PROKURORUN QƏTL GÜNÜ...
POLİS
RƏİSİ ...
HƏBS OLUNDU
Həmidə
açılmış 61110 nömrəli cinayət işi
İmamqulunun və Sadayın cinayət işindən
ayrılıb icraatda saxlandı. Onun barəsində Cinayət
Məcəlləsinin 94 - cü maddəsinin 3 - 4 -cü bəndləri
ilə müttəhimlilik elan edildi, həbs qəti - imkan tədbiri
seçildi, həbsli
axtarış elan olundu. Evində və
atasının mənzilində eyni vaxtda, ayrı -
ayrılıqda axtarış aparıldı. Həmidin evindən
bir dəst hərbi geyim, buşlat, şalvar, silah gəzdirmək
üçün 2 sandıq, atasının mənzilindən
isə 5,6 millimetr kalibrli 28 ədəd patron, 28 millimetr kalibrli
qoşalülə tüfəng və həmin tüfəngin
34 ədəd patronu, 12 kalibrli 2 ədəd patron aşkar
edilib götürüldü.
Sabiq polis rəisinin gizləndiyi yerin müəyyənləşdirilməsi, tapılıb istintaqa təqdim olunması ətrafında əməliyyat - axtarış tədbirləri mütəmadi genişləndirildi. Həmidin yaxın qohumluq və digər əlaqələri aydınlaşdırıldı. Onun əlaqə saxlaya biləcəyi qohumlarının ünvanlarına daxil olan poçt - teleqraf yazışmalarına həbs qoyulması barədə qərar verildi. Bəzi ünvanlarda qəflətən yoxlamalar aparıldı, əlaqələr sxemi tərtib olundu. Dövlətlərarası axtarış elan edildi.
...Düz
iki il on ay idi ki, sabiq polis rəisi
axtarışda idi. Həmidin ətrafında
lazımi əməliyyat tədbirləri keçirilməsinə
baxmayaraq hələlik heç bir müsbət nəticə əldə
olunmurdu.
Həmid polis orqanlarında uzun illər rəhbər vəzifələrdə
çalışmışdı. Əməliyyat
işinin metodlarından tam xəbərdar idi. Özünü çox qapalı və ehtiyatlı
aparırdı. Ətrafındakı hər
şəxsdən şübhələnir, cinayət işinə
dair söhbətlərdən yayınırdı. Prokurorun və sürücünün qətli ilə
bağlı onun iki nəfər yaxın qohumunun həbs
olunması, onların ibtidai istintaqa verdikləri ifadələr
və məhkəmənin hökmü ilə məhkum olunmaları
Həmiddə narahatlıq hissləri yaratdığından
tez - tez gizləndiyi yerləri dəyişirdi. Sabiq polis rəisinin sorağını əməliyyatçılar
gah Rusiyadan, gah da Gürcüstandan alırdılar. Onun hərdən gizlin olaraq evinə baş çəkməsi
barədə də məlumatlar var idi. Axtarış
tədbirləri davam etdirilirdi. Nəhayət...
Çox təfərrüata varmayacağam. Daxili İşlər
Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa
qarşı Mübarizə İdarəsinin əməkdaşları
tərəfindən aparılmış əməliyyat -
axtarış tədbirləri nəticəsində Həmid
1998 - ci il sentyabrın 23 - də Gəncə
şəhərində həbs edildi.
İstintaqla müəyyən olundu ki, Samux rayonunun
prokuroru Fəzail Hüseynovun qanunla üzərinə
düşən vəzifələri yerinə yetirməsi sabiq
polis rəisi Həmidin özünün və
qohumlarının şəxsi mənafelərinə
toxunduğundan, o, prokuroru qəsdən
öldürmüşdü. Cinayətin törədilməsinə
digər səbəb də var idi. Rayonda
polis rəisi işləmiş Həmid qanunçuluğu və
hüquq qaydalarını tənzim edən vəzifələrini
icra etmək əvəzinə qulluq həddini tez - tez
aşaraq yaxın qohumlarına himayədarlıq edirdi.
Polis rəisinin müxtəlif qanunsuz hərəkətlərə
yol verməsinə və polis əməkdaşı adına xələl gətirən digər əməllərinə
Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən
vaxtında hüquqi qiymət verilməməyi həmin
qanlı cinayəti doğurmuşdu...
...İş
üzrə zəruri olan bütün istintaq hərəkətləri
aparıldı - yəni şahidlər dindirildi, məhkəmə
- tibbi, məhkəmə - kriminalistik, məhkəmə -
narkoloji və psixatrik, məhkəmə - komisyon ballistik, məhkəmə
- kompleks kimyəvi və trassoloji ekspertizalar təyin edilərək
rəylər alınıb işə əlavə olundu.
Həmid
ona elan edilmiş ittiham üzrə özünü təqsirli
bilməsə də törətdiyi cinayət əməli
iş üzrə toplanmış sübutlarla - yaxın qohumu
İmamqulunun və əmisi Sadayın etiraf edici ifadələri,
zərərçəkmişlərin, şahidlərin ifadələri,
üzləşmələr, müxtəlif ekspertiza rəyləri
və digər istintaq materialları ilə tam sübuta
yetirildi.
İstintaqçılar qarşılarına qoyulmuş
konkret vəzifəni - qətlin motivini, faciənin baş vermə
səbəb və şəraitini aydınlaşdırıb dəqiqləşdirdilər,
fakt üzrə böyük həcmli işlər
görülməklə istintaqı yekunlaşdırdılar,
tərtib olunmuş ittihamnamə təsdiq edildi və cinayət
işini aidiyyəti üzrə baxılması
üçün Ali Məhkəməyə göndərdilər.
Bəs, qətl hadisəsi necə baş vermişdi?
Yenidən
ittihamnaməni və cinayət işinin qovluqlarını vərəqləyirəm...
İNTİQAM... BELƏ ALINDI!
Demək olar ki, hər gün, hər gecə Həmid
intiqam hissi ilə yaşayırdı. Prokurordan hayıf almaq
sabiq polis rəisinin yeganə ehtirasına çevrilmişdi.
O heç nədən qorxmurdu - nə məhkəmədən,
nə də həbsxanadan. Yalnız bircə şey haqqında
fikirləşirdi - bütün vasitələrdən istifadə
etməklə prokuroru aradan götürmək lazımdı!
... İki nəfər xısın - xısın
söhbətləşirdi.
- Oktyabr
ayında səninlə eylədiyim söhbət
yadındadırmı?
-
Hansı söhbəti deyirsən? - İmamqulu
qohumunun qırımından almışdı ki, söhbət
nədən gedir, çünki son bir ayda ona dəfələrlə
bu barədə eyhamlar vurmuşdu. İndi
özünü o yerə qoymurdu, guya unutmuşdu o məsələni.
Həmid İmamquluya baxa - baxa elə - belə, soyuq bir
laqeydliklə danışsa da, həyəcanından bəbəkləri
işim - işim işıldayırdı. Sifətindəki
amansızlığı, qana hərisliyi ancaq dəhşətli
kinolarda görmək olardı. Gözlərində
əcaib bir işartı var idi, dodaqları nifrət dolu təbəssümlə
əyilmişdi. Qəddarcasına
danışırdı:
- Prokuroru
öldürəcəyəm...
- Necə...
ə... ə, prokuroru? - İmamqulunun həyəcandan
damarlarında qanı dondu, çünki Həmidin səsi dəhşətdən
titrəyirdi. Nəfəsi
tıncıxdı. Sözlərin ciddi olub
- olmadığını yəqinləşdirmək
üçün sual dolu baxışlarla
qarşısındakı adamın amansızlıq yağan
nifrət dolu gözlərinə baxdı.
- Bəli,
prokuroru!
İmamqulu yerində daş kimi tərpənməz oldu,
fikrə getdi.
Dodaqlarının səyriməsindən hiss olundu ki, əməlli
- başlı həyəcanlanıbdır.
- Axı,
niyə öldürürsən, olmaz ki, münasibətləri...
Hava soyuq
olduğundan Həmid əyninə geydiyi hərbi
buşlatın yaxasını qaldıra - qaldıra kəmhövsələliklə
İmamqulunun sözünü kəsdi:
-
Qohumlarıma, dost - tanışlarıma sataşır.
- Nə
edir ki?
- Daha nə
etmir ki? Məzuniyyətdən qayıdan kimi
qardaşımın işlədiyi zavodda aparılan yoxlamadan
sonra ondan külli miqdarda pul alıb. Rayona
prokuror vəzifəsinə təzə gələndə bir dəfə
qadınlar tərəfindən təhqir elətdirmişəm,
ağlı hələ də başına gəlməyibdir.
Sən mənə kömək et, bu
gün axşam onu izlə, işdən çıxıb gedəndə
xəbər ver. Sonrası sənlik deyil. Mən
bilirəm, onunla haqq - hesabı necə çürüdəcəyəm.
- Yaxşı...
-
Axşam tərəfi Nəbiağalıdakı kafenin
qarşısında görüşərik, -
sözünü deyib Həmid səndələyə - səndələyə
(günortaya yaxın qohumları və dostları ilə
Kür çayının qırağında kef məclisində
olmuşdu) əmisi Sadayın avtomobilinə tərəf
yönəldi, ağırlaşmış başını
bulayıb əlavə etdi: - İndi bizim başqa işimiz
var, görüb, ora gəlirik.
-
Axşama kimi, - İmamqulu Həmidi salamlayırmış kimi
mərmər təki soyumuş əlini havaya qaldırdı,
simasında narahatlıq duyuldu, qaşlarını azca
çatıb təəccüb dolu heyrətlə onlar gedən
istiqamətə baxdı.
... Qürubun son şəfəqləri
sönürdü. Rayon mərkəzinə
qaranlıq, özü də zil qaranlıq
çökürdü. Göyün
üzü də zülmətə bürünürdü.
Axşamdan xeyli keçmiş küçələrdə
gediş - gəliş kəsilirdi. Dəqiqələr
ötüb keçdikcə ətrafı dərin bir sükut
bürüyürdü. Həmişə
kiçik bir hənirtidən ağız - ağıza verib
hürüşən qəsəbə itləri də həmin
axşam susurdu.
Həmid laqeyd bir görkəmdə avtomobilin arxa
oturacağına söykənib oturmuşdu. Amma göz
qapaqları altında baxışlarının
alışıb yandığı aşkar
görünürdü. Hərdən səksəkəli
və həyəcanlı nəzərlərlə yola
baxırdı. Onun işıqlı, dərinlikdən
boylanan gözləri yırtıcı quş gözlərini
xatırladırdı.
Hava soyuq idi. İmamqulu narahat baxışlarla ətrafa
boylanır, siqaret çəkə - çəkə
ayağının birini götürüb, o birini qoyurdu.
Üzündə gərgin bir intizarın ifadəsi vardı:
o, prokuroru gözləyirdi, hiddətlə parıldayan gözləri
qaranlığa zillənmişdi.
Həmid
onu avtomobilə dəvət etdi:
- Gəl əyləş,
bir az qızın. İndilərdə
harada olsa çıxar.
İmamqulu etiraz etmədi. Avtomobilin
qapısını açıb oturdu. Sol tərəfdə
arxa oturacağın üstündə qundaqsız və kəmərsiz
avtomat silahı görəndə onu tər basdı.
Ürəyindən gələn beynindən keçdi: "Deyəsən,
doğrudan da prokuroru öldürmək istəyir". Fikrindən üşəndi. Mütərəddid
baxışlarla sabiq polis rəisinə baxdı. Elə
bu zaman prokurorun ağ rəngli
"Jiquli"si idarənin həyətindən hiss olunmadan
çıxıb, sürətini artıraraq mərkəzi
küçə ilə aşağıdan üzü
yuxarıya, Gəncə istiqamətinə
şütüdü.
Həmid
tələsik İmamquluya:
- Tez ol,
düş, biz getdik, - dedi.
İmamqulu avtomobilin qapısını örtən kimi "sıfır
on bir" yerindən güllə təki
götürüldü.
- Sür,
əmi, sür. - Həmid ucadan, səsi titrəyə - titrəyə
qışqırdı, - Cəld tərpən, əlimizdən
çıxmasınlar.
Avtomobil onların getdiyi istiqamətə
şığıdı. Prokurorun avtomobili irəlilədikcə
irəliləyirdi. Bu dəlisov qovhaqovda həyəcan
keçirənlər isə onunla dabanbasaraq gedirdi.
Çoban Abdallı kəndindəki döngədən
burulub düz yola çıxandan sonra Saday uzaqvuran
işıqlardan istifadə edib ötmə əməliyyatı
aparmaq istəyini irəlidəki sürücü həmkarına
bildirdi. Lakin qarşıdan gələn "Moskviç"
prokurorun avtomobilini ötməyə mane oldu. Növbəti
dəfə isə...
İmamzadənin yanında Saday ötmə əməliyyatında
əlverişli şərait yaratdı. Uzaqvuran
işığı söndürmədi. Həmid
oturacağın üstündən sürüşüb
avtomobilin döşəməsinə düşmüş
avtomatı götürdü. Çiynini sağ pəncərədən
bayıra çıxardıb avtomatın tətiyini çəkdi.
Güllələr şaqqıldadı. Sürətlə atmaqdan boğulan avtomat silah onun əlində
titrəməyə başladı.
Qəfil hücumdan sürücü Məmməd
özünü itirsə də sükandan möhkəm
yapışıb, dili - dodağı təpiyə - təpiyə
avtomobili sürətlə qovdu. "Jiquli" gah
sağa, gah sola buruldu.
Prokuror başını çiyinlərinin arasına
qısdı və əlləri ilə gicgahından tutdu,
"uyyy" - deyə qışqırdı. Güllələr
yan şüşələri çilik - çilik edirdi.
Avtomobil başına buraxılmış kimi, o
tərəf - bu tərəfə gedirdi.
Güllələr prokurorun başının sağ tərəfində,
bədənində salamat yer qoymamışdı - qan elə
axırdı ki, elə bil bulaq qaynayırdı. Birdən prokurorun
bədəni gərildi, sinəsindən xırıltı gəldi,
cəhənglərindən çənəsinə
ağır - ağır nazik zolaq kimi qara qan axdı. Fəzail Hüseynov arxa oturacaqda başı sinəsinə
sallanmış halda keçindi.
Prokurorun avtomobili bir qədər ləngər vura - vura
gedib dayandı. Kürəyindən güllə yarası almış
sürücü Məmməd üzüqoylu sükanın
üstünə yıxıldı, barmaqları kilidləndi,
huşunu itirdi...
Saday avtomobili geri döndərdi. Həmidin dediyi yollarla
hərəkət edib bağa oxşar bir yerə çatanda
sabiq polis rəisi avtomobili saxlatdı. Düşüb
yolun sağ tərəfinə keçdi. Əlindəki
avtomat silahı yoldan aralıdakı arxda gizlətdi. Sonra qayıdıb sükan arxasında özü əyləşdi.
Bayaqdan bu
qanlı hadisələrin birbaşa iştirakçısı
olan Saday soyuqqanlılıqla qardaşı oğlunu
süzüb dilləndi:
- Prokuroru
niyə elə etdin?
Həmid
razılıqla gülümsündü:
- Bu
güllələrin qorxusu ona bəsdir, - dedi və avtomobilin
motorunu işə saldı.
"Sıfır
on bir" yerindən tərpənib özünü
qaranlığın qolları üstünə atdı...
MƏHKƏMƏNİN
İKİNCİ HÖKMÜ
Cinayət işinə Ali Məhkəmədə
baxıldı.
Prosesdə müttəhim, şahidlər və
zərərçəkmişlər dinlənildi. Bütün tərəflərin sərbəst ifadə
vermələri üçün hakim hər cür şərait
yaratdı.
Əvvəl ittihamnamənin oxunuşu, ifadələr,
sual - cavablar, qarşılıqlı iradlar, daha sonra isə
çıxışlar başlandı. Qaydaya görə
dövlət ittihamçısı, Respublika Prokurorluğunun
Cinayət İşləri üzrə Məhkəmə Qərarlarının
Qanuniliyinə Nəzarət İdarəsinin prokuroru Nüsrət
Nüsrətov çıxış etdi. Tələbi
belə oldu: Həmid Mahmudov ömürlük azadlıqdan məhrumedilmə
cəzasına məhkum edilsin.
Sonra vəkillərin çıxışları dinlənildi,
onların qaldırdıqları vəsatət təmin olundu. Müttəhim
Həmid Mahmudovun vəkilləri onun harasa
qaçmadığını iddia etdilər. Amma müttəhim özü ifadəsində
istintaqdan yayındığını boynuna aldı.
Müttəhimin etirafları içərisində onun barəsində
məhkəmənin ədalətli və obyektiv
aparıldığı haqda fikirlər də səsləndi:
- Siz
sübutları obyektiv surətdə
araşdırdınız. Bu danılmaz
faktdır. Kamerada danışırlar ki,
hakim düzgün adamdır, ədalətli qərar qəbul
edəcəkdir.
Əlbəttə
müttəhimin bu sözləri ilk növbədə onun vəkillərinin
məhkəmənin qeyri - obyektiv və qərəzli
olduğu barədə dediklərinin üstündən qara bir
xətt çəkdi...
İttihamnamədə göstərilənlərlə məhkəmə
prosesində deyilənlər arasında demək olar ki, fərq
olmadı. İşin bütün halları hərtərəfli
araşdırıldı, dərindən təhlil edildi. Həqiqətin üzə çıxarılması
üçün müttəhimə, şahidlərə
dönə - dönə suallar verildi, mübahisəli məqamlar
dürüstləşdirildi. Məhkəmə
istintaqında yoxlanmış sübutlarla tam təsdiq edildi
ki, Həmid Mahmudov iki nəfər şəxsi
ağırlaşdırıcı halda qəsdən
öldürmüşdür.
Prosesin
sonunda - 1999 - cu il iyunun 11 - də
axırıncı dəfə olaraq "Qalxın məhkəmə
gəlir!" sözləri eşidildi. Hakim Ramazan Burcayev
qovluğu açaraq oxumağa başladı: "Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət işləri
üzrə birinci dərəcəli məhkəmə
kollegiyasının hökmü ilə Həmid Mahmudov möhkəm
rejimli islah - əmək koloniyasında saxlanılmaqla 15 il
müddətinə azadlıqdan məhrum edilsin".
Ali Məhkəmənin
hökmü bu sözlərlə tamamlanırdı:
"Hökm qətidir. Ondan kasasiya qaydasında şikayət
və protest verilə bilməz".
Bəli hakimin hökmü sərt idi. Həm də ədalətli
idi.
Məhkum Həmid Mahmudov da hakimin ədalətli qərar
çıxaracağına şübhə etmirdi. Belə də oldu!
X X X
Bütün məsələ bax, bundan ibarət idi. Cinayət işinin ayrı
- ayrı mərhələlərini, bəzi məqamlarını
qələmə alarkən mənim yeddi cildlik, 2200 səhifəlik
istintaq materiallarına, müstəntiqin tərtib etdiyi və
Baş Prokuror müavininin təsdiq etdiyi ittihamnaməyə və
Ali Məhkəmənin verdiyi hökmə əsaslandığım
qətlin - prokurorun və onun sürücüsünün
ağırlaşdırıcı halda qəsdən
öldürülməsinin ürək göynədən
manifesti burada başa çatır. Kədərli söhbətimi
yazımın əvvəlində başladığım
rekviyem ilə yekunlaşdırıram...
REKVİYEMİN DAVAMI
...Nazim Ağamirzəyev ətrafına ətirli güllər
düzülmüş abidənin qarşısındakı
kiçik meydanda qoyulmuş kətildə dinməz - söyləməz
oturmuşdu. Onun qaşları çatılmış,
dodaqları sıxılmış, gözləri
qıyılaraq bir nöqtəyə zillənmişdi. Görünüşündən anlamaq olardı ki,
o, dərin fikrə gedibdir.
Sakitlik idi. Arabir quşlar cikkildəşir,
yüngül meh yarpaqları xışıldadırdı.
Günəş qüruba enirdi. Çəpinə
düşən şüalar göz qamaşdırır, ağ daş piltələri çəhrayı
rəngə boyayırdı.
Qəbiristanlıqda hərdən bir qara kəlağayı
ilə kölgə kimi gəzən qadınlar gözə dəyirdi.
Müstəntiq mərhum paqon yoldaşına ürəyində sanki hesabat verir, onun ruhu ilə danışırdı: "Rahat uyu, əziz qardaşımız. Qanını yerdə qoymadıq. Qatillər çətinliklə də olsa tapılıb layiqli cəzalarına çatdılar. Sənin ruhun qarşısında borclu qalmadıq. Biləsən ki, bu gün prokurorluq orqanları dövlətçiliyimizin keşiyində sənin kimi ayıq - sayıq dayanaraq qanunçuluğun təmin edilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə sanballı rol oynayır, əsl peşəkarlıq nümunəsi göstərirlər. Həmkarların öz ali vəzifələrini layiqincə yerinə yetirirlər. Mən bundan sonra da, əziz qardaşımız, şərəfli peşəmin prinsiplərinə və dövlətçilik ideyalarına sənin kimi şərəflə xidmət edəcəyəm. Buna əmin ola bilərsən... "
Qəbirlərin arası ilə gələn adamın addım səsləri eşidildi. Ağamirzəyev azacıq geriyə qanrıldı, çəpəki, gözünün ucu ilə arxaya baxdı - prokurorluq işçilərinə məxsus şux geyimli bir nəfər şəxs yovşanların burun qıcıqlandıran ətrini qoxulaya - qoxulaya ona tərəf gəlirdi.
Müstəntiq dərhal ürəyindən keçirdi: "Deyəsən axı, məni axtarırlar".
Ağamirzəyev səhv etməmişdi - rayon prokurorluğunun əməkdaşı onun arxasınca gəlmişdi: Baş Prokuror yanında xüsusilə mühüm işlər üzrə müstəntiqi təcili olaraq Bakıya - Respublika Prokurorluğuna çağırırdılar.
Noyabr,
1999-cu il.
Ədalət.-2015.-13 yanvar.-S.6.