GÖYÇAY: MƏDƏNİYYƏT SİSTEMİNDƏ ƏNƏNƏ VƏ MÜASİRLİK

(əvvəli ötən saylarımızda)

 

Keçən il rayon mədəniyyət evinin özfəaliyyət kollektivi 20 iyul tarixində Şəki şəhərində I Şirniyyat festivalında və avqustun 24-ü tarixində Qəbələdə mürəbbə festivalında iştirak etmişdir.

Bakıda keçirilən dövlət tədbirlərində də rayon mədəniyyət və turizm şöbəsinin özfəaliyyət kollektivləri fəallıq göstərmişdir. Novruz bayramında Dənizkənarı Bulvarda keçirilən bayram şənliklərində Göyçay rayonunu təmsil edən mədəniyyət işçiləri rayonun mədəniyyətini, tarixini, təbiətini əks etdirən mədəniyyət nümunələrini nümayiş etdirmişlər.

Rayon Mədəniyyət və Turizm Şöbəsi xalq yaradıcılığı və özfəaliyyət işinin yaxşılaşdırılması, bədii özfəaliyyət işinin gücləndirilməsi məsələlərinə də ciddi yanaşmışdır. Milli adət və ənənələrimizin qorunub saxlanması və onların gələcək nəsillərə çatdırılması ilə bağlı rayonda bir sıra tədbirlər həyata keçirilmişdir. Bu məsələlərlə əlaqədar olaraq yerlərdə özfəaliyyət kollektivlərinə baxış müsabiqələr keçirilmiş və müsabiqədə qaliblərin iştirakı ilə R.Rzanın Adına Rayon Mədəniyyət Evində yekun konserti olmuşdur.

Rayonda keçirilən "Novruz 2015" meydan tamasında və ötən ilin ənənəvi "Nar bayramında" rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində fəaliyyət göstərən bütün mədəni-maarif müəssisələri həmin bayramın təntənəli surətdə keçirilməsini təmin etmək üçün bütün səy və bacarıqlarından istifadə etmişlər. Həmin tədbirdə mədəniyyət evləri və klublarda fəaliyyət göstərən dram dərnəklərinin üzvlərindən ibarət folklor kollektivi xalq geyimləri, tapmacalar, xalq təbabəti, milli oyunlar, xalq yaradıcılığı və folklor nümunələrindən istifadə olunmuşdur.

Bayrama dəvət edilmiş qonaqlarbir çox ölkələrin səfirlik nümayəndələri folklor kollektivinin çıxışlarını rəğbətlə qarşılamışlar. Həmin folklor kollektivlərinin çıxışları respublikanın bütün televiziya kanalları ilə göstərilmişdir.

 

Xalq yaradıcılığına xüsusi önəm verilir

 

Ümumiyyətlə, Göyçay rayon mədəniyyət müəssisələrinin keçirdiyi bütün tədbirlərdə xalq yaradıcılığının forma və metodlarından: bayatılar, laylalar, xalq mahnı və rəqsləri, tapmacalar, milli xalq oyunları: yallı, kosa-kosa, kəndirbaz, xoruz döyüşdürmə, pələvan və milli güləş kimi oyunlarından istifadə edilmişdir.

İl ərzində rayon mədəniyyət və turizm şöbəsinin də fəaliyyət göstərən müəssisələrin, o cümlədən, Tarix Diyarşünaslıq muzeyinin, Heydər Əliyev Mərkəzinin, Rəsul Rzanın ev muzeyinin, M.Ə.Sabir adına rayon Mərkəzi kitabxanasının fəaliyyətini əks etdirən bukletlər nəşr edilmiş, rayonda keçirilən "Nar bayramı" ərəfəsində rayon Mədəniyyət və Turizm şöbəsinin fəaliyyətini özündə əks etdirən xüsusi bülletenlər nəşr edilmişdir.

Respublika Kitabxana Kollektoru ilə 2800 (iki min səkkiz yüz) manatlıq müqavilə bağlanmış və müqaviləyə əsasən MKS-yə 2800 manatlıq kitabkitabxana texnikası alınmışdır.

 

Mədəniyyət

mərkəzlərində və

müəssisələrində yeniliklər

 

Heydər Əliyev Mərkəzində hazırda 478 eksponat vardır. Mərkəzin ekspozisiyasında hal-hazırda 215 ədəd eksponat nümayiş etdirilir. İl ərzində Mərəkəzə 13000 nəfərdən çox tamaşaçı gəlmiş və onlar üçün 1050-dən çox ekskursiya, 90 mühazirə, 60 sərgi təşkil edilmişdir.

Xalq şairi R.Rzanın ev muzeyində hazırda 861 ədəd eksponat vardır. Bunlardan 475 ədədi ekspozisiyada nümayiş etdirilir. İl ərzində muzeyə 16 ədəd yeni eksponat daxil olmuşdur ki, yazıçının şəxsi əşyalarından ibarət olan bu eksponatlar R.Rzanın ovladları Anar RzayevFidan xanım tərəfindən muzeyə hədiyyə edilmişdir. İl ərzində muzeyə 600 nəfərdən çox fərdi tamaşaçı ekskursiya etmişdir.

Tarix-diyarşünaslıq muzeyində hazırda 6602 eksponat vardır. Bunlardan 2227 eksponat ekspozisiyada nümayiş etdirilir.

İl ərzində rayona 6400 nəfərdən çox turist gəlmişdir ki, bunların əksəriyyətini yerli turistlər təşkil etmişdir. Keçən il Göyçayda keçirilən nar bayramında rayona 500 nəfərdən çox xarici turist gəlmişdir.

Tarix-diyarşünaslıq muzeyində keçən il 16000 nəfərdən çox tamaşaçıya 1600 ekskursiya təşkil edilib. Muzeyə fərdi gələnlərin sayı 1540 nəfərdən çox olmuşdur ki, bunların 200 nəfəri xarici turistlərdir. Muzeydə 35 tarixi mövzuda dərslər aparılmış, 43 sərgi təşkil edilmişdir ki, bunlardan 24-2 muzeydə, 19-u muzeydən kənarda baş tutmuşdur.

A.Məmmədov adına Uşaq Musiqi məktəbində dərslər 6 ixtisas üzrə aparılır. Fortepiano, skripka, tar, kamança, qarmon və xanəndəlik. 2014/2015-ci dərs ilində məktəbdə 431 nəfər şagird təhsil alıb.

İl ərzində məktəbin fortopiano ixtisasları üzrə müəllimlərdən T.Rzayeva, Y.Mustafayeva, S.Mustafayeva, A.Məmmədova, X.Veysəlovanın siniflərində valideynlərin və müəllimlərin iştirakı ilə konsert keçirilmiş, bu konsertlərdə şagirdlər Azərbaycan bəstəkarlarının və dünya klassiklərinin əsərlərini ifa etmişdilər.

Məktəbdə xor kollektivi, xalq çalğı alətləri ansamblı, skripkaçılar ansambılı fəaliyyət göstərir. Bu musiqi kollektivləri rayonda keçirilən bayram tədbirlərində fəal iştirak edirlər...

 

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2015.-24 sentyabr.-S.3.