BU DÜNYANIN QARA
ŞAİRİ
O, təpədən
dırnağa yumor idi
Həyat çox qəribəliklərlə
və həm də bu qəribəliklərin özünün
təsiriylə zəngin olduğu kimi, həm də yaşamaq
üçün sözün bütün mənalarında
çox çətindi. Düşünməyin ki, bu ilk və
dolaşıq cümlə ilə mən elə yazının əvvəlində
sizləri çətin bir duruma salmaq istəyirəm. Bu heç də belə deyil. Öncə ona
görə ki, mən də bu həyatın qəribəliklərini,
o qəribəliklərdən doğan təsirləri və nəhayət
çətinlikləri hər gün, hər saat, hər an yaşayıram. Belə demək
mümkünsə, mən onları köynək kimi əynimə
geyinirəm və elə özümlə də birlikdə
artıq bütün ruhumu, bütün
varlığımı özümünküləşdirmiş
bu həyatın içində əriyib gedirəm...
Doğrudan da qəribədi. Dünən, beş
gün öncə, lap elə beş dəqiqə bundan əvvəl
söhbət etdiyin, zarafatlaşdığın, üz-üzə
dayandığın adam birdən qeybə çəkilir, ruha
çevrilir, başqa bir dünyanın adamı olur. Onu tutub saxlaya bilmirsən, onun getməsinə mane
olmağa gücün çatmır. Və
sən bu gücsüzlüyün, sözün həqiqi mənasında
acizliyin qarşısında yalnız susursan. Özü
də göz yaşlarını içinə
axıda-axıda... bu göz yaşlarınla ürəyini
sulayıb göyrədə-göyərdə... Göyərən
ürək olmur, ona səpilmiş dərdin toxumları olur...
ayrıldığın, əbədi yoxluğun hüceyrələri
olur... Bax beləcə, insan öz
gücsüzlüyünə çəkilib itdiyi
üçün yalnız göynəməklə, xatirə
danışmaqla qalan ömrünü yaşamaqda davam edir.
Çox təəssüf ki, biz ən çox
istədiklərimizi, ən çox sevdiklərimizi daha tez
itiririk. Görünür, meyvənin
yaxşısı budaqdan tez üzülən kimi, insanların
da əsili, yaxşısı, indiki dildə desəm,
orijinalı daha tez Tanrı dərgahına aparılır.
Bax, məhz həmin orijinallarından, halal və
paklardan biri idi Vaqif Cəfərli. Elə
ona görə də onu böyük Yaradan bu dünyada
qalıb çirklənməkdən, nələrəsə
bulaşmaqdan qorumaq üçün daha tez apardı. Apardı ki, onun o duzlu-məzəli söhbətlərinə,
o satirik ruhun hopduğu misralarına özü qulaq assın,
özü dinləsin. Çünki biz
yerdə onu görmədik, qiymətləndirmədik, dəyər
vermədik. Sadəcə, ona ərklə,
bir doğmalıqla "qara şair" dedik. O, həqiqətən
qara idi!!!
Yəqin
ki, bilirsiniz, "qara" sözünün yozumu böyük
deməkdi, lap elə Qara dəniz kimi. Vaqif də böyük
idi, səsiylə, pıçıltılarıyla,
yazılarıyla, insanlığıyla... İndinin
özündə də gözümün önündə onun
dərd hopmuş çöhrəsi çəkilib getmir.
Hər dəfə kitablarına əl vuranda, barəsində
söhbət salıb söz eşidəndə,
gözünün dibindəki işıq və bir də
barmaqlarının arasındakı siqaret məni öz oduyla,
öz tüstüsüylə qarsıyır, yandırır.
Çünki o, ömür boyu həm bir insan
kimi, həm bir şair kimi, həm də bir başdan-ayağa
yumorla süslənmiş Allah bəndəsi kimi
yanırdı, qovrulurdu. Bunu görməmək,
bunu duymamaq mümkünsüz idi. Və mən
onu şəxsən tanıdığım gündən
anladım ki, bu arıq, ucaboy, amma içi odla dolu olan insan
yanmaq üçün doğulub. Elə
yandığına görə də o, için-için
qaralırdı. Necə ki, kösöv
alışır, amma çox xəfif, çox gizli bir şəkildə
içdən yandığına görə onun
qaraldığı ancaq diqqəti çəkir.
Yalnız əlini vuranda onun hələ də
yandığını hiss edirsən...
Mən Vaqif Cəfərlini ilk dəfə mətbuatdan
tanıdım.
Təbii ki, imzasıyla. Zaman
elə gətirdi ki, biz onunla Beyləqanda
qarşılaşdıq. Doğulduğum
kənd işğal olunduqdan sonra ailəmi Beyləqandakı
uşaq bağçasında yerləşdirdim. Həmin uşaq bağçası rayon mərkəzində,
beyləqanlıların daha çox toplaşdığı ərazinin
100-150 metrliyində idi. Bir gün lap
çoxdan tanıdığım, çörək kəsdiyim,
özümə doğma bildiyim şair Bəhram Fərmanzadə
ilə rayon mərkəzindəki çayxanaların birində
görüşdük. Təzəcə
çaylarımızı süzüb içməyə
başlamışdıq ki, birdən Bəhram özünəməxsus
şəkildə əlini gözünün üstünə
qaldırıb:
- Vaqif, ay
Vaqif, bəri gəl! - dedi.
Arıq, az qala Afrika vətəndaşlarını
xatırladan çöhrəsiylə bir nəfər bizə
yaxınlaşdı. Bəhram onu mənə təqdim etdi:
- Həmişə
barəsində danışdığım Vaqif Cəfərli
bax, budu.
Qalxıb ona əl uzatdım, özümü təqdim
etmək istədim. Məni qabaqladı:
- Əbülfət Mədətoğlunu tanıyıram. Yazılarını da
oxumuşam, qəzetdə şəkillərini də
görmüşəm...
Bəli,
onun bu isti yanaşması və az qala məni yüz ildi
tanıyırmış kimi ərklə əlimi
sıxması o ilk görüşün bütün
dadını-duzunu o qədər şirinləşdirdi,
gözəlləşdirdi ki, Bəhramla etdiyimiz söhbətin
tam səlahiyyətli iştirakçısına çevrildi
və mənim Beyləqanda keçən günlərimin
hamısının iştirakçısı oldu Vaqif Cəfərli.
Vaqif Beyləqanın Əlinəzərli kəndində
yaşayırdı. İsti bir yuvası var idi. Bir dəfə
zarafatla dedi ki:
- Ə, qağa, sən heç bizim qapını
açmıyacaqsan? Səndən o qədər
danışmışam, kitablarını arvad-uşaq stolun
üstündən də götürmür.
Bəli, bu səmimiyyətdən sonra, bu ürəkdən
gələn dəvətdən sonra təbii ki, Vaqifə
qoşulub onlara getdim. Həyətdə qoyulmuş stolun
üstündə Vaqifin dəftəri, qələmi, çap
olunmuş kitabları və bir də mənim ona aftoqrafla
bağışladığım kitablar qoyulmuşdu. Biz
masa araxsında əyləşəndə Vaqif yenə öz
səmimiyyətiylə:
- Yay oldu,
mənim iş yerim bu masanın arxası olur. Ona
görə də arvad-uşaq dəftər-qələmimə
əl vurmur, eləcə üstünü örtürlər.
Sonra da mən gələndə başlayıram işləməyə...
Vaqifin xanımı gözəl çay dəmlədi,
süfrə açdı. Biz onun çox da
böyük olmayan bağ-bağçasını gəzib-dolaşdıq.
Və Vaqif necə oldusa ovdan söhbət
saldı. Mənim də ov həvəskarı
olduğumu biləndə, qızını səslədi ki,
içəridən tüfəngini gətirsinlər. Gətirdilər də. Onu sinəsinə
sıxıb möhkəm sığalladı. Dedi ki, iki
gün öncə fırlandım, bir-iki güllə
atdım, boşa getmədi. Turac da vurmuşdum,
dovşan da.
Sözünü
kəsdim:
- Sən
nə yaman namərd adamsan, bu boyda ovları tək yemisən?!
Güldü
və söz verdi ki, növbəti dəfə
mütləq mənim üçün də ov edəcək. Beləcə, ayrıldım Vaqifdən. Bu görüşümüzdən bir neçə
gün sonra həyat məni təkrar sınağa çəkdi.
Qəzaya tuş oldum. Bu qəzadan
təqribən bir ay sonra Beyləqana, uşaqların yanına
yollandım. Artıq
sağlamlığımla bağlı çox da gəzib-dolaşa
bilmirdim, sınıqlar imkan vermirdi. Bir
gün sarğını dəyişmək üçün
Beyləqan xəstəxanasına getmişdim. Bağçadakı
sığındımığımız yerə qaydıb gələndə
evdə dedilər ki, Bəhram Fərmanzadə ilə Vaqif Cəfərli
gəlmişdilər. Sənə pay da gətirmişdilər.
Amma Vaqif evdə olmadığını bilib
payı özüylə götürüb apardı. Anlaya bilmədim ki, bu nə məsələdi.
Güldüm. Evdəkilər
təəccüblə üzümə baxdılar.
- Yəqin Vaqif dovşan vurub gətiribmiş, özü
də bişmiş şəkildə. Mən evdə
olmamışam deyə Bəhramla gediblər dovşanın
"cəzasını" verməyə.
Doğurdan da bir neçə gün sonra Vaqif etiraf etdi
ki, dovşan vurub gətirmişdi.
- Sən
evdə olmadın, mən də Bəhramla günorta öynəsini
boş keçirmək istəmədim. Yerin məlum,
arağı Bəhram aldı, dovşanı da mən gətirmişdim.
Arağın yarısından çoxunu sənin
sağlığına içdik. Çünki
dovşan məsələsində səbəbkar sən idin...
Bəli, Vaqif son dərəcə zəhmətkeş və
səmimi insan idi, şair idi. Onun şeirlərini oxuyanda yumorun,
satiranın gücünü bir daha duyurdum, hiss edirdim. İstər zamanın nöqsanlarını, istər
insanların xəbisliyini, acgözlüyünü o qədər
təbii və səmimi, həm də yumor hopmuş misralarla tərənnüm
edirdi ki, oxuduqca həm gülürdün, həm
düşünürdün. Bir dəfə ondan
soruşdum:
- Sənə
qara şair adını kim verib?
Gülümsədi:
-
Ustadımız Ənvər Əhmədi tanıyırsan da, o
deyib mənə ilk dəfə "qara şair".
Vaqifi itirəndən
xeyli sonra bu barədə Ənvər müəllimlə
danışanda o da içdən gələn bir kədərlə
söylədi:
- Vaqif
gözəl insan idi, yaxşı şair idi. Heyf
tez itirdik. Hərdən darıxıram
onunçün. Gözü, könlü tox adam idi...
Bəli, Vaqiflə bağlı bölgə müxbiri
olduğu "Kirpi" jurnalının baş redaktoru Polad
Qasımov da ağızdolusu danışıb həmişə
onun saflığını, sözü birbaşa deməsini,
özünü olduğu kimi göstərməsini xüsusi
vurğulayıb. Mənim içimdə olan dostlarımdan
başqa biri, yəni Mobil İsmayılov da Vaqif haqqında
ürək ağrısı ilə söz açır həmişə.
Bəli, Vaqif Cəfərli mənim həyatımda, mənim
ailə üzvlərimin yaddaşında orijinal bir insan kimi
qalıb. Onun ütüsüz, rəngsiz, necə deyərlər,
Allahın yaratdığı kimi, tam çılpaq bir səmimiyyəti,
bir ürəyi var idi. Heç vaxt
danışanda, söz deyəndə dilinin altında
çöp olmazdı. O necə
düşünürdü, necə görürdüsə, elə
də yazırdı. Həddindən artıq sadəlöhv
idi. Eşitdiyi, ona deyilən hər sözə
inanırdı. Bir dəfə onu get-gələ
salan bir adamla bağlı söhbət düşdü. Mən ona söylədim ki, neçə illərdi
bu adamı tanıyırsan? Dedi ki, bir on-on iki il olar. Dedim bu illər ərzində o adamı
öyrənmək, onu tanımaq imkanın olmayıb? Yenə güldü. Dedi, mən onu
özündən də yaxşı tanıyıram. Sadəcə,
mən onu adam bilirəm. Ona
görə də dediyi yalanlara da inanıram və hər dəfə
də düşünürəm ki, o növbəti dəfə
mənə yalan deməyəcək və yaxud da dediyi yalanlara
görə üzr istəyəcək. Amma həmin adam Vaqifə ömrünün sonuna qədər
yalan dedi və ömrünün sonuna qədər də Vaqifdən
üzr istəmədi və Vaqif də ona inandı.
Çünki Vaqif qarşısındakını adam bilirdi, adam görürdü. Çox təəssüf...
Bir dəfə çayxanada əyləşib ədəbiyyatdan,
Qarabağdan, Beyləqanda məskunlaşmış
qaçqınlardan söhbət salmışdıq. Söhbətin
şirin yerində Vaqif əlini qoltuq cibinə uzadıb bir dəftərçə
çıxardı və baxışlarımla onu izlədiyimi,
Bəhramın da ona maraqla baxdığını görüb
öncə gülümsədi. Sonra isə:
- Bu
şeiri sənin kəndin, yəni Tuğ işğal olunan
gün yazmışam, onda səni qiyabi tanıyırdım. Qiyabi tanıdığım ruh dostuma ürəyim
ağrıdı. Hansı durumda
olduğunu, odun-alovun içindən çıxa bilmədiyini
düşünə-düşünə yazdım bu
şeiri. Şeirin ilk misrası belə idi:
Alo, alo dispetçer
Beyləqana cavab ver...
Vaqif Cəfərli həmin şeirin üzərinə aftoqraf yazıb mənə bağışladı və o şeir mənim uşaqlarımın dilinin əzbəri oldu. Bax, beləcə, bir dost idi, bir şair idi, bir insan idi Vaqif Cəfərli. Beləcə də iç dünyamızda qaldı, iç dünyamızda yaşadı və yaşayır. Və nəhayət...
Bəli, əvvəldə xatırlatdım ki,
biz itirəndən sonra dəyər veririk, qiymətləndiririk...
Biz hər şeyin gözəlinin bizim əlimizdən tez
alındığının fərqinə varmadıq və nəhayət
biz bilmədik ki, nələri, kimləri itiririk. Lakin... Bəlkə
də həyatın ən yadda qalan bir çaları da elə
yaxşıların bu dünyaya tez əlvida deməsindədi?..
Nə bilim...
Ədalət.-2015 .-8 yanvar.-S.5.