Teatrımız dünya premyerasına hazırlaşır

Əməkdar incəsənət xadimi Bəhram Osmanov: "İndi biz eşitdiyimiz yox, gördüyümüz barədə fikir yürütmək imkanı qazanmışıq"

 

Bir neçə ildir tanınmış əcnəbi rejissorlar ölkəmizə gəlir və onlar həm Bakıda, həm də paytaxtdan kənarda fəaliyyət göstərən teatrlarda tamaşalara quruluş verirlər. Sevindirici haldır ki, Azərbaycanlı rejissorlar da artıq xarici dövlətlərin teatr kollektivləri ilə yaradıcılıq əlaqələri saxlayır, klassikmüasir səhnə əsərlərinə quruluş vermək üçün dəvət olunurlar. Təkcə elə ötən il bir neçə istedadlı rejissor müxtəlif ölkələrdə tamaşa hazırlayıb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov milli teatrımızın qoşulduğu bu inteqrasiya prosesində fəal iştirak edir. İstedadlı rejissor ötən ilin sonlarında Rusiya Federasiyasının Kalmıkiya Milli Dram Teatrının səhnəsində tanınmış Azərbaycan dramaturqu Əli Əmirlinin "Sevən qadın" tamaşasına quruluş verib. Premyerası uğurla keçən tamaşanın quruluşçu rejissoru ilə Bakıya qayıtdıqdan sonra görüşüb söhbətləşdik.

 

- Bəhram bəy, Rusiyada hazırladığınız "Sevən qadın" haqqında müsahibə boyu ətraflı danışmaq imkanımız olacaq. Öncə rejissorlarımızın xarici ölkə teatrlarına dəvət alması faktına münasibətinizi öyrənmək maraqlı olardı...

- Azərbaycan teatrının tarixindən bəlli olduğu kimi, Xalq artisti Azərpaşa Nemətov sovetlər dönəmində tez-tez belə dəvətlər alırdı. Təəssüf ki, 90-cı illərdən sonra bəlli səbəblərdən bu prosesi davam etdirmək mümkün olmadı.

Son illər müstəqil dövlət kimi öz mövqeyini bütün dünyada möhkəmləndirən Azərbaycan müxtəlif dövlətlərlə təkcə iqtisadi deyil, həm də mədəni əlaqələr qurur, ölkə rəhbəri bu məsələyə xüsusi önəm verir. Tutulan bu yol teatrlarımızın fəaliyyətinə də öz təsirini göstərməkdədir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının timsalında bunu aydın görmək mümkündür. Kollektivimiz artıq 3 ildir ki, Rusiyanın müxtəlif teatrları ilə sıx dostluq əlaqələri qurubbu əməkdaşlığın nəticəsi olaraq qarşılıqlı qastrol səfərləri reallaşır. Həmçinin Rusiyada keçirilən nüfuzlu beynəlxalq festivallarda mütəmadi olaraq iştirak edirik. Bu cür yaradıcılıq əlaqələri inkişaf etdikcə biz bir-birimizi daha yaxından tanımağa başlayırıq. Necə deyərlər, indi biz eşitdiyimiz yox, gördüyümüz barədə fikir yürütmək imkanı qazanmışıq.

Rusiya Federasiyasındakı həmkarlarımız arasında sıx əlaqələr qurduğumuz kollektivlərdən biri də Kalmıkiya Milli Dram Teatrıdır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidovla Kalmıkiya Milli Dram Teatrının direktoru, RF-nın əməkdar mədəniyyət işçisi Qalina Surayeva arasında müqavilə imzalanıb. İmzalanan həmin sənədə uyğun olaraq, qarşılıqlı qastrol səfərləri və rejissorların mübadiləsi həyata keçirilir. Bir önəmli məsələni də vurğulayım ki, Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyası tərəfdən isə bu ölkənin Mədəniyyət Nazirliyi iki teatr arasında bağlanan əməkdaşlıq müqaviləsinə dəstək verir. Mənim qonşu ölkəyə ezam olunmağım, Kalmıkiya səhnəsində tamaşaya quruluş verməyim də teatrlarımızın əməkdaşlığı və dövlətlərimizin bu məsələyə qayğısı nəticəsində reallaşdı.

- Əli Əmirlinin yaradıcılığına müraciət etmək və "Sevən qadın" pyesinə quruluş vermək təklifi kimdən gəldi?

 

- Klassikmüasir Azərbaycan dramaturqlarının 10-na yaxın əsəri qarşı tərəfə təqdim olunduonlar özləri Əli Əmirlinin "Sevən qadın"ı üzərində dayandılar. Əslində, bu, mənim üçün gözlənilməz olmadı. Populyar dramaturqumuz Əli Əmirlinin pyesləri aktuallığı ilə yanaşı, həm də bu əsərlərə müraciət edən teatrların kollektivi üçün benefis xarakteri daşıyır. Konkret "Sevən qadın"da olan 3 qadın obrazı aktrisalar üçün böyük yaradıcılıq imkanları açır.

- Rusiya mətbuatında Kalmıkiya Milli Dram Teatrında quruluş verdiyiniz tamaşa haqqında müsbət fikirlər dərc olunub. Quruluşçu rəssam Saqlar Çulkayevin işi, tamaşada rol almış Sandji Pursyakovun, Marina Kikeyevanın, Tanya Zarayevanın və Saqlara Qoydıkovanın oyunu geniş təhlil olunub. Azərbaycan dramaturqurejissoru barədə yazılan sözləri oxumaq isə xüsusi ilə xoşdur...

- Tamaşamızın uğuru və yaratdığı yaxşı mənada səs-küy barədə geniş danışmaq istəmirəm, çünki bu, mən tərəfdən qeyri-təvazökarlıq kimi görünər. Tamaşa haqqında mətbuatda yazılanlar ortadadır və maraqlanmaq istəyənlər tanış ola bilərlər. Mən bu fikirdəyəm ki, Azərbaycan teatrının son illərdə əldə etdiyi uğurları görmək üçün ölkədən xaricə çıxmaq və kənardan baxmaq lazımdı. Kənardan baxanda bu uğuru daha aydın görmək mümkündür.

Bir məsələni qeyd etməyi vacib sayıram. Sevindirici haldır ki, Əli Əmirlinin pyesləri Orta Asiya Respublikalarında yetərincə populyarlıq qazandıqdan sonra artıq Rusiyada diqqəti özünə cəlb etməyə başlayıb. Əli Əmirlinin dramaturgiyası belə demək mümkünsə, göylə əlləşməyən, yer dramaturgiyasıdır. Onun qəhrəmanları əhatəmizdə olduğuna görə hər bir insana yaxındır, pyesləri yaradıcı insanlara işləmək və düşünmək üçün geniş bir meydan verir.

Onu da deyim ki, Əli Əmirlinin qələmə aldığı 3 pyes artıq tərcümə edilərək Rusiya Mədəniyyət Nazirliyinə göndərilib. Bunlar "Sevən qadın", "İki nəfər aktrisa üçün baş rol" və bir il öncə yazdığı, hələ səhnəyə qoyulmayan və Dövlət Gənc Tamaşaçılar Teatrının qovluğundakı "Ünvansız qatar" pyesləridir.

- Yeri gəlmişkən, "Ünvansız qatar"ın bu günə kimi səhnəyə gəlib çıxmamasının səbəbi nədir?

- Əsər Qarabağ mövzusunda yazılan irihəcmli, psixoloji bir trillerdir. Bu pyesin səhnə həlli, tərtibatı üçün böyük miqdarda vəsait tələb olunur. Ümid edirəm ki, tamaşaçılarımız növbəti teatr mövsümündə "Ünvansız qatar"ı səhnədə görə biləcəklər.

- Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi Boris Manciyevin quruluş verəcəyi Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" tamaşasını nə zaman görə biləcəyik?

- Kalmıkiyalı rejissorun Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşa hazırlaması da bayaq qeyd etdiyim birgə əməkdaşlıq çərçivəsində mümkün olacaq və premyeranı bu ilin mayında keçirməyi nəzərdə tutmuşuq. Teatrlarımızda klassik Azərbaycan dramaturqlarının pyeslərinə həmişə yerli rejissorlarımız quruluş veriblər. Bu dəfə isə biz istədik ki, klassik əsərimizə başqa bir millətin yetirməsi olan rejissorun gözü ilə baxaq.

- Baş rejissoru olduğunuz teatrın kollektivi bu il daha hansı yeni tamaşaları hazırlamağı planlaşdırır?

- Uilyam Şekspirin "III Riçard", Mixayıl Bulqakovun "Molyer", Əli Əmirlinin "Kastinq" tamaşalarını təqdim edəcəyik. Balaca tamaşaçılarımızı da unutmamışıq. Teatrımızın sifarişi ilə Əjdər Ol "Biri vardı, biri yox", Pərvin isə "Ərköyün keçi" pyeslərini yazıblar. Bununla yanaşı Hans Andersenin "Çirkin ördək balası" Əməkdar incəsənət xadimi Nicat Kazımovun quruluşunda Azərbaycanda ilk dəfə bizim teatrın balaca tamaşaçıları üçün hazırlanacaq.

Bu il daimi tamaşaçılarımız Xalq artistləri Yasin Qarayevi, Ağaxan Salmanovu, Əməkdar artistlər Qurban İsmayılovu, Kəmalə Hüseynovanı, Şövqi Hüseynovu, Şəfəq Əliyevanı, gənc aktyorlardan Elnur Kərimovu, Vüsal Mehrəliyevi, Elnur Hüseynovu və başqalarını səhnədə müxtəlif obrazlarda görə biləcəklər.

- Bildiyim qədəri ilə Gənc Tamaşaçılar Teatrı Kalmıkiya Milli Dram Teatrı ilə daha bir layihə üzərində müştərək işə start verib...

- 2016-cı ildə Kalmıkiya Mili Dram Teatrının 80 illik yubileyi Rusiyada geniş şəkildə qeyd olunacaq. Müştərək layihəmiz həmin yubileyə həsr olunsa da biz işlərə indidən start vermişik. Layihənin detallarına gəlincə, onu deyə bilərəm ki, birgə tamaşa hazırlayacağıq. Quruluş veriləcək əsər artıq seçilib, müəyyən hazırlıq və təşkilati işlərə start verilib. Mən Kalmıkiya Respublikasının Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə görüşmüşəm, qarşı tərəfin təmsilçisi də yaxın zamanlarda Azərbaycana gəlib teatrımızın direktoru Mübariz Həmidovla, sonra isə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərləri ilə danışıqlar aparacaq.

- Tamaşanın adını bilmək olarmı?

- Hələlik tamaşanın adını demək istəmirəm, amma onu "Ədalət"in oxucularının diqqətinə çatdırım ki, bu, adi bir tamaşa olmayacaq. Planlarımıza görə, 3 dildə oynanılacaq tamaşanın dünya premyerası əvvəlcə Bakıda, sonra isə Kalmıkiyanın paytaxtı Elista şəhərində olacaq. Növbəti mərhələdə tamaşanın Rusiyanın başqa şəhərlərində, dünyanın müxtəlif ölkələrində göstərilməsi nəzərdə tutulub. Bu müştərək layihə 2016-2018-ci illəri əhatə edəcək. Mənim fikrimcə, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları və rejissor heyəti artıq belə bir nəhəng layihədə iştirak etməyə hazırdır.

Etibar CƏBRAYILOĞLU

Ədalət.-2015.-10 yanvar.-S.9.