ƏYİL SƏNDƏN KEÇİM
DÜNYA
Bu dünyada hər şeyin
sahibi var. Biz sahibsiz saydığımız, beli mamırlı
qara daşdan tutmuş, ən xırda canlıya və
cansıza qədər hər şeyin. Bizə elə gəlir ki, bu gün Azərbaycanda
hər şeyin, xüsusən də hasara alınmış
torpaqlardan, dəniz sahillərindən tutmuş, bomboz təpələrə,
(Novxanıdakı duz gölünün də sahibi
tapıldı, hasarladı) qədər sahibi var, təkcə
sözdən başqa. Televiziya ekranlarına,
bütün günü bayağı müğənnilərin
şou verilişlərinə, səviyyəsiz insanların qərargahına
dönmüş mavi ekranlara baxdıqca, bu fikrə inanmaya
bilmirsən. Mənəviyyat, milli əxlaq, milli mədəniyyət,
milli ədəbiyyat haqda ayda-ildə xalaxətrin qalmasın
bir-iki verilişi istisna etməklə, hər gün
gözümüzü və zövqümüzü məhv edən
bu televiziyalar nəyə xidmət edir görəsən?..
Bu gün də olmasa, bu millət
özünün olan hər şeyə sahib çıxacaq nə
vaxtsa. Buna çox
inanıram. İyirmi ildi
dünyasını dəyişmiş Ağamalı Sadiqin
sahibləri bu gün də varsa, sözün bu ucuz vaxtında
sevənləri və xiridarları tərəfindən
anılırsa, buna da şükür.
Ağamalı Sadiq özü
demiş:
Həyatda
ölüm var, ölümdə həyat
Ölərəm
odumda, külümdə həyat
Qəbrimin
üstündə çinarlar bitər,
Təzədən
daşınar belimdə həyat,
Görərsən, hardasa vuruşdayam mən.
Elə bu gün də ədəbiyyatımız, dərsliklərimiz
sifarişlərlə yazılır, kimin karlı varisi,
dövlət qulluğunda olanlarla yaxınlığı varsa,
ödülləri də onlar alır, kitablara da onlar
salınır və s.
Amma bizə, millətin gələcək nəsillərinə
halal söz gərək olanda özləri tapıb dəyərləndirəcək
layiqlilərini.
Bu
yazımda məqsədim oxucuları Ağamalı Sadiq Əfəndini
şeirləri ilə baş-başa qoymaqdı:
Qürbətdə
vətən görükməz,
Qolundan tutan görükməz.
Qəribə
kəfən gərəkməz,
Doğra
məni tülə sarı,
Sarı, lələ, sarı neynək.
Çilim-çilim
daşlar gələr,
Zülüm-zülüm yaşlar ələr.
Gələn
bizi xoşla gələr,
Gedən bizdən gedər, lələ.
Qarabaşın
qulu olmaz,
Qara daşın dili olmaz.
Qorxaq deyər
səmtim yoxdur,
İgidin
sağ-solu olmaz,
Olmaz, lələ, vallah olmaz.
Əslində bu bir İncəli
qımqımısıdı. İncəli
qımqımılarını birinci olaraq Ağamalı Sadiq
saza gətirdi və bu gün İncə
qımqımıları sazla qol-boyundur artıq. Bunu
sazda çox yanıqlı oxuyardı Ağamalı bəy...
İndi gənclərimizin çoxusu Koroğlunu
heç tanımırlar. Amma Maykl Ceksonu balaca səvi
də tanıyır. Ona görə tez-tez
Ağamalıya qayıtmaq lazımdı:
Babək
qılıncını qına qoymuşdu
Həmzə
papağını yana qoymuşdu.
Qoltuq dərələrin
batmışdı səsi,
Keçəllər əlinə xına qoymuşdu.
Koroğlu
ölürdü səssiz, səmirsiz
Quzğunlar
dönürdü əngilliklərdən,
Qorqudun qəbrindən
od saçılırdı.
Dağa
bax, dərdə bax bu son səhərdə,
Düşman
ağlayırdı, dost açılırdı,
Koroğlu ölürdü, dədə Koroğlu.
Gileyli-gileyli
baxırdı dağlar,
Dərdini çaylara sıxırdı dağlar.
Cünunun
sazını bağrına basıb:
"Mənmi, zəmanəmi" oxurdu dağlar.
Qırat
kişnəyirdi güllə səsinə,
Koroğlu ölürdü səssiz, səmirsiz.
Koroğlu ölürdü, dədə Koroğlu.
Çox qəribədi. Elə bir vaxt
olmazdı ki, Ağamalı bəy sazı sinəsinə
götürəndə birinci Koroğludan oxumasın. Bu hikməti anlamaq o qədər də çətin
deyil. Amma bu həqiqəti anlamaq çox
çətindir - İndi aşıqlar niyə Koroğludan
oxumur, toylarda, televiziya ekranlarında çırtıq
havasına saz çalıb oxuyurlar?
Kaş yuxarıdakı şeiri Ağamalı Sadiq
çalıb oxuyanda görmüş olaydınız. O bu Millətin
ağrılarını yaşayırdı bu şeiri oxuyandag
Vaqif Səmədoğlunu çox istəyirdi. İndi Vaqiflə
qonşudu yəqin. Bir dəfə bu
şeiri özü oxumuşdu mənə. Demişdi ki, mən Vaqifdən tez öləcəm,
ona görə indidən ona vəsiyyətimi etmişəm.
Amma Vaqif Səmədoğlu onun dəfninə gəlməmişdi.
Hər ikisinə rəhmətlər olsun.
BİR OCAĞIN BAŞINDA
I
Dilican dərəsində
Çiçəyin
içində, gülün içində,
Bir
palıd quruyub, boylu bir palıd,
Bir
palıd quruyub ayaq üstəcə,
Quruyub
obanın, elin içində
2
Fəxri
xiyabanda
Məzar
daşlarının içində
Bir məzar
daşı tövşüyürdü,
Bir kişi durmuşdu məzarın başında
Üşüyürdü
kişi,
Yaman üşüyürdü.
3
Vaqifin
gözləri yaman dolmuşdu,
Vaqifin saçları duman olmuşdu.
Vaqif
çiçək idi Kür qırağında
Dalğalar vururdu, ləpə döyürdü.
Bu
çayda bir uşaq axıb gedirdi,
Vaqif bu sulara nəsə deyirdi.
4
Vaqif bu
sulara nəsə deyirdi,
Mən bilən, bu Tanrı səsiydi billah.
Bu
dalğalar vuran, ləpələr döyən
Uluca Tanrının özüydü, billah.
5
Gecə
Nofəl üzünə baxırdı
Sən
yatmışdın,
-Ata, necə
oxşuyur,..
Ata necə
oxşuyur...
-Kimə?
Havayı
soruşurdum, vallah,
Səməd
Vurğunun oğlu
Vətənə
oxşayırdı,
ancaq Vətənə.
Qan
çəkirdi,
Uşaq
baxırdı...
6
Sən
susanda qulağım səsə düşür,
Gözüm yolda qalır.
Papiros
tüstüsündən
bığları saralmış,
Gözünün
altı qaralmış,
Ağ
yapıncılı, lopa bığlı
bir
kişi
Dünyanın
bütün dərdlərini
Çeynəyib
udmuşkən
Susuram mən,
susuram
Elə
baxma,
Elə
baxma, qorxuram vallah,
Gözlərindən
qorxuram
Gözlərində dünyanın dibi
görünür.
7
Bir heykəlin
kölgəsində
tövşüyən qardaş,
Bu
dünyanın gün qarşısında
Üşüyən
qardaş,
Bir bəri
bax,
Sınıq
könül verər olsam,
Alarsanmı
Səmədoğlu?
Son nəfəsdə
haraylasam,
Gələrsənmi,
Səmədoğlu?
Qəbrim
üstə ac qurd kimi
Ularsanmı
Səmədoğlu?
Bu
torpaqçın məndən betər
Ölərsənmi
Səmədoğlu?
Başı
ərşə dəyən qardaş,
Əllərini gözümə çək.
Əlin, ətəyin
birdisə,
Qara bəxtim
göyərəcək...
Qəribə olsa da beləydi. Onun sevgi şeiri demək
olar ki, yox dərəcəsindədi. Çox
ədəbli idi Ağamalı Sadiq. Sanki
sevgidən yazmağa utanırdı. Qabaqlar
kişilər atanın yanında uşaqlarını əzizləməyə,
üzündən öpməyə utanırdılar, ədəbsizlik
sayırdılar. Mənə elə gəlir
ki, Ağamalı bu səbəbdən sevgi şeiri
yazmayıb.
Onu başqa şeylər
düşündürürdü. Meşəni doğrayan, özü
də düz ağacları doğrayan qozbel bir ermənini
görüb təsirlənmişdi və bu şeiri
yazmışdı:
Mən elə
bilirdim ki, kəsirlər məni,
Kəsirlər obanın, elin içində.
Qulağı
eşitmir ana vətənin,
Ölürəm bir sonsuz zülm içində.
Ölürəm,
meşənin vecinə deyil,
Ölürəm yanımda qardaşım,
baçım.
Bu qoca
palıdlar kordu elə bil,
Kordu bu fələk də, kordu, anacan.
Bu quzey
kollara çətin gün düşər,
Bu xəlvət dərəni əriməz qar.
Bir qozbel
kişiyə qalıb bir müşə,
Ağacın düzünü kəsib aparır.
Baltalar
endikcə içim göynəyir,
Sanki gözlərimi oyurlar, ana.
Düz
ağac Nəsimi dönməzliyidi,
Soyurlar
dönməzi soyurlar, ana!
Soyurlar səhrada,
eldə, obada,
Kəsirlər aranda, dağda, meşədə.
Bütün
qozbellərin əli baltalı,
Bütün əyrilərin canı şüşədə.
Bu
dünya uyuyur bu keşməkeşə,
Torpaq günahkarmı, yer günahkarmı?
Bir qozbel
kişiyə qalıb bir meşə,
Ağaclar
qorxudan əyri göyərir
Gərən bu torpağın sahibi varmı?
Görən bu millətin sahibi varmı?
Ağamalı Sadiq bu şeiri əslində Sovet
imperiyası dövründə, o zamankı sahibsizliyimizə
baxıb yazmışdı. Qırmızı
imperiya dövründən disident idi Ağamalı Sadiq.
Bunu bir çıxışında mərhum
yazıçımız, İsmayıl Şıxlı
xüsusi vurğulamış belə bir fikir söyləmişdi:
"Elə tək-tük əsərlər var ki, onları
oxuyanda - kaş bu əsəri mən yazmış olaydım -
deyə düşünmüşəm. Belə
əsərlərdən bir də Ağamalı Sadiqin
"Vaşsız" povestidi".
Ağamalı
Sadiq Tək-tük şairlərdəndir ki, bu şeirin
sonluğunda olan fikri söyləyə bilir və
inandırır hamını:
Dünya,
sənin anan ölsün,
Bic oğlu bic dünyasanmış.
Hayıf
mənim göz yaşıma,
Sən ki, gülünc dünyasanmış.
Çırpındım,
uça bilmədim,
Barından keçə bilmədim.
Elə
qapıların oldu,
Qılıqsız
aça bilmədim,
Anana ölsün gidi dünya.
Səni
deyib gələnə bax,
Gəlir ağlaya-ağlaya.
Səndən
dönüb ölənə bax,
Ölür ağlaya-ağlaya.
Bu necə hərəkətdi, dünya?
Bu zəmin
kim becərdi?
Kim yedi,
tükətdi, dünya?...
Bundan
anrı ucalım yox,
Dayanmağa
macalım yox,
Yüz dəfə
öldüm, dirildim,
Mənən
adəməm, acalım yox
Əyil səndən
keçim, dünya!
Ağamalı Sadiq üsyankar, vətənpərvər,
ruhunda Türkçülük, damarında Türk qanı
qaynayan bir şair idi. O çox yaşaya bilmədi. Amma bu
yaşıyla ölümsüzlüyü qazanan şairlərdən
oldu.
Könül
dostu Məmməd İlqara yazdığı şeirə nəzər
salaq:
İşdi
bir gün məni səndən sorsalar
De ki, o da yandığını yazardı.
De ki, onu
alıb getdi ruzigar,
O hardasa
indi bir tək məzardı.
De ki, onun
umacağı yox idi,
Nə
qohumdan, nə yaxından, nə yaddan,
De ki, onun
gözü-könlü tox idi,
Əli açıq köçüb getdi dünyadan.
De ki, o da
belə, bir cür adamdı,
Qohum-qardaş susamışdı qanına.
De ki, bir
gün bu dünyaya sığmadı,
Uçub getdi yaradanın yanına.
De,
yurdunda yalqız idi o qərib,
Damağında doğma torpaq, daş dadı.
De hardasa
məzarından göyərib,
Bəlkə yenə yaşamağa başladı.
İncəlidə dəfn etdik, Ağamalı Sadiqi. İncə dərəsinin
qəbirləri kəndin qucağındaca yerləşir.
Elə kəndin tən ortasında, yol ayrıcında, məzarıstanın
başında ağ mərmər dönərək,
yol adamlarının hamısıyla salamlaşır hər
gün...
Son olaraq
Ağamalı Sadiqə həsr etdiyim bir şeirlə fikrimi
tamamlayıram:
Bu yaz
gülləri qoxlaram,
Tapşır güllərə dərdini.
Dizi
çatlar, beli sınar,
Qoşma fillərə dərdini.
Gələnlərim
baha gəlir,
Savaba günaha gəlir.
Dərd
bizə pənaha gəlir,
Deyək kimlərə dərdini?
Sözlərin
dildə yasdanır,
Qılınclar
qında pasdanır,
Dünya
unudur, dost danır,
Oxu simlərə dərdini.
Səmadı
- süzə bilmədik,
Dəryadı - üzə bilmədik.
Daha biz
dözə bilmədik,
Verək yellərə dərdini.
Ədalət.-2015.-24 sentyabr.-S.10.