"Günəş batmır, oğlum!"

 

Tələbə dostum, istedadlı qələm sahibi, Əməkdar jurnalist Ələkbər Abbasova - Şəhriliyə ömrümüzün 75-ci payızında sayğı və cansağlığı arzusu ilə

 

Günəş qüruba endikcə sönməkdə olan tonqal kimi közərir, qızılı şüaları ilə səmaya, dənizin mavi sularına bənzərsiz naxışlar vururdu.

Eyvanın məhəccərinə söykənib qürub yerinə tamaşa edən ahıl kişi dərindən köksünü ötürdü.

- Ahın dağlara, Fəxri!

Qanrılıb ona sarı gələn xanımına yanpörtü nəzər saldı:

- Dağlar uzaqlarda qalıb, yadıma başqa şey düşdü.

Qadın sual dolu baxışlarını ərinə zillədi.

- Adam inana bilmir ki, o vaxtdan 50 il keçib. Pah atonnan, - kişi vaysındı, - elə bil dünən olub. Rəhmətlik Əli müəllim deyərdi ki, ahıllıq insanın qürub çağıdır. Hər dəfə qüruba baxanda onun sözü yadıma düşür. Yeri behiştlik olsun, böyük alim, nəcib insan idi. Mənə yetim, imkansız çağımda nələr eləmədi? Universiteti bitirən ili aspiranturada saxlatdırdı, elmi rəhbərim oldu. Tək mənim yox, çoxlarının pənahı, xüsusən arxasızların dayağı idi. İndi söz düşəndə, cavanlar mənə təəccüblə baxırlar, elə bilirlər nağıl danışıram. İnsan necə xeyirxah, alicənab olarmış, ilahi, şükür kəramətinə!

Kövrəldi, boğazında düyünlənən qəhərini boğsa da, çuxura düşən, nuru öləzimiş sönük gözləri nəmləndi. Ona diqqətlə göz qoyan xanımı əl-ayağa düşdü, üzünün ifadəsi ciddiləşdi:

- Dərmanı içmisən?

Kişi günahkar kimi baxışlarını qaçırıb başını buladı:

- Tamam yadımdan çıxıb.

- Daha sözüm yoxdur, 50 il bundan qabaq olanları bircə-bircə danışırsan, bəs həkimin dediklərini niyə yaddan çıxarırsan?

Qadın deyinə-deyinə yan otaqdan təzyiqölçəni gətirib onun qoluna bağladı, rəqəmlərin üzərilə qaçan əqrəbə baxa-baxa dedi:

- Heç özündən xəbərin var, 180-ə qalxıb. Al bunu qoy dilinin altına.

Telefon zəng çaldı. Qadın dəstəyi götürüb dinlədi. Xırda qırışlar düşsə də, əvvəlki təravə-tinin izi qalan sifətinə təbəssüm qondu. Danışan yaxın dostları idi. Salamlaşıb hal-əhval tu-tandan sonra:

- Necə olacaq, yaş öz işini görür, - dedi. - Hər işə qarışır, hamıya məsləhət verir. Özünə gələndə dərman içməyi yadından çıxarır. Deyirəm, keçmişdə olanları yadına sala bilirsən, dər-manlarını yox? Zəhmət çək vaxtında iç, çörə-yini ye, hər ayın axırında da pensiyanı al, allahına şükür elə. - Qadın sözünə ara verdi. Azacıq sükutdan sonra, - Hə, elə o da sən deyəni deyir. Deyir, allahıma şükür edən bəndəyəm, ancaq pensiya məsələsində yox. Belə pensiya olar, 50 il işləyəsən, indi pensiya adına qəpik-quruş verələr? Özü də eləməyib tənbəllik, bunların hamısını yazıb göndərib idarələrə, qəzetlərə, hələ üstəlik televizorda danışıb. Eh, sən də deyirsən düz eləyib. Nə faydası, heç gör qımıldanan, saya salan var.

Qadın telefonda danışdıqca gözaltı ərinə baxırdı. Hiss edirdi ki, dərman təsirini göstərir, kişinin avazıyan rəngi özünə gəlir. Dəstəyi ona verib, yan otağa keçdi. Kişi gümrah səslə yaxın dostu, həmkarı ilə hal-əhval tutdu:

- Mən də babatam. O ki, qaldı təzyiqə, gərək dərmanımı yaddan çıxartmayım. Qardaş, boynumuza alaq ki, yaş öz işini görür. Adam əliynən qoyduğunu tapa bilmir. Dünən gözlüyümü itirmişdim. Evi ələk-vələk elədim. Nəvəm soruşdu ki, baba nə axtarırsan. Dedim gözlüyümü, uşağı gülmək tutdu. Sən demə eynək gözümdə ola-ola, axtarıram. Öz-özümə güldüm, amma pərt oldum, üzə vurmasam da içimdə əsəbiləşdim. Həkim də deyir ki, çalış əsəbiləşmə, səni həyəcanlandıran şeylərə fikir vermə, üzünü yana çevirib uzaqlaş. Mən bunu bacarmıram. Keçən şənbə qəzet alıb evə qayıdanda gözüm tindəki zibilliyə sataşdı. Kaş görməyəydim. İki nəfər zibil qutularını eşələyirdi. Elə bu vaxt əynində nimdaş qara kostyum, başında bozarmış şlyapa, boynunda əzik qalstuk olan arıq, üzgün ahıl kişi onlardan aralı dayanıb burnunun üstünə sürüşən çeşməyinin arxasından yan tərəfdəki qutuya nəzər saldı. Əlini uzadıb çörək qırıqları ilə dolu sellofan torbanı götürdü və ətrafına ötəri baxıb tez də uzaqlaşdı. Mən onu güclə tanıya bildim. Heç tanınmalısı qalmamışdı. O boyda kişi elə bil yerimir, kölgə kimi sürünürdüg

Birdən nəvəsinin onu köməyə çağıran həyəcanlı səsini eşitdi:

- Ay baba!...

Dostuna üzrxahlıq edib, dəstəyi yerinə qoydu və yan otağa keçdi:

- Nə olub, a baba?

- Babası, gül kimi xörək bişirmişəm, yemir, - gəlini şikayətləndi, - daraşıb yavan çörəyə!...

Babasını görcək ürəklənən balaca əlindəki tikəni xırda-xırda dişləyərək:

- Mənim nənəmin çörəyindən xoşum gəlir, - dedi.

Onlar mağazadan çörək almırdılar. Rayonda yaşayan qohumları arabir yerli buğda unu göndərirdi. Nənə elektrik sobasında çörək bişirirdi. Nəvəsinə məxsusi süddə yoğrulan balaca, yumru kökə hazırlayırdı.

Baba nəvazişlə uşağın başına sığal çəkdi:

- Nuş olsun, mənim balam, - dedi, sonra gəlininə üz tutdu, - ot kökü üstə bitər, qızım. Nəvəm elə özümə çəkib.

Onun qar kimi ağarmış qaşları çatıldı, gözləri yol çəkdi. Uşaqlığı, müharibə illəri yadına düşdü. Çörək qəhətə çıxmışdı. Atası cəbhədə idi, qayıtmadı, əvəzində əl boyda "qara kağızı" gəldi. Anası yayın boğanağında, qışın şaxtasında dan yeri ağarandan qaş qaralanadək çöldə, tar-lada işləyirdi. Evə buğda gətirəndə, nənəsi "əl daşında" üyüdür, təndir qalayırdı. Elə bil nəvəyə dünyanı verirdilər. Axı, nənəsinin təndir çörəyindən ləzzətli nə ola bilərdi? Üstündə də Sarı inəyin nehrədə çalxanan yağıg

İllər qış olub uçdu, o böyüdü, sayılıb seçilən savadlı, bacarıqlı, çörəkli kişilərdən oldu. Amma rəhmətlik nənəsinin təndir çörəyinin, bir də Sarı inəyin südünün, qaymağının, nehrə yağının dadı damağından getmədi. İnsafən xanımının evdə bişirdiyi çörək, o vaxtın çörəyinə çatmasa da, indi mağazada satılandan çox-çox dadlı idi.

Baba nəvəsini qucaqlayıb öpdü:

- Səni görüm çörəkli kişi olasan. - Sonra kövrək səslə soruşdu, - Sən də böyüyüb atan kimi kişi olmaq istəyirsən?

- Hə!

- Onda ananın bişirdiyi xörəyi ye, - gözaltı nəvəsinə baxıb sözünə aramla davam etdi, - Görürsən böyükləri - babanı, nənəni, atanı, ananı. Sən də onlar kimi xörək yesən böyüyüb kişi olarsan.

Gəlinin yaraşıqlı çöhrəsi işıqlandı. Baba təmkinini pozmadan asta, arxayın səslə:

- Sən mənim ağıllı balamsan, - dedi, - xörəyini ye, anan geyindirsin, gedək parka, uşaq-larnan oyna.

- Ura, babam məni parka aparacaq!

***

Yaşıllığa bürünən, gül-çiçəyi göz oxşayan park tünlük idi. Yayın nəfəsi təntidən boğanaq bürküsündən baş götürüb bu sərin, səfalı yerdə dincəlməyə gələnlər dəstə-dəstə gəzişirdilər. Babasının əlindən tutub hovuzun kənarında dayanan uşaq, gur suyu göyə millənən fəvvarədən ətrafa səpələnən şəffaf damlalara maraqla baxırdı. Əlində tutduğu dondurmanı da bir anlığa unutmuşdu elə bil. Başını qaldırıb ucaboy, arıq babasına baxdı, şirin uşaq ləhcəsiylə: "Nə yaxşıdı, xoşum gəlir", - dedi. Sonra soyuğu balaca əlini üşüdən dondurmanı ləzzətlə yedi. Baba don-durmanın naxışlı şax kağızını nazik çöpü ilə birlikdə ondan alıb yaxındakı ağacın dibinə qoyulmuş qutuya atdı:

- İstəyirsən birini də alım.

-Yox, bəsimdi. Anam deyir, çox yesən boğazın ağrıyar.

- Düz deyir, - baba gülümsündü. - Onda gedək uşaqlar oynayan yerə, sən də velosiped sür.

Uşaq babasının birovuz aldığı balaca üçtəkərli, yaraşıqlı velosipedə sevincək minib dairəvi, hamar meydançada yaşıdlarına qoşuldu. Baba bir qədər kənara çəkilib uşaqlarına göz qoyan böyüklərin cərgəsində dayandı. Birdən arxadan elə bir uğultu qopdu ki, hamı diksinib səs gələn tərəfə, parkın arxasında uzanıb gedən zeytun bağına sarı boylandı. Onunla yanaşı duran dazbaş kişi cavan bir oğlana müraciətlə:

- A bala, tez özünü çatdır, camaatla bir ol, - dedi, sonra axsaya-axsaya uzaqlaşan gəncin ardıncı baxıb gur səslə tapşırdı, - deginən möhkəm dursunlar, indi mən də uşağı götürüb gəlirəm.

O, Fəxri kişinin sualını gözlərindən oxuyurmuş kimi:

- Kiçik oğlumdu, -deyib ah çəkdi, - müharibə əlilidi, böyük qardaşı da şəhid oldu.

Fəxri kişi əlini qaldırıb zeytunluğun arxasındakı çoxmərtəbəli binaya tərəf uzatdı:

- Orada nə olubki?...

- Bizim camaat qalır o həndəvərdə, qaçqınlar, - fikirli halda başını buladı, - nə deyim, vallah özüm də mat-məəttəl qalmışam. Dığa koppoyoğlu İvanın gücüynən, top-tüfəngiynən ti-fağımızı dağıtdı, meşələrimizi qırıb-çatdı, -həyəcandan səsi titrədi. - Bunu başa düşdük, düşməndi bineyi-qədimdən. Köhnə kişilər deyiblər: "Qarı düşmən dost olmaz". Bunu dağılmış sovetin zamanında gördük, axırı da beləg Bəs buna nə ad verək, sapı özümüzdən olanlara?..

Kişini elə bil od götürdü:

- Ağsaqqal, allahın quranına and olsun, gecəni çimir eləyə bilmirik, baltanın-mişarın, ma-şının səsindən. İlahi, kəsilən ağac da yaralı canlı kimi inildəyərmişg Axırı dözmədik, haray saldıq, idarələrin qapılarını döydük, qəzetlərə yazdıq, televiziyada sözümüzü dedik. Arada bir az sakitlik oldu. Sonra eşitdik ki, yazıb şəkil çəkən müxbiri şərləyiblər: guya pis-pis işlərnən məşğulmuş. Bu nə sözdü, nə oyundu bilə bilmirəm. Onu bilirəm ki, sapı özümüzdən olanlar camaatla gizlənpaç oynayırlar. Fürsət tapan kimi baltalarını-mişarlarını işə salırlır. Biz də qoy-muruq, səs eşidən kimi yığışıb özümüzü irəli veririk.

- Yaxşı eləyirsiz, - eşitdiklərindən qanı qaralan Fəxri kişi xəcalət çəkirmiş kimi başını aşağı salıb, gözlərini yerə dikdi, sonra nəyisə xatırlayıb fikirli halda müsahibinə baxdı, - sözünüzün qüvvəti, yaxınlarda mən də buna oxşar hadisəynən rastlaşmışam. Vaxtilə işlədiyim rayona getmişdim. Köhnə dostlar dəvət eləmişdilər, səfalı yerləri gəzdirdilər, meşələr, bağlar, bulaqlar, böyründə də dənizg

Xoşhal oldum, ürəyim açıldı. Ancaq baltalanıb qırılan ağacların kötüklərini görəndə qanım qaraldı. Ərkim çatan vəzifəlilər mənə təskinlik verdilər ki, daha olan-olub, keçən-keçib. İndi bunun qarşısını alıblar. Necə? Meşənin dərinliyinə gedəndə sualıma cavab tapdım. O boyda me-şəni hissələrə bölüb çəpərləmişdilər. Hər hissənin də öz sahibi, çəpəri, qapısıg Əlibaltalı, mişarlı kim bu qapıdan içəri girə bilər, ağac nədi, çöpünə, gül-çiçəyinə əl uzada bilər? Heç kim! Əlbəttə, buyurub qonaq olun, bulaq suyu için, yayın istisində çayda çimib sərinlənin, xülasə sahibkar hər cür şərait yaradıb, təki əlin cibində olsun, puluna minnətg Bax belə, guya meşələri, yaşıllığı qoruyurlar.

- Bu zeytunluğu da əvvəl çəpərləyib içərisində istədiklərini eləmək fikrindəydilər. Vax-tında ayıq düşdük, qoymadıq.

Zeytun bağının yuxarı başında çoxmərtəbəli binanın qarşısında hay-küy qalxdı.

- Bağışlayın, mən oraya getməliyəm, - deyə dazbaş kişi üzrxahlıq etdi, 4-5 yaşlarında qə-şəng qız nəvəsinin əlindən tutub uzaqlaşdı.

Fəxri kişi onun ardınca baxıb fikrə getdi. Sonra uşaqlar oynayan meydançaya sarı boylanıb nəvəsini səslədi:

- Gəl gedək evimizə, hava qaralır.

 

 

 

***

Yuxudan ayılanda qulağına səs gəldi. Deyəsən onu oyatmasınlar deyə astadan danışırdılar. Qulaq verdi, oğlu anası ilə dərdləşirdi. Ana həmişəki kimi təsəlli verirdi:

- Səbr elə, keçib gedər, inşallah.

- Nə qədər səbr eləmək olar, axı. Heç insafları yoxdur. Hər gün biri qapını döyür, ver, ver!... Deyirəm, axı, nə qədər vermək olar? Vergini həmişə vaxtında ödəyirəm, qayda-qanuna əməl edirəm. Nə qədər yoxlama aparmısız, təftiş eləmisiz, nəticəsi nə olub? Axı bura bazar deyil, ticarət mərkəzi-filan deyil, kiçik müalicəxanadır. Mən də neçə ilin həkimi öz həmkarlarımnan camaata xidmət edirəm. Özünüz şahidsiniz, ailəniz, qohumlarınız burada müalicə olunublar. Razı qalıblar, arada pul, qəpik-quruş söhbəti olmayıb, hər şey havayı-məccani. İndi də ilin axırıdır. Heç kimə borcumuz yoxdur: vergiyə, gömrüyə, yanğınsöndürənə, suya, işığa, qaza, daha nə bilim nəyə. O gün kanalizasiyadan gəlmişdilər, onları da yola saldım.

-Yaxşı, indi sözünün canı nədir bunun?

- Nə olacaq, deyir ilin axırıdır verməlisən. Axı, nəyə görə, nədən ötrü? Özü də elə məbləğ deyir ki, matım-qutum quruyur. Bütün il ərzində o məbləğin heç yarısını qazana bilmirik. Haradan verim bunu? Dedim, evimi satım? Atamın evidir, köhnə Xruşşovka. Bağım yerli-dibli yoxdur, bir köhnə maşınım var, götürün aparın. Deyirlər, bizi ələ salmısan, verməlisən vəssalam!

Qapı astaca açıldı. Qadın ərini görcək təəccübləndi:

- Durdun, nə tez?...

- Oğlum da özümə çəkib. Nə qədər asta danışsa da, səsi qayım çıxır.

Oğlu atasının sözlərindən pərt oldu. Fəxri kişi qayğılı, kövrək səslə:

- Axırı nə oldu, - soruşdu, - insafa gəldilər?

- Eh, insaf hardaydı, nə qoyub nə axtarırsan.

Kişi heç nə olmamış kimi sakit, ağayana tərzdə:

- Özünü darıxdırma, - dedi. - O köhnə dostumu tanıyırsan də, deyərəm, yoluna qoyar.

- Onu da pensiyaya çıxartdılar.

- Bilirəm, yerinə oğlunu düzəltdirib, - ani fikrə gedib güclə sezilən istehza ilə - o, məndən zirəkdi, belə şeylərdən baş çıxarır, vaxtında özünə gün ağlayıb. Amma dostluqda etibarlıdır, haqq-sayı itirən deyil. Mən də imkanlı vaxtımda onun sözünü yerə salmamışam.

- Oğlu yaman harınlayıb, gözü ayağının altını görmür.

- Qələt eləyir, - kişi acıqlandı, - atasından tük salır, tapşırar, düzəldər.

Ata-oğul söhbətinə sakitcə qulaq verən ananın üzü işıqlandı. Az qala yarım əsri adlayan ömür-gün sirdaşının xasiyyətini yaxşı bilirdi: "dedi-qurtardı".

Fəxri kişi fikrə daldı. Sonra bir qədər mülayim, qayğılı səslə oğlundan soruşdu:

- Bəs o birilərin əhvalı necədir? Sənin kimi kiçik sahibkarları deyirəm.

- Yaxından tanıdıqlarımla dərdləşirik. Hamısı eyni kökdədir, çıxış yolu axtarır. Adamı, dayısı olana bir az güzəşt eləyirlər.

Oğul anasının baxışlarını sezib söhbətinin axarını dəyişmək, gərginliyini azaltmaq məqsə-dilə zarafata keçdi:

- Gərək dayın ola, elə-belə adi yox, əsil dayı. Əşşi, həmişə belə olub dəg

Hiss etdi ki, ehyamı yerinə düşməyib. Atasının üzündəki qırışlar səyridi elə bil.

O, ötkəm səslə:

- Yox, belə olmayıb. Lap ağını çıxardıblar indi, - deyib köks ötürdü.

Az sonra yadına nəsə düşdü, səsi yenə mülayimləşdi:

- Bəs o dostun necədir? Orxan kişinin oğlunu deyirəm.

- Çıxıb getdi.

- Hara?

- Ona nə var ki, neçə dil bilir, harda olsa çörəyi, rahat dolanışığı olacaq.

- Əcəb, bərəkallah belə oğula. Bəs ailəsi, ata-anası?

- Ev düzəldən kimi arvad-uşağını da aparacaq. Ata-anasını, əlbəttə, apara bilməz. Vaxtları keçib, çox qocalıb, düşüblər.

Fəxri kişi əsəbi halda başını buladı:

- Ayağı yer tutan başını götürüb gedir, rahatlıq axtarır özüyçün. Rəhmətlik Sabir demişkən: "Mən salim olum, cümlə cahan batsa da batsın".

O, dərindən ah çəkdi:

- Yox, cümlə cahan batmayacaq. Amma qocaların vayına gələn, torpağa tapşıran tapıl-mayacaq.

Ərinin sözləri qadının ürəyindən xəbər versə də, özünü o yerə qoymayıb kişiyə təpindi:

- Ağzını xeyirliyə aç, kişi, ala dərmanını iç, özünə gəl.

O, könülsüz halda həbi dilinin altına qoyub sordu. Sonra arvadının uzatdığı stəkanı alıb bir-iki qurtum içdi.

Çox çəkmədi ki, kişinin rəngi duruldu, çaş-baş qalan arvadına ərklə:

- Sən elə bilirsən ki, kişinin ağlı çaşıb, ağzına gələni danışır? - sual verdi. - Xeyr, hələ canımda təpər var. Görmürsən rayondan dalımca maşın göndərirlər. Köhnə dostlar kənd-kəsəyi gəzdirib ürəyimi açmaq istəyirlər. Baxıram, cavanlar, əli bel tutan kişilər gözümə dəymir. Soru-şuram, deyirlər çörək dalınca gediblər, çoxusundan da xəbər-ətər yoxdu, arvad-uşağın, qız-gəlinin gözləri yollarda qalıb. Deyirəm bu torpaqlar, bağlar, tarlalar çörək yeri deyil? Bəs bunları kim becərməli, kim qorumalıdır?

- Eh, sənin köhnə şakərindi, onun-bunun fikrini eləmək. Camaatın dərdi-səri sənə qalıb, bu ahıl vaxtında? - arvadı əsəbi halda əllərini yellədi.

Kişi etiraz etdi:

- Xeyr, elə deyil. Heç fikir vermisən, yasda hər kəs öz ölüsünə ağlayırg Bir kənddə elə şeyə rast gəldim ki, aləm başıma fırlandı, ürəyim sıxılıb, dərd oldu mənə. Fikirləşdim, bu yaşa çatmışam, az-çox görüb-götürmüşəm, amma heç ağlıma gəlməyib ki, ölünün də bədbəxti olarmış.

Arvad matı-qutu çəkilmiş kimi əlini çənəsinə dayayıb, heyrətdən böyüyən gözlərini ərinə zillədi. Oğlu elə bil səksənib yerində qurcalandı.

- Kənd yoluna yığışan adamları görüb maşını saxlatdırdım. Onlar maşının içərisinə göz gəzdirib başlarını buladılar: "Yox, o deyil" - dedilər. Öyrəndim ki, kənddə rəhmətə gedən var. Neçə vaxtdı, xəstəymiş, oğlunu arzulayırmış. Teleqram vurublar, gözləyirlər ki, heç olmazsa atasının dəfninə çatsın. Sonra öyrəndim ki, oğul gəlib çıxmayıb, qonum-qonşu basdırıb qocanı. Qulağıma çatan söz tərpətdi məni: "Diriliyində kimsəsiz qaldı, bir gün görmədi, ölüsü də bədbəxt oldu".

Araya ağır sükut çökdü. O, başını qaldırıb ilk dəfə görürmüş kimi oğlunu başdan ayağa süzdü.

- De görüm sən nə fikirdəsən, oğul. Olmaya, ayağını qaçaq qoymusan? Axı, sən də neçə dil bilirsən, xaricdə təhsilini artırmısan.

Ahıl atasının sorğu-sualı oğlu üçün gözlənilməz, yetərincə kəskin oldu. O, bir anlığa tutuldu, qaş-qabağını sallayıb, incik halda qətiyyətlə:

- Mən heç yana gedəsi deyiləm, - dedi. Bir qədər susub öz-özünə danışırmış kimi sakit, həlim səslə fikrini tamamladı. - Sıravi həkim işləyərəm, dərs deyərəm, imtahana uşaq hazırlay-aramg nə təhər olsa ailəmi saxlayaram. Ancaq ayağımı kənara qoymaram. Əcnəbi ölkələrdə oxumaq, biliyini artırmaq, ixtisasını təkmilləşdirmək, görüb-götürmək, irəli getmək, özünə gün ağlamaq, ailənə çörək qazanmaq qəbahət deyil. Mənə gəldikdə isə başqa cür fikirləşirəm. Hansı torpaqda, ailədə dünyaya gəlmək insanın iradəsindən asılı deyil. Tanrının vergisidir bu: vətən, ata, anag Mən onlara arxa çevirə bilmərəm.

Anaya elə bil dünyanı bağışladılar:

- Qurban olum dilinə, oğul, nə yaman deyirsən.

- Olanı deyirəm, ana. Dostlarım, yaxınlarım içində belələri çoxdur. Elə cavanlar arasında da nə qədər desən var. O gün yaşlı pasiyentim dedi ki, oğlu xaricdə oxuyub. Orada yaxşı iş təklif eləyiblər, razı olmayıb. Deyib, öz ölkəmdə işləyəcəyəm.

- Halal olsun, - Fəxri kişi ürəkdən dilləndi, - yaxşı ki, belə oğullar da var.

- Var ata, özü də az deyil. Belə ağıllı, savadlı, zirək cavanlarla ünsiyyətdə olanda adamın ürəyi açılır. Onlar deyirlər ki, öz rahatlığın üçün tərk etdiyin yurduna Vətən deyə bilməzsən. Vətən yaşadığın, torpağını qoruduğun yerdir, - Oğul dərin düşüncələrə dalan ahıl atasına zənnlə baxıb, - mən də belə düşünürəm, - dedi.

Qocanın çuxura düşüb nurunu itirməkdə olan gözlərinə elə bil işıq gəldi. Qırışlarla dolu üzünə astaca sığal çəkib kövrək səslə:

- Sağ ol, bala, halal olsun, - dedi, - öz övladlarına da belə tərbiyə ver.

* * *

Odu avazıyan tonqal kimi közərərək qızılı şüaları ilə səmaya, dənizin mavi sularına bən-zərsiz naxışlar vuran günəş qüruba enib, üfüqdə qaralan dağların arxasına çəkildi.

Eyvanın məhəccərinə söykənib qürub yerinə tamaşa edən Fəxri kişi dərindən köksünü ötürdü.

- Baba, günəş necə oldu, batdı?

Başını əyib yanında şək dayanan adaşının alnından öpdü:

- Günəş batmır, oğlum, heç vaxt batmır, qürub edir. Qürubun nə olduğunu, inşallah, mənim kimi baba olanda biləcəksən.

Baba qanrılıb sağ əlini Şərqə sarı uzatdı:

- Bax, sabah səhər orada günəş doğacaq, sənin günəşin!

- Mənim günəşim? Ay aman, nə yaxşı!...

- Hə, sənin günəşin, - nəfəsini dərib əlavə etdi, - balalarımızın, dünyamızın günəşi!...

 

Ədalət.-2015.-19 sentyabr.-S.12-13.