Əflatun Nemətzadəyə MƏKTUB

 

Əzizim Əflatun müəllim,

Türkiyədə çap olunan çox maraqlı və sanballı "Zirvələrdən zirvələrə" kitabınız (Ankara, Böyük Anadolu Media Qrup, 2014, 472 səh.) bir az gec də olsa əlimə çatdı. Kitabı oxuduqca ikili hisslər keçirdim. Düşündüm ki, Azərbaycan mədəniyyətini dünyada yayan, təmsil edən, möhtəşəm işlər görən dostum, Azərbaycanda layiq olduğu səviyyədə tanınmır, qiymətləndirilmir. Təsəllimi kitabında yer alan "Rusların 50 il üzünü göstərmədiyi general, prof. Dr. Kərim Kərimov" adlı məqaləndə tapdım.

Uzun illər (1966-1987) kosmosa uçuşların rəhbəri vəzifəsində çalışan Kərim Kərimovu kimsə tanımırdı. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı, azərbaycanlı alim Kərim Kərimov 1987-ci ildə, 70 yaşında doğma Bakıya ilk dəfə, 50 il sonra ayaq basa bilmişdi. Qardaşım, bu məqaləndə bir məsələyə də aydınlıq gətiribsən. O vaxt şayiə yayılmışdı ki, Kərim Kərimovun arvadı ermənidir. Əslində alimin həyat yoldaşı Bakıda orta məktəbdə onunla bir sinifdə oxuyan Zara xanım Tağıyeva olub. Sonralar başa düşdüm ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin ya anasının, ya arvadının erməni olması barədə şayiəni ermənilər yayırlar. Guya onların damarlarında erməni qanı axmasaydı, ermənilərin "ağıllı" məsləhətləri olmasaydı, bu səviyyəyə çatmazdılar.

Mətləbin üstünə qayıdıram. Azərbaycanda layiq olduğunuz səviyyədə tanınmamağınızın əsas səbəbini uzun illərdən bəri ölkəmizin hüdudları xaricində işləməyinizdə axtarmaq lazımdır. Əslində əməyinizin lazımınca qiymətləndirilməməsi də buradan qaynaqlanır. Ataların hikmətli kəlamı buna ən tutarlı cavabdır: "Gözdən iraq, könüldən iraq".

Həmkarlarınız, sənət dostlarınız xaric, çoxmu adam bilir ki, 1967-ci ildə Teatr İnstitutunu bitirdikdən sonra prof. Cəfər Cəfərovun rəhbərliyi ilə dissertasiya yazmağa başlasanız da, Leninqradda (indiki Sankt Peterburq). Rimsk - Korsakov adına Dövlət Konservatoriyasının Opera rejissorluğu bölümünə daxil olmusunuz. Sonralar Varşava, Krakov, Qdansk Teatrlarında təcrübə keçibsiniz. Sverdlovsk Opera Teatrında işə başlayıbsınız. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin təlimatına əsasən Bakıya gələrək A.Borodinin "Knyaz İqor" operasını səhnəyə qoyubsunuz. 1976-cı ildə Beynəlxalq müsabiqədə qalib gələrək Bolşoy Teatrda teatrın Baş rejissoru Boris Pokrovskinin köməkçi rejissoru olubsunuz. 1980-ci ildə SSRİ Mədəniyyət Nazirliyinin xətti ilə Yəmən Xalq Respublikasına göndərilibsiniz. Paytaxt Adendə Dövlət Musiqili Teatrının əsasını qoyubsunuz. Ancaq hara getsəniz də, heç vaxt Azərbaycanı unutmayıbsınız. Yəmən Dövlət Musiqili Teatrında səhnələşdirilən ilk əsər dahi bəstəkar Üzeyir Hacıbəylinin "Məşədi İbad" musiqili komediyası olub. Təməlini qoyduğunuz teatrda "Otello" daxil iyirmiyə qədər dram, faciə, musiqili komediya əsərlərini qoyubsunuz. Adendə Gözəl Sənətlər İnstitutunda aktyorluq sənətindən dərs deyibsiniz. O vaxt Yəməndə tərcüməçi işləyən Şərqşünas alim, professor İmamverdi Həmidov ölkədə böyük hörmət və izzətə malik olduğunuzdan söz açır və deyir ki, Sizə vətənə dönməyə imkan vermirdilər. Lakin iqlim şəraiti səhhətinizə mənfi təsir etdiyindən əvvəlki iş yerinə - Bolşoy Teatra dönübsünüz.

Bütün bu dövr ərzində elmi işdən də aralanmayıbsınız. 1988-ci ildə Gürcüstan Dövlət Teatr İnstitutunda "Müsbət estetik ideal xarakterlər" mövzusunda dissertasiyası müdafiə edibsiniz. Azərbaycan Dövlət Opera və Balet teatrında rejissor kimi çalışmaqla yanaşı, Azərbaycan Dövlət Gözəl Sənətlər Akademiyasında aktyorluq, rejissorluq və səhnə hərəkətindən dərs deməyə başlayıbsınız.

1991-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən Ankara Dövlət Opera və Balet Teatrına rejissor vəzifəsinə dəvət olunubsunuz. Teatrın operetta səhnəsində bəstəkar Süleyman Ələsgərovun "Milyonçunun dilənçi oğlu" operettasını səhnəyə qoyubsunuz. Sonra Mersin Dövlət Opera və Balet Teatrına Baş rejissor təyin olunubsunuz. Uğurlu işinizə "Arşın mal alan"la başlayıbsınız. 1992-ci ildən Türkiyənin Bilkənt Universitetinin və Hacəttəppə Universitetinin Dövlət Konservatoriyasında aktyorluq, rejissorluq, opera rejissorluğu və s.-dən dərs deyibsiniz. Mersinlə bərabər, Bilkənt Universitetində rejissor olmuşsunuz. 2002-ci ildən Ankarada Qazi Universitetin müəllimi, hal-hazırda həmin Universitetin professoru kimi aspirant və dissertantlara rəhbərlik edirsiniz.

Əzizim Əflatun müəllim, mənə belə gəlir ki, fəaliyyətinizin ən məhsuldar dövrü Türkiyədə çalışdığınız vaxta düşür. Burada türk dünyası ilə dərindən təmasda olmağınız istedadınızın daha da parlamasına təkan verdi.

TÜRKSOY-un Baş katibi professor Düsen Kaseinovun təqdirəlayiq dəstəyi ilə "Koroğlu" operasını Türk dünyasında sərgiləmək kimi təkrarsız bir proyektə imza atıbsınız. İlk dəfə bu operanı Qırğızıstan, Qazağıstan, Azərbaycan, Başqırdıstan, Tatarıstan və Rusiya Federasiyasından dəvət olunmuş ulduz sənətçilərin iştirakı ilə Bişkek səhnəsində gerçəkləşdiribsiniz. Sonra isə opera Almata, Ankara və Bakıda göstərilmişdir.

Daha sonra ikinci Uluslararası proyekt olaraq "Koroğlu" operası Astana Dövlət Opera səhnəsində sərgilənmiş və I Dünya Opera Festivalında İstanbul Halıç Konqre Sarayında göstərilmişdir.

Qardaşım, mətbuatda gedən yazılar böyük uğurunuzdan xəbər verir: "Koroğlu" Bişkek Opera Teatrında tarix yazdı", "Koroğlu" operası türk dövlətləri Başkənt (paytaxt) səhnələrində", "Koroğlu" operası Almata tamaşaçılarını heyran etdi. "Üzeyir Hacıbəylinin musiqisi ankaralıları ovsunladı. "Koroğlu" operası Bakıda möcüzə yaratdı, zəfərə imza atdı", "Koroğlu" operası Türksoyu Türk dövlətləri zirvəsinə qaldırdı", "Halıç Konqre səhnəsində "Koroğlu" rüzgarı" və s.

Əziz qardaşım, bütün bunlar hamısı sizin zəfərinizdən xəbər verir.

Novruz bayramının Parisdə ilk dəfə Yunesko səhnəsində sərgilənməsi də sizin adınızla bağlıdır.

Mən sizi görkəmli sənət adamı olmaqla bərabər, tanımış ədəbiyyat adamı, elm adamı kimi tanıyıram. "Zirvələrdən zirvələrə" kitabınızda yer alan, xalqımıza başucalığı gətirən şəxsiyyətlərə həsr etdiyiniz yazıları qələminizə böyük hörmət və məhəbbətlə oxudum. Akademiklər Qara Qarayev, Arif Paşayev, Kərim Kərimov, Azərbaycan poeziyasının Şekspiri və Bayronu adlandırdığınız Xalq şairi Rəsul Rza, dünya şöhrətli yazıçı Çingiz Aytmatov, Azərbaycan ədəbiyyatının parlaq simaları Anar və Elçin, xalq şairi Fikrət Qoca, mədəniyyətimizə sonsuz məhəbbətlə xidmət edən Əbülfəs Qarayev haqqında yazılarınız yüksək elmi və ədəbi potensialınızdan xəbər verir. Kitabda yer alan "Bakı-Kərkük körpüsünün yaradıcısı Qəzənfər Paşayev" məqalənizə görə sizə minnətdaram.

Əflatun müəllim, "Zirvələrdən zirvələrə" kitabınızda seçib verdiyiniz şəkil və portretlər məni heyran etdi. Əgər belə demək caizsə, mən onları özü haqqında danışan sənədlər adlandırardım: Tiflisdə Koroğlu qalası, Çingiz Aytmatovun Qırğızıstanda ağaclar arasında sadə qəbri, akademik Kərim Kərimovun portreti, Ağrı dağı, Nuhun tarixi gəmisi, Şah İsmayıl Xətai və Nadir şahın portretləri və s. belələrindəndir.

Qardaşım, Siz hər dəfə Bakıya gələndə görüş yerimiz "Koroğlu" heykəlinin yanında olur. Hər dəfə də təəssüflə deyirsiniz ki, nə Koroğlu, nə də Qırat dastanda təsvir edilənə oxşamır.

Kitabınızda Ankara və İstanbulda göstərilən "Koroğlu" operasının afişasını gördükdən sonra nə qədər haqlı olduğunuzu duydum. Qırat sanki ayağı ilə düşməni tapdalamağa, dişi ilə parçalamağa, Koroğlu isə misri qılıncını çəkib düşmənin boynunu vurmağa hazırlaşır. Mən hələ Koroğlunun döyüş libasını demirəm.

Əziz qardaşım, xalqın ziyalısı kimi həmişə bizimləsiniz.

Əməkdar İncəsənət Xadimisiniz, Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüsünüz. 1994-cü ildən "Naxçıvan" qəzetinin, indi isə "Respublika" qəzetinin Türkiyə təmsilçisi olaraq Türkiyənin "İl qəzetəsi" və "Anadolu" qəzetində hər həftə Azərbaycanla bağlı bütöv səhifə yazı yazırsınız. Sənətiniz üzrə böyük işlər görürsünüz.

Ankarada TÜRKSOY-un, Türkiyənin Mədəniyyət nazirliyinin, Azərbaycanın Türkiyədəki səfirliyinin 70 illik yubileyinizi yüksək səviyyədə keçirmələri çox mətləblərdən xəbər verir. Təntənəli yığıncaq Azərbaycan televiziyasında göstərildi. Baxdıq, qürur duyduq.

Qardaşım, ürəyimdən keçir deyəm ki, Vətənə dönmək vaxtıdır. Necə deyərlər: "Həvəsdi, bəsdi, yaş yetmiş, iş bitmiş".

Lakin eşidəndə ki, Sizin rejissorluğunuzla bu ilin dekabr ayında "Koroğlu" operası bir vaxt baş rejissoru işlədiyiniz Mersin Dövlət Opera və Balet Teatrında yeni tərtibdə göstəriləcək, 2016-cı ilin aprelində isə tarixdə ilk dəfə "Leyli və Məcnun" operası Ankara Dövlət Opera və Balet Teatrında Sizin quruluşda göstəriləcək və teatrın repertuarına daxil ediləcək fikrimdən vaz keçdim.

Sizə yeni-yeni zirvələr fəth etməyi Yaradandan təmənna edən

 

Qəzənfər Paşayev

Bakı, 30.08.2015

Ədalət.-2015.-4 sentyabr.-S.3.