BİR İNSAN
VƏ SƏNƏTKAR KİMİ SEVİLİRDİ O...
ƏDƏBİ
HƏYAT
(Yazıçı Əlibala Hacızadənin anadan
olmasının 80 illiyi)
"Çox vaxt məndən soruşurlar ki, niyə səni
uşaq da, cavan da, qoca da, qadın da, kişi də-bir sözlə,
hamı belə çox istəyir? Mən uzun müddət bu cür
sorğulara cavab vermirdim, ancaq bu sualları verənlərin
çox olduğunu görüb indi deyirəm; çünki mən
bütün insanları, sizin hamınızı ülvi, təmannasız
bir məhəbbətlə sevirəm; çünki mən sevənlə
sevmişəm, ölənlə ölmüşəm, ac
qalanla ac, susuz qalanla susuz qalmışam; ona görə siz məni
belə çox sevirsiniz, sevməyə bilməzsiniz;
çünki yazılmamış bir qanundu: sevməsən,
sevilməzsən".
Bu sətirlərin müəllifi görkəmli
yazıçı, ədəbiyyatşünas, Azərbaycan
oxucularının sevimlisi Əlibala Hacızadə idi. O, yetmişinci illərin ən
populyar yazıçısı idi və bunu gizlətmək
lazım deyil. Təkcə əsərlərinin
geniş oxucu auditoriyası əldə etməsinə görə
deyil, həm də bu yazıçının bir insan və sənətkar
kimi sevilməsindəydi bu populyarlıq. "Mən
çətin, əzablı, sıxıntılı bir
ömür yaşamışam. Həyatım boyu
gördüklərim, yaşadıqlarım, çəkdiklərim
bəlkə də iki-üç insan ömrünə bəs
edər" - bu sözləri Əlibala Hacızadə 70
yaşı olanda - on il əvvəl
söyləmişdi. Təbii ki, əsl
yazıçı ömrü başlanğıjdan sonadək
belə əzablı, sıxıntılı keçir,
dünyada fiziki ömrü "xoşbəxtlik"
sözü ilə uyğunlaşan yazıçılara nadir
hallarda təsadüf edərsiniz. Amma bu əzablı,
sıxıntılı ömür yazıçının
istedadı və şəxsiyyətinə heç bir xələl
gətirməyib. "Ümumiyyətlə,
həyatda nə istəmişəmsə, Tanrım verib, gec
verib, amma verib. Əvvəl sınayıb,
sıxıb, imtahana çəkib, dözdüyümü,
naşükür, asi olmadığımı görüb istədiklərimin
ən yaxşısını əta edib mənə" - bu
etirafın müəllifi də Əlibala Hacızadədir.
Yazıçı bir neçə ildir ki, haqq
dünyasına qovuşub. Amma nə özü
unudulur, nə də onu unudulmağa qoymayan əsərləri,
onunla bağlı ən şirin xatirələr.
Bir insan kimi çox mədəni, əsl Azərbaycan
ziyalısıydı. Elə bir insan idi ki, qalmaqalı, kiminləsə
çəkişməni, münaqişəni sevmirdi, lap elə
incik düşdüyü (ya haqlı, ya haqsız) adamlarla da
tezliklə dil tapa bilirdi. Bütün ömrü boyu bir iş
yeri olub - Şərqşünaslıq institutunda
çalışıb (elmlər namizədi idi), yalnız beş il (1966-1970) Əfqanıstanda mütərcimlik
edib. Bütün tanınmış yazıçılarla,
alimlərlə dost idi, xasiyyətində elə cəhətlər
vardı ki, heç kəs bu ürəyi açıq,
sözü-söhbəti duzlu insanla ünsiyyətdən
çəkinmirdi. Amma ən çox oturub-durduğu, yol
yoldaşı, süfrə yoldaşı olduğu, həqiqi
dost deyə bildiyi beş-altı adam vardı: böyük alim
Əkrəm Cəfər, şair Fikrət Qoca,
yazıçıla - Nahid Ha ızadə, Əlövsət Bəşirli,
bir də Oqtay Rza. Hər bir yazıçı
üçün hansı dövlət məmurundan, vəzifəli
şəxsdən, nəşriyyat rəhbərindən, ya
messenetdan qayğı görmək heç vaxt unudulmur,
çünki bu dünyada sözün sahibi olan insanlar o
sözə qiymət verə biləcək adamların
qayğısına ehtiyac duyurlar. Əlibala
Hacızadəyə də belə qayğı göstərən
insanlar olub. O, belələrini ehtiramla
xatırlayırdı. 1980-ci ildə, yayın qızmar
günlərinin birində ulu öndər - Heydər Əliyev
Saatlı rayonunda pambıqçı qızlar işləyən
bir briqadaya gəlir, qızları başına
yığıb onlara bu ağır zəhmətləri
üçün təşəkkür edir və sonra
soruşur ki, nəyə ehtiyacınız var, deyin,
utanmayın. Qızlardan biri utana-utana qabağa
çıxıb deyir ki, sağ olun, Heydər müəllim,
bizim heç nəyə ehtiyacımız yoxdur, amma bir
xahişimiz var. Bu yaxınlarda bir "İtkin gəlin"
kitabı çıxıb, ondan bizim kəndə cəmi bircə
nüsxə gəlib çıxıb, qızlarımız
onu oxumaq üçün növbəyə durublar, mən
23-cü adamam. Əgər mümkünsə, deyin, o kitabdan
bir az çox buraxsınlar.
Ulu öndərin göstərişilə "İtkin gəlin"
hərəsi 100 min tirajla iki dəfə nəşr edilir. Bu, Sovet
dönəmində bir Azərbaycan yazıçısı
üçün ən yüksək bir tiraj idi. Əlibala müəllim "Gənclik" nəşriyyatının
direktoru Əzizə xanım Əhmədovadan da razılıq
edirdi ki, "İtkin gəlin"in birinci cildini 50 min tirajla nəşr
etmişdi. İkimininci illərdə isə
Moskvada yaşayan bir xeyirxah insan - Gülağa Qənbərov
Əlibala müəllimin əsərlərinin on cildliyini
oxuculara ərməğan etdi.
Əlibala Hacızadənin ilk mətbu əsəri -
"Mənim müəlliməm" hekayəsi 1956-cı ildə
Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin
səsi" almanaxında çap edilmişdi. İlk
kitabı - "Heykəl gülür" hekayələr
kitabı isə 1961-ci ildə işıq üzü
gördü. Əlli beş illik
yaradıcılığı ərzində o, bir nasir kimi
tanındı da, sevildi də. Yaradıcılığa
hekayə ilə başladı, sonra bir-birinin ardınca povestlər
qələmə aldı, yetmişinci illərdə isə ilk
romanı - "Təyyarə kölgəsi" çap
olundu. Sonra isə onu məşhurlaşdıran
digər romanlar yazıldı. Bir sözlə, o,
müasir Azərbaycan nəsrinə öz dəyərli
töhfələrini verdi.
Onu qeydsiz-şərtsiz
"altmışıncılar" ədəbi nəslinin
nümayəndəsi saymaq olar. Y.Səmədoğlu,
Anar, Elçin, İ.Məlikzadə, M.İbrahimbəyov, S.Azəri,
F.Kərimzadə ilə yanaşı Ə. Hacızadə də
bu ədəbi nəslin etiraf olunan, "yeni nəsr"in
parlaq nümunələrini yaradan görkəmli simalarına
çevrildilər. Onların əsərlərində həyata
realist baxış qüvvətləndi, adi insanların
qeyri-adi dünyası ədəbiyyata yol tapdı, insanı
bütün mürəkkəbliyi, "boyaların
qatışığında" təsvir etmək prinsipi
ön plana keçdi, şəxsiyyət
başlanğıcına diqqət artdı, "qum dənəsində
kainatı" görmək, zəhmətkeş insanın təkcə
əməyini deyil, ürəyini, mənəvi
çırpıntılarını əks etdirmək bu ədəbi
nəslin bədii düşüncəsinin əsasını
təşkil edirdi. Əlibala Hacızadənin
istedadlı bir nasir kimi tanıdan ilk əsər onun
"İnam" povesti oldu. Bu povestin qəhrəmanı
Bəhruz adi bir tikinti fəhləsiydi, yolda öz
maşını ilə gedəndə bir
sürücünün qəza törətdiyini, bir adamı
vurub qaçdığını görür, amma Bəhruz
vurulan adamı xəstəxanaya çatdırır. Ondan şübhələnirlər, Bəhruz isə
inamını itirmir. Povestdə aydın, səliqəli
yazı texnikası, səlis, rəvan nəsr dili,
obrazların xarakterinə uyğun danışıq tərzi ədəbiyyata
istedadlı bir yazarın gəlişindən soraq verirdi və
təsadüfi deyil ki, görkəmli tənqidçi Məmməd
Arif Dadaşzadə məqalələrinin birində
Ə.Hacızadənin bu əsəri haqqında rəğbətlə
söz açmışdı.
Ə.Hacızadənin hekayə və povestlərinin
mövzusu müasir həyatdan götürülürdü,
yazıçı həm də uşaqlığının ən
çətin və məşəqqətli keçən
dövründən-müharibə illərinin acı həqiqətlərindən
söz açırdı. O, təkcə hadisələri təsvir
etmək, təqdim etdiyi obrazların səciyyəvi
xüsusiyyətlərini canlandırmaqla işini bitmiş
hesab etmirdi, cəmiyyətdə baş verən mənəvi-əxlaqi
prosesləri də bu əsərlərin sücetinə
hopdururdu. Yəni onun təsvir etdiyi insanlar və
hadisələr yaşadığı zamanın sosial-mənəvi
atmosferini əks etdirirdi. "Həsrət" povestindəki
Xəlil kişi vətənindən uzaq
düşmüş bir azərbaycanlının qürbət
ağrılarını əks etdirirdi və bu problem
müharibədən sonrakı illərin gerçəkliyi
üçün səciyyəvi idi. "Mərdlik"
povestində isə müəllif Azərbaycan kişisinə
xas olan müsbət bir keyfiyyəti
simvollaşdırırdı, insan hansı mühitə
düşürsə düşsün, mərdlik qanununa əməl
etməlidir". Məhəbbət olmayan evdə"
povesti isə adından da göründüyü kimi bu ali və müqəddəs hissin
toxunulmazlığını bədii tədqiq obyektinə
çevirdi. İnsan o zaman xoşbəxtdir ki, o, ailəsini
sevir, uşaqlarını sevir, kəndini, torpağını,
Vətənini sevir! Ümumiyyətlə, Əlibala Hacızadə
Azərbaycan nəsrində mənəvi-əxlaqi problemlərin
bədii həllini canlandıran, müasir Leyli və Məcnunların
hekayətlərin qələmə alan
nasirlərdən biri olmuşdur. Onun "Təyyarə
kölgəsi" və "Vəfalım mənim"
romanlarında üç məkan təsvir olunur-biri elmi - tədqiqat
institutudur, burada elmi məsələlər müzakirə
edilir, ədəbi problemlərdən söz
açılır, elmdə xaltura məsələləri pislənilir,
təşkilatçılıq metodunda nəzərə
çarpan karyerizm kəskin tənqid atəşinə tutulur.
İkinci məkan ailədir: cəmiyyətə layiq insan necə
tərbiyə olunmalıdır, kişi ilə
qadın, valideynlə övlad arasında münasibətlər
necə qurulmalıdır-bu məsələlər ailə və
cəmiyyət müstəvisində öz həllini tapır.
Ailədə pis tərbiyə almış oğul əsl vətəndaş
ola bilərmi? Üçüncü
məkanın ünvanı isə sevən ürəklərdir.
Hər iki romanda məhz bu xətt diqqəti daha
çox cəlb edir. Gülmirə-Orxan xətti,
onların qarşılıqlı sevgi dastanı fiziki mənada
uğursuzluqla başa çatır, Orxan-istedadlı alim qəflətən
dünyasını dəyişir, amma bu məhəbbət
onun ölümündən sonra da davam edir, Orxan hər gecə
Gülmirənin yuxusuna girir, fiziki ölüm mənəvi
ölümsüzlüyə çevrilir.
Əlibala
Hacızadənin "İtkin gəlin", "Əfsanəsiz
illər", "Ayrılığın sonu yoxmuş"
roman-trilogiyası da Əfqanıstanda baş verən
ijtimai-siyasi hadisələrdən daha çox lirik-sentimental məhəbbət
macəralarını əks etdirir. Hər
üç roman təsvir olunan hadisələrin dramatizmi,
psixoloji məqamları ilə oxucuları cəlb edirdi və
elə bu səbəbdən Azərbaycan oxucusu
üçün həmin romanlar stolüstü əsərlərə
çevrilmişdi. Romanlarda əfqanların
yaşayış tərzi, milli əxlaqi səciyyələri,
etnoqrafik aləmi dərin müşahidələrlə qələmə
alınmışdı, hiss olunurdu ki, Ə.Hacızadə
Əfqanıstanda beş il müddətində
təkcə tərcüməçi kimi fəaliyyət
göstərməmiş, həm də bu xalqın həyat tərzini,
məişətini, adət-ənənələrini, dini
baxışlarını diqqətlə müşahidə
etmişdir.
Əlibala Hacızadəni bir romançı kimi səciyyələndirən
özəl xüsusiyyətlər vardır. Onu çox
vaxt Məmməd Səid Ordubadi ilə də müqayisə
edirlər. O da Ordubadi kimi romanlarında
maraqlı hadisələr qurmağı, xüsusilə macəraçılığa
meyl etməyi, əsas hadisələri sevgi xətti ilə əlaqələndirməyi
çox sevirdi. Ancaq fərq burasında idi
ki, Ordubadi epik nəsrin, Əlibala Hacızadə isə lirik nəsrin
yaradıcılarından idi. Lirika onun sonralar qələmə
aldığı "Dünyanı tanı",
"Möcüzə", "Xoş gəlmisən Nərgizim",
"Ölüm yoxdur" romanlarında da başlıca
üslubu təşkil edir. Adını çəkdiyimiz
bu son əsərlər isə müasir həyatda baş verən
hadisələri əks etdirirdi. Bu əsərlərdə
də insanın yüksək mənəvi keyfiyyətləri
təbliğ olunur, mənfiliklər isə tənqid hədəfinə
çevrilirdi.
Əlibala Hacızadə həm də şərqşünas
alim və ədəbiyyatşünas idi. Onun "Fərruzi Yəzdinin
poeziyası", "İran romanının tarixi",
"Mirzadə Eşqi-vaxtsəz söndürülmüş
məşəl", "Sadiq Hidayət-hekayə ustası
kimi" monoqrafiyaları, çoxlu sayda elmi-tənqidi məqalələri
(bu yazıların əksəriyyəti müasir ədəbiyyatımızın
tədqiqinə həsr olunub) var. Haçansa onun bu sahədəki
fəaliyyəti də tədqiq olunmalıdır.
Və nəhayət, onun şeirləri haqqında. O, heç vaxt
özünü şair adlandırmırdı. Ancaq
yazdığı şeirləri də onun
yaradıcılığından təcrid oluna bilməz,
çünki bunlar sözün həqiqi mənasında
ŞEİRdir. Lirik, kövrək və həzin
qəlb çırpıntılarını, romantik sevgi
duyğularını əks etdirən şeirlər və
heç də təsadüfi deyil ki, o şeirlərin bir
çoxu xanəndələrin, müğənnilərin
repertuarına da yol tapıb. Qoy bu yazını da ruhu
bizimlə olan, xatirəsi ürəyimizdən silinib getməyən
o gözəl insanın bir şeiri ilə sona yetirək:
Ölüm
bu dünyanın o üzündədi,
Bu üzü dünyanın güldü, çiçəkdi.
Ölməzlik-məhəbbət
zirvəsindədi,
Məhəbbət-əbədi ömür deməkdi.
Hicranın
yolları bitməz-tükənməz,
Vüsal yollarına qar ələnibdi.
Ömrünü
eşqinə qurban deyən kəs,
Xəyanət əliylə güllələnibdi.
Sızlama
ürəyim, sən dözümlü ol,
Dünya gah acıdı, gah da şirindi.
Bir
gözünlə ağla, bir gözünlə gül,
Dünya əzabına dözənlərindi.
Ədalət.-2015.-12 sentyabr.-S.15.