Xırmandalı

Bu, Biləsuvar rayonunda ən böyük kənddir

 

REGİON

Xırmandalı kəndi həm əhalisinə görə rayonda birincidir. 9642 nəfər əhalisi olan bu kəndin əsas məşğuliyyəti əkinçilik heyvandarlıqdır. İndi bu kənddə 2634 hektar ərazi pay torpaqları kimi sakinlərin ixtiyarındadır. Əsasən taxılçılıqla məşğul olan xırmandalılılar ötən il bu sahədə xeyli məhsul götürmüşlər. Taxılçılıqla bərabər kənd sakinləri yonca, qarğıdalı, bostan bitkiləri əkməyi unutmurlar. 6400 baş qaramal, 8200 baş xırda buynuzlu qoyun-keçi Xırmandalı sakinlərinin şəxsi təsərrüfatlarında bəslənilir.

Rayon mərkəzindən 7 kilometr məsafədə yerləşən Xırmandalının kifayət qədər öyünməli tarixi ilə bərabər həm seçilən, yaddaqalan insanları da var. Qızqayıt Həsənova, Ərəstun Məmmədov kimi Sosialist Əməyi Qəhrəmanları, Arif Hacıyev, Firudin Bəşirov, Mirzə Kazımov kimi alimlər bu kənddə anadan olublar. Qarabağ savaşında fəal iştirak edən bu kəndin 12 nəfər şəhidi bu obanın fəxarət yeridir.

Biləsuvar rayonunun iqtisadi-siyasi, sosial həyatında öz yeri olan Xırmandalı kəndinin Biləsuvar rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhmədağa Teymurovun dedikləri:

-Kəndimiz rayonun inkişaf etmiş, abad kəndlərindən biridir. Daimi elektrik enerjisi

olan Xırmandalıda içməli su problemi yoxdur. Hər mənzildə mavi qaz alovlanır. Kəndimizdə 25 çarpayılıq xəstəxana, uşaq bağçası, poçt şöbəsinin filialı, kənd kitabxanası digər xidmət sahələri camaatımızın istifadəsindədir. Halal zəhmətlə yaşayan bu kəndin sakinləri sadə həyata daha çox üstünlük verirlər. Mənim öz övladlarım da elə bu kənddə yaşamaqla təsərrüfata bağlı insanlardır. Yollarımız bir az narahatdır. Bu il 6 kilometr kəndarası yollara asfalt çəkilməsini planlaşdırmışıq. Tam əminliklə deyirəm ki, bu gün kənddə yaşayıb çətinlik çəkən adam varsa, günah onun özündədir. Xırmandalıda belə ailə tapa bilməzsən. İndi gedək, bir Firudin müəllimin məktəbinə baş çəkək. Rayonda bu məktəbə "Firudin müəllimin məktəbi" deyirlər.

 

Burda pis oxumaq,

pis işləmək olmaz

 

İkimərtəbəli, geniş səliqəli həyəti olan, gözoxşayan bu məktəbin elə girişindəcə Qarabağ müharibəsində həyatlarından keçən 5 nəfər biləsuvarlının şəkilləri əks etdirilən mərmər lövhə var. İndi rayonun ilk şəhidi Ceyhun Məhərrəmovun adını daşıyan bu məktəb 1930-cu ildə bu regionda fəaliyyətə başlayan ilk orta məktəblərdən biridir. 1970-ci ildə bura köçürülən Xırmandalı 1 saylı tam orta məktəbi Prezidentimiz İlham Əliyevin təsdiq elədiyi Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına əsasən 2012-ci ildə əsaslı təmir edilib.

Azərbaycan ədəbiyyatında söz sahibi olan Əlibala Hacızadə, Əhmədağa Muğanlı kimi ədiblər, Bəhlul Abdullayev, Mirzə Kazımov, Firudin Cavadov, Suliddin Əliyev kimi alimlər bu məktəbi bitirmişlər. İndiyə kimi bu məktəbin məzunlarından 2 nəfəri qızıl, 9 nəfəri isə gümüş medala layiq görülüblər. Bütün şəraiti - istilik sistemi, suyu, işığı, ayrıca elektrik xətti, geniş işıqlı otaqları - olan məktəbin bu gün 821 şagirdi var. 91 nəfər müəllimin çalışdığı kollektiv işgüzar yaradıcıdır. Məktəbin direktoru Firudin Hüseynov 2011-ci ildə "Əməkdar müəllim" adına layiq görülüb. Onun müavini Aqşin Əkbərov isə 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.

1977-ci ildən bu kollektivə rəhbərlik edən Firudin müəllim məktəb haqqında fərəhlə danışır:

-Məktəbimiz bu gün ölkə təhsilində söz sahibi olan təhsil müəssisələrindən biridir.

Burda rayon rəhbərliyinin , Nazirliyimizin köməyini qeyd etməliyəm. Bu yaxınlarda "Bayraq günü"nə həsr edilmiş şeir müsabiqəsində məktəbimizin 7-ci sinif şagirdi Zəhra Zeynalova rayonda birinci oldu. "Müstəqillik günü" ilə bağlı keçirilən inşa-yazı müsabiqəsində Selcan Kazımzadə üçüncü oldu. Bir neçə şagirdimiz kimya, fizika, riyaziyyat fənləri üzrə beynəlxalq olimpiadalara hazırlaşır. İnanırıq ki, uğurlarımız çox olacaq.

Uğurlarınız çox olsun, xırmandalılılar! İstər təhsildə, istər təsərrüfatda, istər şəxsi həyatınızda.

 

Səxavət Məmmədli

Ədalət.-2015.-10 yanvar.-S.4.