Yusif Həsənbəy

 

Mən xalq yazıçısı Elçinin evinə heç vaxt qonaq kimi gəlməmişəm. Burada həmişə ailənin istəkli üzvü kimi mehribanlıqla qarşılanmışam. Övladları gözümün qabağında böyüyüblər. Qapıdan girdiyimi görən nəvələri "əmi gəldi", "əmi gəldi" bağıraraq qucağıma atılıb, boynuma sarmanıblar. Alınlarından öpüb, başlarını sığallamışam. Konfetlərini götürüb, qaçıblar. İndi, bu ahıl vaxtımda o zaman, qundaqdakı İlyasın samovar cızıltısını xatırladan qığıltısı qulağımda səslənir və bir müddət, həzin bir nəğmənin abi-havasında yaşayıram. Anasının ətəyindən tutub ilk addımlarını atan, hər gözü mavi bir dəniz Banuçiçək böyüdükcə məsumlaşdı. Əlindəki çantasını hara gəldi vızıldadaraq "Ay ana, öldüm acından" deyib təkiyə tərəf cuman Eldar çox səmimi, istiqanlı, mehriban bir oğlan olmuşdu.

Gündəliyimdəki bəzi qeydlər məni o xoşbəxt günlərə apardı. Qovluyumdakı sətirlər məni isindirdi. Başladığım şeirləri tamamladım.

 

Müəllifdən.

 

 

ŞAR-TOP

 

İlyasın şar-topu var.

Yumru, hamar topu var.

Barmaqları ucunda

Şarın uzun sapı var.

Yüngül bir sazaq əsir, -

Hər kol, hər budaq əsir

Sap qırılır, şar uçur!

Şar qaçır, İlyas qaçır

bilsin baxçada o,

Çox qaçır, ya az qaçır.

Axır tutur o şarı.

Sıxılır barmaqları.

Tər axır üz-gözündən,

Od yağır nəfəsindən

Yorulub şar üstündə

Oturur, ehmallıca.

Şar dözməyir, partdayır,

İlyas da qorxusundan

Qaçıb çıxır ağaca.

Seyr edir, otlar üstə,

Sərilən şar topunu.

Bərk-bərk sıxır əlində

Şarın qırıq sapını.

İlyas çox istərdi ki,

Təzə şar-topu olsun!

Özü o şar-topun

Qırılmaz sapı olsun.

 

iyul, 2015

 

 

ELDAR NECƏ SAĞALDI?

 

Uca boyludu Eldar,

Enli kürəkli!

Koroğlu cəsarətli,

Fərhad ürəkli!

Ancaq küyçüdü yaman, -

Səsi güclüdü yaman!

Ay anam, ay atamcan,

Yarımcanam acından!

Qarnımda bir sancı var, -

Bəlkə min qırmancı var.

Cibim dolu irisdi,

Nənəli barbarisdi!

Nar bütöv, heyva yarı, -

Necə yeyim onları?

Qoz sındıra bilmirəm,

Fındıq qıra bilmirəm!

Kabab şişdə buğlanır,

Qutab yazda dağlanır.

Şabalıdlı qovurma, -

Tez-tez girir yuxuma!

Eh, dovğa neçə boşqab,

Şorba neçə piyalə!

Yağlı plov, üstündən,

Buz kimi "Koko-kola!"

Ana, ata dözmədi,

Eldarın göz yaşına.

Qadasını aldılar,

Dolandılar başına,

Xörəklərdən süfrəyə

Qoydular neçə qazan!

Eldar yedi çəngəllə,

Sonra ovucla, əllə.

Yedikcə güldü üzü.

Sancılar unuduldu, -

Ağrılar çıxdı yaddan!

 

iyun, 2015

 

 

HƏM BABA - HƏM DƏ HƏKİM

 

Həyətin o başında

Elçini görən kimi,

Bir əli çənəsində,

Bir əli sinəsində

Mələk, o nadinc Mələk,

Yüyürdü qabağına, -

Atıldı qucağına.

Ay babacan ölürəm

Elə bil yanağıma -

Batır tikan ölürəm.

Dişim yaman ağrıdır.

Dişimi kim doğrayır?

Amma, baba, can baba,

Anama deməyək ha!

Atama deməyək ha!

Acı dərman içməyək!

Həkimə getməyək ha!

Baba düşündü xeyli. -

Göydə oynadı əli: -

- Bəs neyləyək.

Ay Mələk?

Biz bir əlac etməsək.

Ağrılar güclənəcək.

Sən səhərə kimi

"Öldüm" qışqıracaqsan!

Ayaqlarını döyüb,

Qabları qıracaqsan!

Sən darıxma, mən baxım,

Görüm hanı kəlbətin!

Dişini çəkim sənin!

Dolabın qapısını

Taybatay açdı Elçin.

Babasının əlində

Kəlbətini görüncə,

Mələk, -

Çevik pişiktək,

Yüyürüb girdi küncə.

Qorxudan, ya nədənsə

Çəkildi dişindəki

Ağrılar büsbütün.

Təkcə baba yox, həm

Gözəl həkimdir Elçin.

 

iyul, 2015

 

 

ŞİRİNDİR NƏVƏ ƏTRİ

 

Mələk lap balacadı, -

Gözləri alacadı.

Dişləri xırda-xırda

Al yanaqları girdə.

Babasının ürəyi,

Nənəsinin qəlbidir.

Kim ona "gəl", "gəl" desə

Barmaqlarını açır.

Əllərini tərpədir,

Açır-bükür qıçını

Dartışdırır saçının.

Bir gün nəvəsigilə

Elçin babası gəldi.

Babanı görən kimi,

Mələk əl çaldı, güldü.

Baba qız nəvəsini,

Ay, ulduz nəvəsini,

Alagöz nəvəsini,

Götürdü qucağına.

O, yaşlı, ağbaş baba,

Yerişi yavaş baba,

Nəvəsini gətirdi

Çiçək bağça-bağına.

Hər tərəf lalə, nərgiz,

Kəpənəklər , sarı.

Mələk tutmaq istədi

O zərli qanadları.

Qıqıldadı, çırpındı,

Uçdu, qaçdı kəpənək...

Gül ətrinə bürünüb,

Yuxuya getdi Mələk.

Körpənin bu üzündən,

Gah da ki, o üzündən,

Gah koppuş yanağından,

Gah yumru dodağından,

Xəfifcə,

İncə-incə

Hey öpdü baba Elçin,

Yerə-göyə sığmadı,

Baba eşqi, sevinci.

Gözlərini bircə an,

Ayırmadı gözündən.

Baba, övlad ətrini,

Alırdı nəvəsinin

Ətirli nəfəsindən.

 

iyul, 2015

 

 

BANUÇİÇƏK - SEVİNCƏK

 

Banuçiçək, - bal çiçək!

Yanaqları, - al çiçək!

Buxağında, - xal çiçək!

Banuçiçək, - bal çiçək,

Dodaqları albalı,

Əlində var qavalı,

Boynunda tirmə şalı!

Çalır, gülür, oxuyur,

Oynayır qəşəng-qəşəng!..

Bu gün onun ad günü, -

Ən sevincli, şad günü!

Güzgüləyir özünü,

Sığallayır üzünü.

Al-əlvan çiçəklərlə,

Toxuyur hörüyünü.

Banuçiçək oxuyur,

Oynayır qəşəng-qəşəng.

O, bal çiçək, al çiçək,

Bu gün bu ad günündə

Sevincəkdi, sevincək!

 

iyun, 2015

Ədalət.-2015.-29 oktyabr.-S.4.