"Zahirən sakit, daxilən təlatümlü
bir həyat"
Əlibala Hacızadə - 80
"Əlibala Hacızadə
öz xalqını platonik məhəbbətlə sevib,
xalqının Məcnunu olub". Bəxtiyar Vahabzadə
Doğma
kəndindən ayrıldığı, ilk dəfə şəhərə
düşdüyü üçün qərib bir adam kimi
sıxılsa da, qəlbi böyük arzularla
qanadlanırdı. Zənn edirdi ki, bu az yaşında üzləşdiyi
acılardan, itkilərdən sonra taleyi yəqin ki, bir daha onu
ağır sınaqlara
çəkməz. Qəbul imtahanlarına səylə
hazırlaşmış, artıq üç imtahandan əla
qiymət almışdı. Axırıncı imtahanı da
yaxşı versəydi, universitetə qəbul olunacaqdı.
Lakin həmin gün imtahan vərəqini itirdi. İmtahan
komissiyasının sədri ona yeni vərəq vermədi.
Əvvəl prorektora, sonra rektora müraciət etsə də,
onlardan müsbət cavab almadı.
Zənnində yanıldığını düşünə-düşünə naəlac halda pillələri enirdi. Ayaqları keyimişdi elə bil, ürəyi sıxılırdı. Vəg birdən Həmid müəllimi gördü. Gözlərində ümid işıqlandı, dodaqlarına təbəssüm qondu. Ədəbiyyatdan imtahanı ondan professor Həmid Araslı götürmüşdü. Bu çəlimsiz oğlanın cavabı çox xoşuna gəlmiş, biliyini "əla" qiymətləndirmişdi. Əlibala ürəklənib salam verdi. Bəxtindən Həmid müəllim onu tanıdı. "Nə olub, bala?" - deyə onun qəmli olduğunu hiss etdiyindən həlim səslə soruşdu. Əlibala başına gələnləri danışdı. Həmid Araslı onunla birlikdə imtahan komissiyası sədrinin yanına gəldi: "Mirzə, bir imtahan vərəqi ver, uşaq imtahana getsin". Bayaqdan ağzından "yox" sözündən başqa qeyri kəlmə çıxmayan komissiya sədri imtahan vərəqini ona uzatdı. Sevincək imtahan otağına girib bilet çəkdi. "Yaxşı" qiymət alıb universitetə qəbul olundug
Özünə söz verdi ki, ilk dərs günündəcə Həmid Araslıya təşəkkürünü bildirsin.
"İlk dərs günü böyük sevinc içində auditoriyaya daxil oldum. Hamı həyəcanla müəllimi gözləyirdi. Fikirləşdim ki, tənəffüs vaxtı nurani simalı Həmid müəllimi tapıb ona təşəkkürümü edəcəyəm. Müəllim auditoriyaya daxil olanda bir anlıq özümü itirdim. Gələn Həmid Araslı idi. İnsanlığına pərəstiş etdiyim Həmid müəllim indi mənə dərs deyəcəkdi. Lakin bir tərəfdən də çox məyus oldum. Çünki təşəkkürümü ona bildirə bilməyəcəkdim. Fikirləşdim ki, əgər mən Həmid müəllimə təşəkkür etsəm, o elə bilər bu yetim uşaq beş il qiymət almaq üçün ondan kömək istəyəcək. Qərara aldım ki, ali məktəbi bitirməyi gözləyim, o zaman ona minnətdarlığımı bildirim".
* * *
Tələbəlik illərinin əvvəllərində çətinliklərlə üzləşdi. Yataqxanada yer vermədilər, kirayə evdə qaldı, maddi sıxıntı içində yaşadı, düz üç il qış aylarını paltosuz, tək pencəkdə keçirtdi. Lakin sındırmadı özünü. Qarşısına qoyduğu məqsəd üçün çalışdı. Zamanının ünlü alimlərindən, görkəmli sənətkarlarından, nəcib insanlarından dərs aldı: Əli Sultanlı, Həmid Araslı, Mir Cəlal Paşayev, Abbas Zamanov, Mübariz Əlizadə, Yusif Şirvan, Bəxtiyar Vahabzadəg
O, dərslərini səylə oxuyur, həvəslə yazırdı: şeirlər, kiçik hekayələr, novellalar. Bir gün təzəcə yazdığı "Ağ saçlı qızın hekayəsi"ni oxuyub fikrini bildirmək üçün Bəxtiyar müəllimə verdi. Bəxtiyar Vahabzadə tələbəsinin hekayəsini bəyənib kiçik bir dəyişiklik etdi: Əlibala Hacıyev imzasını pozaraq Əlibala Hacızadə yazdı.
Beləliklə, o, sevimli sənət müəlliminin məsləhətilə yazılarına Əlibala Hacızadə imzasını qoydu. Universitet qəzetində "Mənim ilk məhəbbətim", "Ömrüm təzələndi", "Yada düşdü", "Bir dəstə nərgiz" kimi lirik hekayələri çap edildi.
Aşağı kurs tələbələri olan bizlər, eləcə də həmyaşıdları bu ortaboy, arıq, xoşsifət, istedadlı oğlana rəğbət bəsləyirdilər. Müəllimlər xətrini istəyirdilər. O, Bəxtiyar Vahabzadənin sevimli tələbəsi, həmyaşıdı Nahid Hacızadənin yaxın dostu idi. Və bu səmimi, təmənnasız dostluq ömür boyu davam etdi.
Aradan illər keçəcək yazıçı-jurnalist Nahid Hacızadə "Nəsrimizin nəğməkarı" sərlövhəli xatirəsində yazacaqdı: "1956-cı ilin yazında universitet qəzetində Səməd Vurğunun vəfatı ilə bağlı bir hekayəsi dərc olunmuşdu - "Yada düşdü".
Qəlb ağrısı, yüksək hissiyyat və böyük sevgiylə yazılmış bu hekayə şairin romantik çağlarına həsr olunmuşdu. "Yada düşdü" - ilk məhəbbət, onun ülviyyəti haqqında zərif, poetik bir nəğmə idi.
Oğlanlar, qızlar qəzet vurulmuş lövhənin qabağından ayrılmırdılar. Tələbələr dəhlizdə onu görəndə bir-birlərinə deyirdilər: "Yada düşdü" hekayəsini bax, bu oğlan yazıb".
Hamımız ona qibtə ilə baxırdıqg
O, beləcə hələ tələbəykən nəsrin magistral yoluna çıxıb, taleyini ömürlük sözlə bağladı, sözə arxalandı, sözlə qanadlandı. İllər keçdi, Əlibala Hacızadə müasir Azərbaycan poetik nəsrinin ustadları Seyid Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev ənənələri üstündə köklənmiş nəğməkar bir yazıçı oldu".
Müdriklər deyiblər: "İstedadı Allah verir, insan tanrısının bu əvəzsiz nemətinə öz zəhmətilə sahib olur".
Müharibə illərində ata-anasını itirib qoca nənəsinin ümidinə qalan Əlibala kiçik yaşlarından zəhmətə qatlaşıb, həm işləyib, həm də oxuyub. Bəxtinə yaxşı insanlar, xüsusilə ömrü boyu unutmayacağı gözəl müəllimlər çıxıb. O, qayğılar, nəcib insani keyfiyyətlər, xeyirxahlıqlar qarşısında həmişə özünü borclu sayıb. Zəhməti, səyi, biliyi ilə müəllimlərinin etimadını doğrultmağa çalışıb. Çalışıb ki, sənət müəllimləri Həmid Araslıdan, Mir Cəlal Paşayevdən, Bəxtiyar Vahabzadədən öyrəndiklərinin bəhrəsi kimi öz qələminin məhsulu olan əsərləri ilə ustadlarını sevindirə bilsin. Və buna nail olub.
Universiteti bitirəndən sonra respublika Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işə başlayır və burada "Fərruxi Yəzdinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Akademik Həmid Araslı öz sevimli tələbəsinin fundamental elmi işini bəyənir və bunu dünya şərqşünaslığında XX əsr böyük İran şairi F.Yəzdiyə həsr olunmuş ilk geniş tədqiqat əsəri kimi yüksək qiymətləndirir.
Böyük alimin 10 səhifəlik müsbət rəyi və xoş sözlərini əvəzsiz mükafat hesab edən Əlibala Hacızadə gündəliyində yazır: "Başa düşdüm ki, illərdən bəri qəlbimdə gizlətdiyim o sözləri artıq deyə bilərəm. İlk dəfə Həmid müəllimin məndən imtahan götürdüyü, sonra itmiş imtahan vərəqinin yerinə yenisini alıb mənə verdiyini ona dedim: "O vaxt siz mənə kömək etməsəydiniz, indi mən bu səviyyəyə çata bilməzdim". Həmid Araslı bir qədər duruxdu, məndəki dözümə təəccübləndi. Hansı səbəbdən bu sirri saxladığımı dedikdə isə gözləri doldu".
Düz bir il sonra Əlibala Hacızadənin Fərruxi Yəzdi haqqında yazdığı monoqrafiya çapdan çıxdı. O, gündəliyinə bu sözləri yazdı: "Ömrümün beş ilini sərf etdiyim kitab! Qoy bu, ömrü boyu əzab çəkmiş, dodaqları tikilmiş, damarlarına hava verilərək vəhşicəsinə öldürülmüş cəfakeş şairin xatirəsinə məndən kiçik bir əklil olsun!"
* * *
Şərqşünas alim kimi Əlibala Hacızadə ömrü boyu yalnız bir yerdə, AMEA-nın Şərqşünaslıq İnstitutunda çalışmış, elmi araşdırmalar aparmış, bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmiş, eyni zamanda yazıb, yaratmışdır.
Yaradıcılığının ilk illərində sınaq dövrünü uğurla keçən yazıçı öz üzərində səylə çalışaraq getdikcə püxtələşmiş, axtarışlarının bəhrəsi özünü ötən əsrin 60-cı illərində qələmə aldığı hekayə və povestlərdə büruzə vermişdir.
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin təbirincə, yazıçının yaradıcılığında sıçrayış "İnam" povestindən başlayıb. Bu əsərində Ə.Hacızadə adi həyat əhvalatını mənəvi-əxlaqi problem səviyyəsinə qaldıra bilib. Povest çap olunduqdan sonra akademik, görkəmli tənqidçi Məmməd Arif Dadaşzadə əsər haqqında maraqlı bir məqalə ilə çıxış etmiş, onun bədii dəyərini və məziyyətlərini göstərməklə yanaşı, gənc müəllifə tövsiyələrini də vermişdi.
Əlibala Hacızadəyə böyük şöhrət qazandıran, tənqidçi Əsəd Cahangirin "Milli belletrist nəsrin zirvəsi" hesab etdiyi, "oxucu auditoriyası toplamaq baxımından bütün Azərbaycan nəsri tarixində görünməmiş rekord müəyyənləşdirən" "Əfqanıstan trilogiyası" ("İtkin gəlin", "Əfsanəsiz illər" "Ayrılığın sonu yoxmuş") oldu. Mərhum tənqidçi Aydın Məmmədovun fikrincə, trilogiyanın ilk əsəri - iki gəncin uğursuz məhəbbətini iddiasız bir dillə nəql edən "İtkin gəlin"lə doğurduğu ümumxalq rezonansı baxımından qarşılaşdırılacaq yeganə roman Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" idi. Trilogiyaya daxil olan romanların ümumi tirajı yarım milyon nüsxədən çox idi və bu, Azərbaycan yazıçısı üçün böyük göstərici sayılırdı. Təsadüfi deyil ki, görkəmli ədəbiyyatşünas alim Abbas Zamanov istedadlı tələbəsinə özünün təzəcə çapdan çıxan "Sabir gülür" kitabını hədiyyə edərkən belə bir avtoqraf yazmışdı: "Azərbaycanın milyonçu yazıçısı Əlibala Hacızadəyə müəllimindən yadigar".
Beləliklə, Əlibala Hacızadə çoxsaylı oxucuların sevimlisinə çevrilmişdi. O, "Mən sözlərimin içində yaşayıram" xatirə-məqaləsində bu haqda yazırdı: "İtkin gəlin" roman-trilogiyasının belə geniş şöhrət tapmasında dahi şəxsiyyət, ədəbiyyatımızın və mədəniyyətimizin dostu və təbliğatçısı Heydər Əlirza oğlu Əliyevin böyük köməyi olmuşdur. Yaşlı nəslin yadındadır ki, Heydər Əliyev o zaman pambıq yığımı mövsümlərində böyük bir qrupla rayonlara gedir, zona müşavirələri keçirirdi. 1980-ci ildə yayın qızmar günlərindən birində Saatlı rayonunda hansısa kolxozun briqadasına gedir, qızları başına yığır, onlara bu ağır zəhmətləri üçün təşəkkür edir və sonra soruşur:
- Bəlkə sizin də bir şeyə ehtiyacınız var, maşına, mebeləg utanmayın, deyin, mən canla-başla yerinə yetirərəm.
Pambıqçı qızlardan biri utana-utana qabağa çıxıb:
- Heydər müəllim, çox sağ olun. Bizim heç nəyə ehtiyacımız yoxdur, hər şeyimiz var, - deyir, - ancaq bir xahiş eləmək istəyirikg Bu yaxınlarda "İtkin gəlin" kitabı çap olunub. Ondan bizim kəndə bircə nüsxə gəlib çıxıb. Qızlarımız onu oxumaq üçün növbəyə durublar. Əgər mümkünsə, deyin, o kitabdan bir az çox buraxsınlar, biz də oxuya bilək.
gDeyirlər, şahların sözü sözlərin şahıdır. O söhbətdən sonra "İtkin gəlin" iki dəfə də hərəsi yüz min tirajla çap olundu və satıldı".
Romanın təkrar nəşr olunan çoxsaylı nüsxələrindən Cəlilabada da göndərildi və tezliklə oxucular tərəfindən alındı. Mən həmin vaxtlar "Yeni gün" rayon qəzetinin redaktoru işləyirdim. Müəllifi rayona dəvət etdik. O, kəndlərdə, təsərrüfatlarda, tarla düşərgələrində oldu, hər yerdə səmimi qarşılandı, oxucuları ilə görüşlərdən çox razı qaldı.
* * *
"Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın".
"Təyyarə kölgəsi" romanının qəhrəmanı Nadirənin gündəliyindəki bu sözlər, şübhəsiz ki, yazıçının öz sözləridir, onun ədəbi mövqeyini əks etdirir. Bu, Əlibala Hacızadənin yaradıcılığı üçün səciyyəvi olan keyfiyyətdir. O, həmişə həyata və insanlara yaxın olub, görüb müşahidə etdiklərini ümumiləşdirərək qələmə alıb, yazdıqlarını özündən uydurmayıb, həyat həqiqətini, gerçəkliyi bədii boyalarla, olduqca təbii, təsirli lövhələrlə təsvir edib. Vəg bütün bunlar yazıçının gözləmədiyi halda, inanılmaz qalmaqala, nadanların, qərəzli adamların dedi-qodusuna, müəllifin haqsız hücumlara, böhtanlara, təqiblərə, təzyiqlərə məruz qalmasına səbəb olub.
Müsahibələrinin birində o bu barədə ürək ağrısı ilə danışıb:
- "Təyyarə kölgəsi"nin ardı olan "Vəfalım mənim" romanı kitab halında çıxmışdı. Yüksək tirajla çapdan çıxan kitab tez bir zamanda satılıb qurtardı. Roman haqqında qəzetlər yazdı, tənqidçilər xoş sözlər söylədilər. Lakin sevincim uzun sürmədi. Yersiz hücumlara, böhtanlara məruz qaldım. Guya romanda həmin adamların obrazlarını yaratmışam. Hətta o zaman respublikanın baş prokuroru İlyas İsmayılova da şikayət ərizəsi ilə müraciət etdilər. Yaxşı ki, İlyas müəllim romanı oxuyubmuş. Və şikayətçilərə bildirib ki, romanda onlardan heç birinin adı yoxdur. Əgər özlərini orada görürlərsə, bu, müəllifin günahı deyil. Odur ki, müəllifə şər, böhtan atan şəxs kimi məsuliyyətə cəlb olunmalıdırlar.
Onlar qorxub prokurorluqdan əl çəksələr də, yazıçıdan əl çəkmirlər. Onun baş elmi işçi vəzifəsindən çıxarılmasına nail olurlar. Əlibala müəllim çalışıb öz iş yerinə qayıtsa da, qeyri-rəsmi qadağalara, süni maneələrə, mənəvi təqiblərə, hədələrə məruz qalır, əsərlərini nəşr etdirə bilmir. Ona elə gəlir ki, əsəblərini tarıma çəkən, səhhətini korlayan, ailəsinin rahatlığını pozan bu anonim qurama olaylar bitib-tükənməyəcək. Amma g sən saydığını sayg Mütləq hakim Zaman sözünü deyir, Zəmanə-Dövran dəyişir və çox şeyləri dəyişdirir. Uzun müddət əsərlərinin nəşrinə həsrət qalan yazıçının gözlərində elə bil ümid çırağı yanır vəg tez də sönür. Bəlli olur ki, indi kitab nəşr etdirmək üçün pul verməlisən, olmasa sponsor tapmalısan, yəni imkanlı adamlara ağız açıb, xahiş-minnət eləməlisən. Onun isə o qədər pulu yox idi, indiyədək heç kimə, heç zaman, ağız açıb minnət eləməmişdi, bundan sonra da eləməyəcəkdi, xasiyyəti belə idi. Odur ki, müsahibələrinin birində - "Mənim kitabımın kitabı bağlanıb", - dedi. Ancaq dünya xali deyil. Kitablarını sevə-sevə oxuyub, istedadına, şəxsiyyətinə ehtiram bəsləyən imkanlı, xeyirxah, ziyalı insanlar özləri onu tapıb əsərlərini çap etdirmək istədiklərini bildirdilər, özü də minnətsiz, təmənnasız.
"Əvvəlcə Saatlıdan xeyriyyəçi Gülhüseyn Əhmədov bir kitabımın çap xərcini öz üzərinə götürdü. Qardaş-qardaşa kömək eləmədiyi indiki zamanda o, mənim 1-ci cildimi çap elətdirdi. Onun əli yüngül oldu. Daha sonra həmyerlimiz, Moskvada yaşayan iş adamı, xeyriyyəçi Gülağa Qənbərov əsərlərimin 10 cildliyinin nəşrinə başladı".
Xeyriyyəçi Gülağa Qənbərov söz verdiyi kimi yazıçının 70 illiyi ərəfəsində əsərlərinin 10 cildliyinin nəşrini başa çatdırdı və kitabların təqdimatını yüksək səviyyədə təşkil etdi.
***
Əlibala Hacızadə ömrü boyu gözütox yaşayıb, "çox təvazökar insan olub, özünü həmişə sakit, təmkinli, ləyaqətlə aparıb" (Anar), "öz xalqını platonik məhəbbətlə sevib, xalqının Məcnunu olub" (Bəxtiyar Vahabzadə), "ədəbiyyat xəzinəsinin sahibi olub" (akademik Akif Əlizadə), "zahirən sakit, səssiz-səmirsiz, daxilən təlatümlü bir həyat yaşayıb" (Ayaz Vəfalı), "yaradıcılığı Azərbaycan torpağına bənzəyib: yazda əkib, payızda əkib, ildə neçə dəfə çevirib." (Sabir Rüstəmxanlı), "ən çox oxunan yazıçı olmaq xoşbəxtliyi ona nəsib olub" (Fikrət Sadıq), "yazıçı kimi onun dəyərini xalq verib" (Qabil).
Əlibala Hacızadə "Əsərləri"nin 1-ci cildinə ön sözündə yazıb: "Dünya malı, sərvəti, fəxri adlar, mükafatlar həsrəti ilə yaşamamışam. Mənim üçün ən böyük fəxri ad - yazıçı, ən böyük mükafat - oxucularımın mənə bəslədiyi məhəbbətdir və bununla həmişə fəxr etmişəm. Ayağımın altında kəsilən qurbanlar, "Qoy o kitabları yazan əlindən öpüm!" - deyən insanlar görmüşəm. Azərbaycanımızın demək olar ki, hər yerində, elində, obasında onlarla, yüzlərlə Əfsanə və Elməddin - bunlar mənim qəhrəmanlarımdır - adını daşıyan qızlarımız, oğlanlarımız var. Və mən özümü onların mənəvi atası sayıram. Hətta bir neçəsinin nişanında, elçiliyində, toyunda bir ağsaqqal kimi iştirak etmişəm. Bu, məhəbbət deyil, mükafat deyil, bəs nədir?"
Axır vaxtlar Prezident təqaüdü alanda o, yaxın dostu Nahid Hacızadəyə demişdi: "Yaxşı oldu, lap yerinə düşdü, müalicəyə, dava-dərmana çatdıra bilmirdim".
Müalicəsi uzun sürdü... Gündəliyində yazmışdı: "İnsanların bir yolu var: bu yol anamızın isti beşiyindən başlayıb torpağın soyuq beşiyinə qədər uzanır...
Bir qara tabutda gətirəcəklər,
Üstümə dünyanın gülü gələcək".
O, bu günü görmüşdü. Gül-çiçəyə bürüdülər məzarını. Kimlər? Gözləri nəmli oxucuları, etibarlı yazıçı dostları, həmkarları, yaxınları, sadə insanlar.
"Mən bu dünyaya sakit, səssiz-səmirsiz gəlmişəm, beləcə səssiz-səmirsiz də gedəcəyəm," - demişdi. Elə də oldu. Ancaq dünyaya gələndə ailəsi, yaxın qohumları sevinmişdilər. Son mənzilə yola salanda isə Azərbaycanın bütün guşələrində yaşayan qəhrəmanları - Əfsanələr, Elməddinlər, Nadirələr, təkrar-təkrar kitablarının çapını istəyən oxucular, sənətsevərlər yasa batdılar.
Gül-çiçəyə bürünən məzarını dövrəyə alanlar sözlərini xatırlayıb, elə bil səsini eşitdilər: "Ayrı bir ölməzlik olur - öləndən sonra yaşamaq. Mən öləndən sonra da əsərlərimlə yaşayacağam".
... Günlər aylara, aylar illərə sığındıqca Zaman-Dövran dəyişdi. Və vaxtilə söylədikləri, yazdıqları çin oldu.
Əlibala Hacızadə sənətsevər insanların qəlbində yaşayır. İndi baba-nəvə olmuş Əfsanələrin, Nadirələrin, Elməddinlərin boya-başa çatmış övladları, əsərlərinin qəhrəmanları 80-nində "Üstünə dünyanın gülü"nü, təzə-tər çiçəklərini gətirirlər, unudulmaz, işıqlı xatirəsini əziz tutan qələm dostları, həmkarları, yaxınları, çoxsaylı oxucuları ziyarətinə gəlirlər, ürəklərinə təsəlli olan sözlərini xatırlayır, sanki həlim, həzin, həm də inam dolu səsini eşidirlər: "Ayrı bir ölməzlik olur - öləndən sonra yaşamaq. Mən öləndən sonra da əsərlərimlə yaşayacağam".
Yəhudi-Azərbaycan şairi
Qürbət eldə həsrət çəkən Raşbiləm,
Azərbaycan diyarına vurğunam.
İsrail və Azərbaycan Yazarlar Birliklərinin üzvü, Azərbaycanın "Qabaqcıl Maarif Xadimi", 1935-ci ildə Quba rayonunun Qırmızı qəsəbə adlı dağ yəhudilərinin yüz illərlə məskən saldığı doğma torpaqda dünyaya gəlmiş şair Raşbil Şamayev düz 20 ildir ki, özü dediyi kimi vətəndən 7 dəniz uzaqda - ABŞ-ın Bruklin şəhərində yaşayır. Azərbaycandan köçüb gedən başqa dağ yəhudiləri kimi Raşbil müəllim də "Vətən" deyəndə, havasını udub, suyunu içib, çörəyini yediyi Odlar yurdu gəlir gözlərinin qabağına. Əksərən Azərbaycan türkcəsində yazıb-yaradan yəhudi soydaşlarımız dünyanın harasında yaşamalarına baxmayaraq onların yaradıcılığı "Azər-baycan", "Qarabağ", "Təbriz", Araz çayı" sevinc və ağrılarıyla ləbaləbdi. Vətənimizin dərdini öz dərdi bilən yəhudi qardaş-bacılarımız kimi Azərbaycan türkünə doğma ikinci bir xalq tapılmaz, desəm haqq olar. Əziz şairimiz Raşbil Şamayevin vətən məhəbbəti isə təkcə yaradı-cılığı ilə məhdudlaşmır, onu daha ülvi hisslər bağlayır Azərbaycana.
Böyük qəlb sahibi şair qardaşımız Raşbil Şamayevin 17 Sentyabrda 80 yaşı tamam olur. Bu münasibətlə "Şirvannəşr" ustad şairin Azərbaycan türkcəsində yazdığı "Sizdən uzaq yaşasam da" adlı yurd həsrətli şeirlər, məqalələr toplusunu nəşr edib. Gəlin bu müdrik qələm sahibinə can sağlığı və uzun ömür arzulayıb, bir sıra şeirləriylə qəzetimizin oxucularını da tanış edək.
AZƏRBAYCAN
Hər çeşməndən su içmişəm,
Yollarından çox keçmişəm,
Səni də ana seçmişəm,
Azərbaycan, Azərbaycan!
Düşünməsəm səni əgər,
Saf ürəyim xəstə gəzər,
Zülmət olar mənə hər yer,
Azərbaycan,
Azərbaycan!
Töhmətinə
can deyərəm,
Tək qarşına baş əyərəm.
Səni
canım tək sevirəm,
Azərbaycan,
Azərbaycan!
Saç
ağarmış, yox qara dən,
Olsam əgər
can üstə mən.
Səni
deyib güləcəyəm,
Səni deyib öləcəyəm.
Azərbaycan,
Azərbaycan!
VƏTƏN HƏSRƏTİ
Tale məni
ayrı saldı Vətəndən,
Dəniz-dəniz uzaqlara düşmüşəm.
Könlüm
ancaq ilham alır Vətəndən
Həsrət yüklü bu çağlara düşmüşəm.
Uzun yolun dərd yükümü ayrılıq?
Həqiqətmi, bir yuxumu ayrılıq?
Kədər
məni həm yandırır, həm yaxır,
Bir ocağam tüstü, duman içində.
Yad diyarda
ürək yaman darıxır,
Yaşayıram neçə güman içində.
Uzun yolun dərd yükümü ayrılıq?
Həqiqətmi, bir yoxumu ayrılıq?
Ümid
ilə yaşayıram hər zaman,
Vətən eşqi qəlbimdədir əbədi.
Övladınam
sənin ey Azərbaycan,
Sənsən mənim ürəyimin məbədi.
Ayrılığın
müvəqqəti adı var,
Anasına qovuşandır övladlar.
AZƏRBAYCAN BAYRAĞI
Nyu Yorkda
ucaldılır Azərbaycan bayrağı,
Yaxın,
uzaq ölkələrdən gəlir onun sorağı,
Ruhumuzu təzələyir
al-qırmızı yanağı,
Azadlığın
saf rəmzidir Azərbaycan bayrağı!
Ədalətin
məskənidir onun ana torpağı!
Biz
baxdıqca dalğalanan bu üç rəngli bayrağa,
Fərəh
hissi keçiririk, ürəyimiz dönür dağa,
Sən vətənə
eşq duyarsan, nəzər sal sola sağa
Azadlığın
saf rəmzidir, Azərbaycan bayrağı!
Qətiyyətin
məskənidir onun ana torpağı!
Şən
musiqi sədaları yayılmışdır hər yerə,
Hər
oxunan mahnı səsi ləzzət verir şəhərə,
Zövqün
artır baxa-baxa, bu gözəl mənzərəyə
Azadlığın
saf rəmzidir Azərbaycan bayrağı!
Məhəbbətin
məskənidir onun ana torpağı!
QƏLBLƏRDƏ YAŞAYIRSAN
Azərbaycan xalqının
milli lideri Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsinə
İthaf edirəm.
Bürüdü
dünyanı qara bir xəbər,
Bir dahi dəyişdi öz dünyasını.
Üzlərə
baxırsan qonmuş qəm, kədər,
Tutub Azərbaycan oğul yasını.
Baxırsan
günəş də saralıb, solub,
Onun da canında bir üşütmə var.
Xəzərin
göz yaşı dalğalar olub,
Göylər bu mətami qəlbində yazar.
Təbiət
başını əyibdir bu gün,
O
böyük insanın məzarı üstə.
Dünya
öz sözünü deyibdir bu gün,
Ellər vidalaşır, qəlblərdə qüssə.
Müstəqil
bir dövlət yaradan oğul!
Vətəni canından artıq istəmiş.
Milləti
birliyə çağıran oğul!
Elləri xətadan qurtara bilmiş.
Arzusu
olmuşdu Azərbaycanı,
Çevirsin bir güllü bağçaya, bağa.
Göylərə
qaldırıb onun şanını,
Çatdırsın səmaya, ulduza, aya.
Vətən
oğulları əl-ələ verib,
Ulu
babasını yad edəcəkdir!
Azad Azərbaycan
cənnətə dönüb,
Heydərin
ruhunu şad edəcəkdir!
A NOVRUZ BAYRAMI...
Xoş gəlmisən
qədəmlərin mübarək,
A Novruz
bayramı, bahar bayramı!
Səndən
ilham alır hər gül, hər çiçək,
A Novruz
bayramı, bahar bayramı!
Yanaşı
durubsan gözəllərinlə,
Gəl
bizi şad eylə əməllərinlə,
Bəzə
el-obanı öz əllərinlə,
A Novruz
bayramı, bahar bayramı!
Qoy hər
yerdən gəlsin sənin sorağın,
Günəşdən
pay alsın bostanın-bağın,
Laləyə
rəng versin şəkər dodağın,
A Novruz
bayramı, bahar bayramı!
Dağlar,
şəlalələr sənə yar olsun,
Şəffaf
bulaqların daim var olsun,
Dostların
şad olsun, bəxtiyar olsun,
A Novruz
bayramı, bahar bayramı!
Bizdən
salam söylə doğma vətənə,
Elimiz,
obamız vurğundur sənə,
Şadam
ki, düşübdür bir payı mənə,
A Novruz
bayramı, bahar bayramı!
Hər
anı bir inci Novruz bayramı,
Ellərin
sevinci Novruz bayramı!
ÜZEYİRİN
NƏFƏSİDİR O
Ölməz
bəstəkar Üzeyir Hacıbəyovun
anadan
olmasının 120 illik (2005) yubileyinə.
Ötsə
də yüz illər, neçə əsirlər,
Sən sevən qəlblərə yuva salarsan.
Hər
vaxt yad edəcək səni nəsillər,
Ölməz əsərlərlə sən ucalarsan.
Leylini, Məcnunu
dilə gətirdin,
Fizuli ruhunu şad etdin baba.
Elə
bir şah əsər yaratdın ki, sən,
Eşitdi səsini dünya, el-oba.
Əlində
arşın mal dalanbadalan,
Məhəbbət axtardı Arşın Mal Alan.
Tale qismətini
bəxş etdi ona,
Arşının
toruna düşdü mal alan.
Sevib-sevilməyin
açdın sirrini,
Dedin qoy ləkəsiz
yaşasın bu ad.
Köləlik
daşına vurdun zərbəni,
Kölgələrdə
qaldı Məşədi İbad
Dayan! Dinlə
dostum bu musiqini,
Həyatın sönməyən gur səsidir o.
Dünyanı
seyr edib, gəzən hər yeri,
Ölməz
Üzeyrin nəfəsidir O!
VƏTƏN MƏNSİZ YAŞAR,
MƏN
VƏTƏNSİZ YOX!
Azərbaycanın
Milli Qəhrəmanı Albert Aqarunova ithaf edirəm.
Adın düşdü bu gün bütün dillərə,
Hünərin yayıldı bizim ellərə.
Sən ey vətənimin qəhrəman oğlu,
Qəlbin məhəbbətlə, eşq ilə dolu.
Vətəni qorumaq borcumdur, dedin,
Qolumun qüvvəti, gücümdür, dedin.
Vətən mənsiz yaşar, mən vətənsiz yox,
Onun adı yüksək, mərifəti çox.
Vətən azadlıqdır, vətən çörəkdir,
Vətənsiz bir həyat kimə gərəkdir.
Bu canım vətəndir, suyum vətəndir,
İnsanlar dünyada gəlib-gedəndir.
Mənim ən qiymətli sözüm vətəndir,
Alovlu ürəyim, gözüm vətəndir.
Mən ilham almışam doğma vətəndən,
Meyvəli bağlardan, göy çəmənlərdən,
Göylərə ucalan uca dağlardan,
Ruhu təzələyən saf bulaqlardan.
O mənə güvənir, mən də ki, ona,
Onun arzusunu yetirsəm sona
Deyərəm, dünyada xoşbəxt mənəm, mən,
Ölsəm də adımı yaşadar vətən.
Sən ey vətənimin qəhrəman oğlu,
Qəlbi məhəbbətlə, eşq ilə dolu.
Könüllü yazıldın sən siyahıya,
And içdin vətənə, sən öz canına.
Dedin: "Qarabağı qorumaq üçün,
Keçərəm canımdan lazımsa bir gün!"
Döyüş meydanına girdin mərdana,
Hünərin yayıldı Azərbaycana.
Sən ölməzlər cərgəsinə qanla yazdın adını,
Qucağına aldı vətən öz
doğma övladını!
Ədalət.-2015.-5 sentyabr.-S.12.