"Musiqi töhfələrimiz"lə bağlı düşüncələr...

 

Dünya musiqi tarixində önəmli yer tutan Üzeyir Hacıbəyli musiqisi bəşəriyyətə məxsus mənəvi dəyərlər sırasındadır. Hər bir xalqın incəsənət, musiqi, ədəbiyyat sahəsində tanınmış simaları olduğu kimi, Azərbaycan torpağının yetirməsi olan dahi Üzeyir bəy bizim millətimizin iftixarı, qürur yeridir.

Üzeyir Hacıbəylinin dünyasını dəyişməsindən keçən yarım əsrdən bəri xalqımızın qədirşünas övladları - alimlər, yazarlar, tədqiqatçılar onun haqqında yüzlərlə kitab, monoqrafiya, tədqiqat əsərləri yazmaqla Üzeyir ruhuna mənəvi övladlıq borclarını qaytarmağa çalışıblar.

Xalqımızın istedadlı övladı Əminə Tuncay (Abbasova Əminə Abbas qızı) Üzeyir Hacıbəyli ruhuna böyük hörmətlə, ehtiramla yanaşır. Məhz bu övlad sevgisiylə böyük bəstəkarımız haqqında sanballı bir əsəri araya-ərsəyə gətirib.

Əminə Tuncayın Üzeyir bəyə həsr etdiyi "Musiqi töhfələri" adlı əsəri öz bədii dəyəri ilə musiqi, incəsənət aləmi üçün çox böyük bir mənəvi töhfədir.

Ədəbiyyat tariximizin dəyərli bilicilərindən olan Əminə Tuncayın bir söz adamı kimi ədəbiyyatda özünəməxsus layiqli bir yer tutması da təqdirəlayiqdir.

Mətbuatdan, efirdən aldığımız informasiyalar, torpağımızın sənətcanlı, elm fədaisi olan Əminə xanımı öz xalqına tanıtdırıb, sevdirib.

Özü boyda bir səmimiyyət simvolu olan bu gözəl insanın, fəal vətəndaşın, istedadlı şairə-yazarın bir ədəbiyyatşünas, musiqişünas kimi mədəniyyət tariximizdə tutarlı sözü, layiqli ədəbi mərtəbəsi olduğu danılmaz bir həqiqətdir.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan "Musiqi töhfələri" kitabı təhsil sistemimizdə öz faydasını verə biləcəyinə əminəm.

Ədəbiyyatla incəsənət bir ağacın iki budağıdır. Bir-biriylə vəhdətdə olan bu sənət növləri insanın mənəvi dünyasını zənginləşdirməkdə əvəzsiz rol oynadığı məlum məsələdir. Qələminə, istedadına hörmətlə yanaşdığımız Əminə Tuncay təqdim etdiyi bu yeni əsəri ilə ədəbi-mənəvi irsimizi bir daha zənginləşdirən dəyərli ziyalı, alim-yazar kimi öz sözünü deyib.

M.Füzuli yaradıcılığının şah əsəri olan "Leyli Məcnun" poemasına sənət həyatı verən Üzeyir bəyin "Leyli Məcnun" operasının mənəvi-psixoloji, ədəbi-estetik dəyərlərini ustalıqla verən Əminə Tuncay böyük Füzulinin, Üzeyir bəyin layiqli tədqiqatçısı, dəyərli davamçısı - xələfi olduğunu bu əsərilə təsdiqləyir.

Bu yazımda müasirimiz, istedadlı yazar böyük tədqiqatçılıq potensialına malik, tanınmış alim-yazar Ə.Tuncayın "Musiqi töhfələri" kitabını təhlil etmək fikrində deyiləm. Lakin belə bir kitabı yazıb ədəbi ictimaiyyətə təqdim edən bir xanım qələm əhlinin, elm adamının, söz xiridarının haqqında fikirlərimi oxucularla paylaşmaq arzusuyla qələmə aldım.

Oxuculara təqdim olunan "Musiqi töhfələri" adlı əsəri heç şübhəsiz ki, musiqi mütəxəssislərinin, ədəbiyyatşünasların, tənqidçilərin tədqiqatçıların nəzərindən qaçmayacaq. Gərgin zəhmətin, onlarla mənbənin içindən seçilib, alim-yazıçı-publisist təfəkkürünün qovşağından - sintezindən yaranmış bu kitabı elmimizin bir uğuru, ədəbi hadisəsi kimi qiymətləndirmək olar.

Əminə Tuncayın "Musiqi töhfələri" kitabı öz elmi dəyəri ilə bərabər, həm elmi mənbələr toplusudur. Kitabda məşhur musiqiçilər bu sahədə tanınmış sənət adamlarının da barəsində fikirlər, müəllifin dünənimizin layiqli insanlarını xatırlaması xoş təsir bağışlayır.

Dünən, bu gün sabah da öz təravətini, sehrini itirməyəcək xalq mahnılarımızın, rəqslərimizin onlarla mədəniyyət xəzinəmiz haqqında öz bilgilərini kitabda təqdim edən Ə.Tuncay bu əsəriylə çox böyük fədakarlıq nümunəsi göstərib.

Sözün, səsin musiqinin vəhdəti ilə insan qəlbi ehtizaza gəlir, onu duyğulandırır, keçmişlərə aparır eyni zamanda gələcəyə səsləyir, düşündürür. Musiqinin nəinki təkcə bir həzz mənbəyi olduğunu deyil, musiqinin - səsin - melodiyanın çox böyük müalicə əhəmiyyəti olduğu da Əminə xanımın "Musiqi töhfələri" kitabında geniş şəkildə yer almasının çox böyük pedaqoji əhəmiyyəti olduğu fikrindəyəm.

"İnsanın vətəndaş mövqeyi, onun vicdan ölçüsüdür" aforizmi Əminə xanımın əqidəsi, məramı ilə səsləşir. Sözün əsl mənasında böyük vətəndaş olmadan böyük alim, yazıçı, musiqiçi olmaq mümkün deyil. Müəllif kitabında onlarla rəngarəng mövzuya işıq salıb. Bu mövzuların içində şeirimizin, nəğmə mətnlərimizin tərcüməsi ilə bağlı müəllif fikirləri yer tutur. "Bəstəkar mahnılarımızın sözlərindəki tərcümə yararsızlıqları" başlıqlı yazısında Ə.Tuncay milli sərvətimiz olan xalq mahnılarımızın çox yararsız halda tərcüməsinə öz haqlı iradını bildirib. Şübhəsiz ki, bizim milli-klassik poeziyamızın tərcüməsi çətindir. Lakin xalq arasında belə bir ifadə var ki, "gücün çatmayan yükün altına girmə, zora düşərsən". Sözün həqiqi mənasında xalq ifadə tərzimizin dolğunluğu, deyim tərzimizin əlvanlığı əksər halda peşəkar rus tərcüməçilərinə çatmır. Mən rus dilinin imkanlarına şübhə etmirəm. Ancaq görünən odur ki, xalq təfəkkürünün kaloriti ilə yüklənmiş fikir xəzinəmizin incilərinin kobud şəkildə dəyişdirilməsi yolverilməzdir.

Yazımın, ümumi abzasından da görünü

r ki, Ə.Tuncay xanım olub getmiş, lakin kitablarda qalaraq sabahkı nəslə ötürüləcək sözümüzün - mədəniyyət abidələrimizin "məna divarları"nın uçurulmasına qarşı üsyan tərzində mövqe bildirir. Bu kitabda məşhur səs ustalarımızın da mahnı nəğmələrimizin tələffüz zamanı sözü - ifadəni olduğu kimi çatdırmamasına qarşı çıxır ki, bu günün sənətkarları öz ifa tərzlərində yanlışlığa yol verməsinlər.

Əminə Tuncay hərtərəfli - ensiklopedik yaddaşa - biliyə malik bir yaradıcı ziyalımız, gözəl şairimiz eyni zamanda incəsənətimizin incəliklərini sərraf dəqiqliyi ilə bilən tək-tək musiqi xadimlərimizdən biridir.

Müəllifin gəldiyi ədəbi-bədii qənaəti müəllif mövqeyi olub, onun vətəndaşlığından doğulan fikirlərdir. özünü ziyalı sayan hər bir vətəndaşın borcu sənətimizə yanlışlıq gətirən neqativ hallara vaxtında reaksiya verməklə, əsrlər boyu cilalanmış sənət əsərlərimizin bəsit duyumlu tərcüməçilərin, tədqiqatçıların ümidinə qoymaq olmaz...

Müəllim! Bu ad bütün adların, titulların ən uca zirvəsində qərarlaşıb... 40 il estetikadan dərs deyən bir insanın, sözün əsl mənasında böyük ziyalı olan, bədii yaradıcılığının özünəməxsusluğu ilə seçilən, görkəmli alim-musiqişünas, tədqiqatçı-ədəbiyyatşünas olan Əminə Tuncay "Musiqi töhfələri" kitabıyla bir daha mədəniyyətimizi, incəsənətimizi ədəbiyyatımızı zənginləşdirəcək bir xeyirxah əmələ imza atıb.

Ə.Tuncayın "Musiqi töhfələrimiz" adlı toplusu zəngin materialları faktları ilə seçilən kitabdır. Dahi Üzeyirimizin əziz xatirəsinə ithaf olunmuş bu kitabla özünə ustad saydığı, dünyəvi bir sənətkar-bəstəkar-yazıçı-mütəfəkkir olan böyük Üzeyirimizə qoyulan yeni bir mənəvi-sənət abidəsidir, - desək, fikrimizi dolğunluğu ilə çatdırmış olarıq...

"Ulu Məkan" qəzeti adından hörmətli alim-yazarımıza, əsl ziyalımıza, özümüzə mənəvi müəllim saydığımız Əminə xanıma yeni-yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı hər an vacib olan bir könül xoşluğu arzulayırıq.

P.S. Hörmətli Əminə Tuncay xanıma həsr etdiyim bir şeiri oxuculara təqdim edirəm:

 

Gözlərində sevinc, ürəyində qəm,

Dolaşır dünyanı Əminə Tuncay.

Çiynində el yükü, əlində qələm,

Yazır Bəxtiyarı Əminə Tuncay!

 

Qaranlıq gecəni, qatı zülməti,

Yarar öz nuruyla - gözün ülfəti.

Işıqlı sabahı - elmi sərvəti,

Yorulmaz karvanı, Əminə Tuncay!

 

Ziya Bünyad olub elmi rəhbəri,

Bəzəyib dünyanı eşq-məhəbbəti.

Üzeyir Hacıbəyli şan-şöhrəti,

Tutubdu dörd yanı, Əminə Tuncay!

 

Ürək xəzinəsi açılmaz sirdi,

Elmi bilikləri almazdı, dürdü.

Müqəddəs məkanı ocaqdı, pirdi,

Qızınar oduna Əminə Tuncay.

 

Hərdən tuş gələr, gözə baxışlar,

Sevməz yersiz tərif, gəzə alqışlar.

Dünyanı dərk edər ağıllı başlar,

Yaşadar həmkarın Əminə Tuncay!

 

Sevmişəm mən Əli Vahidin özün,

Qızıldan qiymətli mənalı sözün.

Açar kainatın görünməz üzün,

Sevər bu məkanı Əminə Tuncay.

 

 

 

Əli Vahid Çaylı,

AJB-nin üzvü

şair-publisist,

"Ulu Məkan"

qəzetinin

baş redaktoru

 

Ədalət.-2015.-28 oktyabr.-S.6.