BÖYÜK ALİMİN ƏDƏBİ TƏNQİDİ DÜŞÜNCƏLƏRİ

 

Tənqid, ədəbi fikir, ədəbiyyatşünaslıq ədəbiyyatın ayrılmaz tərkib hissələridir. Ədəbiyyatımızda tədqiq, təbliğ və nəşr daim üstünlük verilən sahələrdən biri olmuşdur. Məhz bunun sayəsində bir-birindən dolğun, ədəbiyyatımızın buya digər sahəsini işıqlandıran, buya digər problemindən bəhs edən, cəmiyyəti düşündürən məsələlərin həllinə həsr edilmiş onlarla elmi-bədii əsər ərsəyə gəlmişdir. Əsərləri ilə ədəbi mühitdə öz sözünü deyən, Azərbaycan ədəbiyyatını düzgün istiqamətləndirən alimlərdən Həmid Araslı, Mir Cəlal, Feyzulla Qasımzadə, Məmməd Cəfər, Məmmədhüseyn Təhmasib, Əli Sultanlı, Mustafa Quluzadə, Bəkir Çobanzadə, Məmməd Arif, Əli Nazim, Hənəfi Zeynallı və onlarla digər alimin, elm fədaisinin adını çəkmək olar. Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının inkişafinda fəaliyyət göstərmiş, özündən sonra zəngin ədəbi irs qoyub getmiş görkəmli alimlərimizdən biri də Bəkir Nəbiyevdir.

Dövrünə xas ədəbi hadisələri diqqətlə izləyən tənqidçi və ədəbiyyatşünas Bəkir Nəbiyev 60 ilə yaxın Azərbaycan ədəbiyyatının mühümaktual problemlərinə, ədəbi əlaqələrə, yeni bədii əsərlərə, tərcümələrə və s. dair məqalə və resenziyalarla Azərbaycan və Azərbaycandan kənar mətbuat səhifələrində çıxış etmişdir. O, "Görkəmli tənqidçi və ədəbiyyatşünas" (1963), " Azərbaycan sovet ədəbiyyatı Böyük Vətən müharibəsi illərində" (1965), "Müasirlik və sənətkarlıq uğrunda" (1966), "Süngüyə çevrilən qələm" (1970), "Özümüzdən başlayaq" (1990), "Ölümsüzlüyün sirri" (1994) və s. kitabların, 1000-ə yaxın məqalənin müəllifidir.

Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyatının hər bir dövrü üçün verdiyi dəyərli qiymət onun xalqı və vətənini yüksək dərəcədə sevməsindən irəli gəlir. XX əsrin əvvəllərini araşdıran tənqidçi qeyd edir: "Başqa sahələr kimi, bu sahədə də indi ədalət bərpa edilmiş, ədəbiyyatın tədqiqi və tədrisi problemlərilə məşğul olan alimlərin birgə səyilə ədəbiyyat tarixinin yeni, obyektiv, səmərəli konsepsiyası hazırlanmışdır. Həmin konsepsiyaya görə bundan sonra klassik irslə yanaşı, 1918-1920-ci illərin (Azərbaycan Demokratik Cümhuriyyəti dövrünün) mövcud ədəbiyyat tariximizdə indiyədək öz düzgün ədalətli təhlilini tapmamış əsərləri, repressiya qurbanlarının ədəbi irsi, son illərdə yazılıb Qara yanvarQarabağ faciələrini əks etdirən əsərlər, dünyanın bir sıra ölkələrində yaranmış mühacirət ədəbiyyatı da daxil olmaqla, ədəbiyyatımız bütün tərkib hissələrilə birlikdə Azərbaycan ədəbiyyatı tarixində özünəlayiq yerini tapacaqdır"

Repressiya qurbanlarının ədəbi irsini araşdıran Bəkir Nəbiyevin Almas İldırım və Əhməd Cavad kimi sənətkarların əsərləri haqqında söylədiyi fikirlər tədqiqat nöqteyi-nəzərindən çox qiymətli məxəzlərdir. Onun "Didərgin şair" (Almas İldırımın yaradıcılıq yolu) (1995) əsəri şairə həsr olunmuş dəyərli hədiyyədir.

Almas İldırımı lirik şair adlandıran tənqidçi "onun lirikasının mərkəzində, hər şeydən əvvəl, şair qəlbinin təlatümlərinin təsviri durur. Şair qəlbini isə nadir gözəlliyə malik olan təbii mənzərə, mükəmməl insan gözəlliyi ehtirasa gətirə bildiyi kimi, həyatda baş verən ictimai- siyasi təbəaddülatlar, üzərində on illər, bəzən də yüz illər keçmiş tarixi hadisələr də coşdura, sənətkarın ilhamına qanad taxa bilər"deyir.

 

Azərbaycan mənim tacım, taxtım oy!

Oyanmazmı kor olası baxtım oy?!

"Almas İldırımın ideyası idi?" deyən tədqiqatçı özü "Şair bəşər tarixinə sivilizasiyanın parlaq qələbələri dövrü kimi daxil olan XX əsri ilk növbədə Rusiyada, sonra isə bütün Sovet İttifaqında törədilən total cinayətlər üçün utandırır, mövcud haqsızlıqlara, ictimai ədalətsizliklərə qarşı özünün hürriyyət proqramını, azadlıq məcəlləsini ?lan edirdi".

Tənqidçi əsərdə göstərirdi ki, Almas İldırımın dediyi kimi, vicdan, məslək, əmək, fikir, yaradıcılıq azadlığı, ən mühüm insan hüquqlarını təmin edən bu cəmiyyətin həqiqətən bərqərar olması üçün sovet imperiyasının yıxılması lazım idı .

Göründüyü kimi, bu arzular o dövr üçün ürəyi vətən eşqi ilə çırpınan hər bir şairin arzuları idi. tədqiqatçı bu dövrü araşdıraraq Almas İldırım, Əhməd Cavad, Mikayıl Müşfiq va s. azadlıq həsrəti ilə yanıb qovrulan hər bir ədibin həyat yaradıcılığını araşdıraraq həqiqi qiymətini verir.

Əhməd Cavadın ilk tədqiqatçılarından biri elə akademik Bəkir Nəbiyev olmuşdur. B. Nəbiyevin Əhməd Cavada həsr etdiyi monoqrafiya şairin şəxsiyyət yaradıcılığına vurğunluq, sevği məhəbbət duyğusu ilə yazılmışdır. Monoqrafiya Azərbaycan ədəbiyyatşünaslığında repressiyaya məruz qalmış sənətkarlarımızın öyrənilməsi sahəsində ən uğurlu addımlardan biri sayıla bilər. Belə ki, əsərdə Əhməd Cavadın Azərbaycan ədəbiyyatı tarixində mövqeyi elmi təhlillər fonunda müəyyənləşdirilmişdir.

Əsərdə Əhməd Cavadın dəqiq tərcümeyi-halı verilmiş, şairin Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyi açılıb göstərilmiş onun əsərlərinin nəşri tarixindən bəhs olunmuşdur. Burada akademik B. Nəbiyev bir daha göstərir ki: "Ə.Cavad bir şair kimi ən çox lirik janr sahəsində fəaliyyət göstərmiş, onun istedadı özünü daha artıq bu sahədə təzahür etdirmiş məhəbbət, siyasi süjetli lirika nümunələri ilə şair Azərbaycan poeziyasında özünəlayiq, şərəfli yer tutmuşdur".

Emin Əfəndiyev qeyd edir ki: "....Əhməd Cavad" monoqrafiyasında Bəkir Nəbiyev şairi oxuculara faciəli həyat yaradıcılıq yolu keçmiş 30-cu illərin günahsız qurbanlarından biri olan istedadlı sənətkar, şeirləri ilə ürəkləri fəth edən lirik şair, sanballı epik lövhələr yaratmış poema ustası, mübarız jurnalıst, dilimizə çevirdiyi əsərlərdə yüksək sənətkarlığı ilə seçilən mahir bir mütərcim kimi təqdim etmişdir. Müəllif Ə. Cavad haqqında mülahizələrini, "Tale yazısından səhifələr", "Kitabların nəşri tarixçəsi", "Yolun başlanğıcı", "Goy gölün göz yaşları", "Məhəbbətin qanadında", "Epik təhkiyənin imkanları", "Poetikasından notlar"və "Tərcümənin vüsəti" fəsillərində ümumiləşdirmişdir"

Həmin monoqrafiyanı B.Nəbiyev 2004-cü ildə "Ozan" nəşriyyatında yenidən çap et-dirmişdir.

Tənqidçi məqalələrində qeyd edir ki, "ümumiyyətlə sosialist realizmi dövrünün ədəbiyyatını da birmənalı qiymətləndirmək olmaz. Azərbaycan ədəbiyyatının sovet ədəbiyyatı adı altında tanınmış bütöv bir mərhələsinə qələm çəkmək istəyənlər böyük yanlışlığa yol verirlər. Bütün və hər cür qadağalara baxmayaraq, 20-80-ci illərdə M.S.Ordubadi, H.Cavid, C.Cabbarlı, Y.V.Çəmənzəminli, Ə.Cavad, M.Müşfiq, S.Vurğun, R.Rza, S.Rəhimov, Ə.Məmmədxanlı, İ.Əfəndiyev və başqa görkəmli sənətkarların, 60-cı illər ədəbi nəsil nümayəndələrinin həqiqətən də böyük istedadın məhsulu olub xalq mənafeyini əks etdirən, adamlarımızda milli duyğuları inkişaf etdirən bir sıra qiymətli əsərləri yaranmışdır. S.Vurğun təkcə "Azərbaycan" şeirini, "Vaqif" dramını, "Bakının dastanı"nı, "Aygün" mənzum romanını yazmış olsaydı belə, Azərbaycan ədəbi-ictimai fikir tarixində onun özünəməxsus yeri və xidmətləri layiqincə təsbit olunacaqdı. Eyni sözləri S.Rüstəm ("Cənub şeirləri" silsiləsi), R.Rza (cəsarətli vətəndaş lirikası və "Qızılgül olmayadı" poeması), B.Vahabzadə (xalq taleyinin tərcümanı olan lirik-fəlsəfi əsərləri, "Gülüstan" poeması), X.R.Ulutürk (milləti ayağa qaldıran siyasi lirikası, "Apardı sellər Saranı" yaxud "Məftillə sarınmış yaralar" miniatür poeması) və başqaları haqqında da demək olar".

"Ədəbi düşüncələr" kitabında isə müəllif Xalq şairi Rəsul Rza lirikasının zənginliyini, Əbülhəsənin müharibə illərində yazdığı "Dostluq qalası" romanı haqqında fikir və düşüncələrini alim qələmilə oxucuya çatdırır, Mir Cəlalın 60 illik yubileyi münasibətilə yazdığı "Ədibin yaradıcılıq yolu" məqaləsində ədibin ibrətamiz yaradıcılıq yolunu təhlil edir. Əsərdə "Poema vüsətli şeirlər", "Əhməd Cəmil yaradıcılığı", "Gözəlliyin poeziyası", "Mirvarid Dilbazinin orijinal bir yaradıcılıq yolu", "Bir ürəkdə 4 fəsil", "Bəxtiyar Vahabzadənin müasir Azərbaycan poeziyasında tutduğu yer", "Böyük sərkərdənin bədii surəti" kimi mövzulara yer ayrılır.

B. Nəbiyevin "Müasirlik və sənətkarlıq uğrunda" (1966) əsərində müəllifin Azərbaycan yazıçılarının son illərdə dərc olunmuş əsərlərinə həsr edilmiş məqalələri daxildir. Bu məqalələrdə bədii yaradıcılıq prosesi əsasən janr xüsusiyyətlərinə görə təhlil edilmişdir. Görkəmli tədqiqatçının "Ölümsüzlüyün sirri" (1994) kitabı da Azərbaycan ədəbiyyatının bəzi aktual məsələlərinə həsr edilmişdir. Nizami, Yunus İmrə, Füzuli irsinə ölümsüzlük bəxş edən böyük ideyalar, çağdaş Azərbaycan poeziyasında sənətkar fərdiyyəti, nəsr və dramaturgiyada xarakter əlvanlığı məsələləri müəllifin diqqət mərkəzindədir. "Nizami dəryasından damla" məqaləsində tənqidçi Nizamini "Nizami dünya ədəbiyyatında bir hadisədir" adlandırır və daha dəqiq desək, "... o, yalnız milli bir ədəbiyyatın çərçivəsinə sığan sənətkar deyildir. Lakin eyni zamanda şairin böyüklüyü ondadır ki, dünya ədəbiyyatının, Yaxın Şərq ədəbiyyatının nəhəng bədii hadisəsi olmaqla bərabər, o, ilk növbədə konkret milli ədəbiyyatın tarixinin və inkişafının, mənsub olduğu xalqın bədii-fəlsəfi şüurunun bütün mənəvi aləminin yetirməsidir".

Kitabda yer almış "Təxmis də bir aləmdir", Məhəmməd Füzulinin 500 illik yubleyi münasibətilə yazılmış dəyərli elmi məqalədir. O, bu məqalədə təxmisin şərtlərini açıqlayaraq : "...Təxmis ərəbcə "xəmsə" (beş) beşləmə deməkdir və təxmis də lirik poeziyanın digər ənənəvi şəkilləri kimi lirik qəhrəmanın daxili dünyasını, onun aşıb-daşan duyğular selini, düşüncələr axarını, nəhayət öz zamənəsinin vacib mənəvi problemlərini, ictimai - əxlaqi məsələlərini əks etdirməyin bir vasitəsi" oldu-ğunu qeyd edir.

O, "Təxmisi təqlidlə qarışdıranların böyük xətaya yol verdiyini" söyləyir. Tənqidçi qeyd edir ki, "vaxtı ilə öz əsərlərinə təxmislər yazılmış Füzulinin özü də göyçaylı çağdaşı məliküşşüəra Həbibənin bir qəzəlinə gözəl təxmis yazmışdır":

 

Xah sincab eləsin fərşin Füzuli, xah gül,

Hicr ilə mütləq yuxu görməz göz, əylənməz könül

Yarsız eşq əhlinin dinlənməgi mümkün dögül,

Necə dinlənsin Həbibi sənsiz, ey əndami gül,

Kim bitir cismim, təndə hər tük olmuş bir tikan.

 

B. Nəbiyev məqalədə "Füzuliyə təxmislər" kitabının səhifələrində bir sıra qüsurların olduğunu da açıqlayır.

Bu kitabda yer alan "Şəhriyar klassik Azərbaycan şeiri", R.Rzanın sənəti şəxsiyyətinə həsr olunmuş "Anlamaq dərdi kövrək duyğular poeziyası", İlyas Əfəndiyev yaradıcılığına "Qonşu ölkənin pəncərəsindən", həmçinin "Azərbaycan ədəbiyyatı tarixinin yazılma tarixçəsi bəzi problemlər" məqalələri ədəbiyyatımızın inkişafı üçün dəyərli tövhədir.

Firidun bəy Köçərlinin həyat və yaradıcılıgına həsr olunmuş "Görkəmli tənqidçi və ədəbiyyatşünas" (1957) əsəri tənqidçinin ən dəyərli əsərlərindən biridir. Monoqrafiyada "geniş və çoxcəhətli" fəaliyyəti ilə ictimai fikir tariximizdə əhəmiyyətli yer tutan F. Köçərlinin yaradıcılığının bütün sahələri yer almasa da, ədibin tərcümeyi-halı, zəngin pedaqoji fəaliyyəti, tənqidçi çıxışları, publisistikası, qonşu xalqların ədəbiyyatı haqqında mülahizələri yer almışdır. Əsərdə F. Köçərlinin bədii ədəbiyyat, ədəbiyyat tariximiz, dils. haqqında söylədiyi bir sira ümumi fikir və mülahizələri öz əksini tapmışdır.

B. Nəbiyev monoqrafiyada göstərir ki: "Azərbaycan şeirinin ən qüdrətli nümayəndəsi olan Füzuli haqqında yazılmış "Molla Məhəmməd Süleyman oglu Bağdadi Füzuli təxəllüs" adlı oçerk Firidun bəy Köçərlinin "Materiallar"ındakı ən yaxşı oçerklərdən biri kimi diqqəti cəlb edir".

(ardı var)

 

Göyərçin ABİDQIZI

Filologiya üzrə fəlsəfə doktoru

Ədalət.-2015.-27 oktyabr.-S.6.