"Ruhlarla insanlar arasında"

 

Bu, gözəl şairimiz, poeziyada özünəməxsus yolu olan, bir kimsəyə bənzəməyən Adil Mirseyidin vəfatından sonra ilk kitabıdır. bu kitaba Adilin şeirləri deyil, sənət haqqında düşüncələrini əks etdirən məqalə və esseləri toplanmışdır. Bəri başdan "VEKTOR" Nəşrlər evinin baş naşiri, şair-alim dostumuz Elçin İsgəndərzadəni alqışlayırıq. Adillə Elçin arasında çox səmimi, lap başqalarına örnək olası bir dostluq və səmimiyyət vardı. Onlar bir-birini yaxşı anlayır, bir-birinin qədrini bilirdilər.

Adil Mirseyid peşəsinə görə rəssam idi. Elə şeirlərində də rəssamlıq duyğusundan, rənglər dünyasından gələn, sözlərə, misralara qarışan cizgilər az deyildi. Vaxtilə Fikrət Sadıq və Vaqif Səmədoğlu yazmışdılar: "Adil nəinki maddi varlıqları, eləcə də bir çox hallarda külək, sükut, tənhalıq və s. kimi qeyri-maddi aləmləri rəssam gözü ilə görür və əks etdirir". Məsələ burasındadır ki, Adil öz peşəsinə də sadiq idi, onun çəkdiyi tablolar, rəsm əsərləri sərgilərdə də nümayiş etdirilmişdi. O, həm də dünya rəssamlıq sənətini, həmçinin musiqini, teatrı, muğamı, incəsənətin digər sahələrini də yaxşı bilirdi, şeirlərində də bunu hiss edirdin. Məsələn, Toğrul Nərimanbəyovun nar tabloları haqqında bir şeirində yazmışdı:

 

Toğrulun hər tablosundan

eyni bir nar gülümsəyir

hər tabloda

eyni narın qırmızısı

müxtəlif notda

qırmızı-alt

qırmızı-tenor,

qırmızı-soprano

bəzən sehrli çıraq olur

gülümsəyən nar

çox iri gözlü bir

uşağın əlində-

uşağın gözlərində

uşağın dodağında

o narın təbəssümü.

Toğrulun rəsmini

çəkmək istəsən

sən qollu-budaqlı çinar çək,

amma unutma, qardaş

Toğrul yüz illik çinar da olsa

Budaqları nar gətirəcək.

 

O, tez-tez "Ulduz" jurnalında, eləcə digər mətbuat orqanlarında sənət haqqında fikir mülahizələrini oxucularla bölüşürdü. İndi bu yazıların bir qismi "Ruhlarla insanlar arasında" kitabında toplanıb bu yazılar təkcə bir şairin duyğu düşüncələri kimi yox, həm bir sənət bilicisinin intellektini ifadə edir.

O, holland rəssamı-dünya şöhrətli Rembrant haqda yazır, bu dahi rəssamın rənglər dünyasının sirlərini, möcüzələrini oxuculara çatdırır. Öz rəmlərində ənənəvi çərçivədən kənara çıxan Rembrantın əsərlərinin yaşam sirrini açır yazır: "Nizami Gəncəvi bizim üçün, Şekspir İngiltərə üçün, Mikelancelo İtaliya üçün, Tolstoy Rusiya üçün kimdirsə, Rembrant da Hollandiya üçün odur.

O, ispan rəssamı "Qoyya üçün kapriççio" yazır, onun macəra dolu həyatından söz açır.

O, bizi "rəssamlığın Homeri" adlanan Piter Paul Rubensin zamanına aparır, onun yaradıcılıq əzablarından, virtioz rəng kompozisiya ustalığından, novator üslubundan danışır.

O, sürrealizmin banilərindən biri olan Salvador Dalinin yaradıcılığı şəxsiyyəti haqda söz açır, yazır ki: "Sürrealist fantaziyalar gerçəkliyə çevrilir. Salvador Dali sənəti XX əsrin metaforasıdır. Dali üfüqə qədər görünən dünyanın deyil, üfüq arxasında qalan dünyanın rəsmini çəkirdi".

Adil Mirseyid böyük italyan rəssamı Leonardo da Vinçinin həyatı yaradıcılığı məşhur "Uakonda" əsəri haqqında çox maraqlı bir yazı yazıb. Elə bu yazını oxumaq kifayətdir ki, o böyük rəssamın dünyasını anlayaq, dərk edək.

Adil Mirseyid uzun illər əsərləri dərk olunmayan, gözdən uzaq düşən, amma sonralar Azərbaycanda ən məşhur, son dərəcə orijinal bir sənətkar kimi təqdir olunan Mircavadın rəsmləri önündə düşüncələrə dalır yazır: "İlk baxışda bu tabloda ağlabatan bir məntiq yox kimidi, bu yalnız ilk baxışda belədi, mistik bir dünyanın adamı olan rəssam bu xaotik aləmdə hürr azaddı. Fırçanın yaratdığı forma o qədər qeyri-adi, o qədər gözlənilməzdir ki, ansızın olaraq diqqəti cəlb edir. Bu da həqiqətdir-forma onun üçün heç vaxt önəmli olmayıb. O, sosrealizmin bütün normalarını pozmuşdu".

Adil Mirseyid "Rənglərin sirri, sehri müəmması" yazısında rənglərlə bağlı poetik düşüncələrini əks etdirir. Yeddi rəng-qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy bənövşəyi - Adilin şərhində maraqlı səslənir. O yazır ki, rənglərin insana psixoloji bioloji təsiri haqqında yüzlərlə örnək var. Bəzən rəssam fırçasının məhsulu olan hər rəsm əsəri insan ömründə taleyüklü rol oynayır. Yazır ki, otağımızda mütləq qırmızı rəngdə bir əşya saxlayın, heç olmasa masanızın üstündəkigüldana bir qızılgül qoyun-əsəbləriniz sakitəşəcək. Sarı rəng insan orqanizmini toksidlərdən təmizləyir, sinir sistemini stabilləşdirir, diqqəti cəmləyir, fikri aydınlaşdırır. İnsanı depressiyadan qoruyur. Mavi rəng qan təzyiqini aşağı salır, rahatlıq asudəlik gətirir, ağrıları azaldır. Bənövşəyi rəng daxili xəstəliklərdə faydalıdır, gözləriniz yorulanda bənövşəyi rəngə baxın. Yaşıl rəng geniş müalicəvi önəmə malikdir, sizi neqativ emosiyalardan qoruyur. Gözlərinizi yumub təsəvvür edin ki, yaşıl çəmənlikdə seyrana çıxmısınız, evinizdən, ofisinizdən meşə mənzərəsi açın.

Kitabda bir-birindən maraqlı, hər birioxucunu özünə çəkən yazılarla tanış olduq və əlbəttə, heyrətlənməyə bilməzdik. "İmpressionist etüd"də fransız rəssamı Eduard Manenin sənət aləmini kəşf etdik. "Andrey Tarkovski-kinonun şairi" yazısında Adilin kino sənətinə bələdliyinin şahidi olduq, Andrey Tarkovski haqqında məlumatımız artdı. "Barış Mançonun qara sevdası"nda şöhrətli türk müğənnisinin həyat yolunu izlədik.

Adil Mirseyidin öz şair dostları, həm ustadları, həm həmyaşıdları haqqında yazdıqları da orijinallığı ilə diqqəti cəlb elədi. Xüsusilə Vaqif Səmədoğlu Elçin İsgəndərzadə yaradıcılığı ilə bağlı esseləri bu iki şairin özünəməxsus poetik aləmindən soraq verdi, Orijinal deyim tərzi ilə seçilən bir şairimiz-Zahid Sarıtorpaq haqqında görün yazır: "Zahid Sarıtorpağın şeirləri bizim miniatürlərimizə bənzəyir. Miniatür sənətində məkan, zaman insan qəsdən bir-birindən ayrılır. Miniatür sənətimizdə seyr etdiyimiz ikiölçülü məkan bizi "əl-xəyalə" insan ruhunun növbəti yüksəlişi üçün aralıq pillə sayılan xəyallar dünyasına aparır". O, "Poeziyamızın Qarabağ şikəstəsi" yazısında Elçin İsgəndərzadə şeirlərindən söz açır. Doğrudan da, dəqiq fikirdir - Elçin İsgəndərzadə yaradıcılığında Qarabağ nəfəs alır, haraylayır, Xanın səsi çağırır bizi.

Adil Mirseyid bu dünyadan vaxtsız köçdü. Ömrünün son beş ilini ağır xəstəliklə mübarizə apardı. Doğrudur, altmış yaşını keçdi, amma üzü gülmədi. etmək? Özü getdi, yazdıqları qaldı, xatirəsi qaldı. "Ruhlarla insanlar arasında" kitabı Adili bir sənət biligisi kimi tanıtdı.

Adil Mirseyid şeirdə yapdısa, rəssamlıqda nələrə qadir oldusa, sənət haqqında fikirlərində o məqama yüksəldi. Amma bir qədər kasıblıq, maddi ehtiyac və xəstəlik olmasaydı...

 

Yenə könlüm havalandı

Mən zavallı daha gözəl bir

dünyanın

Şairi olmalıydım.

Ədalət.-2015.-13 yanvar.-S.7.