Qocaman ədəbiyyatşünas
alim, Professor Yavuz Axundluya MƏKTUB
Əzizim
Yavuz müəllim,
Səmimi avtoqrafla göndərdiyiniz "Xatirələr
işığında ömür keçdi, gün
keçdi" kitabınızı aldım. Əsərin adı hardasa
oxuduğum, yaddaşımda daşlaşan bir bayatını
yada saldı:
Keçdi
ömrüm,
Gör necə keçdi ömrüm.
Harayladım
dönmədi,
Elə bil heçdi ömrüm.
Memuar ədəbiyyatının böyük
üstünlüyü ondadır ki, oxucunun xatirələrini
yaddaşında canlandırır. Keçən
ömrü vərəqləyir, həyatın anlarını
sanki yenidən yaşayır. Yaşlıdırsa
gənclik illərinin təəccübünü, ahıl
çağının təəssüfünü
yaşayır. Təəssüflənir
ki, ömür nə tez keçdi.
Yavuz
müəllim,
Sizin kitabınıza qədər qocaman ədəbiyyatşünas
alim İmamverdi Əbilovun "Ömrün və elmin
romantikası" xatirələrini oxumuşdum. Hər ikinizin
kitabı həm maraqlı, həm də olduqca
faydalıdır. Hər iki əsər, hər
şeydən əvvəl memuar ədəbiyyatımızın
təbliği və inkişafına xidmət edir. Hər iki kitab ibrət götürüləcək
faktlarla zəngindir.
Yavuz müəllim, and olsun, akademik İsa Həbibbəylinin
redaktəsi ilə Adiloğlu nəşriyyatında çap
olunan (Bakı, 2014, 304 səh.) kitabınızın hər səhifəsini
oxuduqca, "Bu bizdə də belə olub" - demişəm. Yazırsınız
ki, 1937-ci ildə bütün kitablarınızı
yandırdınız. Çünki evinizdən
əski əlifba ilə təkcə bir kitabın
çıxması atanızın özünə ölüm
hökmü yazmasına bərabər olardı.
Qardaşım, söhbət
açdığınız həmin qanlı-qadalı ildə
görkəmli tovuzlu aşıq Hüseyn Bozalqanlını və
oğlunu milislər rayon mərkəzinə aparanda
aşığın gəlini qorxudan onun bütün poeziya dəftərlərini
yandırmışdı.
Xatirələrinizdə sovet quruluşunun
amansızlığı, qəddarlığı təkzibolunmaz
faktlarla gündəmə gətirilir. Dayınız bir lətifə
danışdığına görə 7 il
həbs cəzası alıbmış. Azad
olunandan sonra da vətənə dönməyinə icazə
verməyiblərmiş. Ayrılıq 30 il
çəkib. Bu hələ harasıdır.
Yuxuda Araz çayını keçdiyini görən
qocanı həbs edib güllələmələri sistemin faciəsi
idi.
Bütün bunlar o sistemin sonunun gələcəyini
göstərirdi.
Yazırsınız ki, yay aylarında arvad-uşaq, qoca,
xəstə əlil biçilmiş taxıl zəmilərindən
gizli, qorxa-qorxa başaq yığırdılar.
Bu, bizdə də belə idi. Qoruqçu Mehralı
kişinin məni atın qabağına qatıb
qamçıladığı sanki dünən olmuşdu.
Məhəllə müvəkkili qansız Məhəmməd
və milis zabiti İsmayılovun insanları söymələri,
qamçı və dəyənəklə döymələri,
müharibədən sonra işdən
çıxarılmaları, insanların onlara nifrəti,
cavanların onları ələ salmaları haqda
yazırsınız.
Qardaşım,
bizim kəndimizdə Muxtar kişi
vardı. O da Məhəmməd və İsmayılov kimi
qansız idi. Müharibədən sonra ona salam
verən olmadı.
Atanızdan eşitdiyiniz Ərbab Rzaqulu və hambal Yusiflə
bağlı hadisə məni dərindən
düşündürdü. Bu səbəbsiz
deyildir. Yazırsınız ki, hambal Yusif
Ordubadda Ərbab Rzaqulunun fabrikində işləyirmiş.
İnqilabın ilk illərindəYusif Rzaqulu
kişinin fabrikində at oynadırmış. Sonra savadsız fəhlə olaraq qalmışdı.
Maraqlı məqam odur ki, Ərbab Rzaqulu müharibədən əvvəl,
ara nisbətən sakitləşəndə
Ordubada gəlibmiş. Hamı onun
görüşünə gedib. Ərbab
onların çoxunu tanıyıb.
Kasıb görkəmində birisi də gəlib onun əlini
öpüb.
Ərbab onun kim olduğunu soruşub.
- Hambal Yusifəm də, ağa, tanımadınız?
- Yusif,
özünüz kişi deyildiniz, bizi də
kişilikdən qoydunuz, - deyə ərbab cavab verib.
Yavuz
müəllim, sovet quruluşu çökəndən sonra bu
hadisə az qalmışdı ki,
xalqımızın başına gəlsin. Şükürlər
olsun ki, qısa müddətdə at oynadanlar "Hambal Yusiflərin"
taleyini yaşadılar.
Kitabınızda məni razı salan, məmnun edən məsələlər
qədərincədir. Onlardan biri də yaddaşınızda
qalan şeirlərdən məqamında istifadə etməyinizdir.
Moskvadan Hüseyn Razinin göndərdiyi şeirlərdən
nümunələr veribsiniz. Son vaxtlar günün gündüz
vaxtı əlində çıraq belə şeirləri
tapmaq çətindir:
Nimdaş
paltar kimi sökülür ömür,
Astarı
bir yana, üzü bir yana.
Əməllər xəlbirdən keçib
ölçülür.
Əyrisi
bir yana, düzü bir yana.
Yavuz
müəllim,
Bir dəfə
folklorşünas alim, professor Bəhlul
Abdulla ilə güzarımız şair Musa Yaqubun kəndi
Buynuza düşmüşdü. Şair Musa
Yaqub coşaraq təbiətlə poeziyanın, folklorla
insanların vəhdətindən söz
açmışdı. Gözləmədiyimiz halda dedi:
"Bəzən şeir yazanda bayatıdan utanıram. Bayatının poetik gücü, zənginliyi, xəlqiliyi,
yığcamlığı, təbiiliyi adamı heyrətə
gətirir".
Əsəd
Cəfərlinin məktubundan verdiyiniz bayatı
Min hava
çalan dünya,
Boşalıb-dolan dünya.
Alimi
ehtiyacda,
Cahili kalan dünya.
Musa Yaqubun haqlı olduğundan xəbər verir.
Kitabınız rəngarəng faktlarla zəngindir.
Yazırsınız
ki, 1964-cü il oktyabr ayının
ortalarında Naxçıvana Muxtariyyət verilməsinin 40
illiyi münasibətilə təntənəli
yığıncağa və ziyarətə dəvət
almışdım. Azərbaycan KP MK-nın
birinci katibi Vəli Axundovun gələcəyi də gözlənilirdi.
Nədənsə onun Moskvaya getdiyini deyirdilər.
Oktyabrın 16-da səhər tezdən müəllim dostum
Talıb Əliyev mənə zəng vurub Xruşşovun
işdən çıxarıldığını xəbər
verdi.
Mən səhər saat 9-a yaxın evdən
çıxdım. Bayram münasibəti ilə bəzədilmiş
şəhərdə Xruşşovun bir dənə də
şəkli qalmamışdı. Təcili
götürmüşdülər.
Bizdə rəhbərlərə məhəbbət belədir
- qənaətinə gəlirsiniz.
Yavuz müəllim, xoşbəxtlikdən sevimli
şairimiz Səməd Vurğunun dahiyanə misrası bir
çox məsələlərə aydınlıq gətirir.
Cahanda hər hökmü bir zaman verir.
İndi bizdə eks-prezidentlərin
toxunulmazlığı barədə dövlətin qərarı
var. Onlara pensiya, maşın, sürücü və cangüdənlər
ayrılır.
Keçmiş prezident Ayaz Mütəllimov
bütün deyilən imtiyazlardan bəhrələnir. Təəssüf ki, hələ bizdə eks-prezidentləri
rəsmi yığıncaqlara dəvət etmək təcrübəsi
yoxdur. Əminəm ki, möhtərəm
prezidentimizin müdrik siyasəti sayəsində bu məsələ
də öz həllini tapacaq.
Yavuz müəllim, xatirələrinizdə seçib
verdiyiniz, auditoriyada tələbələrə oxuduğunuz
şeirlər, milli qeyrətin nişanəsidir. Xüsusən də Xəlil
Rza Ulutürkün
Azadlığı
istəmirəm,
Zərrə-zərrə,
Qram-qram
- misraları ilə başlanan şeiri, Bəxtiyar
Vahabzadənin "Gülüstan" poeması və
başqa şeirlərindən verdiyiniz nümunələr
Sizin böyük vətənpərvərlik və milli qeyrət
daşıyıcısı olduğunuzdan xəbər verir. Xatirinizi çox istəyən DTK əməkdaşının
dəfələrlə ehtiyatlı olmağınızı
tövsiyə etməsi belə sizi tutduğunuz yoldan döndərə
bilməyib. Heç şübhəsiz tələbəniz,
akademik İsa Həbibbəyli və kitabda söhbət
açdığınız bir çox başqalarının
xatirinizi göylər qədər istənməsi bununla
bağlıdır. Bəxtiyar Vahabzadədən verdiyiniz
çox gərəkli şeirin iki son misrasını burada
verməyi münasib bildim:
Yaman dərddir,
Dilin ola, nə danışıb, nə dinəsən.
Yeri gəlmişkən onu da deyim ki, aşıq
poeziyasının görkəmli nümayəndələrindən
biri - aşıq-şair Mikayıl Azaflının başı
Bəxtiyar Vahabzadənin şeirinə bənzər şeirinə
görə çox bəlalar çəkmişdi. Tale
yüklü dərdlərimizi, xalqımıza üz vermiş
bəlaları görün aşıq bircə bənddə
necə məharətlə ifadə etmişdir.
Qoca
Azaflıyam, dilim var, lalam,
Təbrizdə qardaşım, Sibirdə balam.
Elə
bir dərd varmı ki, çəkməmiş olam,
Bax onlar ağartdı saçımı mənim.
Yavuz
müəllim,
Bütün əsər boyu obyektivliyiniz və həqiqəti
olduğu kimi yazmağınız əsərinizi daha da
oxunaqlı edir. Haqqınızda anonim məktubların
çoxluğundan, xüsusən də doktorluq
dissertasiyasının müdafiəsi ərəfəsində
yuxarı təşkilatlara gedən anonim məktublardan və
vaxtınızın çoxunu izahat yazmaqla keçirdiyinizdən
söz açırsınız.
Əzizim Yavuz müəllim, anonim məktublar da sovet
sisteminin "kəşfi" idi. İnsanları
qorxutmaq və "ipə-sapa yatmayanları"
sındırmaq üçün bir vasitə idi. Elə bilirdiniz ki, sevimli tələbələriniz
daxil, o anonim məktubları kimlərsə sizinlə
düşmənçilik səbəbindən yazırdı?
Axı auditoriyada gənclərdə milli
şüurun oyanışına çalışan, hətta
DTK-nın nümayəndəsinin məsləhətlərinə
məhəl qoymayan, qulaqardına vuran şəxsə sovet
sisteminin münasibəti necə olmalı idi?!
Şükürlər olsun ki, indi vəziyyət dəyişib. Neçə illərdir
Nizami adına Ədəbiyyat
İnstitutunda Dissertasiya Şurasının sədr müavini
və şura üzvü kimi belə neqativ hala rast gəlməmişəm.
Lakin dissertasiya işlərinin elmi səviyyəsinə
tələbkarlıq azalıb. Elm aləminə
bəzən təsadüfi adamlar da gəlir.
Əzizim
Yavuz müəllim,
Böyük minnətdarlıq hissi ilə 4-cü idarənin
1 saylı xəstəxanasının (Leçkomissiya) baş
həkimi Arif Hacıyevi yad edirsiniz (Taledən gələn qismətdir
ki, Arif həkimin qızı Afaq xanımın yeganə
övladı Könül oğlum Muradın həyat
yoldaşıdır). Bəlkə də bu faktın
üstündən sükutla keçərdim, hərgah xəstəxanada
Arif həkimin vasitəsi ilə 1937-ci ildə güllələnmiş
görkəmli alimlərimiz Bəkir Çobanzadə və Hənəfi
Zeynallının həyat yoldaşları ilə təmasda
olub müəyyən məsələlərə
aydınlıq gətirməsəydiniz. Yazırsınız
ki, 1980-ci ilin əvvəllərində onlar da həmin xəstəxanada
müalicə olunurdular.
Hənəfi Zeynallının ailəsi ilə
bağlı qeydləriniz tədqiqatçılar
üçün gərəkli faktlardır. Odur ki, onları
kitabınızda olduğu kimi burada verməyi münasib bildim:
"H.Zeynallının arvadı deyirdi ki, ərimi həbs
edəndən az sonra gecə evimizə milis maşını gəldi. Mənə
dedilər ki, ərinlə görüşə gedirsən.
Uşaqları özünlə götür.
Mən geyindim, 3 yaşlı qızımı və
5 yaşlı oğlum Azəri də götürdüm.
Maşında bizi naməlum istiqamətə
apardılar. Bir yerdə saxlayıb
uşaqları məndən ayırdılar. Onların fəryad səsləri, mənim
yalvarışlarım heç bir nəticə vermədi.
Məni apardılar. 18 il
başıma min bir müsibət gəldi. Lakin
bu müddətdə uşaqlarımın fəryad səsi
qulaqlarımdan getmədi".
Qadın 1955-ci ildən sonra bəraət alır. Bakıya gəlir.
Çox çətinliklə qızını
tapır. Xoşbəxtlikdən yaxın
qohumlardan biri oğlanı öz himayəsinə götürə
bilibmiş. Hər ikisi tez-tez xəstəxanaya
analarına baş çəkməyə gəlirdilər.
Azər Zeynallı görkəmli alim,
fizika-riyaziyyat elmləri doktoru, professor idi. Uzun illər şahmat üzrə Azərbaycan
çempionu olmuşdu".
Yavuz müəllim, getsin o qanlı-qadalı günlər. Sovet sisteminin törətdiklərindən xəbəri olmayanlar dövlətimizin, əmin-amanlığımızın qədrini bilsinlər. Azadlığımızı, müstəqilliyimizi istəməyən qüvvələrin dəyirmanına su tökməsinlər.
Xatirələr faktlara söykənəndə daha inandırıcı olur və tərbiyəvi əhəmiyyət daşıyır. Az qala bir əsri əhatə edən, böyük bir zaman kəsiyində baş verən hadisələri, sovet sisteminin xalqların başına gətirdiyi müsibətləri xatirələrinizdə dəqiqliklə göstəribsiniz. Kitabda nə qədər şəxsiyyətlərdən söz açıbsınız. 1948-ci ildə antisovet təbliğata görə həbs edilən, sonralar mənim sevimli müəllimim olan İsmixan Rəhimov ömrünün sonunadək sovet quruluşuna nifrətlə yaşadı və onun süqutunu gördü. ABŞ gerantoloqu, professor Sula Benetin Qafqaz uzunömürlülərindən bəhs edən "Necə yaşayasan yüzü haqlayasan" əsərini mən 1983-cü ildə iki aylıq ixtisasartırma kurslarında olarkən ABŞ-dan gətirib ingilis dilindən tərcümə edəndə kitabınızda xoş məramla andığınız tibb elmləri doktoru, professor Mehdi Sultanov əsərə rəy verdi və maraqlı son söz yazdı (Bax: Bakı, Yazıçı, 1989, 202 səh.). Professor Mehdi Sultanov da uzunömürlülər üzərində tədqiqat aparırdı. Dəfələrlə konqreslərdə Sula Benetlə görüşmüşdü. Professor Sula Benet Azərbaycanı ziyarət etmiş, çox maraqlı kitabında adət-ənənələrimizdən, insanlarımızdan, bölgələrimizdən (hətta Naxçıvana gedə bilibmiş), azərbaycanlı alim Mehdi Sultanovdan ehtiramla söz açmışdır.
Bütün bunlar Nyu-Yorkda çıxan kitabda öz əksini tapdığına görə qürur mənbəyinə çevrilir.
Yavuz müəllim, bu hissi bir daha mənə yaşatdığınıza görə Sizə minnətdaram.
Kitabınızda xüsusi diqqət yetiriləsi bir məsələdən də söz açırsınız. Ola bilsin ki, bu məsələdə fikirlərimiz üst-üstə düşməsin. Bu barədə mənim fərqli düşüncəm var. Yazırsınız ki, 1972-ci ilin yayında Araz çayı üzərində su-elektrik stansiyasının açılışında ziyalılar adından Siz çıxış etməli idiniz. Yazıb hazırladığınız mətn bəyənildi (o vaxtlar qayda belə idi). Lakin mitinqdə sizə söz verməyiblər. Nə qəm. Kitabınızda baş tutmayan çıxışınızın mətnini veribsiniz. Nə yaxşı ki, o vaxtlar qayda elə idi. Yoxsa o gözəl çıxışın mətninin taleyi necə olacaqdı?
Yaxşı bilirsiniz ki, o vaxtlar televiziyada da, radioda da, tədbirlərdə də qayda siz deyən kimi idi. Onun xeyri çox oldu. Yazdıqlarımız qaldı. Mənim "Seçilmiş əsərləri"min V cildinin böyük bir hissəsini radio və televiziyada vaxtilə yer alan çıxışlarım tutur (Təhsil, 2012, V cild, s. 7-160). Mənə belə gəlir ki, o vaxtkı qayda yaxşı imiş. İndi bəzən televiziya kanallarında mətləbə dəxli olmayan çıxışlar olur, qəzetlərdə mənasız yazılara təsadüf edilir. Elə kitablar çıxır ki, vərəqlədiyinə, itirdiyin vaxta heyfin gəlir. Televiziya kanallarında xalqın fəxri olmuş şəxsiyyət-lərimizə divan qurur, divan tuturlar. Adamın əsəbi ərşə dayanır. Xalqı alçaldırlar. Bir çox verilişlərdə xalqın zövqünə, mədəni və mənəvi səviyyəsinə zərbə vurmaq cəhdi açıq-aşkar özünü göstərir. Bu başqasının dəyirmanına su tökmək deyil, bəs nədir?!
Məni qınamayın, mən tərəfdarıyam ki, KİV-lərə çox ciddi nəzarət edən bir qurum yaradılsın.
Əsərinizin "Ziyarətli günlərim" bölümü xüsusi əhəmiyyət kəsb edir. Müsəlmanların ən böyük ziyarətgahı Kərbəla və Nəcəf şəhərlərində uyuyan İmam Əli və övladları İmam Hüseyn və Həzrət Abbası ziyarət etməyinizdən, inam və imanınızın daha da artdığından, ürək ağrısı ilə Füzulinin qəbrini görmək səadətindən məhrum olmağınızdan söz açırsınız.
Qardaşım, çoxları bu səadətdən məhrum olmuşlar. Ərəblər düşünürlər ki, Kərbəla İmam Hüseyn və Həzrət Abbasa məxsus ziyarətgahdır. Unudurlar ki, Füzuli ömrünün çoxunu İmam Hüseyn camesində baş çıraqban olub, ibadət edib. Odur ki, ziyarət edilməyə layiqdir.
Əzizim Yavuz müəllim,
Bağdadda Kazimiyyə camesinə getməyinizdən və 7-ci imam Kazımın məzarını ziyarət etməyinizdən söz açırsınız. Təəssüf ki, orada dahi Azərbaycan alimi Nəsirəddin Tusinin (1211-1274) qəbrini ziyarət etmək bir çoxları kimi sizə də qismət olmayıb. Ərəblər onu Abbasilər xilafətinə son qoymaqda günahlandırırlar. Hülaki Xan Bağdada (1258-ci ildə) guya onun məsləhəti və təhriki ilə hücum edib.
Mən Nəsirəddin Tusinin Bağdadda dəfn
olunduğunu bilirdim. Azərbaycan Sovet Ensiklopediyasında (VII
cild, s. 231-232) oxumuşdum ki, alim Bağdada səfəri
zamanı (əslində o vaxt alim Bağdadda xanın vəziri
vəzifəsində çalışırdı - Q.P.) vəfat
edib və "Cəlil Məscid"də dəfn olunub. Mən
çox soraqlaşsam da "Cəlil məscid"in yerini bilən
olmadı. Sonralar başa düşdüm ki, söhbət
Cümə məscidindən gedirmiş.
2001-ci ildə akademik Bəkir Nəbiyev, Sirus Abbasbəyli, İsrafil İsrafilov, Ağalar Mirzə və 8-ci sinifdə oxuyan oğlum Muradla İraqa səfərimiz zamanı xoş bir təsadüf nəticəsində öyrəndim ki, dünya şöhrətli alimin məqbərəsi Museyi Kazımın məscidində, qadınlar üçün ayrılmış cinahda imiş. Bura əvvəllər kişilərin girməsi qadağan idi.
Böyük xərc hesabına alimin məqbərəsinin və məzarının şəklini çəkməyə və akademik Bəkir Nəbiyevlə məqbərənin önündə şəkil çəkdirməyə icazə aldım. Vətənə dönəndən sonra mətbuatda geniş məqalə ilə çıxış etdim. Alimin məqbərəsinin və Bəkir müəllimlə birgə şəkillərimizi də verdim (Bax: "Ədəbiyyat qəzeti", 18.05.2011; Qəzənfər Paşayev. "Seçilmiş əsərləri", II cild, 2012, s. 239-242).
Yavuz müəllim,
Tarixi romanlarımızın görkəmli tədqiqatçısı olduğunuzdan şübhəsiz ki, tariximiz də sizi maraqlandırır. Məlumdur ki, Museyi Kazımın bir qızı Hökümə (Həkimə də oxunur) xanım Bibiheybət məscidində, o biri qızı Rəhimə xanım isə Nardaran pirində uyuyur. Nəsirəddin Tusinin İmam Kazımla yanaşı dəfn olunması, İmam Kazımın iki qızının Bakının iki məşhur məscidində dəfn olunması hansısa əlaqələrdən söz açmırmı?
Əziz qardaşım, Həcc ziyarəti ilə bağlı xatirələriniz də diqqətimi cəlb etdi. Mən də Məkkə və Mədinədə ümrə ziyarətində olmuşam. Lakin sizin kitabınızdan öyrəndim ki, ziyarət vaxtı kəsilən qurbanlar 26 müsəlman ölkəsinə, o cümlədən də 2500 cəmdək Azərbaycan qaçqınlarına göndərilirmiş.
Yenə də dahi şairimiz Səməd Vurğuna müraciət etmək zorundayam: "Deyilən söz yadigardır". Siz xatirələrinizlə bir abidə ucaltdınız.
Bu yaşda belə bir kitab ortaya qoymaq hər adama qismət olmur. Çoxlarımızın stolüstü kitabına çevriləcək, Sizi yaşadacaq əsəriniz münasibəti ilə Sizi ürəkdən təbrik edirəm.
Bir il yarımdan sonra 90 illik yubileyinizi birgə
keçirməyi Yaradandan təmənna edən dostunuz
Ədalət.-2015.-12
sentyabr.-S.12.