KÖRPƏLƏRƏ
SEVGİLƏR
ƏDƏBİ
HƏYAT
Əziz Kərim
- qocaman şairimiz
uşaqların görüşünə "Körpə qanadlar" adlı yeni bir şeir toplusu
ilə gəlib. Artıq yaşı səksəni haqlayan, ömrünün müdriklik zirvəsinə ucalan
Əziz müəllimin öz balaca, hələ dünyanı tam dərk edə bilməyən oxucularına
deməyə sözü çoxdu.
Yaşanmış illərin təcrübəsi, həyat
sınaqları, zamanın istisi-soyuğu bir baba dünyasını
balacaların, körpələrin aləminə çəkib
gətirib. Məqsəd nədir? Onları
düşündürən suallara cavab verməkg bu böyük dünyanın,
yaşadığımız aləmin bilməcələrini,
hər addımda rast gəldikləri hadisələrin
mənasını onlara başa
salmaqg gözəllikləri sevməyi,
xeyirxahlıq etməyi, Şərdən uzaq
olmağı aşılamaq... Vətənə, torpağa, yurda ürəkdən
bağlanmağıg təbiəti sevməyig Onun
böyük şövqlə təsvir etdiyi balaca qəhrəmanlar
gələcəyin qurucuları, müstəqil dövlətimizin
layiqli vətəndaşları olacaqlar.
Uşaq yazıçısı olmaq ilk növbədə, onları sevməkdən başlayır. Bu sevgi Əziz müəllimin hər bir yazısında nəzərə çarpır. O, yeri gəldikdə nəsihətə keçir, bir baba kimi nəyin yaxşı, nəyin pis olduğunu başa salır. Bəzən müəllimə dönür, onlara yol göstərir, bilmədiklərini öyrədir. Bəzən isə təbiət aşiqi kimi öz balaca qəhrəmanlarını dağa, dərəyə, meşəyə çəkib aparır, quşların, heyvanların sirdaşı olmağa səsləyir. O, özündən heç nə uydurmur, daha çox uşaqların özünə müraciət edir, onların həyatını, gerçək aləmə münasibətini qələmə alır. Onun şeirlərini, hekayələrini oxuyanda sənə elə gəlir ki, Əziz Kərim bütün günü, ayı, ili uşaqların yanındadır. Uşaqlardan, onların həyatından söz açan şairin də qəlbi uşaq ürəyi kimi təmizdir, safdır və biz bunu Əziz müəllimin yazılarında hiss edirik.
Onun yazılarının başlıca məziyyəti sadə və son dərəcə anlaşıqlı dilidir. Bu şeirləri hansı balacaya oxusan sənə diqqətlə qulaq kəsiləcək. Çünki Əziz Kərim uşaqlarla uşaq dilində danışmağı bacarır.
Əziz Kərim əsil kənd və təbiət adamıdır. Kitabdakı yazıların əksəriyyəti kəndə, təbiətə heyran kəsilən bir insanın sevgilərini bəyan edir, yəni bu sevgiləri o, balaca nəslə aşılamağa çalışır. Təbii ki, şeirdə təzə söz demək əsas şərtdir. Təzə söz isə şairin bədii təsvir vasitələrinə necə yiyələnməsində nəzərə çarpır. Məsələn, ilin qış fəsli haqqında yüzlərlə şeir yazılıb. Amma Əziz Kərimin cəmi dörd misralıq bir şeirinlə qış belə mənalanır:
Göylərdən qar tökülür
Təpələrin başına.
Elə bil ki, dən düşür
Yamacların qaşına.
Burada qışı nişan verən cəmi bircə əlamət var. "Elə bil ki, dən düşür, Yamacların qaşına". Burada şair orijinal bir metafora işlədir. Qış haqqında başqa bir şeir:
Bulud bürüyüb göyü,
Qar ələnir bələkdən.
Yerə düşən dənələr,
Sanki çıxır ələkdən.
Maraqlı tapıntıdır. Əlbəttə, uşaq bu şeirdə qış haqqında lap cüzi də olsa, bir təsəvvür əldə edəcək.
"Şəlalə" şeirində maraqlı bir bənzətmə ilə qarşılaşırıq:
Axır şəlalə,
Uzaqdan ona
Baxır Şəlalə.
Deyir nə ola
Atam beləcə
Mənə saçaqlı
Bircə şal ala.
Şəlalənin saçaqlı şala bənzədilməsi orijinal bir təşbehin yaranmasına gətirib çıxarır.
Öncə qeyd etdik ki, Əziz Kərimin şeir dili səlisdir. Bir cəhəti də bura əlavə edək ki, bu şeirlərin bir çoxu həm də müəyyən ritm, ahəng üzərində qurulub, musiqilidir. Məsələn, onun "Səməni" şeiri əsil nəğmə kimi melodik təsir bağışlayır:
Sən evlərə yaraşıq,
Su içdin qaşıq-qaşıq.
Nənəm verib gur işıq
Böyütdü səni, məni,
Səməni, ay Səməni!
Təbiətə sevgi Əziz Kərimin onlarla şeirlərində öz poetik təcəssümünü tapır. O, təbiətdən təkcə peyzaj yaratmaq üçün müraciət etmir, təbiətlə insan hissləri arasında bir harmoniya axtarır. Məsələn, "Külək" şeirində küləyin əsməsini təsvir etməklə kifayətlənmir, küləklə dəcəl uşaq arasında bir bənzəyiş görür və sonda deyir ki: "Keçib dağdan, dərədən, Qoy əssin axşam, səhər. Laylam olub məni də Yatızdırsın küləklər".
Əziz Kərimin şeirlərinin əksəriyyəti balaca uşaqların, hələ məktəbə getməyən azyaşlıların dilindən nəql edilir. Uşağın özünün danışmağı, bilmədiyi şeylər haqqında suallar verməyi, yaxud başa düşdüyü, anladığı tərzdə nəyi isə izah etməyə çalışması onun balaca qəhrəmanlarının səciyyəvi xüsusiyyətləridir. Məsələn, "Karuseldə" şeirini götürək. Karusel uşağa necə təsir bağışlayır?
Minmişəm karuselə,
Bilmirəm təyyarədir,
Bu yoxsa elə belə,
Lap uca binaların
Üstündən mən aşıram
Dairə fırlandıqca
Dünyanı dolaşıram.
Adamlar uşaq kimi
Yollarda dəyir gözə.
Dünyanı dolaşıram
Oturub gəzə-gəzə.
Uşağın karusellə bağlı bu dedikləri onun özünün səviyyəsini əks etdirir. Yaxud, "Mişar" şerinə diqqət edin:
Kəsir mişar,
Bir palıda
əsir düşüb.
Tir-tir belə
Əsir
mişar,
Kəsir mişar.
Bu mənzərəni ancaq uşaq belə təsəvvür
edə bilər.
Əziz Kərimin şeirlərində
müxtəlif əşyaların
(canlı və cansız) mənalandırılması
uşaqların bilgilərini
artırmağa xidmət
edir. Kələm, Balqabaq,
Araba, Keçi, Quzu, Bal, Şüşə,
Şəkil, Dəmir
ağacı, Meşə,
Tutuquşu, Şeh giləsi və s. məfhumlar haqqında bilgilər uşaq dilindən söylənilir
və burada məlumatlandırma ön
planda durur.
Həm də müəllif çalışır
ki, haqqında söz açdığı
əşyanı, quşu,
heyvanı, təbiətin
bir atributunu təsvir edərkən dəqiq olsun.
Əziz Kərimin bir sıra şeirləri uşaqlara vətənpərvərlik
hisslərini aşılayır. O, məmləkətimizdə
baş verən ictimai-siyasi hadisələrlə
bağlı bir neçə şeir yazıb. Təbii ki, uzunçuluğa
yol verməyib.
Bu günün balaca yaşlısı Xocalı
faciəsi haqqında nəsə bilməlidir və Ə.Kərim kiçik bir şeirdə bu haqda söz açır:
Kül oldu bağ-bağçası,
Neçə əli xonçalı.
Evlər
xalı, xalçalı
Ürəyimə od saldı,
Külə döndü Xocalı.
Kitabda uşaqları
zəhmətə, əməyə
səsləyən şeirlər
də diqqətdən
yayınmır və bu şeirlərdə öyüd və nəsihət çalarları
deyil, əməyin özünün insana bəxş elədiyi sevinc əsas yer tutur.
Uşaqlar üçün yazılan
şeirlərdə konkret
adlar çəkilməsi
də təbiidir. Bunu biz Mirmehdi Seyidzadənin, Mikayıl Rzaquluzadənin,
Xanımana Əlibəylinin,
Teymur Elçinin, İlyas Tapdığın,
Məstan Günərin,
Zahid Xəlilin, Məmməd Namazın, Rafiq Yusifoğlunun şeirlərində izləmişik.
Hətta
elə şairlər olub ki, öz
şeirlərində kimi
isə baş qəhrəman seçiblər,
o uşağın öz
yaşıdları olan
balaca oxuculara tanıdıblar. Əziz Kərimin
şeirlərində isə
konkret bir qəhrəman yoxdur ki, daim onun
diqqət mərkəzində
olsun. Amma əvəzində xeyli uşağın adı çəkilir, onların başına gələn əhvalatlar nəql edilir, ya da bu
uşaqların maraq dünyasından söz açılır. Budur
onlar: Gülər, Şəlalə, Nargilə,
Cəmilə, Elçin,
Kərəm, Aybəniz,
Cəfər, Baloğlan,
Gündüz və s.
Bir də əksər şeirlərdə
adı bəlli olmayan MƏN. Bunun yaxşı cəhəti
odur ki, balaca oxucuların hər biri o şeirdə öz adı ilə rastlaşacaq və özünü o uşağın
yerində hiss edəcək,
onun yaxşı hərəkətlərindən nümunə götürəcək.
Əziz Kərim uşaqlar üçün xeyli sayda kiçik hekayələr də yazmışdır. Şeirlərində olduğu kimi,
hekayələrində də
o, yığcamlığı sevir. Bir neçə hekayəsi istisna olmaqla hamısı kiçik həcmlidir və Əziz müəllim çalışır ki,
1, ya 2 səhifədə
konkret bir mətləbdən söz
açsın, çoxşaxəli
yox, kiçik bir süjetdə maraqlı əhvalatla balaca oxucularını əyləndirsin. Bu hekayələrin əksəriyyəti
tərbiyəvi əhəmiyyət
daşıyır. Uşaqlara sadə
şəkildə nəyisə
izah etmək, maraqlı bir əhvalat danışmaq Əziz Kərimin hekayələrində süjetin
axarını təyin
edir. Təqdim olunan yazılarda əsas məkan kənddir, təbiətdir,
qəhrəmanlar isə
adi adamlardır: babalar, nənələr, nəvələr. Qeyd edək
ki, Əziz müəllimin istər şeirlərində, istərsə
də hekayələrində
BABA-NƏVƏ münasibətləri səmimiyyət, məhəbbət
üstündə qurulub.
Təsvir olunan babalar
son dərəcə mehriban,
xeyirxah, həlim insanlardır. Onların qəlbində
nəvələrinə, ümumiyyətlə
uşaqlara məhəbbət
duyğusu çox güclüdür. Babalar ağıllı
məsləhətləri ilə
nəvələrə yol
göstərir. Onları düzgün
olmağa səsləyirlər.
Məsələn, Əziz Kərimin
"Günəş nuru"
hekayəsindəki baba
nəvəsi Şakirə
çörəyin qədrini
bilməyi, əlacsıza
kömək etməyi
nəsihət edir.
Şakir
bulaqdan su gətirərkən bir ceyranın bulağa həsrətlə baxdığını
görür. "Şakir bulağa düşdü, bardağı
suyla doldurdu. Onu gətirdi Ceyranın qabağına qoydu. Ceyran bir bardağa, bir də Şakirə
baxdı. Şakir anladı
ki, Ceyran bardaqdan su içə
bilməz. Şakir bir
suxuru təmizlədi.
Bardağın suyunu ora tökdü. Ceyran suyu
içsə də, getmədi. Başını
tərpədib sanki Şakirə sağ ol dedi". Çöllər gözəli ceyranla
balaca uşağın
ünsiyyəti hekayənin
qayəsindən doğur,
yəni müəllif
demək istəyir ki, insan zalım
olmayanda heyvanlar da, quşlar da ona isnişər,
dostuna çevrilər.
Çöllər gözəli ceyran
Şakirin ardına düşür. Şakir onu
evlərinə gətirir.
Əziz Kərimin alleqorik səpgidə yazılmış
kiçik hekayələri
də maraqlıdır. Heyvanların, quşların dili ilə söylənilən
əhvalatlar əslində,
insan aləmində baş verən hadisələrlə səsləşir.
Bülbülün səsini xoşlamayan,
onun gözəl görünüşündən paxıllıq hissi keçirən quşlar belə qərara gəlirlər ki, qartalla danışsınlar,
o, bülbülü parçalasın.
Ancaq məlum olur ki, qartal kiçik
bir quşla savaşmağı şəninə
sığışdırmır. Qırğı da buna razı olmur, çünki bülbülün
səsindən xoşu
gəlir. Nəhayət, onlar bayquşa müraciət edirlər, amma bayquş da buna razı
olmur, deyir ki, "mən özüm bülbülün
gəlişini səbirsizliklə
gözləyirəm. O oxuyanda rahatca yatıram". Beləliklə, onların niyyəti
baş tutmur. Həyatda da belədir. Xeyirxah, gözəl insanlara heç kəs qıymaz. "Durna gölü", "Pırtana
quşu" və s. hekayələrdə də
anlatmaq missiyası öz işini görür.
Əziz Kərimin hekayələrində
də dil, ifadə tərzi sadə və anlaşıqlıdır. Bu hekayələrdə kələ-kötür
cümlələrə rast
gəlməzsən. Bəzi
hekayələrində hətta
az qala
mənsur şeir stilini görürsən.
Əziz Kərimə - bu qocaman şairə (əslində, qocalmayan!) həmişə uşaqlarla,
körpələrlə belə dil
tapmağı, şirin hekayətlər,
gözəl şeirlər yazmağı arzulayaq...
Ədalət.-2015.-24 sentyabr.15.