"Susmaq günahdır..."

 

Aktrisa Əminə Babayeva nazirin əmrindən sonra işlərin yaxşılığa doğru dəyişəcəyinə ümid edir

 

Ötən mövsüm Akademik Milli Dram Teatrının daxilində yaşana narazılıq və çəkişmə yeni mövsümə də adladı. Bir qrup titullu və tanınmış aktyor məzuniyyətdən dönən kimi ölkə rəhbərinə müraciət ünvanladı. Teatrın direktoru, professor İsrafil İsrafilovun idarəçiliyindən narazılığı açıq mətnlə bildirənlərdən biri də istedadlı aktrisa Əminə Babayevadır. Ömrünün 45 ilini səhnədə keçirən, 35 il Akademik Milli Dram Teatrında müxtəlif obrazlar yaradan müsahibim daha susmağın mümkün olmadığını deyir: "...Ölkənin baş teatrı heç vaxt belə miskin duruma düşməmişdi. İndi təkcə bizi narazı salmırlar, həm də ömrünü bu səhnəyə həsr etmiş korifey sənətkarlarımızın ruhlarını narahat edirlər.

...Çox dözdüm, amma daha susmaq fikrim yoxdur, bu qədər ədalətsizlik olmaz. Bu gün teatrda tamaşa hazırlayan, sabah bura dəvət ediləcək rejissorlar Əminə Babayeva adlı aktrisanın istedadını, uzun illər boyu səhnədəki fəaliyyətini inkar edə bilməzlər..."

Yeni mövsüm ərəfəsində Əminə xanımın həyatında mühüm hadisə baş verib, amma bu barədə müsahibənin sonunda söhbət açacağıq.

 

Xuraman, Edilya,

Qətibə...

 

- Əminə xanım, biz sizin adınızı teatr tamaşalarının afişasında görməyə alışmışıq. Amma bu günlərdə adınız dövlət başçısına şikayət edən həmkarlarınızın arasında çəkildi. Belə başa düşülür ki, direktorun işindən narazı qalanlardan biri də sizsiniz...

- Son illər Akademik Milli Dram Teatrında baş verənlər barədə heç vaxt danışmamışam, bu məsələlərə qarışmaq istəmirdim. Lakin sonra gördüm ki, artıq susmaq mümkün deyil, həyatda elə məqamlar olur ki, həmin anda insan sadəcə kənarda durmaqla günah işlətmiş olur. Ona görə də möhtərəm prezidentimizə yazılan müraciətə tərəddüd etmədən imza atdım. Bəzən deyirlər ki, aktrisanın, aktyorun işi səhnəyə çıxıb rol oynamaqdır, mən də bu fikirlə razıyam. Amma son illər hazırlanan tamaşaların rol bölgüsündə "yaddan çıxıramsa", verilən rolun mətnini əməlli-başlı qayçıdan keçirilərsə, bu teatr bir-iki xəbis, özünə vurğun adamın diktəsi ilə idarə olunursa, mən necə susum? Ölkənin baş teatrı heç vaxt belə miskin duruma düşməmişdi. İndi təkcə bizi narazı salmırlar, həm də ömrünü bu səhnəyə həsr etmiş korifey sənətkarlarımızın ruhlarını narahat edirlər.

Şəxsən mən kollektivdə gəncləşmənin əleyhinə deyiləm, çünki özüm də bu teatra dəvət olunanda nəhəng sənətkarların yanında çox gənc idim. İnsanı təkcə gənc olduğuna görə deyil, həm də istedadlı olduğuna görə səhnəyə çıxarmaq, ona rol etibar etmək lazımdır. Hansısa istedadsızı "Gəncləşmə siyasəti" adı altında önə çıxaranlar Prezidenti, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyini, teatr ictimaiyyətini aldatmaqla məşğul olur. Biz böyük sənətkarların yanında püxtələşib bu yaşa gəlmişik, bəs bugünkü gənclər səhnədə kimdən öyrənsinlər? Axı yaşlı aktyor və aktrisaları küncə sıxışdırıblar. Çox dözdüm, amma daha susmaq fikrim yoxdur, bu qədər ədalətsizlik olmaz. Bu gün teatrda tamaşa hazırlayan, sabah bura gələcək rejissorlar Əminə Babayeva adlı aktrisanın istedadını, uzun illər boyu səhnədəki fəaliyyətini inkar edə bilməzlər. Teatrın direktorundan heç bir şəxsi təmənnam yoxdur, təcrübəmə, istedadıma və potensialıma uyğun obrazlar oynamaq istəyirəm. Bu da mənim bir aktrisa kimi təbii haqqımdır. Akademik Milli Dram Teatrının səhnəsində Xuraman, Fitnə, Vəfa, Edilya, Mələk, Qətibə, Hekata, Ziba xanım obrazlarını yaradan aktrisa kimi buna haqqım var. Haqqımın tapdanmasına imkan verməyəcəyəm. Mənim bir aktrisa kimi potensialımı görkəmli rejissorlar, qüdrətli sənətkarlarımız, tərəf-müqabillərim, tamaşaçılar görüb və dəyərləndiriblər. Bu günə kimi işi-gücü ancaq kollektivdə intriqa yaratmaq olan, özündən başqa heç kimi bəyənməyən bir-iki nəfərin nə düşünməsi heç vecimə də deyil.

 

"Tofiq Kazımov

uşaq kimi saf idi"

 

- Siz bu teatra gələndə Mehdi Məmmədov, Tofiq Kazımov kimi qüdrətli rejissorlar tamaşa hazırlayırdı, həmin tamaşalarda isə elə nəhəng aktyorlar rol alırdı ki, onların yalnız adlarını, titullarını saymaq üçün bizə xeyli vaxt lazımdı. Belə bir yaradıcı mühitdə özünüzü necə hiss edirdiniz?

- Bayaq gənclərin səhnəyə gəlməsindən danışdıq, mən bunun necə əleyhinə ola bilərəm ki, özüm də gənc yaşımda teatrda işə qəbul olunmuşam, mənim üçün də yol açan, məsləhət verən olub. Rəhmətlik Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi Xalq Teatrının üzvi idim, maraqlı rollar oynayırdım. İştirak etdiyim Rəsul Həmzətovun "Dağlar qızı" tamaşası o zaman keçirilən müsabiqədə yer tutdu və mən də baş rolun- Asiya obrazının ifaçısı kimi diplom aldım. Görkəmli aktyorumuz Əli Zeynalov da münsiflər heyətində idi və oyunumu bəyəndi. Əli müəllim Tofiq Kazımova məni tərifləyib, deyib ki, Əminə adlı bir qızın oyunu xoşuma gəldi, bu dəqiqə hətta İncəsənət İnstitutunda belə istedadlı qız yoxdu. Məhz Əli Zeynalovun təklifi ilə Tofiq müəllim məni teatra dəvət etdi. Həmin vaxt teatrda Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadu" əsərini tamaşaya hazırlayırdı. Mənə baş rollardan birini etibar etdi və məşqlərə başladıq. Təəssüf ki, həmin obrazı oynamaq mənə nəsib olmadı, bu işə mane olan insanı mənimlə bərabər çalışan iş yoldaşlarım yaxşı tanıyır. Bütün maneələrə baxmayaraq Tofiq müəllim məni teatrda saxladı, başqa tamaşalarda rollar verdi.

Bu gün də böyük ehtiramla xatırlanan Tofiq Kazımov və Mehdi Məmmədov həm görkəmli rejissor-pedaqoq, həm də gözəl insan idilər. Tofiq müəllim uşaq kimi saf idi, əsl bakılılara məxsus xüsusiyyəti də öz yerində-sözü həmişə adamın üzünə deyirdi. Yeni tamaşa hazırlamaq istəyəndə deyirdi ki, Sofa Bəsirzadə və Əminə Babayeva üçün həmişə rol var. Səhnədə dinamikanı, təbii aktyor oyununu sevirdi.

Mehdi Məmmədov hər aktyorla işləmirdi, mən onun bir neçə tamaşasında rol almışam. "İblis" kimi monumental tamaşada mənə Mələk obrazını həvalə etdi, rolun mətnini xeyli artırdı. Mehdi müəllim rol verdiyi aktyorla fərdi söhbət edir, ümumi tamaşa, obrazı necə gördüyü barədə fikirlərini bildirirdi. Yadımdadır ki, onunla hətta Mələk rolunun geyim eskizlərini müzakirə elədik. Mələyin geyimi ilə bağlı təkliflərim xoşuna gəldiyindən oğlu, tamaşanın quruluşçu rəssamı Elçin Məmmədova əvvəlki eskizi dəyişməyi tapşırdı. Təsəvvür edin ki, Mehdi müəllim aktyorun fikrini soruşurdu, amma bu gün Tofiq Kazımovun, Mehdi Məmmədovun sənətdə etdiklərinin heç bir faizini edə bilməyən bəzi cavan rejissorlar adama salam belə vermək istəmirlər.

- Yaradıcılıq işləriniz qaydasında olduğu bir vaxtda bəs niyə teatrdan getmək qərarını verdiniz?

- Bu təkcə məndən asılı olmadı. Teatrın o zamankı rəhbəri məni qastrola göndərmək istəyirdi, mən isə ailə vəziyyətimə görə Bakıda qalmağımı israr edirdim. Sonda ərizə yazıb işdən ayrıldım. İndi bu barədə geniş danışmaq istəmirəm, həyatda olmayan insanı tənqid eləmək mənə yaraşmaz. Yalnız onu deyə bilərəm ki, o vaxt fəxri ad almış, tanınmış bir çox aktyor da Akademik Teatrdan ayrılmağa məcbur oldu.

Mən başqa kollektivdə fəaliyyətimi davam etdirdim, 10 il İrəvan Azərbaycan Dövlət Dram Teatrında çalışdım. İndi bəzən əleyhdarlarım bu faktdan istifadə edib deyirlər ki, Əminə bir ara bu teatrda işləməyib. Bəli, bayaq dediyim səbəbdən Akademik Milli Dram Teatrından getmişəm, lakin sənətdən getməmişəm, səhnə fəaliyyətim davam edib, maraqlı obrazlar oynamışam, qastrol səfərlərində olmuşam. Nə edim ki, həmin adamlar bu faktı qəbul edə bilmirlər...

- Yenidən qayıdanda kollektivdə çox şey dəyişmişdi?

- Əlbəttə. Yeni rejissorlar, aktyor və aktrisalar gəlmişdi. Amma təcrübəm yenilənmiş truppaya uyğunlaşmağa kömək etdi.

- Bəs tamaşaçılar necə, dəyişməmişdilər?

- Bütün dövrlərdə tamaşaçılar təbii oyunla saxta hay-küyü yaxşı ayıra bilirlər. Tamaşaçını heç vaxt aldatmaq olmur.

 

"Nazirin bu addımını alqışlayıram"

 

- Mədəniyyət və turizm nazirinin əmri ilə Xalq artisti, professor Azər Paşa Nemətov kollektivinizə bədii rəhbər- baş rejissor təyin olundu. Bu təyinata münasibətiniz necədir?

- Münasibətim təbii ki, yaxşıdır. Əvvəla hörmətli nazirimizin bu addımı bir da göstərdi ki, rəsmi qurumlar bizim imzaladığımız müraciətdəki problemlərin olduğunu inkar etmirlər. Baş rejissorun təyin olunmasına gəlincə, əlbəttə alqışlanası addımdır. Zəfər Nemətov kimi böyük rejissorun ailəsində göz açan Azər Paşa müəllim bu sənətdə özünü çoxdan təsdiqləyib, Azərbaycandan kənarda da tamaşa hazırlayan nadir rejissorlarımızdandır. Onun insani keyfiyyətlərini də hamı yaxşı bilir, Azər Paşa müəllim istedadlı aktyora, aktrisaya dəyər verən insandır. Teatr Xadimləri İttifaqının rəhbəri kimi şəxsən mənə həmişə diqqətlə yanaşıb. Ümid edirəm ki, belə bir peşəkar insanın baş rejissor təyin edilməsi ümumi işimizin xeyrinə olacaq və baş teatrımızda yaradıcılıq mühiti yaxşılığa doğru dəyişəcək.

- Rəqəmlərə, məsələn 65 rəqəminə münasibətiniz necədir?

- Çox yaxşı. Allahın verdiyi bu ömür payı ilə fəxr edirəm. Rəqəm adi bir şeydir, 1, 5, 55, 65... Daxilən daha cavan və enerjiliyəm. Səhnədə yeni və maraqlı obrazlar yaratmağa istedadım və potensialım var. Bunu sübut etməyə də hazıram.

 

Ədalət.-2015.-5 sentyabr.-S.16.