OYAN, USTAD, MƏN TƏBRİZƏ
GƏLMİŞƏM
Ramiz
TƏMKİN
(Əvvəli 28
avqust 2015-ci il nömrədə)
II yazı
Şəhriyarın məqbərəsində onu da qeyd etdilər ki, böyük şair söhbətə başlayanda da, söhbəti bitirəndə də dahi Nizamidən misallar çəkər, ona həmişə rəhmət oxuyar, bəşər poeziyasının yolgöstərəni, komandanıdır - deyərmiş.
Məqbərədə öyrəndim ki, Şəhriyar Tehranda yaşayarkən fars dilində yazdığı şeirlər ona böyük şöhrət qazandırmış, müasirləri onu XX əsrin Hafizi adlandırmışlar.
... Günlərin birində doğma Xoşginaba qayıdan şair anasını fikirli və pərişan görür. Bunun səbəbini soruşduqda anası Şəhriyara belə cavab verir:
- Dost-tanışlar sənin tanınmış
şair olduğunu söyləyirlər. Mən savadsız adamam, fars dilini də bilmirəm. Ancaq
onu bilirəm ki, sən körpə olanda beşiyin
başında laylanı türk dilində - Azərbaycan dilində
çalmışam. Özün də saz
üstündə, söz üstündə böyümüsən.
Nə olar, ana dilində nəsə yaz, yarat, mən
də, qonşular da uşaqlara oxudub bir şey anlaya bilək.
Elə həmin
gün Şəhriyar qələmə sarılıb,
anasının arzusunu yetirir, az vaxt ərzində
dillər əzbəri olan, o taylı, bu taylı
xalqımızın ürəyindən xəbər verən "Heydərbabaya
salam" poemasını yazır.
Məqbərədən çıxıb Səttarxanın
muzeyinə, məşrutə evinə yollanırıq. Böyükağa muzeyin
qarşısında məni nurani bir ağsaqqalla tanış edir. Bu Cənubi Azərbaycanın
sevimli şairi Yədullah Şəkibidir. Ayaqüstü
söhbət edib məşrutə evini gəzməyə
başlayırıq. Səttarxanın,
Bağırxanın büstlərini ziyarət edirik. Sevindirici hal odur ki, inqilabçılara məxsus
silah-sursatlar, geyim əşyaları, onların məsləkdaşlarının
portretləri səliqə-səhmanla düzülüb. Məşrutə evinin işçiləri bu dəyərli
eksponatlar haqqında ətraflı məlumat verirlər.
Məşrutə evində C.Məmmədquluzadənin və
M.Ə.Rəsulzadənin Təbrizdəki fəaliyyətləri
barədə az da olsa məlumat
toplamağım məni çox sevindirdi. Lakin,
nədənsə şəkil çəkdirə bilmədik.
...Bu da
tarixlərin bələdçisi, qanlı
qırğınların şahidi, çətin anlarda millətin
son güvənc yeri, son sığınacağı, son səngəri
olan Ərk qalası...
Bu qala haqqında kitablarda istənilən qədər məlumat
olduğundan onun tarixinin üstündən sükutla
keçirəm. Lakin, Ərk qalasının bu
günkü yazıq, miskin görkəmi adamı odsuz-alovsuz
yandırır, ürəyini parça-parça edir. Memarlıq üslubuna görə Bakının
Qız qalasını xatırladan bu qala baxımsızlıq
ucbatından dağılmaq təhlükəsi ilə
üz-üzə qalıb. Göz görə-görə
bir millətin tarixinin məhv olması, həm də İran
dövlətinin tarixinin bir parçasının məhv
olması deməkdir. Gecikmədən
İran tarixçiləri, Təbriz ziyalıları həyəcan
təbili çalmalıdırlar. Bu
işdə ləngimək ən böyük günah,
bağışlanmaz səhvdir - desəm, məncə
yanılmaram.
Axşam yorğun-arğın Böyükağa
Piroğlugilə qayıdırıq. Yolüstü onun saz
emalatxanasına baş çəkirik. Bəli,
Böyükağa yaxşı şair olmaqla yanaşı, həm
də mahir sazbənddir. Haqqında
dövrü-mətbuatda yetərincə söz deyilib. Onun hazırladığı sazlar Cənubi Azərbaycanda
ən məşhur aşıqların sinəsini bəzəyir.
Böyükağa ailəsini sazbəndliklə
dolandırır.
Təbrizə
qədəm qoyduğum ilk andan vaxtaşırı mənimlə,
Böyükağa ilə əlaqə saxlayan, köhnə
tanışım, Gəncədə dəfələrlə Sədnik
Paşa Pirsultanlının qonağı olmuş, Təbriz-Qaradağ
aşıqlar birliyinin sədri, gözəl insan, istedadlı
şair Böyükbəy Hacı Ələkbəroğlu yenə
zəng çalıb. Onun Böyükağa ilə
söhbəti xeyli uzanır. Hiss edirəm ki, söhbət
məndən gedir. Sonra Böyükağa
telefonu mənə uzadır. Böyükbəy mənimlə
hal-əhval tutduqdan sonra sabah Əhərə
gəlməyimi xahiş edir. Lakin Böyükağa ona etiraz
edir: - İncimə, Böyükbəy, sabah
Ramizi Urmiyaya aparacam, aşıq Qurbana söz vermişəm. Qayıdanda yorğun da olsa Əhərə yola
salacam.
Səhər tezdən Urmiyaya yola düşürük. İnsafən
deməliyəm ki, yolboyu keçdiyim kəndlərin, şəhər
tipli qəsəbələrin əhalisi zəhmətsevərdir,
əsl əmək adamlarıdırlar. Geniş
taxıl zəmiləri, günəbaxan, kartof, üzüm
tarlaları göz oxşayır.
Nəhayət, gəlib Urmiya gölünə
çatırıq. Böyükağanın yaxın qohumu,
sürücü Əsgər maşını bir
qırağa verib, maşından düşür. Dinməz-söyləməz gölə tərəf
addımlayır. Yol yoldaşımız Cənubi
Azərbaycanın ünlü sənətkarı aşıq
İbrahimin oğlu, mahir saz ifaçısı
İsmayılla, Böyükağa ilə ona
yaxınlaşırıq. Əsgərin
gözləri dolub, bir himə bənddir ki, ağlasın.
Böyükağa onun könlünü almaq
üçün sazı sinəsinə basıb "El
havası" çalır. İsmayıl
ayağı ilə yeri qurdalayır, mən isə donub
qalmışam, nə edəcəyimi, nə deyəcəyimi
bilmirəm. Handan hana özünə gələn Əsgər
üzünü mənə tutub deyir: - Müəllim, dərdimiz
böyükdür. Göz görə-görə
Urmiya gölü quruyur, daha doğrusu qurudulur. İki ildən çoxdur ki, o taylı, bu taylı mətbuatda
bu barədə yazılar dərc olunsa da, bu işə bir əncam
çəkən tapılmır ki, tapılmır. Doğrudan da gölün çox hissəsi quruyub,
belə getsə bir-iki ilə ondan əsər-əlamət
qalmayacaq. Xalqın sərvətini talan etmək,
yayın cırhacırında Təbriz və Urmiya əhalisinin
son pənah yeri, son istirahət yeri olan bu gölü qurutmaq ən
dəhşətli cinayətdir.
Gəlib Urmiya gölü körpüsünə
çatırıq. Körpünün üstündə
qoyulmuş postda polis işçilərinə iki manat
torpaqbasdı pulu ödəyib yola davam edirik. Urmiya şəhərinin girəcəyində
aşıq Qurbanla telefon əlaqəsi yaradırıq.
O, Böyükağadan Uçminəbiyə gedən yolla
Qasımlı dərəsinə gəlməyimizi xahiş
edir.
Urmiyaya daxil oluruq. Bu şəhərdə evlərin
divarları kərpicdən hörülüb, qədim Gəncəni
xatırladır. Əhalisi də Gəncə
əhalisi kimi şirindildir, mehribandır, qonağa əlindən
gələn yaxşılığı etməyi
özünün mənəvi borcu hesab edir. İsti bizi təntitdikcə tez-tez maşından
düşüb, içinə buz parçası
salınmış suya qonaq olduqca bunun şahidi olurdum. Tanıyan, tanımayan hamı bizi evə dəvət
edirdi. Soruşa-soruşa gəlib
Qasımlı dərəsinə çatırıq. Bizi
Aşıq Qurban, onun yaxın dostu Əvəzağa və
Qurbanın xanımı qarşıladı. Şəmkir
çayını xatırladan Urmiya çayının kənarı
adamla dolu idi. Qurban çayın kənarında
çadır qurmuşdu. Hündür vələs,
ağcaqayın, fıstıq, palıd ağaclarının
kölgəsi, quşların cəh-cəhi, çayın
zümzüməsi adamı valeh edirdi. Bir
tərəfdə qaynayan samovar çayı
yorğunluğumuzu aradan qaldırırdı.
...Aşıq Quban Qaradağ mahaının Əliyar kəndindəndir. 12
yaşında ailəsi ilə birlikdə Urmiyaya
köçüb. Gənc
yaşlarından şair-ozan kimi tanınmağa
başlayıb. Sənətin sirlərini
tanınmış sənətkarlar Əli Səlimidən, Sədaqət
Gənceyidən və Əli Dərağaclıdan öyrənib.
Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Sədnik
Paşa Pirsultanlının, Bəhmən Vətənoğlunun
şeirlərinin Cənubi Azərbaycanda yayılmasında
Aşıq Qurbanın əməyi misilsizdir.
"Kəndimiz" adlı şeirlər kitabı
işıq üzü görüb. İki kitabı isə
böyük şairimiz İsmayıl Ülkərin rəhbəri
olduğu Urmiya nəşriyyatında çapa
hazırlanır. Qurbanın ən
böyük xidmətlərindən biri də aşıq
havalarını nota köçürməsidir.
Qurban İsmayıl Ülkərin "Pirsultan" dərgisi
redaksiya heyətinin üzvlərindən biri olduğunu öyrənən
kimi ona zəng vurdu, mənim gəldiyimi bildirdi.
Yarım saatdan sonra Usmayıl Ülkərlə
görüşürük. İlahi, insan-insana nə
qədər oxşayarmış. Sanki
qarşımda böyük ədibimiz Cəlil Məmmədquluzadə
dayanıb. Sonradan İsmayıl Ülkərin xeyirxah bir
missiyanı öz üzərinə
götürdüyünü - Cənubi Azərbaycanda
istedadlı şairlərin üzə
çıxarılmasında, onların yazılarının
işıq üzü görməsində, tanınmış
yazıçı və şairlərimizin əsərlərinin
fars əlifbası ilə çap
olunmasında əlindən gələn köməyi əsirgəmədiyini
öyrənib fikrimdə yanılmadığıma sevindim. Onun mənə bağışladığı
"Urmiya şairlərinin şeir antologiyası" və
digər almanaxlar deyilənlərə əyani sübutdur.
Həmin kitablardan nümunələr
vaxtaşırı mətbuatda işıq üzü görəcəkdir.
İsmayıl Ülkər eyni zamanda Cənubi Azərbaycan
Yazarlar Əncüməninin rəhbəridir,
ağsaqqalıdır, dəyərli məsləhətlər
verənidir.
Təəssüflər olsun ki, vaxtı saxlamaq olmur. Aşıq Qurbanın,
İsmayıl Ülkərin Urmiyada qalmağımızı
israr etmələrinə baxmayaraq Böyükbəyə
söz verdiyimizə görə Təbrizə yola
düşdük. Yolda başımıza qəribə
bir hadisə gəldi. Gecəyə
düşməyək deyə Əsgər maşını
sürətlə idarə edirdi. Polis
postunda bizi dayandırdılar, radara düşdüyümüzü
bildirdilər. Böyükağa: - Yanımızda Azərbaycandan,
Gəncədən qonaq var, gecəyə düşməyək
deyə belə alındı - dedi.
Polis
işçisi cavabında: - Şair, sizi yaxşı
tanıyıram, qonağa da canım qurban. Ancaq,
qanun hər şeydən irəlidir - deyib əlli min tümən,
bizim pulla on üç manat cərimə yazıb Əsgərə
uzatdı. Sonra eyni tərzdə: - Ancaq, kefini pozma, sabah hazırladığın sazı
götürməyə gələndə əlli min tümən
artıq verəcəm ki, qardaşımız cəriməni
ödəsin. İncimə, qanunu poza bilmədim.
Təbrizə çatanda həmin cəriməni mən
ödəməyə çalışsam da, buna nə
Böyükağa razı oldu, nə də Əsgər.
(Davamı var)
Ədalət.-2015.-4 sentyabr.-S.3.