Afaq Bəşirqızı: “Hər dəfə ölüb-dirilirəm...”

Dünən Nizami Kino Mərkəzində yeni “QaynanaMız” serialının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində iştirak edən, serialda əsas rolardan birini ifa edən xalq artisti Afaq Bəşirqızı uzun illərdən sonra çəkildiyi ilk serial haqqında təəssüratlarını Lent.az-la bölüşüb:

- Yeni seriala çəkilməyə razılığınızı necə aldılar?

- Dilimdən tutdular (gülür). İstədim bir addım atım, yenilik edim. Bilirsiz ki, mən çoxdandır efirlərdən uzaqlaşmışdım. Bu o demək deyil ki, incimişdim. Bir növ özümü teatra həsr etmişdim. “Afaq gülür, güldürür”dən sonra bir az fasilə vermişdim. Söhbətimiz alındı. Ssenari müəllifi də gənc olmağına baxmayaraq, ruhu tuta bilir. Bu ümumilikdə bir işdir, yəni otururuq, məsləhətləşirik, yazırıq, pozuruq. Hər şeyi məsləhətlə edirlər. Mənim həyat, sənət təcrübəm çox olduğuna görə məsləhət alırlar, mən də məmnuniyyətlə onlarla bölüşürəm. Aktyor ansamblı da yaxşıdır. Bundan sonra da yeni rollara dəvətlər olacaq.

- Bir neçə ildən sonra yenidən ekrana qayıtmağınız hansı təəssüratı yaratdı?

- Mənə belə gəlir ki, bu işimiz müvəffəqiyyətli alınar. Etiraf edim ki, çox həyəcanlıyam. Siz məni premyeralarda görsəniz, sonra tamaşaya baxanda gülməzsiniz. Elə bir vəziyyətə düşürəm ki...Mən, ümumiyyətlə, hər şeyə həyəcan keçirən insanam. Xüsusən sənətimə görə. Hər premyerada ölüb-ölümdən qayıdıram, ta gedib o tamaşaçı ilə ünsiyyətə girənədək. Ondan sonra oyunu, əyər-əskiyi görənədək, nəyi bir az artırmaq, nəyi bir az əskiltməyi bilənə qədər mən bu həyəcanı keçirirəm. Bura gələndən əsirəm. Hamı da mənim həyəcanımı hiss edir.

- “Yaşıl eynəkli adam, “Evləri köpdələn yar”, “Yarımştat”, “Bəxt üzüyü”ndə çəkildiyiniz günləri xatırladınız?

- Mən kameraya öyrəncəli adam deyiləm. Teatra daha çox öyrəncəliyəm. Amma əlbəttə ki, “Girovfilmində balaca bir epizodum bu qədər məşhurlaşdı, xarici ölkələrdə mükafat aldı, “Bəxt üzüyübu qədər yadda qaldı. Mən fikirləşdim ki, Lenin düz deyib: “Kino incəsənətin ön ənəmli növüdür”. Əlbəttə, o günləri xatırladım. Ömrümün qalan hissəsi varsa, onu xalqım üçün nəsə qoyub getməyə həsr etmək mənim borcumdur. O bir başqa aləm idi, bu bir başqa aləmdir.

- Afaq Bəşirqızının həyatda ana kimi bir qayınana olduğunu bilirik. Bəs, serialda Afaq Bəşirqızı əzazildir, yoxsa ana kimi qayınanadır?

 

- Burada fərqli qayınanayam. Serialın qəribəliyi odur ki, bir evdə iki gəlindir, bir bəy. Yəni mənim bir oğlumun iki arvadı var. Birinci boşanıb, yəni bunların söz-söhbəti alınmayıb. Evin bölünməyinə baxmayaraq, böyük gəlin cığallıq edib evdən getmir. İkinci gəlinin gəlməyi isə bir sirdir. Bunu seriala baxanda biləcəksiniz. Hər zaman qayınanaların zalımlığı, zülmkarlığından bəhs edilib. Amma burada gəlinlər mənə çəkdirəcək (gülür). Hər zaman bunların arasına düşürəm, mübahisə, ziyan mənə dəyir. Çox qəribə tipajlar var. Mənim obrazımın adı Ananasdır. Övladlarını öz gücünə böyüdən varlı qadındır. Çin, Türkiyə başqa ölkələrlə alver edir, xaricdən maşın gətirir. Eyni zamanda çöp çıxardır, qorxu götürür. Bir cadu etmir. Ev yıxmaqla arası yoxdur. Ancaq xoş işlərlə məşğul olub, ailəsini dolandırır. Hər şeydə əli var. Ananas 5 dəqiqə hirslənib, sonra hər şeyi yadından çıxaran ürəyiyumşaq qadındır. Qızı Neft Daşlarında işləyir. Onu heç cür ərə verə bilmir. Bu da onun ana dərdidir. Real həyatda onun kimi bir çox tiplər var ki, ekranda canlanmayıb.

- Özünüz izləmisiniz?

- Xeyr. Əslində izləmək istəmirəm, çünki qorxuram.

- Çəkiliş prosesi necə keçdi?

- İlk seriyanın çəkilişi çətin oldu. Əvvəla hələ bir-birimizə yovuşurduq. Bu, teatr deyil. Bilirsiniz ki, serialda, kinoda uzun-uzadı məşqlər olmur. Artıq çəkiliş başlayır, kamera önünə keçirsən. Çəkilişə Qubada başladıq. Qızın toyu səhnəsini Qubada ziyalı Vəfa xanımın evində çəkdik. Ananas buraya QAZ 53-lə qalxıb. Buradan da macəralar başlayır.

- Özünüz başqa serial izləyirsiniz?

- Siyavuşu balaca vaxtlarından tanıyıram. O, “Dadaşbala əməliyyatıfilmində gələcək kürəkənimi oynayır. Onda gənc idi. Uzun müddət idi, onun işlərini izləyirdim. Açıq deyim ki, heç bir seriala baxmırdım. Bir-iki səhnəyə baxırdım doyurdum. Amma bilirəm ki, Siyavuş istedadlı insandır. Mən belə düşünürəm ki, gəncləri ağbirçək, ağsaqqalsız böyütmək olmaz. Gənclərə əl tutmaq lazımdır.  Əvvəllər - mən uşaq olanda, Allah rəhmət etsin, Bəşir Səfəroğluna sual veridilər ki, - “Estafeti kimə verəcəksiz?” İndi həmin estafeti mən kiməsə verməliyəm. Çəkiliş qrupu hamısı gənclər orta yaşlılardır. Hamımız çox mehribanıq. Bir yerdə yeyirik, bir yerdə fasiləyə çıxırıq. Əgər gərgindirsə, səhər qədər çəkmək lazımdırsa çəkilirik. Heç birimizin qaş-qabağımız düyünlənmir.

- Dediyiniz kimi yaradıcı heyətin əksəriyyəti gənclərdir. Sizdən çəkindiklərini hiss edirsiniz?

 

- Məndən çox qorxurdular. Düşünürdülər ki, Afaq xanımın filan qədər yaşı, təcrübəsi, kaprizi var. Amma mən heç vaxt demədim ki, biz bu gün çox işlədik və ya mən yoruldum. Çünki mənim üzərimdə məsuliyyət daha çoxdur. Mən yorulsam, onlar işləyə bilməz. Mən, Dilarə, birinci gəlinim rolunu oynayan Xuraman aparıcı qüvvələrik.

- İndi Azərbaycan tamaşaçılarının çox hissəsi reytinqli türk seriallarına baxır. Sizcə, nə zamansa Azərbaycanda reytinqli serial olacaq?

- Olacaq. İlk növbədə dramaturji material və yaxşı rejissor olandan sonra.

Ədalət.-2015.-11 sentyabr.-S.4.