Vərəqlərə bağışlanan ömür

Fərqanə Mehdiyeva

 

Boş görünən bir yer, əslində, boş deyil. Gündüz görünmələr ulduzlarla dolu göy üzü kimidir. Allahın qəlbindəki hələ də gəlib bizə çatmamış ilahi sözün, ilahi şeirin varlığına kiçiçik bir işarədir.

Hardan xatırladın bu sözləri?

Hardan yadddaşıma hopub gəldi, bilmirəm. Bəlkə də ağlıma gələnlərdi ürəyimdən keçənlər. Qarşımdakı şeirlər, beynimdəki misralar məni ötən illərə apardı. Onda hələ orta məktəbdə oxuyurdum. Bütün ədəbi orqanları izləyirdim. Şairlərin və yazıçıların kitablarını alırdım. Illər keçdi. Tələbə oldum. O zamanlarda anamın mənbə verdiyi məvacibə şeir kitabları alırdım. Bu kitabların içində ən çox sevdiklərimdən biri Fikrət Qocanın şeirləri idi. Orta məktəbdə sinifdənxaric oxu dərsində Fikrət Qocanın şeirlərilə ədəbiyyyat müəllimini təəccübləndirirdim:

 

Biri qaçaq olub, mərd olub,

Biri qoçaq olub, mərd olub,

Bəs bu namərdlər hardandır?

Bax bu, mənə dərd olub.

 

Belə bir fikir var ki, şair həmişə kimlər üçünsə yazır. Amma şair, əslində, özünü yazır, öz taleyinin şəklini çəkir. Özü ilə tək-tənha qalmaq da Tanrı ilə üzbəüz olmaqdı. Fikrət Qoca hər halında, hər anında Tanırıya sığınan şairdir:

 

Adam bolluğunda elə boğuluram hərdən,

Qaçmaq istəyirəm

evdən, şəhərdən.

Qohumdan, dostdan, tanışdan.

Özümün özümlə o qədər

söhbətim var,

əgər vaxt tapıb danışsam.

 

Şair Allahın harda, nətər gəldi adını çəkmir. Şeirə elə Allahın adını necə çəkirsə, elə yanaşır. Söz onun üçün zaman əbədiyyət sinonimidir. Şairin hər misrasında uşaq sadəlöhlüyü, uşaq saflığı var. Onun şeirlərində işıq var. O işıq ki, bütün yaşadığı ömrün enişli-yoxuşlu yolunda sönmədən yanır.

 

Körpə üzünə bənzəyir səhər.

Üzündə nur, işıq, zər.

Gün keçir, axşam olur,

Hava qaralır.

Ömür keçir, saç ağarır,

Üz saralır.

Səhərdən , körpədən

İşıqlı bir xatirə qalır

Ömrün yaddaşında.

O bir əlcə işığa qızınmaq olur

Ömrün qışında.

 

Fikrət Qoca etibarlı dostur. Uzun illər dostluq etdiyi mərhum Vaqif Səmədoğlunun 60 illiyinə həsr etdiyi şeirdə belə yazır:

 

Qırx ilin dostuyuq,

bir dəfə sözümüz çəp düşmədi

yaxşı gündə, pis gündə.

İki tərs keçi

bir körpüdən keçdi.

Bizdən bir cüt ayaqqabı qaldı

yer kürəsinin üstündə

Onlar da tay keşdi.

 

Fikrət Qocanın şeirlərində maraqlı bir kədər var. Hər ötən gün şair üçün kədərli bir nəğmədir. Səs obrazları, poetik assosiasiyalar oyadan ovsunlu təsir gücünə malikdir. Şair o səslə, bu avazla hər gün sözün önündən keçir.

 

Hər gün yoxlanıla

ürəkdən keçən

fikirlərin kardiaqramması.

Yazıla həsi, yoxu, əmması.

Fikirlərinin

ağı, qarası yazıla

çoxu çox ola,

azı az ola.

Hər kəsin əlində

öz ürəyinin sözü.

Hər gün

səhərin qapısından keçəndə

bunları göstərəsən günə.

Görək səhər səni buraxırmı

işıqlı insan evinə.

 

Ölüm mövzusu Azərbaycan şairi üçün həmişə dünya haqqında, həyat haqqında fəlsəfi düşüncələrin predmeti olub. Oktavio Pas bir essesində yazır ki, dərin ümumi bəşəri kultu olan ömür kultu, həm ölüm kultudur. Onları bir-birindən ayırmaq olmaz. Fikrət Qoca şeirlərində ölümə müqəddəs baxır, onu poetik dildə aliləşdirir:

 

Biz doğulan gündən

Ölümə məhkumuq

Ulu Tanrının hökmü ilə,

Bir yandan da belə...

 

Fikrət Qoca üçün dünyanın mənasının əsas obrazı Tanrıdı. Tanrının mövcüdluğu dünyanın mövcüdluğudur. Fikrət Qoca dünyaya, insanlara, Allaha, ağaca, çiçəyə, gülə, torpağa, daşa, bir sözlə, ömrünə qiymət verən şairdir. O, xatirə yaşantılarına, ürəyinə yükləyir. Gəncliyindən bu günə qədər keçən hər günü vərəqlərə bağışlayır. Bu qədər kədərə, sükuta, xatirə ağırlığına dost sədaqətini ancaq Fikrət Qocanın şair ürəyi tab gətirə bilər. O, bənzərsiz şairdir. Sadə, səmimi, təvazökar, gəncliyin əlindən tutan, böyüklərin qoluna girib yol göstərən, istedadın qapısını taybatay açan şairdir, insandır. Üzünü görmədiyi istedadlı şair haqqında dəfələrlə müxtəlif "uğurlu yol" arzularını ədəbi dərgilərdə gerçəkləşdirib.

Beləcə yaşaya-yaşaya, yana-yana gəlib çıxdı səksən yaşına. Elə gəlib çıxdı ki, gəlişi gələnlərə örnək oldu. Elə yaşadı ki, geriyə baxanda heç nədən çəkinmədi. O qədər kövrəldi ki, səsini itirdi. bu sukutun içində zamana, insanlığa, haqqa, ədalətə böyük haray eşidildi. Bir , axı şairin yaşı olmur. Hansı yaşda olur-olsun, şair uşaq yaşında qalır. Fikrət Qoca da məhz saflığı ilə uşaq yaşındadı. Ürəyimdən bu misralarım keçdi:

 

Ağdı, qaradı bilmir,

Hara haradı bilmir.

Ömür indi başlayıb,

Yoxsa yarıdı bilmir-

Şairin yaşı olmur.

 

Bahara gendən baxır,

Payızı, qışı olur.

Dadmağa şirin var,

Dadmağa naşı olur-

Şairin yaşı olmur.

 

Çəkdiyi əzabına

Tab gətirən sinədir.

Yaranışda itirir

Doğum adlı sənədi-

Şairin yaşı olmur.

 

Əyilmir nakəslərə,

Şamşax qalır beləcə,

Çiynində illər yatır,

Uşaq qalır beləcə-

Şairin yaşı olmur.

 

Olmur, Fikrət müəllim, olmur. Allah sizə min ömür versin dünyanın şairi!

 

Ədalət.-2015.-3 sentyabr.-S.4.