Azərbaycan ədəbiyyatının Bəxtiyar şairi

 

Oktyabrın 29-da Heydər Əliyev Sarayında , Azərbaycanın Xalq şairi, dramaturq, ədəbiyyatşünas və ictimai xadimi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub. Adalet.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə foyedə Bəxtiyar Vahabzadənin əsərlərindən ibarət sərgi ilə tanış olubar.

Yubiley mərasimini giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ötən əsrin 40-50-ci illərində ədəbiyyata gələn Bəxtiyar Vahabzadə öz qələmi, istedadı, şücaəti sayəsində Azərbaycanın dahi şair və şəxsiyyətləri sırasına düşə bilib: "Bəxtiyar Vahabzadə ilk növbədə qüdrətli şair idi. Onun qələmindən çıxan şeirlər, poemalar emosionallığı, fəlsəfi dərinliyi, bədii qüdrəti ilə Azərbaycan və dünya oxucusunun qəlbini həyəcana gətirir, dillərdə dolaşır. Xalqın azadlığı, müstəqil dövlətçilik, vətəni qorumaq, tarixə ehtiram, gələcəyə inam şairin yaradıcılığının əsasını təşkil edir".

Nazir həmçinin diqqətə çatdırıb ki, Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində şairə həsr edilmiş silsilə tədbirlər təşkil olunub. Bəxtiyar Vahabzadənin yubileyi yanvar ayından başlayaraq Azərbaycanda və türk dünyasında qeyd edilir. Yubiley münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından "Bəxtiyar Vahabzadə” biblioqrafiyası və elektron məlumat bazası yaradılıb. TÜRKSOY-un dəstəyi ilə "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabı çap olunub. B

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, dövlət səviyyəsində də, xalq yanında da Bəxtiyar Vahabzadə milli istiqlal ədəbiyyatının, milli istiqlal düşüncəsi və hərəkatının öndə gedən bayraqdarlarından biri kimi qəbul olunub. Akademik deyib ki, XX əsrin ikinci yarısında – sovet ideologiyasının ən sərt dönəmlərində Bəxtiyar Vahabzadənin ana dili uğrunda apardığı mübarizə əslində təkcə dil amilini əhatə etməyib, geniş mənada milli istiqlal, azad vətən, müstəqil dövlət uğrunda mübarizənin tərkib hissəsi kimi meydana çıxıb. Bəxtiyar Vahabzadənin XX əsrin 70-80-90-cı illərində yazdığı böyük ədəbiyyat demək olar ki, Azərbaycan ədəbiyyatının açıq istiqlal kitabıdır. O, həm də yazdıqlarının, ifadə etdiyi idealların konkret daşıyıcısı kimi də xalqımızın önündə gedib, müstəqillik uğrunda mübarizədə ziyalı mövqeyini, borcunu və məsuliyyətini şərəflə yerinə yetirib.

İ. Həbibbəyli diqqətə çatdırıb ki, 70-dən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanmış B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.

Mərasimdə qiraət ustaları şairin şeirlərindən və poemalarından parçalar söyləyiblər. Yubiley tədbirində şairin sözlərinə bəstələnmiş mahnılar tanınmış ifaçılar, muğam ustaları tərəfindən səsləndirilib.

 

Ədalət.-2015.-31 oktyabr.-S.14.