RAMİZ ORSƏRİN
ŞEİRLƏRİ
Şəki əzəldən Azərbaycanın sənət ocaqlarından biri olub və indi də bu ənənəni yaşadır. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadədən tutmuş ta orada yaşayan bu günün bir cavan şairinə qədər zəngin söz, musiqi, teatr dünyası var bu bölgənin. Milli dramaturgiyamıza öz komediyaları ilə yeni bir nəfəs gətirən Sabit Rəhman, poeziyamızda əbədi yaşayacaq ustad şair Bəxtiyar Vahabzadə, bənzərsiz aktyor, səhnədə həm xeyirxah, həm avam, həm də qəddar insan obrazları yaradan İsmayıl Osmanlı, Azərbaycan ədəbi tənqidinin sonuncu korifeyi Yaşar Qarayev, gözəl şair Arif Abdullazadə, qəfil ölümün sıralarımızdan qopardığı, amma xatirəsi daim ürəklərdə yaşayan mütəfəkkir alim Aydın Məmmədov Şəki torpağında dünyaya göz açıblar. Şəki unikal bir bölgədir və burada şəkililərin şirin ləhcəsindən tutmuş gülüş mədəniyyətinə, bənzərsiz adət-ənələlərindən, folklor duyumundan, torpağa məhəbbətindən tutmuş sözə, musiqiyə münasibətinə qədər hər şey bizdə belə bir təsəvvür oyadır: BURA QƏDİM AZƏRBAYCAN DİYARIDIR.
Bu gün Şəki qaynar ədəbi-mədəni mərkəzimiz Bakıdan yüz kilometrlərlə uzaq olsa da, orada sözün, musiqinin, teatrın, folklorun nəsimi əsməkdədir. Deməli, istedad üçün təkcə paytaxtda yaşamaq əsas şərt deyil, regionda da yaşayıb sənət aləminə incilər bəxş etmək olar. Bu gün Şəkidə Vaqif Aslan, Namizəd Xalidoğlu kimi müasir poeziyamızda yeri olan, təkcə Şəkidə deyil, Azərbaycanımızda tanınan istedadlı şairlərimiz var. O sırada Ramiz Orsərin də adını çəkə bilərik. AYB-nin üzvü olan Ramizin şeir kitablarının sayı onu ötüb, "Azərbaycan" və "Ulduz" kimi əsas ədəbi orqanlarımızda da şeirləri ilə rastlaşırıq.
Mən onun 2013-cü ildə işıq üzü görmüş "Bu Vətəndə" şeirlər kitabı və bu il çap olunacaq "Qarabağ dərdi" əlyazması ilə tanış oldum. Şeirlərindəki sadə və təbii ifadə tərzini, həyata, gözəlliyə, dünyaya, təbiətə və cəmiyyətə öz fərdi duyumuyla yanaşmanı hiss etdim. Olsun ki, onun şeirlərinin heç də hamısı poetik səviyyəsinə görə eyni deyil, biri digəri ilə müqayisədə irəlidi, ya geridi (deməli, şeirlər arasında rəqabət gedir), amma heç biri səmimiyyətdən, şairin oxuculara aşıladığı təbii hisslərdən uzaq deyil. Bu şeirlərin hamısına xas olan bir ümdə cəhəti qeyd edim: şair hər şeirində üzünü oxucuya tutur, onunla şeir dililə söhbət eləyir, ona inana da bilərsən, inanmaya da. O şeirdən hətta heç nə yox, bir-iki misra yadda qalsa, deməli, şairlə söhbətin tutdu. Məni onun şeirləri içərisində daha çox məhrəm duyğularla ifadə olunan nümunələr cəlb elədi. Budur, Atası haqqında yazdığı bir şeir:
Yaşamaq şirindir, yanmaq da şirin,
Hər şeyin yerini biləsən gərək.
Ağlayanda qəşş et, ürəkdən ağla,
Güləndə ürəkdən güləsən gərək.
Bilmirəm atamın arzu, diləyi,
Dünyadan umduğu başa gəldimi?
Aldada bildimi zalım fələyi,
Göz dolusu bircə kərə güldümü?
Canından can verib ucaltdı
bizi,
Günü-güzəranı qarışqa işi.
Hamıya,
hamıya yaxşılıq
etmək
Gündəlik işiydi, özəl vərdişi.
Atam da bilirdi, gələn
gedəcək,
Əzəldən dünyanın işi belədi.
Mələklər könlünü ələ
alınca
Anamın yanına səfər elədi.
Bu şeirdə bir
Ata obrazı əks olunub və şair çox da təfərrüata varmadan onun əməllərini,
övladları üçün
candan keçdiyini, həmişə yaxşı
işlər gördüyünü
bəyan edir. "Göz dolusu bircə kərə gülməyən" bu
Ata ümumiləşmiş bir obraza çevrilir.
Ramiz Orsərin şeirlərində
hər hansı nəsnəyə, əşya
və predmetə (istər maddi, istərsə də mücərrəd planda olsun) məna vermək, bu xüsusda nəsə təzə söz demək təşəbbüsləri
az deyil
və görürsən
ki, bu cəhdlər
uğurlu deyimlərə
yol açır. Məsələn, "Kasıbdıq"
şeirində çox
maraqlı həyati detallar var. Deyir ki: "məmur zalım oğlu Sabiri oxuyur, dodağı qaçmır,
Mirzə Fətəlini
oxumayıb, çünki
ondan baş açmır. Üzeyir bəyi, Cəlili soruşdum, Dedi: "Kimdir onlar?" - bu, ən
dəhşətli kasıblıq
deyilmi? Təbii ki, əşyalara,
məfhumlara məna vermək, onları gözlərimiz qarşısında
canlandırmaq, adilikdə
qeyri-adilikləri əks
etdirmək şairdən
istedad tələb edir. Deyək ki, Süd kimi
bir gün necə ola
bilər?
Süd qoxulu, süd rəngində
süd kimi bir gün
asılıb göy üzündən,
İçində üzüboz külək,
Həsrət, sən, bir də
mən.
"Dəli külək",
"Buludlar" kimi təbiəti vəsf edən şeirlərdə
də bir özünəməxsusluq duyulur. Bu tipli şeirlərdə şair ürəyi ilə təbiətin ahəngi qoşalaşır,
təbiət ürəyə
köçür, ürəkdə
isə təbiətin
səsini eşidirsən.
Ramizin "Yalan
ritmləri"ində həyata,
cəmiyyət hadisələrinə
biganə qalmayan bir insanın etirazları ifadə olunur. Olsun ki, bu şeirlərdə publisistika
bəzi məqamlarda poeziyanı kölgələyir,
amma yalan haqda yazılanların yalan olmadığına inanırsan.
Yalan-palan
içrə ömür
sürməyi,
Sən, mən
hardan bilək, məmurlar bilər.
"Millətin başına corab hörməyi",
Sən, mən,
hardan bilək, məmurlar bilər.
Püşvət verib, rüşvət
almaq yolunu,
Öz xalqının boğazından
çulunu,
Usta-usta
çıxarmağın yolunu,
Sən, mən,
hardan bilək, məmurlar bilər.
Əyalətdə yaşamağın da öz qayğıları,
çətinlikləri olur,
amma böyük şəhərlərlə müqayisədə
bəlkə bir şair üçün mövzu qıtlığı
yaranacağı yalan sözdür. Hər şeydən əvvəl
əyalətdə-bir kənddə,
bir qəsəbədə,
bir balaca şəhərdə müşahidə
etdiklərin yetərincədir.
Təbiət var - seyr elə, gözəllikləri
duy, hər fəslin öz ahəngini şeirə gətir. İnsanlar var - növbənöv,
çeşid-çeşid, onların sevincini, dərdini duy. Ancaq burada da məmur
rüşvətxorluğu, zəhmətsiz pul qazanmaq ehtirasları, şirin vədlərlə
insanları aldadıb
onları zorla, könülsüz də olsa seçki məntəqələrinə çağıran
şəxslərin hiylələri
ilə qarşılaşırsan.
Və təbii ki, Ramizin şeirlərində
də əyalət
"əhvalatları" öz
əksini tapır.
Yaşadığım həyat-nağıl-həyat,
İçi dolu noğul həyat.
Sular axır,
axır durulmur.
Verən
verməkdən,
Alan almaqdan yorulmur.
Nağıllardakı div,
İndi div adamdı.
Yediyi, içdiyi,
Alma deyil, su ha deyil,
Xurmadı, badamdı.
Vicdanına vurulan qandaldı
Aldığı daşbaşlar.
Bəli, bu da nağıldı,
amma qorxulu nağıl. Ancaq bu qorxulu nağıllar təkcə
bir əyalətin, bir kəndin, bir qəsəbənin içini sarmır, bütün məmləkəti
bürüyür. Çünki:
"Həmzələr köç
atan yerdə, Koroğlular yetişmir".
Çünki: "Satan lotu,
alan lotu. Küçə lotu, dalan lotu. Elə bil ki, çayır otu, Tırhatırla ələnməkdə
ələyimiz. Dərəbəylik xitabətdə, Tayı yoxdur bəlağətdə.
Qeyrət zəlil itaətdəgPartapartla
əyişməkdə mələyimiz".
Çünki: "Dərdlərim,
əli qoynunda dayanıb ümid qapısında, boğulhaboğulda.
Ümid qapısı bağlı,
Açarı da qurd oğlunda".
Əlbəttə, bu əyalət "əhvalatları" nə
qədər qorxulu və ürəkbulandırıcı
olsa da, bir şairin içindəki zərif duyğuları, sevgiyə,
gözəlliyə, təbiətə
mehrini söndürə
bilməz. Ramizin sevgi şeirləri
mən deyərdim, onun şeirləri içərisində xüsusi
vurğulanmalı, haqqında
ayrıca söz açılmalı şeirlər
sayıla bilər.
Bu şeirlərdə yalançı, süni, qondarma hisslər yoxdur, ancaq yaşanılmış
duyğular öz əksini tapır. Onun sevgi şeirlərində bu günün sevən aşiqinin ürək döyüntüləri
əks olunur. Özünündür o hisslər, amma
bizim də duyğularımıza yad deyil. Budur, şair üzünü yağışa tutub deyir ki:
Ayrılıq buludu alıb üstümü,
Bəxtim zora düşüb məndən küsdümü?
Söndürüb odumu, qovub tüstümü,
Bu yağan yağışın
insafı yoxmuş.
Həsrət motivləri üstündür
bu şeirlərdə. Amma Ramiz həsrətdən yazanda da onun
obrazını yaratmağa
can atır və çox zaman buna nail olur:
Bir həsrətin bir qapısı,
Bir qapının
iki üzü.
Bir üzündən sənin
şəklin asılıb,
Bir üzündən
mənim.
İşə bax,
Deməyə dilim də gəlmir,
Şəkillərimiz də
bir-birini görmür,
göz-gözə gəlmir.
Bir qapılı,
iki üzlü
bir həsrət,
Gözlərimizə də, həklimizə də
kəsilib qənim.
Sevgidə hər şey gözəldir. Onun hicranı da,
üzüntüsü də,
sevinci də. Sevdiyin qızın bir adi təbüssümü
də. Hətta səsi də.
"Sənin səsindən harda var?! Adımı belə çəkməmişdi
heç kəs.
Səslərin bürküsündən boğulurdum, Səsin verdi mənə yeni bir nəfəs".
Ramiz Orsər Qarabağ dərdini də dilə gətirir və bu dərdi doğrudan da yaşadığını "Qarabağ dərdi" poemasında ifadə etməyə, o dərdi poeziyanın da dərdinə çevirməyi bacarır. Məsələ burasındadır ki, aylar, illər ötdükcə bu dərdin çözülməməsi, ürəklərdə isə qubar bağlaması şeirdə də intizar, həsrət motivlərini ön plana çıxarır. Ordu var, güc var, qeyrət var, amma torpaqlar hələ də işğal altındadır. Ona görə də şairin nisgilinə, səbrinin tükəndiyinə haqq qazandırırsan:
Daş səbri,
dəmir dözümü al əlimizdən,
Yalançı heyrətləri,
Tülkü qeybətləri
Yığışdır obamızdan, elimizdən.
Ayıl məstliyindən,
Qurtul dözüm şikəstliyindən.
Qoyma dolsun yaşa dərdi.
Ramiz Orsərin şeir dilində ara-sıra xırım-xırda əyintilər gözə dəysə də, ümumən bu dil səlisdi, adamı yormur. O, fikrini mümkün qədər yığcam şəkildə ifadə etməyə çalışır. Söz oyunbazlığına yol vermir. Hər üç vəzndə özünü sınayır və deyim ki, heca ilə sərbəstdə yolun düzünü gedir, əruzda isə bir az da mükəmməl olması gərək. Şeirlərinə ilıq bir yumor da qarışır. Hiss olunur ki, Ramiz xalqın, el-obanın, camaatın - Şəki əhlinin dünyaduyumuna, düşüncə tərzinə yaxşı bələddir. Ancaq bütün bunlarla yanaşı, onu da deməliyəm ki, Ramiz Orsər hələ öz şair potensialından, istedadından tam, dolğun şəkildə istifadə etmir. Çox arzu edərdim ki, onun şeirlərində poeziya işığı daha da artsın, bədii təsvir vasitələri rəngarəng olsun, bəzən adi danışıq tonundan əl çəksin. Amma onun yolu dolanbac deyil, əsl şair yoludur və bu yolda ona yeni uğurlar arzulayıram!
Ədalət.-2014.-8 yanvar.-S.7.