Qısa ömrün əbədi poeziyası

 

Azərbaycan XX əsr poeziyasının ən parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin 6 yanvar xatirə günüdür. Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə müəllim kimi başlayan şair Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son yeri 18 saylı Bakı şəhər orta məktəbi olub (bu məktəb indi onun adını daşıyır).

Yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şerilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı-"Küləklər" 1930-cu ildə nəşr olunub. Bundan başqa bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib. Bunlar A.S.Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birlikdə),Taras Şevçenkonun "Kobzar"(Əhməd Cavadla birlikdə),Yegişe Çarensin "Şeirlər", S.Y.Marşakın "Huşsuza bax, huşsuza", M.F.Axundovun "A.S.Puşkinin ölümünə şərq poeması" kitablarıdır. Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına qısa bir ömür çərçivəsində böyük töhfələr vermiş şairin həyatı da özündən sonrakı nəsillərə örnək olaraq qalmaqdadır. Müşfiq əqidəsi, iradəsi, dönməzliyi milli şüurun heç bir təsirlərə məruz qalmadan əbədi varlığına dəlalət edən əvəzsiz nümunədir.

Müşfiqin eyni zamanda insan duyğularını, psixologiyasını, sevgisini mükəmməl əks etdirən şeirləri bu gün də poeziyasevərlərin dilindən düşmür. Poeziyamıza adını qızıl hərflərlə yazmağı bacarmış Mikayıl Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Onun təkcə "Yenə o bağ olaydı", "Necə əl çəkim”, "Oxu tar” şeirləri yaradıcılığının dərinliyini əks etdirərək, hətta poeziyadan anlayışı olmayan insanlara belə siraət etməyə kifayətdir. Bu şeirləri su kimi birnəfəsə içən oxucu vətəninə, anaya məhəbbəti öyrənməklə yanaşı, qadına, təbiətə, həyata sevgisini də özlüyündə müəyyənləşdirir. Elə M.Müşfiqin şeirlərinin bütün nəsillər, xüsusən də gənclər tərəfindən sevilməsinin ən böyük səbəblərindən biri də yəqin ki, onun gəncliyin nəbzini tuta bilməsi olub.

Yaşasaydı, Azərbaycan ədəbiyyatına daha böyük töhfələr verərdi. Təəssüf ki, dövrünün amansız, qəddar qaydaları bu böyük şairi "gündən-günə gözəlləşən işıqlı dünyadan" dan vaxtsız apardı, poeziyanı Müşfiqsiz qoydu. Amansız repressiya qurbanı olan şair 1938-ci il 6 yanvarda güllələnib. Xalqının qəlbindən silinməyən Müşfiqin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, adı bu gün qəsəbə, məktəb, küçə və meydanları bəzəyir.

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi də vurulub.