PROKURORUN QƏTL GÜNÜ...
... Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Dövlətçiliyin keşiyində durmaq, insanların hüquqlarını qorumaq, cəmiyyətdə qanun-qaydanın saxlanılmasını təmin etmək və insanların rahat yaşamasına xidmət etmək - bu çox şərəfli vəzifədir.
Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram.
Heydər
ƏLİYEV
REKVİYEM
Azərbaycan
Prokurorluğu - 95
...Şəmkir şəhər qəbiristanlığında o qədər sakit bir sükut var idi ki, danışmaqla istəmirdin onu pozasan. Yüngül meh əsirdi və qollu - budaqlı ağacların pıçıldaşan yarpaqlarının qəmgin səsi eşidilirdi. Haradasa cırcıramalar ağu deyirdi. Bir də ləngiyən, uzanıb gedən günortanın lal - kar səssizliyi ötən dəqiqələrin yaxasından sallana qalmışdı. Göz qamaşdıran isti yay günəşi yarpaqların qarasından ətrafa qızlı şəfəqlər salır, lap uzaqdan diqqəti özünə cəlb edən qəbirüstü xatirə abidəsini və onun üstünə yazılmış sözləri daha da işıqlandırırdı:
PROKUROR
FƏZAİL ARIX OĞLU HÜSEYNOV
1956 - 1995
Prokurorun adı və soyadı bütün qəbir
daşlarında yazılan sözlər kimi kədərli
görünürdü. Adama elə gəlirdi ki, qəbiristanlığı
araya alan dinclik və səssizlik xatirə
abidəsinin üstündə həkk olunmuş bu sözlərlə
tək - tənha mükalimə aparan şəxsin sicimlənən
fikirlərini qırmamaq üçün idi.
...Gərgin
işdən sonra yorğunluğunu azacıq dərmək
arzusu ilə arxayınlıqla kresloya əyləşmiş
prokurorun sərt baxışları uzaqlara dikilmişdi. Onun xarakteri göz önündə idi. Göyərçin qanadları təki
açılmış və sanki uçuşdan sonra bir hovur
dincəlmək istəyirmiş kimi barmaqları dizinin
üstünə dayaqlanmışdı.
Memarlığa daşda donmuş musiqi deyirlər. Xatirə abidəsi
də mərmərdə çağlayan kövrək, kədər
musiqili məhəbbətin hekayəsi idi. Bəlkə
də elə həmin məhəbbətin təsirindən idi
ki, bu tənhalıqda, prokurorun son mənzilinin
qarşısında başı köksünə əyilmiş
orta yaşlı şəxs gözünü Fəzail
Hüseynovun qəbrindən çəkə bilmirdi.
Mərmərdən yonulmuş prokuror sanki müstəntiqin
gəlişinə sevinirdi. Bu cəsur, mərd adam
paqon yoldaşına necə də həyəcanla baxırdı!
Hətta müstəntiq prokurorun
gicgahlarındakı damarın necə vurduğunu da
görürdü.
Prokurorun
bıçaq kimi ürəyə sancılan
baxışları sanki deyirdi: "Mənim qatillərimi
tapıb layiqli cəzalarını verdinizmi?"
Müstəntiq diksindi. Dodaqları öz - özünə
pıçıldadı: "Bu heykəl deyil, əsl sənət
əsəridir !".
Dəqiqələr ötdükcə orta yaşlı bu
şəxslə - Baş Prokuror yanında xüsusilə
mühüm işlər üzrə müstəntiq Nazim
Ağamirzəyevlə abidə arasında sanki söhbət
gedirdi.
Qəmli anlar içində dayanmış müstəntiq
arabir ürəyində apardığı söhbəti
yarıda kəsir, kədər qarışıq
dalğınlıqla qəbirüstü abidəyə
tamaşa edirdi. Bu məzhunluğun bir tərəfi
prokurorun əziz xatirəsi - faciəli ölümü ilə
bağlı idisə, ikinci tərəfi incəliklərlə
yonulmuş bu abidədə müəllifin mərhumun
xarakterini açmaq ustalığı idi.
Bu prokurorun maddi abidəsi idi. Onun əsil mənəvi abidəsi
isə ürəklərdədir: son nəfəsinə qədər
xidmət etməkdən usanmadığı xalqın ürəyində, iş
yoldaşlarının ürəyində, nəhayət vəfalı
həyat yoldaşının, sevimli balalarının ürəyində.
İnsanların
ürəklərində ucaldılmış abidə isə əbədidir,
zamanın fövqündədir!
Qəbiristanlıqdakı səssizlik adamın əsəblərini
qıcıqlandırırdı. Nazim Ağamirzəyev bunu
bütün varlığı ilə hiss edirdi. Xəfif
və yüngül meh quru yarpaqları bir qəbirdən o
birinə atırdı. Ağamirzəyev kədərli
baxışlarını aşağı dikmişdi.
Üzü bozarmış, gözlərinin altında
qırışlar əmələ gəlmişdi...
Bayaqdan fikir onu necə götürmüşdüsə
gətirdiyi gülləri unutmuşdu. Birdən yadına
düşdü. O əlindəki gülləri prokurorun
qəbrinin üstünə qoydu. Baxışlarından
kədər, qəm töküldü.
Qəbiristanlıqdakı qəddi-qamətli ağaclar
sükut içində idi. Məzarlar boylu
qadınlara oxşayırdı. Amma onlar heç vaxt
doğmayacaqdılar...
Xüsusilə mühüm işlər üzrə
müstəntiq xoş və acı xatirələrə qərq
olmuşdu.
Peşə dostunun ölümündən neçə il sonra da gözləri Fəzail Hüseynovu
axtarırdı, daxili varlığı onu bu sükut içərisində
tənha yatmış prokurorla görüşə
qovuşdurmuşdu.
Bu faciəli
ölüm dörd il səkkiz ay bundan əvvəl
baş vermişdi...
PROKURORUN... QƏTLİ
BARƏDƏ XƏBƏR
İnsan ömrü heç də gənc bir yeniyetmənin
düşündüyü kimi intəhasız deyildir, vaxt
etibarı ilə məhduddur. İnsanın öz həyatında
üç mühüm hadisənin təəssüratı ilə
yaşaması bir kimsə üçün sirrə
çevrilməyib - o anadan olur, ömür sürür və
vəfat edir.
Bəlkə də bu səbəbdəndir ki, həyatda
müvəqqəti qonaq olmağımızı hamımız
yaxşı bilirik. Ancaq bu həqiqəti nə qədər
aydınlığı ilə dərk etsək də şəxsiyyətindən,
insanlar arasında tutduğu mövqeyindən, vəzifəsindən
asılı olmayaraq hər hansı birimizin sıramızdan əbədi
ayrı düşməsi istər - istəməz qəlbimizi
göynədir, ürəyimizdə ağrılı -
acılı təəssüf hissi doğurur. 1995 - ci il noyabrın 12 - də Milli Məclisə
seçkilər günü axşamdan xeyli keçmiş
respublikaya səs salan müdhiş xəbər kimi. Həmin xəbər
adamlar arasında təəccüblə yanaşı, təəssüf
qarışıq heyrətə də səbəb oldu:
"Samux rayonunun prokurorunu vəhşicəsinə
öldürüblər!"
Prokurorun qətlə yetirilməsi xəbəri camaat
arasında böyük əks - səda doğurdu. Az qala
pıçıltı ilə bir - birimizdən soruşduq:
"Eşitmişsən", "Ağlın nə kəsir?",
"İnanırsan?.."
Bununla bərabər bu acı xəbər çox ürəkləri
də tərpətdi - bəzilərinə qorxu salıb əsdirdi,
bəzilərini isə nifrət və qəzəblə
doldurdu.
Eşidən - bilənin dodaqları sanki bir neçə kəlmə
sözlə bəndləndi: "Yox, yox, bu mümkün deyil,
belə şey heç vaxt ola bilməz".
Amma tərəddüd uzun çəkmədi. İnansaq da,
inanmasaq da, prokuror həqiqətən də
öldürülmüşdü. Hadisənin ertəsi
gün Respublika Prokurorluğu Mətbuat Mərkəzinin
ölkə qəzetlərində dərc olunmuş məlumatı
deyilənlərin doğru olduğunu rəsmiləşdirdi:
"Samux rayon prokuroru Fəzail Hüseynov naməlum şəxslər
tərəfindən qətlə yetirilmişdir".
...Fəzail Hüseynov peşə yoldaşları
arasında hazırlıqlı, təşəbbüskar və
bacarıqlı, öz işi, peşəsi ilə haqq - ədalətə
xidmət edən prokuror kimi tanınırdı. On il idi
ki, prokurorluq orqanlarında işləyirdi, məsul vəzifələr
tutmuşdu. Daima da yüksək prokurorluq
işçisi adını şərəf və ləyaqətlə
daşımış, öz çətin, lakin nəcib vəzifəsini
vicdanla yerinə yetirmişdi. Bir - neçə rayonda
prokurorun köməkçisi və müavini işləmişdi
- iki il idi ki, Samux rayonuna prokuror təyin
edilmişdi. Prinsipial, qətiyyətli, qorxmaz və
cəsur hüquqşünas sayılırdı. Belə
bir adama kim və ya kimlər güllə
atıb namərdlik etmişdilər?
Prokurorun
öldürülməsi ilə bağlı dərc olunmuş
rəsmi məlumatda qətlin kim tərəfindən
və nə məqsədlə törədildiyi barədə
açıqlama verilmədiyindən adamlar arasında müxtəlif
şayiələr yayılmışdı. Kimlərsə
söyləyirdi ki, prokuror həddindən artıq
prinsipiallığının qurbanı olubdu. Bəziləri
də inadla israr edirdi ki...
Şayiələr çox idi. İctimaiyyəti isə
daha çox maraqlandıran əsil həqiqət idi. Onu yalnız və yalnız istintaq aşkara
çıxara bilərdi.
Cinayətin təşkilatçılarının, təhrikçilərinin
və digər iştirakçılarının müəyyən
edilməsi, onların cəzalandırılması məqsədilə
qanunda nəzərdə tutulan bütün tədbirləri
görmək üçün hadisədən dərhal sonra
faktla bağlı Cinayət Məcəlləsinin 94 - cü
(ağırlaşdırıcı hallarda qəsdən
adamöldürmə) maddəsi ilə cinayət işi
başlandı. Respublika Prokurorluğunun və Daxili
İşlər Nazirliyinin əməkdaşlarından ibarət
istintaq - əməliyyat qrupu yaradıldı. Mühüm işlər üzrə ən təcrübəli
müstəntiqlər və peşəkar əməliyyatçılar
həmin qrupa cəlb olundu.
Xüsusilə ağır cinayət hadisəsi bərədə
məlumatlandırılmış Baş Prokuror, II dərəcəli
dövlət ədliyyə müşaviri Eldar Həsənov
istintaqın gedişini xüsusi nəzarətə
götürdü.
İstintaqçılar
qarşısında Baş Prokurorun müvafiq göstərişinə
əsasən hadisənin açılması üçün
bütün qüvvə və vasitələrin səfərbər
olunması tələbi ilə konkret vəzifə qoyuldu: qətlin
motivini, cinayətin baş verməsinin səbəb və
şəraitini aydınlaşdırıb dəqiqləşdirmək!
İDARƏ RƏİSİNİN
HƏYƏCANI
...Gecə
saatları idi. Respublika Prokurorluğu İstintaq
İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə
müşaviri Ağamməd İbişovun sükuta qərq
olmuş kabinetində gərginlik hökm sürürdü.
İdarə rəisinin arabir eşidilən səsi
bu gərginliyi daha da artırırdı. İdarənin
bütün əməkdaşları kabinetə
yığışmışdı. Hamı
çalışırdı ki, özünü sakit göstərsin.
Lakin bir az əvvəl eşitdikləri
acı xəbərin göynərtisi və gözlərdəki
parıltı bu adamların keçirdikləri həyəcanı
büruzə verirdi.
Ağamməd İbişov fikirli halda kabinetdə var - gəl
edir, gəzişə - gəzişə
danışırdı. O, pəncərəyə yaxınlaşdı və
beşinci mərtəbənin yüksəkliyindən
çölə baxdı. Pəncərənin o
tayında zülmət qaranlıq düz bahara kimi onları
yatmağa qoymayan küləkdən narahatlıqla
yırğalana ağacların üstünə enirdi. Küçə işıqlarının şöləsi
qonşu binaların fasadları üzərində
sürünürdü. Bəyaz pərdələrin
arxasından küçələrdə tək - tük qalmış
avtomobillərin boğuq siqnal səsi eşidilirdi. Həmin avtomobillərin fənərlərindən
yayılan işıq seli qaranlığı yarır, mirvari
boyunbağı təki səkini dövrələyirdi. Külək əlləri qoynunda bitmiş ağaclara
yarpaqların həsrət dolu ayrılıq nəğməsini
oxuyurdu. Budağından qopan yarpaqlar vətən
deyib küləklərin qoynuna sığınırdı.
Şəhər yuxuya dalırdı. Ancaq burada, Respublika Prokurorluğunun inzibati
binasında həyat davam etməkdə idi.
Ağamməd
İbişov nəyi isə xatırlamış kimi pəncərənin
qarşısından geri çəkildi, dönüb otağın
o biri başına tərəf ağır - ağır
addımlayaraq danışmağa başladı...
Müstəntiq Nazim Ağamirzəyevin belə
ağır cinayət işlərinin istintaqında idarə rəisi
ilə birgə işlədiyi bir - neçə dəfə
olmuşdu.
Hündür boylu, şəxsiyyətli adam
olan generalın çiynində şax duran poqonlara baxanda elə
bilirdin ki, bunlar adi poqonlar deyil, dövlətin onun çiyninə
qoyulmuş əlləridir. Ağamirzəyev bu sərt, tələbkar,
ancaq sadə qəlbli və səmimi insanı gözəl
tanıyırdı və indi görürdü ki, o, nədənsə
daha çox həyəcan keçirir:
- Hamımızın
hörmət etdiyimiz cəsur və qorxmaz poqon
yoldaşımız çox vəhşiliklə qətlə
yetirilibdi. Onun qanı yerdə
qalmamalıdır. Qətli törətmiş
şəxsin və ya şəxslərin cinayət məsuliyyətinə
cəlb olunmaları üçün bütün əziyyətlərə,
çətinliklərə qatlaşmağa borcluyuq. Peşəmizin keşiyində durmağı
bacarmırıqsa, bu poqonları gəzdirməyə bizim mənəvi
hüququmuz çatırmı? Xalq
haqlı olaraq bizə irad tutub deməzmi ki,
özünüzü qoruya bilmirsiniz, sizə dövləti,
sadə adamların həyatını qorumağı necə
etibar etmək olar? - Ağamməd İbişov bir
anlıq süst olmuş kimi dimdik durdu, düşüncəli
baxışlarını harayasa zilləyib qaldı. Elə bil tarixi bitən bir ömrün, namərd
gülləsi ilə yekunu vurulan həyat salnaməsinin fəxri
qarovulunda dayanmışdı. O,
baxışlarını dəyişmədən
sözünü yekunlaşdırdı: - Nə cür olursa -
olsun, qatil və ya qatillər tapılmalıdır! İstintaqın aparılması xüsusilə
mühüm işlər üzrə müstəntiq Nazim
Ağamirzəyevə həvalə edilir.
İdarə rəisinin qətiyyəti və mövqeyi
aydın idi. Nazim Ağamirzəyev diqqətlə Ağamməd
İbişova qulaq asırdı. Mürəkkəb
istintaq işləri həmişə onun ürəyindən
olurdu. Doğrudan da əgər sən öz işinə
sədaqətlisənsə, onda mürəkkəb və
maraqlı istintaq arzusunda olmaq təbii deyildirmi ?!..
Bu sahədə çalışanlar bilirlər ki, istintaq öz - özlüyündə psixoloji gərginlik yaradan prosesdir, ona kənardan yersiz müdaxilə, xüsusən də əsassız təzyiqlər olanda iş daha da çətinləşir. Belə vaxtda yalnız dəmir idarə və qətiyyət göstərən müstəntiq öz daxili inamını qoruyub saxlayaraq haqqın - ədalətin təntənəsinə nail ola bilir.
Bir də ki, Nazim Ağamirzəyev çox yaxşı dərk edirdi ki, xüsusilə mühüm işlər üzrə müstəntiq böyük məsuliyyət tələb edən bir vəzifədir. Onun araşdırmaları öz miqyasına görə ölkə əhəmiyyətli olmaqla daim geniş ictimai - siyasi rezonans doğurur. Onu fərqləndirən təkcə yüksək peşəkarlığı deyil, həm də qəbul etdiyi qərarların dürüstlüyünə olan inam və etibardır. O, ən mürəkkəb, ən dolaşıq cinayət işlərini məharətlə aça bilir, əsl günahkarları dəqiq müəyyənləşdirərək, haqq - ədalətin bərqərar olmasını təmin edir. Ona gördüyü işə görə təkcə mükafatlar verilmir, bəzən də hədə - qorxu gəlir, təzyiq göstərirlər.
Belə bir hüquqşünas taleyi yaşayan Nazim Ağamirzəyev idarə rəisindən konkret tapşırıqlarını alandan sonra təcili Gəncəyə yola düşdü...
(ardı var)
Ədalət.-2015.-7 yanvar.-S.6.