"YETİM SEGAH"

 

Tahir Hacı ƏZİMLİ

Musiqişünas

 

Keçən əsrin əvvəllərindən başlayaraq evlərdə, çayxanalarda səsləndirilən və böyük maraqla dinlənilən qrammafon vallarında məşhur xanəndələrimizin oxuduqları muğamlar, təsniflər, xalq mahnıları çox incə musiqi duyumu olan xalqımızın zövqünü oxşayırdı. Xüsusilə də həmin valların üstündə yazılan "Yetim Segah" unudulmaz xanəndələrimiz Cabbar Qaryağdıoğlunun, İslam Abdullayevin (xalq arasında ona "Segah İslam" da deyərdilər) və Malıbəyli Həmidin ürəkləri titrədən ifaları dinləyiciləri valeh edərmiş. İslam Abdullayev "Segah" muğamını Şuşada, Mir Möhsün Nəvvabın "Xanəndələr Məclisi"ndə Hacı Hüsüdən, Malıbəyli Həmid isə xanəndəlik sənətini Hacı Hüsünün "Xanəndələr məktəbi"ndə, mükəmməl tar ifaçılığını böyük ustad Mirzə Sadıq Əsəd oğlundan öyrənmişdir. Səsi batdıqdan sonra bir çox məşhur xanəndələri müşayiət etmiştarda "Yetim Segah"ın ən gözəl ifaçısı adını qazanmışdır. Böyük şairimiz İmadəddin Nəsimi təxminən 600 il bundan əvvəl yazdığı bir qəzəlində: "Zəngulə" sifət nalə qılam zari "Segahə", söyləmişdir. Bu, elə mayəsi "Si" olan həmin "Segah"ımızdır ki, çox sonralar ona xalqımız "Yetim Segah" adını vermişdir. 50-ci illərdən etibarən müəyyən siyasi səbəblərə görə onun adı dəyişdirilərək qondarma "Xaric Segah" adı ilə əvəz edilmişdir.

Bir neçə il bundan əvvəl ANS tv-nin "Kamerton" verilişində Xalq çalğı alətləri ansamblının müşayiətilə "Mirzə Hüseyn Segahı" təqdim olunurdu. Ansamblın rəhbəri (Respublikanın Xalq artisti) ardıcıl olaraq şöbələri izah edirdi. Aparıcı Gülnarə xanım sual verdi ki, bəs bu "Yetim Segah" nədir? Həmin tanınmış sənətçimiz də cavab verdi ki, elə "Mirzə Hüseyn Segahı"nın bir adı da "Yetim Segah"dır. Sözün düzü, onun cavabı məni çox məyus etdi. Sumqayıt Musiqi Texnikumunda musiqi nəzəriyyəsi fənləri üzrə müəllim işləyirdim. Səhəri gün işə gələrkən, elə foyedəcə xalq çalğı alətləri şöbəsinin rəhbəri, həmin şöbənin bir neçə aparıcı müəllimləri, direktor müavini (o da tar ixtisası üzrə təhsil alıb) ilə sorğu-sual etdikdən sonra məlum oldu ki, onların heç birinin bu barədə məlumatı düzgün deyil. Çünki hərəsi müxtəlif fikirlər söylədilər. Hətta bəziləri ilə aramızda ixtilaf da yaşandı. Qocaman qarmon müəllimi də qeyd etdi ki, əşşi hardan çalsan elə "Yetim Segah"dır. Əfrasiyab Bədəlbəylinin "Musiqi lüğəti" kitabını gətirib tanışlıq üçün həmkarlarıma təqdim etdim. Orada aydın yazılmışdı ki, mayəsi "Si" olan "Xaric Segah"ın bir adı da "Yetim Segah"dır. Əslində isə "Xaric Segah" 50-ci illərdə "Yetim Segah"a verilən qondarma adıdır. Lüğətin "Yetim Segah"bölməsində isə mərhum bəstəkarımız geniş bəhs edir. "Xaric Segah" anlayışı da musiqişünaslarımız tərəfindən düzgün şərh olunmur. Guya ona görə "Xaric Segah" adlanır ki, onun mayəsi "Mi" mayəli "Orta Segah" mayəsindən xalis kvarta aşağı xaricindədir. Məncə bu, yanlış fikirdir. Çünki "Mi"dən kvarta yuxarı da "Mirzə Hüseyn Segahı"nın mayəsidir. Deməli "Xaric Segah" adı üçün bu əsas ola bilməz.

Mən şübhə etmirəm ki, "Si" mayəli "Segah" vaxtilə yalnız "Yetim Segah" adlanıb. "Yetim Segah" çox geniş diapazonu ilə fərqlənir. Bu səbəbdəndir ki, bu muğamı çox zaman qadın müğənnilərimiz ifa edirlər. Geniş səs diapazonu olan kişi xanəndələrimiz oxuya bilər oxuyurlar da. Onun mübərriqəsi 2-ci oktavanın "Sol" səsinə düşür ki, bu da xanəndədən böyük hünər tələb edir. Ümumiyyətlə, "Segah" muğamı Azərbaycanda çox geniş yayılmış muğamlarımızdan biridir. Yalnız Azərbaycanda onun üç növü mövcuddur.

 

1. "Segah" ya "Yetim Segah";

2. "Orta Segah" ya "Zabul Segah";

3. "Mirzə Hüseyn Segahı".

 

Dahi bəstəkarımız Üzeyir Hacıbəyli "Leyli Məcnun" operasında tarın şah pərdəsinə düşən "Sol" mayəli "Segah"dan da istifadə etmişdir. Xalqımızın çox sevdiyi "Kəsmə şikəstə" zərbi muğamı da həmin mayəli "Segah" üzərindədir. Bəzən ona "Həşim Segah" deyilsə , bu ad özünü təsdiq etməmişdir. Bunların içərisində "Orta Segah" ya "Zabul Segah" daha həcmli olaraq "Dəsgah" halındadır. Əgər bu üç muğamın mayəsini (tonikasını) xalis kvarta sisteminə salsaq, "Segah"ın ya "Yetim Segah"ın mayəsi ilə başlamaq lazımdır. Yəni, "Si", "Mi", "Lya", "Si" mayəli "Segah" "Rast" dəsgahının "Şikəsteyi-Fars" ya "Xocəstə" şöbəsi ilə bir qohumluq yaradır. "Re" səsindən ardıcıl aşağı "Sol" səsinə düşsək, bu gediş "Şikəsteyi-Fars"-ı ya "Xocəstə"ni ifadə edir. "Si" səsində dayanırıqsa, "Segah"a ya "Yetm Segah"a düşürük. Hər iksinin mübərriqəsi eynidir. Bununla da tam qətiyyətlə deyə bilərik ki, "Rast" dəsgahının tərkibində meydana gələn "Segah"ımız elə "Yetim Segah"dır. Onun bəmi çox yanıqlı, zili isə ahu-naləli ahu-zarlı səsləndyinə görə xalqımız ona "Yetim Segah" adı vermişdi. Nakam məhəbbət, taledən şikayət Vətən həsrəti onun əsas poetik məzmununu ifadə edir. Böyük şairimiz İmadəddin Nəsiminin bir qəzəlinə diqqət yetirək:

 

Həsrət yaşı hər ləhzə qılır əzmimizi saz,

Bu pərdədə bizə olmadı dəmsaz.

 

"Üşşaq" meyindən qıla ol işrəti-hovruz

Ta rast gələ "Cəngi", "Hüseyni" sərvaz.

 

Bər "Cahargah"i lütf qıla bilsin - "Büzülgi"

"Kuçk" dəhənindən bizə, ey dilbəri-"Şahnaz".

 

"Zəngulə" sifət nalə qılan zari "Segah"ə,

Çün əzmi - "Hicaz"da eyləsə məhbubi xoşavaz.

 

Ahəngi - "Şifahan" qılır ol nayi "Əraqi"

"Rəhabi" yolunda yenə canım qıla pərvaz.

 

Könlümü "Hisar" eylədi şol ruyi - "Mübərqə"

Gəl olma "Müxalif" bzə ey dilbəri-pürnaz.

Çün şurə gəlib eşq sözün dersə Nəsimi,

Zövqündən onun guşə gələ Sədiyi-Şiraz.

 

Qəzəlin dörd beytinə fikir versək, "Segah"ın hansısa bir növünün yox, yalnız "Segah"ın adı çəkilir. Bu qəzəldə Nəsimi on səkkiz muğam muğam şöbələrinin adını çəkmişdi.

Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Azərbaycan Xalq Musiqisinin əsasları" elmi-tədqiqat əsərində XII əsrdə mövcud olan on iki əsas muğamlar içərisində "Zəngulə"nin adı vardır. Muğamlarımızın zil şöbələrində oxunan gözəl boğazlar da zəngulə ya şaqraq zəngulələr adlanır. Nəsimin beytində işlədilən "nalə", "zarı" (ahu-zar da deyə bilərik) sözləri eyni ilə Əfrasiyab Bədəlbəylinin "Yetim Segah" fikirləri ilə səsləşir. Onun mayəsinin "Si" səsinə düşməsi "Segah" muğamının ilk nümunəsi olmasına daha bir sübutdur. Farsca rəqəmlərin ardıcıllığına nəzər salsaq "Rast"ın mayəsi "Sol" (ona "Yekgah" da deyirlər) "Dügah"ınkı "Lya" "Segah"ınkı "Si", "Cahargah"ınkı "Do" səsinə düşür. Nəsiminin qəzəlində işlətdiyi "Segah" anlamı çox sonralar ona verilən "Yetim Segah" adının eynidir. Sonralar isə orta registrli "Orta Segah" ( ya "Zabul Segah") "Yetim Segah"dan mayəsi bir ton bəm səslənən "Mirzə Hüseyn Segahı" da meydana gəlmşdir. Deməli, "Segah"ımızın elə ilki "Yetim Segah"dır. Məşhur xanəndəmiz İslam Abdullayevin (Xan Şuşinskinin müəllimi) "Segah" muğamının ya "Yetim Segah"ın əvəzsiz ifaçısı olduğuna görə "Segah İslam" ləqəbini daşımışdır. Dahi şairimiz Səməd Vurğun məhz İslam Abdullayevin oxuduğu "Yetim Segah" muğamını çox sevərmiş. S.Vurğun "Yetim Segah"dan danışarkən onun ən gözəl, xalqımızın ruhuna yaxın, qəlbi titrədən ifasına görə İslam Abdullayevə çox yüksək qiymət vermişdi.

Mən 50-ci illərə qədər olan mənbələrdə heç bir yerdə "Xaric Segah" adına rast gəlmədim. Tanınmış musiqi tədqiqatçısı Firudin Şuşinski "Azərbaycan xalq musiqiçiləri" əsərinin (Bakı. Yazıçı. 1985) İslam Abdullayev (Segah İslam) bölməsində (səhifə 238) "Yetim Segah" haqqında danışarkən qeyd edir ki, bəzən buna "Xaric Segah" da deyirlər. Mənə belə gəlir ki, "Yetim" sözü Sovet dönəminin siyasi anlamına uyğun gəlmədiyi üçün onun adı təhrif olunmuşdu.

Xalq musiqisi folklorumuzun gözəl inciləri olan "Şikəstə"lərimizdə "Şikəstə" sözünü qoruduğumuz kimi, xalqımızın uzaq keçmişindən bu günümüzə gəlib çatan "Yetim Segah"ımızın da adını qorumağa borcluyuq.

 

 

ədalət.-2015.-30 oktyabr.-S.6.