyin anası da evdəkilərə öyrəşmişdi. Bizdən qorxub çəkinmədən uçub balasının yanına gəlir, düzəltdiyimiz yuvada yatırdı. Bir ailənin üzvləri kimi baş-başa verib yaşayırdıq.
(ardı var)
ədalət.-2015.-27 oktyabr.-S.7.