"Nə bildin ürəyim tufan axtarır?"
Şair Musa Ələkbərli ilə payız ovqatlı söhbət
Tədqiqatçılarından biri onu ən
iddiasız şair adlandırıb. İddiası olmasa da, istedadına görə poeziyamızda öz yeri olan şair
Musa Ələkbərlinin bir
istəyi var- şeirləri, kitabları
yayılsın, yazdıqları
oxucu nəfəsi hiss
etsin.
Yağışlı, çiskinli bir payız günü şairlə qabaq-qənşər
oturub söhbətləşdik.
"Ayaqda deyiləm, ayaq üstəyəm"
- Bəzən deyirlər ki, payız şairlərin fəslidir.
Şair Musa Ələkbərli
bu vaxtlar özünü necə
hiss edir?
- Əla hiss edirəm. Yayın istisində
qələmdən, kağızdan
uzaq düşürəm,
payız fəslində
isə tamam özgə bir ovqatda oluram. İnan Allaha ki, şeirlərimin
çoxunu elə payızda yazmışam.
Payızın özünə həsr
etdiyim çoxlu şeirlərim var, birini də bu günlərdə tamamlamışam, "Bu ilin
payızına" adlanır.
Hələ heç kompüterə də köçürülməyib, istərdim ki, ondan bəzi parçaları elə
ilk dəfə "Ədalət"in
oxucularının diqqətinə
çatdırım:
Qara bir bulud tək
çökdün başıma,
Şırrama, şıdırığı yağışla
gəldin.
Ağlar
bir ürəklə çıxdın qarşıma,
Dumanlı, çiskinli baxışla
gəldin.
Sənin
gəlişinə qurban,
ay payız,
Nə bildin ürəyim tufan axtarır?
Qəlbimdə boy verən ümman,
ay payız,
Gözümdən axmağa imkan axtarır.
Sən necə
duydun ki, yaralı quşam?
Dil-dil ötmək
üçün bir himə bəndəm.
Danışsam, bilərdin niyə susmuşam.
Dinəndə sınası bir simə bəndəm.
O tilsim Şuşada, Laçında qalıb,
İllər ötüb keçir, açarı yoxdur.
Əsir
gözəllərin saçında
qalıb,
Qeyrətin bizim tək naçarı yoxdur.
Bir ovuc torpağam, yarlı torpaq,
Ayaqda deyiləm,
ayaq üstəyəm.
Baltalanıb ağac, budanıb
budaq,
Dayağı üzülən dayaq üstəyəm.
Gəlib
Sumqayıtda göz yaşı tökür,
Qubadlıdan gələn duman, ay payız.
Yağı Kəlbəcəri talayır,
sökür,
Gözümdə sozalır ümid, ay payız.
... Bir sonu varmı
ki, səni duyam mən,
Bu yercə dərdimin,
göycə dərdimin.
Hələlik, ümidi, inamıyam
mən,
Qarabağ dərdimin, Göyçə
dərdimin.
...Bəlkə də haçansa duyulacaqdır,
Payızlaşan ömrüm, qışlaşan
ömrüm.
Sənin
göz yaşınla yuyulacaqdır,
Bir qəbir üstündə
daşlaşan ömrüm...
... Onsuz da yollarım
dirənib dağa,
Saxla göz yaşını, saxla, ay payız.
Getsəm
dağ olaram qara torpağa,
Mən bu sinəmdəki dağla,
ay payız.
"Tanrının yazdığına
inanmamaqmı olar?
"
- Şairlərin bir
sevimli məşğuliyyəti
də var-dağlarla söhbətləşmək. Dağlar
qoynunda- Gədəbəydə
doğulan Musa Ələkbərli
də istisna deyil yəqin...
- Bu sualın məni çox uzaqlara-ötən
əsrin 70-ci illərinə
apardı. Orta məktəbin VII sinfində oxuyandan şeirlərim rayon qəzetində
dərc edilirdi. Bakıdakı redaksiyalara göndərdiyim
şeirlərə bir
cümləlik şablon
cavablar alırdım-"Şeirləriniz bədii cəhətdən zəif
olduğundan çapa
məsləhət görülmür".
Bir dəfə ilk qələm
təcrübələrimdən bəzilərini "Azərbaycan
gəncləri" qəzetinə
göndərmişdim. Gördüm
redaksiyadan cavab gəlib, məktubu da ədəbi işçi F. Qoca yazmışdı, qəribə
idi ki, özü
də əlyazma ilə. Görünür qələmə aldığım o cızma-qaralardakı
hisslərin səmimiliyi
bu gün Xalq şairi kimi tanınan Fikrət Qocanın xoşuna gəlmişdi və standart cavab göndərməyə
əli gəlməmişdi,
çox isti, gözəl sözlər yazmışdı məktubda.
Məhz Fikrət müəllimin həmin o məktubu məndə dərin bir inam hissi
oyatdı. Göndərdiyim şeirlərin içərisində
dağlara yazdıqlarım
da var idi.
Sən deyən kimi, gözümü açıb
dağları görmüşdüm,
başqa nədən yazmalıydım ki? Rəhmətlik Hüseyn Arif
"Dağlar" adlı
şeirimi dinləyəndən
sonra mənə "Uğurlu yol" yazıb. Elə o vaxtdan mənin
dağlarla söhbətim
yaxşı alınır.
Bu gün isə dağlar mənim yaralı yerimdir:
Biz dağlara könül
verdik, biz dağlara neylədik?
Bir tərəfdən
balta çaldıq, bir tərəfdən göynədik.
Başqa
bir şeirimdə isə belə deyirəm:
Dağların da öz dağı var,
Yandıracaq, yaxacaq.
Quruyan o
bulaqları,
Gözümüzdən axacaq.
Səmimiyyətimə inan, ali məktəbi
bitirəndən sonra Bakıda qalmaq istəyim yox idi, doğma yurduma, dağların yanına qayıtmaq istəyirdim. Hətta o illərdə "Gəl gedək dağlara, şəhərli
qızı" adlı
silsilə şeirlər
də yazmışdım
və bu şeirlər populyarlıq
qazanmışdı.
- Qızlar sairin sözünü dinləmədilər
və siz də qayıtdınız
Bakıya...
- Paytaxta dönməyim başqa səbəbdən
oldu, rayon təhsil şöbəsinin müdiri
məni işə götürmək istəmədi.
Pul istəyirdi, məndə isə ona verəsi pul nə gəzirdi...
Həyatın çox
qəribə işləri
var, qardaş, ilk kitabım çıxanda həmin müdiri Bakıda, Natəvan heykəlinin qarşısında
gördüm, qoltuğunda
da mənim kitabımdan 5-6 dənəsi...
- Alın yazısına inanırsız?
- Əlbəttə inanıram. Tanrının yazdığına inanmamaqmı
olar?
- Alın yazısı şeir kimi yazılır, yoxsa hekayə kimi?
- Baxır adamına, məndə yəqin ki, şeir kimi
yazılıb.
- Şair olduğunuza görə bu qənaətdəsiniz?
- Təkcə şair olduğuma görə yox, şeirə vurğunluğuma görə. Mən elə gözümü açandan şeirlə, sözə böyümüşəm. Amanın laylasını, atamın dediyi şeirləri eşitmişəm. O zaman nə bilirdim ki, şair olacam. Orta məktəbdə ədəbiyyat müəllimlərim- Allah hər ikisini rəhmət eləsin, Məhər müəllimlə, Şəmşad müəllim məndə şeirə, poeziyaya həvəsi bir qədər də gücləndirdilər. Necə deyərlər, şair olmağı mənim boynuma qoydular.
İlk şeirim heç vaxt yadımdan çıxmır:
Baharın çağında ay gözəlim, sən,
Arının yerini çiçəkdən soruş.
Şeir yazmağımı bilmək istəsən,
Qəlbimi coşduran diləkdən soruş.
Camalın yaranıb eşqimə qüdrət,
Deyirdim sevirsən,
sən məni əlbət.
Söyləyirsən, nədir sevgi, məhəbbət?
Sevən bu ürəkdir, ürəkdən soruş.
Cəmi iki bənddən ibarət bu şeir əmim oğlu Cahanın və jurnalist Firudin Hüseynovun köməyi o vaxt bizim Gədəbəyin
"Tərəqqi" qəzetində
dərc olundu. Onların hər
ikisini daim rəhmətlə anıram.
- Şair, bir az da siyasətdən danışaq.
Sabah ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək.
Musa Yaqub bir
zamanlar parlamentdə təmsil olunub, digər adaşınız-Musa
Urud yenidən namizədliyini irəli sürüb. Musa Ələkbərli niyə
deputat olmaq istəmir?
- Musa Yaqub bizim ustad şairlərimizdəndi. O, deputat
olmazdan əvvəl də, parlamentdə oturanda da, indi
də poeziyaya, sözə qulluq edib, gözəl şeirlər yazıb. Allah onun canını
sağ eləsin.
Musa Urud səmimi
insan, maraqlı şeirlər müəllifidir. Bir dəfə mənə dedi ki, adaş,
təzə şeirlər
kitabı hazırlayıram,
istəyirəm redaktoru
sən olasan, ola bilsin
bu mənim şair kimi sonuncu kitabım olsun, çünki deputatlıq vaxtımı
çox alır.
Açığı, onun bu sözü
məni yaman tutdu, çox istərdim ki, Musa Urud fəal ictimai fəaliyyətlə
yanaşı, poeziya ilə də məşğul olsun, oxucularını yeni şeirlərlə sevindirsin.
Özümə gəlincə, qardaş, mənim necə deyərlər, bineyi-qədimdən siyasətə marağım olmayıb. Mənim bu həyatdan umacağım çox az şeylər var. Tanrıma qurban olum, məni də belə yaradıb. Könlümcə olan şeirləri yaza bilsəm, kitablarım çap olunub yayılsa, oxucuya çatsa, həmin kitablarıma oxucu nəfəsi dəysə, bu mənə yetər.
- Tədqiqatçılarınızdan biri yazmışdı ki, Musa Ələkbərli ən iddiasız şairdi. Belə görünür ki, düz yazıb...
- Rövşən Yerfinin məqaləsini nəzərdə turusansa, sağ olsun, dübbədüz yazıb.
- Söhbətə başlayanda payızdan danışdıq, qarşıdan isə qış gəlir. Şair qışa təzə seirdən, kitabdan nə tədarük edib?
- Bayaq təzə şeirlərimdən
birini oxudum, beləsi çoxdu. İndi saf-çürük edirəm, növbəti bir kitab çap
etdirmək istəyirəm. Tanrı başa
gətirsə, qışa əliboş getmərəm.
Ədalət.-2015.-31 oktyabr.-S.9.