Mənim ilk universitetim

Lənkəran Humanitar Kollecinin 90 illiyinə

 

1957-ci ilin yayı isti gəlmişdi.Orta məktəbi 42 nəfər bitirdik.Bizə kamal attestatı verilən gün əsl bayrama çevrilmışdi.Tədbirə raykomdan, maarif şöbəsindən nümayəndələr gəlmişdilər. Direktorumuz əməkdar müəllim Mürsəl Mirzəyev bizi təbrik elədi.Məzunlardan bir neçəsi ürək sözlərini dedilər. Kimi həkim, kimi müəllim, kimi aqronom, kimi mühəndis peşəsini seçmişdi. Ali məktəblərə ciddi hazırlaşdıqlarını bildirdilər.

Növbə mənə çatdı. Fikrimi üç cümlə ilə tamamladım:-Anamın tək övladıyam. Beş il ali məktəbdə oxumağa imkanım yoxdur.Pedməktəbə girməyi qərara almışam.

Avqust günlərinin birində kitab-dəftərlərimi atamdan yeganə yadigar olan taxta çamadana yığıb "Palizurka" maşınının kuzasında Lənkərana gəldim. Bu şəhərdə bir il əvvəl, tələbələrin gənclərin birinci festivalı ərəfəsində olmuşdum. Zona müsabiqəsində bədii qiraət üzrə ikinci yeri tutub, Bakı turuna vəsiqə qazanmışdım.

Böyük bazarda bir kişiylə rastlaşdım. Geyim-keçimindən müəllimə oxşayırdı. Pedməktəbin yerini öyrənmək istədim. Məni başdan ayağacan süzdükdən sonra soruşdu:

- Görünür şəhərə nabələdsən, haradan gəlibsən?

- Lerikdən -dedim.

İltifat göstərib məktəbəcən apardı. Ayrılanda ürək-dirək verdi:

- Mustafa müəllim rəhimdil adamdır. Onu yetimlərin, kimsəsizlərin havadarı kimi tanıyırıq.

Qırmızı kərpicdən tikilmiş binanın ikinci mərtəbəsinə qalxdım. Çamadanı açıb sənədlərimi götürdüm. Çoxda böyük olmayan kabinetin qapısı üstündə "direktor" yazılmışdı yarıyacan açıqdı. " Deməli, içəridə əyləşən Mustafa müəllimdir" dodaqaltı pıçıldadım.

Saçlarına dən düşmüş, hündürboy, üzündən nur tökülən Mustafa müəllim məni görüb içəri çağırdı, qarşısındakı stulda yer göstərdi. Sənədlərimi alıb nəzərdən keçirdi. Üzündə təbəssüm göründü. Eynəyi çıxarıb:

- İki fəndən "yaxşı", qalanlarından "əla". Tərcüməyi-halı da oxudum. Xəttin xoşuma gəldi.

Aramızda söhbət qısa oldu. Qovluğun üstündə nəsə yazıb seyfə qoydu. Qapıdan çıxarkən soruşdu:

- Qalmağa yerin var?

- Anamın uzaq qohumu bu şəhərdə yaşayır. Gərək axtarıb tapım.

- Axtarmağa ehtiyac yoxdur. Yataqxana məktəbin həyətindədir, yer verərik, -deyib katibə qızı içəri çağırdı:

- Quluya tapşır, bu oğlana yataqxanada yer versin.

Üç həftə yataqxanada qalmalı oldum, imtahanlara hazırlaşdım. Dörd fəndən 18 bal topladım, texnikuma qəbul kağızını aldım. Evə şad xəbərlə qayıtdım. Anam namaz üstə əllərini Ulu Tanrının dərgahına qaldırıb dua elədi.

Pedməktəbdə oxuduğum iki ildə təhsil əlaçısı," Gənc pedaqoq" divar qəztinin redaktoruydum. On rayondan 36 nəfər idik: 29 oğlan, 7 qız. Aramızda səmimiyyət, bacı-qardaşlıq münasibəti vardı. Bu təhsil ocağında Möhsum Yusubovdan, Ağarəhim İbadovdan, Əliağa Cəfərovdan, Mustafa Dadaşovdan, Qüdrət Xəlilovdan, Əliheydər Hüseynovdan, Hüseynağa Axundovdan, Məhərəm Sadıqovdan həm elm, həm mərifət öyrəndik.

1958-ci ildə respubilka Komsomolunun Mərkəzi Komitəsi tələbə gənclərə müraciət edib xam torpaqlarda taxıl yığımına çağırmışdı. Lənkarandan kənd təsərrüfatı texnikumunun, pedaqoji tibb məktəblərinin bir qrup tələbəsi çağırışa qoşulmuşdu.

Dəmir yolu vağzalında yolasalma mərasimi keçirilirdi. Pedməktəbdən dörd tələbə-Mirzə Məmmədov, Mirzəbala Məcidov, Allahverdi Şahbasov, birdə mən Qazaxı?stana yola düşürdük. Direktorumuz Mustafa Sadıqov qayğılı görünürdü. Bizi yanına çağırıb tapşırıq verdi:

- Məhsul yığımı dörd ay çəkəcək. Ehtiyatlı olun. Hər ay birinizdən məktub gözləyəcəm.

Biz Qərbi Qazaxıstanın Puqaçov adına sovxozunda işləməli olduq. Dördümüzü kombayınçı köməkçisi götürdülər. gecəmiz vardı, gündüzümüz. Canla-başla işlədik. Zəhmətimizin bəhrəsini gördük. İki ilin ruzisini qazandıq. Hərəmizə iki ton taxılın kağızını verdilər. Qayıdıb Port-İliçdəki ( indiki Liman ) anbarlardan alıb maşına yüklədik.

Qazaxıstandan qayıtmağımızdan bir ay olardı keçirdi. Məni Bakıya, komsomolun Mərkəzi komitəsinə çağırdılar. Qazaıxstan KP MK-nın, QazaIxstan SSR Ali Soveti Rəyasət Heyətinin, Qazaxıstan SSR Nazirlər Sovetinin, Qazaxıstan LKGİ Mərkəzi Komitəsinin Fəxri Fərmanını təqdim etdilər. Bu ilk mükafatımdır.Bu gün evdəki otağımda divardan asılıb.

1959-cu ilin qışında pedməktəbdə Məhəmməd Füzulinin yubillyi keçirilirdi. Musiqi müəllimi, bəstəkar Ağarəhim İbadov tələbələrdən ibarət xorun ifasında Cahangir Cahangirovun "Füzuli" kantatasını hazırlamışdı.Gecədə şairin qəzəlləri, alleqorik əsərləri səsləndi. Ehtiyatsızlıqdan divar peçindən döşəməyə köz düşmüşdü. Səhərə yaxın məktəb yanmağa başladı. Biz sənədləri xilas elədik. Kənd təsərrüfatı texnikumunun ( indiki tibb məktəbi) binasında ikinci növbədə oxumalı olduq.

Pedməktəbin oğlanları günün birinci yarsında əl-ələ verib binanın bərpasında işlədilər. Üç həftədən sonra doğma divarlar arasına qayıtdıq.

Lənkəran pedməktəbində təhsil aldığım illərdə şəhər kitabxanasında ədəbi dərnəyin üzvləri ilə tanış olmuşdum. Özüm müntəzəm iştirak edirdim. Yerli qəzetin məsul katibi Yusif Yusifov dərnəyin rəhbəri idi. Şəkər Aslan, Vaqif Hüseynov, Həzi Əliyev, Mirhafiz Bahadır, Xudaqulu Canıyev, Xeyrulla Mehdiyev, Həsən Əhədov bədii yazılarını oxuyurdular.İş elə gətirdi ki, ötən əsrin 70-ci illərində Şəkər Lənkəranda, Vaqif Masallıda redaktor işlədilər, mən Lerikdə. Üçümüz " Qızıl qələm" mükafatı aldıq. Uzun illər dostluğumuz davam elədi. Onlar vaxtsız dünyadan köçdülər, əziz xatirələri qəlbimdə qaldı.

Əlli altı il. Bir insan ömru. tez gəlib keçdı. Bu illərdə həyatımda uğurlara görə Allahımdan razıyam. Pedməktəbdən sonra iki institut bitirdim. Birində qiyabi, ikincisində əyani oxudum. Həm ali pedaqoji, həm jurnalist təhsili aldım. Partiya, sovet mətbuat orqanlarında çalışdım. Böyük bir ailəm var. On övlad atası, on yeddi nəvə babasıyam. Əməyim hökümətimiz tərəfindən dəyərləndirilib.

Təqaüdə çıxdığım vaxtdan səkkiz il keçir. Rayonun ictimai həyatından kənarda qalmamışam. Ağsaqqallar Şurasının sədriyəm. Lerikin ağsaqqalları bu yaxınlarda keçirilən konfransda mənə yenidən etimad göstəriblər. Qələm hələ əlimdədir. İmzam respublika mətbuatında görünür, səsim radio dalğalarından, televiziya ekranlarından eşidilir.

2009-cu ilin yazında, yarım əsrdən sonra pedməktəbin 59-cu il məzunlarindan sağ qalanlar Lənkəran Humanitar Kollecdə görüşə gəlmişdilər. Bir-birini tanımayanlar da oldu. Qucaqlaşdıq, gözlər sevincdən yaşardı. Xatirələr dilə gəldi. Danışdıq, ürəyimizi boşaldıb yüngülləşdik. Zöhrab Əliyev "Unudulmaz görüş" poemasını yazib çap etdirdi.

Bayramlarda pedməktəb dostlarımla telefon əlaqəsi saxlayıb təbrik edirəm. Onlar da məni yaddan çıxarmırlar. Dəstəyi qaldıran kimi səslərindən tanıyıram. Elə bilirəm ki, yenidən görüşdük. Bəzən zarafatlaşıb lətifələrdə söyləyirik.

Bəli, pedməktəb mənim ilk universitetim, ilk gəncliyim, ilk peşə qazandığım, əlimi çörəyə çatdıran məbəd olub.

Həmzə Vəliməmmədov,

Respublikanın əməkdar jurnalisti

Ədalət.-2015.-3 sentyabr.-S.4.