İçərişəhərli yubilyar

 

Bütün təbriklər milli televiziyamızın canlı əfsanələrindən biri- Xalq artisti Vasif Babayevə ünvanlanıb

Azərbaycanın ən tanınmış televiziya və kino rejissorlarından biri, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Beynəlxalq Televiziya və Radio Akademiyasının üzvü, "Humay" mükafatı laureatı, milli kinomuzun tarixində ilk "Qran-Pri"nin sahibi Vasif Babayevin 75 yaşı tamam olur.

Düzdü, sentyabrın 16-na hələ bir neçə gün var, amma qədim İçərişəhərin ruhunu özündə gəzdirən bu cavan oğlanın dostları, keçmiş iş yoldaşları, tələbələri indidən təbrik etməyə başlayıblar. "Ədalət" qəzeti də onlardan geri qalmayaraq istedadlı rejissoru, Afət xanımın ömür-gün yoldaşını, Hüsniyyənin və Aslanın atasını yubiley münasibəti ilə təbrik edir.

 

"Heydər Əliyev onun fəaliyyətini yüksək

qiymətləndirirdi"

 

Millət vəkili, Əməkdar jurnalist Elmira Axundova: "Milli televiziyamızın ustad rejissorlarından sayılan Vasif Babayevin 75 yaşı var. Onun yerişinə, duruşuna baxanları, gözlərindəki parıltını görənləri buna inandırmaq asan məsələ deyil. Məşhurluğuna, çoxsaylı rəsmi titullarına rəğmən, bu gün də dostları-tanışları üçün həmişəki sadə, mehriban və işgüzar Vasif müəllimdir. Ötən əsrin 60-cı illərinin əvvəllərində Vasif Babayev Az.TV-yə gələn kimi demək olar ki, şöhrətin zirvəsini fəth etməyi bacardı və cəmi bir neçə ilə rejissor köməkçisindən televiziyanın Baş rejissoru postuna qədər yüksəldi, sorağı bütün SSRİ-yə yayılan maraqlı sənədli filmlər lentə aldı, verilişlər hazırladı. "İçərişəhərin əbədi nağılı", "Bakı bulvarı", "Xuraman", "Həqiqət anı"... müəllifinə və bütün kollektivə hörmət qazandırdı. Vasif müəllim gecə-gündüz, yorulmaq bilmədən çalışır, ən məsuliyyətli işləri öz üzərinə götürməkdən çəkinmirdi.

Heydər Əliyev Vasif müəllimin peşəkarlığını həmişə yüksək qiymətləndirirdi, təsadüfi deyil ki, 1969-cu ildən başlayaraq bütün rəsmi toplantılardan, yığıncaq və konfranslardan hazırlanan translyasiyaların aparıcı rejissoru Vasif Babayev idi. Bu proses 1982-ci ilə qədər - Ümummilli Lider Moskvaya gedənə kimi davam elədi. Cəsarətlə demək olar ki, Vasif müəllim bu böyük dövlət xadiminin sənədli kino salnaməsini yaradanlardan biridir. Bu gün Heydər Əliyevlə bağlı film çəkənlər bizim Vasif müəllimin min bir əziyyət bahasına yaratdığı arxiv materiallarından gen-bol istifadə etsələr də hər dəfə nədənsə onun adını titrlərdə yazmağı yumşaq desək, unudurlar.

Məhz Vasif Babayev kimi peşəkar insanların sayəsində milli televiziyamızda ötən əsrin 60-80-ci illərinin sənədli salnaməsi yaradılıb. İndi bircə qalır bu nadir sərvəti qorumaq və öyrənmək...

1990-cı ilin Yanvar hadisələri zamanı Vasif Babayevin Seyidağa Mövsümlü, Rafiq Savalan, Azər Zamanlı, Ələkbər Muradov, Nadir Zeynalov, Rəsul Babayev, İzzət Əzizov, Adil Bünyatov, Əlövsət Aslanov, Fikrət Qafarov, Namiq Şirəlibəyov kimi vətənpərvər silahdaşları ilə göstərdiyi qəhrəmanlığı heç vaxt unutmaq mümkün deyil.

Vasif müəllimin öz peşəsinə olan vurğunluğuna qibtə etmək olar, yalnız peşəkarlar işini belə sevə bilir. Maraqlıdı ki, yubilyarımız öz əbədi sevgisini də televiziyada, daha doğrusu radioda tapdı. Bu illər ərzində Afət xanım öz ömür-gün yoldaşını daim diqqət və qayğı ilə əhatə edib. Xoşbəxt və vəfalı cütlük birlikdə iki övlad böyüdüblər, qızları istedadlı jurnalist kimi təkcə Azərbaycanda deyil, ölkə xaricində də yaxşı tanınıb.

Vasif Babayev bu gün sevdiyi və uzun illər boyu quluq etdiyi televiziyadan kənarda qalıb, öz memuarlarını yazmaqla məşğuldur. Onun kimi peşəkarın məsləhətlərinə yeni yaranan telekanallarımızın bilsəniz necə ehtiyacı var..."

 

"Ayağı sayalı

qəribə oğlan"

 

Əməkdar jurnalist Ələkbər Abbasov: "Vasif Babayevi görəndə yadıma Arif Babayev düşür. Sonra da yadıma Azər Babayev düşür. Vasifdən qabaq Arif müəllimi tanımışam. Vasifi tanıyandan sonra Azəri. İndi nə Arif müəllim var, nə də Azər. Allah bilir ruhları göyün neçənci qatındadır. Amma düşünürəm ki, harada, göyün neçənci qatında olsalar da, yəqin mədəni, bilikli, hazırcavab, gülərüz və zarafatcıl mələklər arasındadırlar. Ona görə "mədəni, bilikli..." deyirəm ki, mələklərin hamısı eyni cür ola bilməz. Robot deyillər ki, bir-birlərinə bənzəsinlər! Yəqin peşələri də müxtəlifdir, gördükləri işlər də. Güman ki, mələklər arasında kinonu və televiziyanı sevənlər də az deyil...

Vasiflə tez-tez olmasa da, arabir zəngləşir, imkan tapanda görüşürük. Görüşlərimiz də çox vaxt ya İçərişəhərin yuxarı qapısında başlanıb, aşağı qapısında qurtarır, ya da əksinə - aşağı qapısında başlanıb, yuxarı qapısında qurtarır. Hər dəfə də yolumuzu Mir Mövsüm Ağa ocağından və İçərişəhərin gözmuncuğu sayılan məşhur tut ağacının yanından salırıq, çünki köhnə İçərişəhərli kimi bu tut ağacının özü də Vasif üçün müqəddəs bir məbəddir. Bu ağacın dibində və həndəvərində qalmış uşaqlıq illərindən söz açanda artıq bəlkə yüzüncü dəfə fikrimdən keçir ki, rejissor olmasaydı, turistlər üçün əla bələdçi, ekskursiyaçı ola bilərdi Vasif. Elə sevdirərdi ki, köhnə Bakını əcnəbilərə! Təkcə onlara yox, - özümüzünkülərə də. Sehrləyərdi onları söhbətləri ilə. Neçə dəfə özüm hiss eləmişəm, İçərişəhərdən, onun tarixindən memarlıq abidələrindən, "yaxşı atları minib getmiş yaxşı kişilərdən" danışanda bu dünyanın adamı olmur Vasif...

Vasif televiziyaya 1964-cü ildə, hələ Dövlət İncəsənət İnstitutunda təhsil alarkən gəldi və özü ilə qəribə bir deyim, mənası anlaşılmayan bir ifadə gətirdi: "Kasıb oğlanam, yetim oğlanam". İşə təzə köynəkdə, yaxud təzə gödəkcədə gəlirdi, tay-tuş "Mübarəkdir!" deyib, əlavə edəndə ki, "Əcəb yaraşır sənə!", cavab verirdi ki, "Neynim, kasıb oğlanam, yetim oğlanam"! Yaxşı bir veriliş hazırlayırdı, təbrik edirdilər, o da təbriklərə eyni sözlərlə cavab verirdi.

Amma çox tez bir vaxtda məlum oldu ki, bu "kasıb və yetim" oğlan gecə-gündüz yemədən-içmədən çəkilişlərdə olmağı, montaj otağında yatıb qalmağı hər şeydən üstün tutan, liderlik keyfiyyətləri ilə seçilən, işgüzarlığı, səmərəli yaradıcılıq axtarışları qibtə doğuran, narahat bir gəncdir. Vasifin qədəmləri sayalı oldu. Onun gəlişi ilə maraqlı bir proses-gənclərin televiziyaya axını başladı. Vasif televiziyaya rasional planlar, rasional görüntülər üslubunu gətirdi. Onun emosiyaları, duyğuları, mövzu və süjet görümü də yalnız özünün müəyyən etdiyi ölçüdə - biçimdə idi.

Həmin o 60-cı illərin ortalarında Vasifin rəngarəng verilişləri və sənədli filmlərinin Azərbaycan televiziyasında çoxillik parlaq "rəsmi-keçidi" başladı və onların demək olar ki, hər biri respublikanın ekran-efir məkanında əsl hadisəyə çevrildi. Onun yaradıcılığının qızıl dövrü Azərbaycan televiziyasının tarixində silinməz iz qoymuş iki böyük yaradıcı insanın - Xalq şairi Nəbi Xəzri və professor Elşad Quliyevin adları ilə bağlıdır".

 

"Vasif müəllimlə məsləhətləşmək

lazımdı..."

 

Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq kafedrasının müəllimi, ssenarist Kamran Qasımov: "Atamın bir tərəfi İçərişəhərdən idi. Ona görə İçərişəhər və bu nağıl dolu aləmin sakinlərinə xüsusi hörmətlə yanaşırdı. Kinorejissor Arif Babayevin İçərişəhərlə bağlı yaratdığı ekran nümunələri televiziya ilə nümayiş etdirildikdə, o, həmin filmlərin hər bir kadrına böyük maraqla baxardı... Biz o zaman ki, "Gənclər dostluğu" (indiki Atatürk) prospektində - "Gənclik" metrosundan iki dayanacaq arxada yaşayırdıq, Vasif Babayevin yaşadığı bina bizim qonşuluğumuzda idi. Atam Vasif müəllimi 80-ci illərdən tanıyırdı. O vaxtlar incəsənət sahəsinə olan marağım atamı narahat edirdi. Yeniyetmə yaşlarımda tam olaraq kino və televiziya sənətində çalışacağıma və bu məqsədlə Mədəniyyət və İncəsənət Universitetində təhsil alacağıma qərar vermişdim. Atam narazı olsa da, bir kəlmə dedi: "Vasif Babayevlə məsləhətləşmək lazımdır."

Yay ayları idi, Vasif müəllimlə zəngləşib onlara getdik. Vasif müəllim mənimlə bir qədər söhbət edib, oxumaq üçün bir neçə kitab verdi. Kitablardan biri Amerika kinosunun yaranması ilə bağlı idi. Atamın mənim peşə seçməyimlə bağlı narahatlığını görəndə isə belə dedi: "Əsas odur ki, peşəkar olasan. Dolanışıq sonra özü düzələcək." Universitetə hazırlaşanda tez-tez Vasif müəllimlə ünsiyyətdə olur, ondan televiziya və kino ilə bağlı məsləhətlər alırdım. Məni həmişə səbirlə dinləyir, tövsiyələrini verirdi. Bir il ötdü, qəbul olunanlar arasında öz adımı görəndə Vasif müəllimi axtardım. Məhəllədə bir neçə qonşu ilə dayanıb, nə barədəsə danışırdı. Məni görən kimi "nə oldu, imtahanlar, deyir cavablar çıxıb?" - deyə soruşdu. Mən sevinclə ona qəbul olunduğumu söylədim. Vasif müəllim bu xəbərdən çox sevindi, məni bağrına basıb təbrik elədi. Mədəniyyət və İncəsənət Universitetinə qədəm qoyduğum ilk gündən bu günə kimi vaxtaşırı Vasif müəllimə müraciət edirəm. Vasif müəllimin yaradıcı dəstəyi və qayğısı olmasaydı, bəlkə də mənə sənətin bir çox peşəkarlıq sirləri elə sirr olaraq qalacaqdı. Hər yeni işimi Vasif müəllimə nümayiş etdirdikdə, o, həmişə sevinir, öz təəssüratlarını bölüşür, eyni zamanda buraxılmış səhvlərdən də yan keçmir. Video qurğunun pultunu əlində saxlayır, hər bir kadra geniş izahat verir. Bu izahat elə peşəkar səviyyədə olur ki, isonradan hər-hansı sualın yaranmasına ehtiyac qalmır.

Vasif müəllim uzun illər Azərbaycan televiziya məkanının məsuliyyətli yükünü çiyinlərində daşıyan peşəkarlardan olub. Bu gün telekanallarda çalışan bir çox tanınmış mütəxəssislər - rejissorlar, operatorlar, redaktorlar, müxbirlər, aparıcılar onun tələbəsi olublar desəm, yanılmaram. Peşəkar insanın bu gün Azərbaycan televiziya kanallarına yol tapan qeyri-peşəkar meyillərə qarşı məntiqli şəkildə irad bildirməsi həm də onun daxili narahatlığından xəbər verir".

 

Ədalət.-2015.-12 sentyabr.-S.9.