Mayisə Əsədullaqızı

QARABAĞIM- AZƏRBAYCANIM!

 

Qarabağ kədərim, Qarabağ şanım,

Həm dərdim, sevincim, toyum- nişanım,

O gözəl gülüstan, cahi-cəlalım,

Tanrının verdiyi dövlətim, canım,

Bütöv bir adın var-Azərbaycanım!

 

Şıltaq gözəl təki, xəfif ayazım,

Kəlməm də bəs etmir,

bilməm nə yazım?!

Tarixləri görmüş kamanım-sazım,

Şəhid qanı hopmuş qara torpağım,

Gözü intizarda can, Qarabağım!

 

Torpağımdan gəlir zərif sorağım,

Sən mənim həm şeirim həm də ki, ağım,

Bir səhər gələcək şad-xürrəm çağım,

İnan qurulacaq xoşbəxt növrağım,

Gözəllik Kəbəsi ay Qarabağım!

 

BU HƏYAT YOLUNDA

 

Neçə ürəkləri varaqlamışam,

Neçə çəmənləri oraqlamışam.

Neçə sevənləri soraqlamışam.

Heç demə naşıyam, ruhum bir incim,

Dünya sevncimdən olub bir əlçim.

Mən sevən biriyəm, sözə bağlıyam,

Cüt qoşa qanada, gözə bağlıyam,

Kədəri, qüssəni atmağa var,

Ürəyi sevgiylə vuran insanın,

Ruhuna bulaqtək axmağa var?!

Qəlbini bir sözlə almağa var?!

Yurdumun bu ilıq, od nəfəsindən,

Mən ilham alaraq cilalanmışam,

Qəlbi bədxahların daş qəfəsindən,

Kədərdən ələmdən uzaqlaşmışam.

Çəməndə çiçəklə, aranda güllə,

Meşədə kəkliklə, bağda bülbüllə,

Dərələr keçmişəm, dağlar aşmışam,

Qayada bulaqla dodaqlaşmışam.

Uzaq səfərlərdə yaraqlaşmışam.

Bu həyat yolunda bulaqlaşmışam.

Kədəri, qüssəni atmağa var,

Ürəyi sevgiylə vuran insanın,

Ruhuna bulaqtək axmağa var?!

Qəlbini bir sözlə almağa var?!

 

DÖYƏCƏM SƏNİN QAPINI

 

...Bir gün xəbər eləmədən,

Döyəcəm sənin qapını,

Gizli olan məhəbbətə,

Heyran qoyacam hamını.

Bir cüt sevən qovuşacaq,

Ürəkdə sevgi daşacaq,

Alov kimi alışacaq,

Həsrətin bitən zamanı.

Ruhuma olmusan qida,

Ürəkdə qopur min nida,

Allah, nədir bəs bu sevda?!

Unudub, pisi, yamanı,

Heyran qoyacam hamını.

...Döyəcəm sənin qapını!!

 

LEYSANINA BİR BAX

 

Sevgilim, sənsizlik qasırğasında,

Gözümün saralan kökünə bir bax.

Bəxtimin olmayan toyxanasnda,

Tövşüyən qəlbimin yükünə bir bax.

Sevgilim, səninlə keçən hər günün,

Sədasına bir bax,varına bir bax!

Sevgisiz ötüşən hər günün, ünün,

Leysanına bir bax, qarına bir bax!

Sevgilim gələrsən bir gün heyrətə,

Qandallı ürəyin pasına bir bax.

Peşmanlıq gətirər səni qeyrətə,

Taleyin toyuna, yasına bir bax!

 

NƏ BİLƏSƏN SƏN...

 

Ayrıldıq...Səninçün canım sıxıldı,

Elə bil zirvədən yuvam yıxıldı.

Səninlə bir şərik malımmı qaldı?!

Bilmirəm, sehirsən, mehirsən, nəsən,

Mənim çəkdiyimi biləsən sən...

Ayrıldıq...Səmada bir şimşək kimi,

Bənizim saraldı bir çiçək kimi,

Ürək tənha qaldı boş pətək kimi,

Bilmirəm, sehirsən, mehirsən, nəsən,

Mənim çəkdiyimi biləsən sən?!

Yollar aramıza niyə sədd çəkib?!

Vüsalın üstündən qoşa xətt çəkib,

Kimlər mənim qədər belə dərd çəkib?!

Bilmirəm, sehirsən, mehirsən, nəsən,

Mənim çəkdiyimi biləsən sən,

Mənim çəkdiyimi nə biləsən sən...

 

Ədalət.-2015.-28 oktyabr.-S.6.