Hüseynbala Mirələmov kimdir...
Mahir QABİLOĞLU
Nəsə yerlibazlıq eləməyim gəlir. Deyirlər ki,
bakılılar, şirvanlılar yerlibaz olmur. Bunu lap çoxdan, uşaq vaxtı atam Qabildən
eşitmişəm. Az-çox, 49
yaşım var, görürəm ki, doğrudan da elədir.
KVN-də bir epizod var e... Soruşur ki:
-
Haralısan?
-
Bakılı.
- Onda Allah köməyin olsun.
Düzdür, bu bir yumor, bir zarafatdır. Amma bu ifadədə
həm də bir həqiqət yükü var. Subyektiv fikrim
kimi qəbul edin bunu, mümkünsə. İndi
deyəcəksiniz ki, bəs sən şirvanlısan,
Hüseynbala Mirələmov isə talış zonasından -
Lerikdən. Düz deyirsiniz. Amma burda yenə el kəlamına müraciət etməli
olacağam. Bir gəncdən soruşurlar:
-
Haralısan?
- Hələ
evlənməmişəm, - deyə cavab verir.
Mən isə artıq 27 ildir ki, evliyəm. Özü də
Yardımlı yeznəsiyəm (Talış zonasında
kürəkənə yeznə deyirlər). Atam da ordan evlənmişdi.
Qeyri-adi giriş verdim yazıma. Bəlkə də bir az
yüngül qəbul elədiniz. Yox. Sadəcə
bir az sevincək, bir az da kədərliyəm.
Sevincliyəm ona görə ki,
dördüncü nəvəm dünyaya gəlib. Kədərli olmağımın səbəbi isə
qocalmağıma sübutların artmasıdır. Ürəyimdə
də söz o qədərdir ki... Hamısını
yazmağa vaxtım olacaq, ya yox? Bilmirəm.
Sualı
qoydum: “Hüseynbala Mirələmov kimdir?” İndi
də cavab verim. Ardıcıllıqla.
Əslində bu yazını yazmağıma əsas səbəb
yuxarıda qeyd etdiyim kimi, yerlibazlıq deyil. Bu bir yumor idi.
Kaş atam sağ olaydı. Bir
fikrinin yanlışlığını ona əyani sübut
edərdim. Hüseynbala Mirələmovla
özüm arasında paralellər apara-apara.
AzTV-nin
“Qaradağ müxbiri”
Əslində
belə bir post yox idi. AzTV-də işləyəndə
qeyri-rəsmi olaraq Bakının rayonlarını öz
aramızda bölmüşdük. Mənim
bəxtimə Qaradağ rayonu düşmüşdü.
Rayonda nə tədbir olurdusa, icra
başçısı Yaqub Əliyev məni dəvət
edirdi. 1998-ci ildə belə tədbirlərdən
birinə dəvət aldım. Azərbaycan Qaz Emalı
Zavoduna. Ora yeni direktor təyin olunurdu. Onu da qeyd edim ki, o dövrlərdə Qaradağ
Bakının əsas diqqət yetirilən rayonlarından
sayılırdı. Beynəlxalq neft layihələrinin
böyük payının bu rayonda yerləşməsi öz
yerində. Gələcək Prezidentimiz
olacaq İlham Əliyevin bu rayondan deputat seçilməsi Qaradağın
inkişafına təkan vermişdi.
Qaz Emalı Zavodunun zalında iclas başladı. Direktor təqdim
olundu. Bəstəboy, nurani bir kişiydi.
Adı da Hüseynbala Mirələmov. 53 yaşlı Hüseynbala müəllimlə ilk
tanışlığımız ordan başladı.
Ziyalı
Azərbaycanda 100 zavod var. O 100 zavodun da 100 direktoru. Birini
çıxarırlar, o birini təyin edirlər. Bəzən zavodun fəaliyyətini
dayandırırlar da, təməldən söküb yerində
yaşayış binası da tikirlər. Hüseynbala
Mirələmov da o yüz zavod direktorundan biriydi. Səxavətli olmasıyla o birilərindən bəlkə
də fərqlənirdi. Bu xüsusiyyətinə görə
əgər mənim fikrimi cəlb etmişdisə, onda
Hüseynbala müəllim haqqında yazmağa heç dəyməzdi
də... Çünki bu gün o, zavod direktoru
deyil. Sadəcə, deputatdır.
AzTV-dən çıxdığım müddətdən bu yana heç işim də düşməyib
ona. Yoxsa, “Hüseynbala Mirələmov kimdir?”
sualıma “Zavod direktoru, millət vəkili, YAP-ın Xətai
təşkilatının sədri” cavabı verib,
yazımı elə burdaca bitirərdim. Amma
bu suala “Hüseynbala Mirələmov əsl ziyalıdır”
cavabı verib yoluma davam deyirəm. Amma hələ
1998-ci ildir. Hüseynbala müəllim də
mənim gözümdə sadəcə zavod direktoru.
Azad
Sucayev
Qaradağ rayon İcra Hakimiyyətində Azad Sucayev
adlı bir şöbə müdiri vardı. 2002-ci il
idi. Günlərin bir günü zəng etdi mənə.
AzTV-nin qapısında görüşdük.
Elə bildim ki, nəsə tədbir kasseti var,
onu efirə vermək lazımdır. Amma mənə
başqa bir məsələylə bağlı sual verdi:
- Mahir,
sizdə ədəbi-dram verilişləri redaksiyası var?
- Var, Azad
müəllim, - deyə cavab verdim.
- Onun rəhbərini
tanıyırsanmı?
- Tanıyıram.
- Məni onunla görüşdürə
bilərsənmi?
Elə Azad müəllimin yanından daxili telefonla zəng
etdim. Sadıq müəllim otağındaydı. Azad müəllimi onun otağınacan müşayiət
edib, öz redaksiyama qayıtdım.
Üstündən bir-iki ay keçmişdi. Azad müəllim
yenidən zəng vurdu. Məni Hökumət
evinin binasında yerləşən Kinematoqrafçılar
İttifaqının zalına çəkilişə dəvət
etdi. Onu da əlavə etdi ki, bəs tədbir
Hüseynbala müəllimin tədbiridir. Özüm
də məəttəl qaldım ki, niyə tədbiri zavodda
yox, məhz hansısa yaradıcı ittifaqda keçirirlər.
Getdim. Zal tanınmış
ziyalılarla dolu idi. İşıq
söndü. Kinoproyektor işə
düşdü. Ekranda “Güllələnmiş
heykəllər”, “Müəllif Hüseynbala Mirələmov”
sözlərini oxuyandan sonra artıq Hüseynbala Mirələmovu
ilk dəfə bir yazıçı kimi də tanımağa
başladım. Film bitdi. Çıxışlar, müzakirələr oldu.
Təqdimat mərasimi beləcə başa
çatdı.
Bilmirəm fiziklərin “bir fakt təsadüfdür,
ikincisi - tendensiya, üçüncü qanunauyğunluq”
deyimini bədii ədəbiyyata şamil etmək olar, ya yox? Bundan
çıxış edərək, mən də bu əsərə,
yaxud da onun AzTV-də ekranlaşdırılmasına,
Qarabağ yanğılı Hüseynbala Mirələmovun
içindən gələn əsərinə bir təsadüf
kimi yanaşdım. Burdan da başqa müsəlmansayağı
bir məntiq ortaya çıxartdım ki, “yəqin kiməsə
pul verib yazdırıb. Nə çox pula
ehtiyacı olan “ac həriflər”, yəqin kişinin
başını bişirib, beş-on manatını alıb,
onu şirnikləndiriblər”. Qınamayın
məni bu fikrimə görə. Əsl
müsəlman deyilik məgər?
57
yaşlı Hüseynbala müəllimlə ikinci dəfə
belə tanış olduq. Və
bu tanışlıqda deyəsən mənim də rolum olmuşdu.
Sonradan bildim ki, Azad Sucayev Hüseynbala müəllimin
qohumudur, AzTV-yə də məhz bu əsərin televiziya
tamaşası kimi meydana çıxması üçün
danışığa gəlibmiş. Yəqin
özü ürək eləməyib. Ağır
və məsuliyyətli addır yazıçı, şair,
publisist titulları. Bunun məsuliyyətini isə indiki
dövrdə hər adam başa
düşmür.
Təsadüfün
qanunauyğunluğa çevrilməsi
2003-cü
il. “Durnalar qayıtdı”, “Son arzu”, “Tənha
durna uçuşu” əsərləri, 2004-cü il “Simuzər”,
“Babadil əfsanəsi”, “Gəlinlik paltarı”,
“Qırxıncı otaq” romanları, “Xəcalət”, “Cəza”
povestləri və daha sonra üç pyes və daha iki roman. Artıq Hüseynbala Mirələmov zavod direktoru kimi
yaddaşımdan silinmişdi. Nasir,
ssenarist. Onu belə təqdim edirdilər.
Bu onun zavod direktoru kimi kollektivə təqdim
olunması deyildi. Bu titulların
ömrü uzun və adı isə daha yüksək idi.
Kifayətlənmək,
deməli, həyatın sonu
İnsan dayanırsa, arzuları ölürsə, bu, bir
növ cismani məhvə bərabər bir şeydir. Yaradıcı adam daim axtarışda olmalıdır. Nasir, ssenarist. Bu mərhələ
keçildi. Bəs sonra? Bu sualı onda Hüseynbala Mirələmova xitabən
qiyabi mən də vermişdim. Cavab isə
özünü çox gözlətmədi. Növbəti hədəf publisistika idi. Özü də yüksək səviyyədə.
Geniş arenada. Beynəlxalq
miqyasda. Sovet dövründən əsası
qoyulan “JZL” - “Jizn Znamenitıx Lyudey” adlı bir layihə var.
Rusca nəşr olunur. Hüseynbala Mirələmov
Heydər Əliyev, Zərifə Əliyeva və İlham
Əliyev kimi görkəmli şəxsiyyətlərə həsr
olunan kitabları ərsəyə gətirdi. Daha sonra azərbaycanca da çap etdirdi. Hüseynbala Mirələmov bununla kifayətlənmədi.
Kitabları digər xarici dillərə tərcümə
elətdirərək dünyaya yaydı. Hər halda
yaradıcılıqla məşğul olan bir adam
və şair oğlu kimi Hüseynbala müəllimin zəhməti,
xalqımız qarşısında xidməti öz yerində,
təkcə bu nəşrlə bağlı ideyasını
yüksək qiymətləndirirəm.
Qabil və
“Gəlinlik paltarı”
Bir dəfə atamla söhbət zamanı Hüseynbala
müəllimin adını çəkdim. “Adını
çəkdim” yox, sadəcə təriflədim. Əlini yellədi. Bu o demək
idi ki, xoşum gəlmir ondan. Mən də
başladım sualları yağdırmağa:
-
Tanışsan?
- Yox, -
deyə cavab verdi. Əsərləri
də bir şey deyil. Yəqin kimsə
yazır əvəzinə.
- Oxumusan
hansınısa? - bu dəfə də
dilimi dinc qoymadım.
- Yox. Amma
hiss edirəm.
Onları
yaxınlaşdırıb tanış etmək
istəyirdim. Atamın da xasiyyətini bilirdim,
Hüseynbala müəllimin də. Bilirdim ki,
söhbətləri tutacaq. 19 yaş fərqləri
olsa da, 55-dən sonra bu fərq çox da gözə
çarpmır. Nəsə mənim bu təşəbbüsüm
alınmadı. Amma...
Günlərin
bir günü atam özü:
- Bu Hüseynbala nə yaxşı kişidir. Mən elə
bilirdim ki, cavandır. Demə,
yaşlı, nurani bir adammış. Fəxri
Xiyabanda idim. Özü
yaxınlaşıb görüşdü. Kepka qoymuşdu. Hələ bir
zarafat da elədim ki, “kepka qoyma, buxara papaq qoy, mənim kimi.
Yerini bilirəm harda tikirlər. Göstərərəm sənə”.
İlk tanışlıqdan söhbətləri
tutmuşdu. Hüseynbala müəllim atama “Gəlinlik
paltarı” adlı romanını avtoqrafla
bağışlamışdı. Bu kitab bir növ test
idi. Qabil Hüseynbala Mirələmovu oxuyub bəyənəcəkdimi?
Bəyənsəydi, bu, mənim
yazıçı Hüseynbala Mirələmovu
tanımağım üçün də bir etalon
olacaqdı. Çünki atam hər əsərə
yaxşı, əla, hər yazana yazıçı deməzdi.
Bu romanı mən oxumamışdım. Amma “Güllələnən heykəllər”
teletamaşasının rejissoru Nadir Diridağlı dəfələrlə
mənə “bilirəm ki, birinci işdə sənin də zəhmətin
olub. Hüseynbala müəllimə de ki,
“Gəlinlik paltarı” romanı ekranlaşdırmaq üçün
gözəl əsərdir. Nə çəkərdim
onu...” deyə müraciət etmişdi. Atam
da bəyəndi bu romanı. Özü də
çox bəyəndi.
Tənqid, yoxsa tərif?
AzTV-də işləyəndə Xətai rayonuna reydə çıxmışdıq. Həyətbəhəyət gəzib nəsə neqativ bir şey axtarırdıq. Bu dəm kameramızı görən bir qrup sakin həyətdə qabağımızı kəsdi. Onlardan biri - ağsaqqalı - inadla:
- Məndən müsahibə almalısan. Danışacağam.
Sevindik. İstədiyimizi tapmışdıq. Sakinlər belə hay-huyla üstümüzə gəldilərsə, 200 faiz həll olunmayan problemləri var. Mikrofonu qoşduq. Ağsaqqal da başladı, nə başladı.
- Hüseynbala müəllim filan işi gördü, Hüseynbala müəllim filan problemimizi həll etdi...
Biz bu cür tərifli sözləri gözləmirdik. Nəsə giley-güzara öyrəşmişdi qulağımız. Yaxşı... icra başçısı İbrahim Mehdiyevdir, müavini də Ceyhun Cəfərov. Bəs bu Hüseynbala müəllim kimdir? Sonradan bildik ki, bəs rayonun deputatı Hüseynbala müəllimi tərifləyirlər - Hüseynbala Mirələmovu.
2005-ci il
Noyabrın 30-da atamın ürəyi tutdu. Xəstəxanaya çatdırdıq. Mərkəzi Klinik Xəstəxanada yatanda, mən də palatada onun yanında qalırdım. Səhv etmirəmsə dekabrın 5-i, axşam saat 9 idi. Cib telefonuma zəng gəldi. Azad Sucayev idi. Atamın hansı mərtəbədə, hansı palatada yatdığını soruşdu. Üstündən yarım saat keçməmiş Hüseynbala müəllim qapını açıb içəri girdi. Döşündə də deputat nişanı. Hələ atam zarafatyana:
- İçəri necə keçdiz? Axı qəbul
saatı bitib. Hə e...
Gör nə qəribə sual verirəm... Deputatın
qabağını kəsə bilərlər? - deyib gülüşdülər.
Səxavət
Atam səxavətli
insanları bircə ifadəylə qiymətləndirirdi:
“Pulunu verən canını da verər”. Pulunu
yığan, heç kimə yardım göstərməyən,
əl tutmayan adamlar isə “Qızıl üstündə yatan
əfi ilandan da pisdir”. Bu mənim
sözüm deyil. “İmkanlı olarsan
qapını döyərlər, imkansız olarsan qapı
döyərsən”. Amma bu zəmanədə
qapı döyən imkansıza hər imkanlı qapı
açmır, o ki qalsın yardım edə. 1998-ci ildən
bəri bir adam da görməmişəm
ki, Hüseynbala müəllimdən zavod direktoru, millət vəkili,
ya bir insan kimi narazılıq etsin.
Övlad
Zəmanə pis zəmanədir. Özün
yaxşı olursan. Bir də görürsən
ki, övladın pis çıxır. Yaxud
da qohum-əqrabadan biri nəsə qələt eləyir.
Onun əvəzinə, sənin adın qəzet
və saytların manşetini “bəzəyir”.
Qaradağ rayonunda tədbirlərə gedəndə bizi İcra Hakimiyyətinin bir gənc işçisi müşayiət edirdi. Çox mədəni, qanacaqlı bir oğlan idi. Səliqə-səhmanlı geyimi, davranışı ilə diqqətimi çəkmişdi. Bir müddətdən sonra onu görmədim. Adını da soruşmamışdım.
“Yəqin Hüseynbala müəllimin oğlunu deyirsən. Başqa işə keçib. Daha icrada işləmir” dedilər. Neçə ay bir maşında bizlə çəkilişlərə getmişdi, bir qram da bu uşaqda lovğalıqdan, qudurğanlıqdan əsər-əlamət görmədim. İşini dəyişməsəydi, yəqin ki, heç bilməyəcəkdim kimin oğludur.
Atam sağ olsaydı, deyəcəkdilər atası yazıb
Mən uşaqlıqdan belə görmüşəm ki, yaradıcılığa erkən yaşlarında başlayarlar. İllər keçdikcə püxtələşər, qələm cilalanar. Amma özüm 47 yaşında başlayanda həm müsbət fikirlər, həm də haqlı iradlar eşidəndə gördüm ki, bəs belə də olurmuş. Yaradıcılıq yaşla deyil. Bu yazıda Hüseynbala Mirələmovun qələminə ilk vaxtlarda mənim də, atamın da şübhəylə yanaşdığımız məqamları da qeyd elədim. Sonda isə müqayisə yox, sadəcə özümlə paralel apararaq deyirəm. Yaradıcılıq nə yaşa, nə də ki, vəzifəyə, ixtisasa baxır. Atam sağ olsaydı, mənimçün də deyəcəkdilər ki, “Mahirin əvəzinə atası yazır”. Yaradıcılıq bulağı birində 20 yaşında qaynayır. Kimsə də 47 və ya Hüseynbala Mirələmovdakı kimi 57. Azərbaycan ədəbiyyatına çoxları gəlib, çoxları gedəcək. Deputatlıq da daimi deyil. Həyat da qısa. Amma “JZL” layihəsi çərçivəsində Hüseynbala Mirələmovun yazdığı və çap etdirdiyi üç kitab əsrlərə yoldaş olacaq. Hələ romanlarını, teletamaşaları və insanlara etdiyi təmənnasız yaxşılıqları demirəm.
ədalət.-2015.-19 sentyabr.-S.8.