Üzü dağlara boylanan Laçın
REGİON
(əvvəli
ötən sayımızda)
Sosial şərait həyat amilidir
Taxta körpü ərazisində
məskunlaşmış əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək məqsədi
ilə müxtəlif gücə malik 4 ədəd
transformatorda əsaslı, 35 ədəd transformatorda isə cari təmir
işləri aparılmışdır. Dövlət
Qaçqınkomdan alınmış 1 ədəd 160 kva transformator Alxaslı
obasında, 1 ədəd 250 kva transformator Vağazinin
(Canavarlı) obasında, 1 ədəd 100 kva
transformator Malıbəy obasında
quraşdırlmış, ərazidəki obalarda
yararsız hala düşmüş
altı min metr naqil yenisi ilə əvəz
olunmuşdur.
Cari ilin iyun ayında Mingəçevir Elektrik Şəbəkə Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış bir ədəd 250 kva transformator Alxaslı obasının su təchizatını təmin edən nasos stansiyada quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir. Ərazidəki hava xətlərinin uzun müddət istifadə olunması, bəzi obalarda əhalinin yataq massivindən kənarda ev tikməsi və həmin obalara primitiv qaydada elektrik xəttinin çəkilməsi gərginliyin aşağı düşməsinə və tez-tez qəzaların baş verməsinə səbəb olur. Belə halların qarşısının alınması üçün kənd inzibati ərazi vahidi üzrə nümayəndələr, Laçın Elektrik şəbəkəsinin işçiləri təsirli tədbirlər görməlidirlər. Əhalini suvarma və içməli su ilə təmin edən nasos stansiyalarında müxtəlif gücə malik transformatorlara texniki qulluq göstərilməsinin də Laçın Elektrik Şəbəkəsinə verilməsi onların işə son dərəcə məsuliyyətlə yanaşmasını tələb edir. Əhalinin normal elektrik enerjisi ilə təmin olunması, kənd təsərrüfatı məhsulları istehsalçılarının əkin sahələrinin vaxtında suvarılması üçün nasos stansiyaların texniki şərtlərinə uyğun elektrik cərəyanının verilməsini təmin etmək üçün Laçın Elektrik Şəbəkənin rəhbərliyi Mingəçevir Elektrik Şəbəkə Məhdud Məsuliyyətli Cəmiyyəti ilə sıx əlaqədə işləməlidir.
Əhalini içməli su ilə təmin etmək məqsədi ilə obalarda yararsız hala düşmüş diametri 25-100 millimetr olan 7800 metr plastik boru yenisi ilə əvəz olunmuş, 4750 metr hissəsində isə cari təmir işləri aparılmışdır. Mişni - Mayis magistral su xəttində istismar müddətini başa vurmuş 1700 metr metal boru diametri 250 millimetr olan polietilen boru ilə əvəz olunmuş, bir ədəd elektrik mühərriki, bir ədəd elektrik nasosu istifadəyə verilmişdir. 552 ailəlik qəsəbənin layihələndirilməsi zamanı təsərrüfat suyunun nəzərdə tutulmaması yay aylarında əhaliyə keyfiyyətli içməli su verilməsinə öz mənfi təsirini göstərir. Bu problemin aradan qaldırılması üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmış, Azərsu ASC-dən və Su Melorasiya Təsərrüfatı Nazirliyindən mütəxəssis qrupu dəvət olunmuş, əraziyə baxış keçirmişdir. Əlavə su xəttinin çəkilməsi üçün əməli tədbirlər görülür.
Kəndlinin bərəkət ünvanı - torpaq
2014-cü ildə 1228 hektar taxıl sahəsi biçilmiş, hər hektardan 29,7 sentner məhsul istehsal olunmaqla 3799,4 ton taxıl istehsal olunmuşdur.
2014-cü ilin yazında 27 hektar ərzaq üçün bostan, 7 hektar tərəvəz əkini aparılmış, 35 ton tərəvəz, 462 ton bostan məhsulları istehsal olunmuşdur. Taxtakörpü ərazisində çox illik otların əkilməsi heyvandarlığın inkişafı üçün mühüm amil hesab olunur. Əhali təsərrüfatının istifadəsində olan 1578 hektar yonca sahəsi biçilmiş, 11546 ton qaba yem istehsal olunmuşdur.
Qış obalarında heyvandarlıq təsərrüfatlarının bitkiçilik sahələrinə nisbətən daha çox inkişaf etməsi və daha rentabelli olması yem bitkilərinin əkin sahələrinin genişləndirilməsinə şərait yaratmış, nəticədə buğda əkini və istehsalı ilbəil azalmışdır.
Taxtakörpü ərazisində suvarmaya yararlı torpaq sahəsi 18500 hektar təşkil edir. Əhali və fermer təsərrüfatlarında mövcud əkin sahələrinin vaxtında suvarılması üçün Laçın rayon Suvarma Sistemləri İdarəsinin balansında olan 18 ədəd nasos stansiya, 12 ədəd elektriklə, 6 ədədi isə dizel yanacağı ilə işləyən nasoslardan istifadə olunur. 2014-cü ilin doqquz ayında üç ədəd elektrik mühərriki, iki ədəd dizel mühərriki, 2 ədəd nasos stansiya əsaslı, 16 ədəd hidrotexniki qurğu cari təmir olunmuş, 54 kilometr suvarma kanalı lildən təmizlənmişdir. Torpaqların şorlaşmasının qarşısının alınması və melorativ vəziyyətinin yaxşılaşdırılması üçün Qarakeçdi obalarında 4240 metr qapalı dren, 850 metr beton kanal, 7 ədəd su ötürücü qurğu və 2 ədəd beton körpü tikilib istifadəyə verilmişdir.
Acılı-şirinli tədbirlər
Məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, qəbulu, mövcud problemlərin öyrənilməsi və vaxtında həll olunması istiqamətində xeyli işlər görülmüşdür. Şəhid ailələri, əlillər və imkansız ailələr daim diqqət mərkəzində saxlanılmış, əməkhaqqı, pensiya və müavinətlər vaxtında ödənilmiş, gecikmə halları müşahidə edilməmişdir. İmkansız ailələrin siyahıları bir daha dəqiqləşdirilmiş, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə 110 ailəyə, Novruz bayramı münasibəti ilə 650 ailəyə, Ramazan bayramı münasibəti ilə 500 ailəyə ərzaq və Qurban bayramı münasibəti ilə 868 ailəyə qurban payı göndərilmiş, yerlərdə əhalinin mövcud problemləri öyrənilmişdir. Bundan əlavə Vergilər Nazirliyi tərəfindən Qurban bayramı münasibəti ilə 3005 laçınlı ailəsinə qurban payı göndərilmiş, nazirliyin əməkdaşları və kənd inzibati ərazi nümayəndələri tərəfindən Ağcabədi rayonu və Taxtakörpü ərazisində məskunlaşmış köçkünlərə paylanmışdır.
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar mayın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında anım mərasimi keçirilmişdir. Mərasimdə Baş Nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov başda olmaqla dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların nümayəndələri və Laçın ziyalıları iştirak etmişdir. Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış "Əsirlikdə qala qalmaz" sənədli filminin və Laçın: Tariximiz, qan yaddaşımız kitabının təqdimatı keçirilmişdir. Anım mərasiminin sonunda Şəlvə kənd Uşaq Musiqi Məktəbinin 80 nəfərlik xor kollektivinin ifasında "Laçın harayı" adlı musiqi kompazisiyası ifa olunmuşdur.
Səxavət Məmmədli
Ədalət.-2014.-6 yanvar.-S.6.