Tanınmış Azərbaycan türkoloqu Ramiz Əskər
Babaxan Şərif,
tərcüməçi və türkoloq
Bu yaxınlarda görkəmli Azərbaycan ədəbiyyatşünası və türkoloqu, professor, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin "Türk xalqları ədəbiyyatı" kafederasının müdiri Ramiz Əskər haqqında qardaş Özbəkistan Respublikasının populyar "Kitab dünyası" həftəliyi çox maraqlı bir yazı dərc edib. Məqalədə Ramiz Əskər yaradıcılığı, xüsusən, onun türk xalqları ədəbiyyatından və özbək şairlərinin əsərlərindən etdiyi tərcümələr yüksək dəyərləndirilir. Alimin dahi özbək şairi və dövlət xadimi Zahiriddin Məhəmməd Baburun irsindən, başqa klassiklərdən etdiyi tərcümələrin əhəmiyyəti xüsusi vurğulanır. "Baburnamə"ni yüksək vətənpərvərlik və zəhmətsevərlik nümayiş etdirərək ana dilimizə çevirməsi çağdaş türkologiyanın uğuru kimi qiymətləndirilir. Bu məqalənin müəllifi Azərbaycanın yaxın dostu, ədəbiyyatımızın və mədəniyyətimizin yorulmaz təbliğatçısı, tanınmış türkoloq alim və tərcüməçi Babaxan Şərifdir. Həmin məqaləni Azərbaycan oxucularına təqdim edirik.
Məşhur Azərbaycan alimi və tərcüməçisi Ramiz Əskərlə bundan bir çox illər qabaq Türkmənistanda keçirilən beynəlxalq elmi konfransların birində tanış olmuşdum. Beynəlxalq konfrans Baburun yaxın yoldaşı, Humayunun dostu, sonra şah Əkbərin mürəbbisi olmuş, xani xanan (xanlar xanı) rütbəsinə yüksəlmiş və Baburilər dövlətinin möhkəmlənməsində böyük xidmətlər göstərmiş görkəmli dövlət xadimi və şair Məhəmməd Bayramxanın həyatı və yaradıcılığına həsr olunmuşdu. Türkmən qardaşlarımız qonaqlara hörmət göstərib, konfransın açılış iclasında bizi rəyasət heyətinə seçmişdilər. Ümumiyyətlə, konfransın açılılş mərasimində Hindistan, Böyük Britaniya və başqa ölkələrdən gəlmiş bir sıra tanınmış alimlər sırasında ilk məruzəçilərdən biri olmaq böyük şərəf idi. Məruzəmdə Məhəmməd Bayramxanın Mövlana Lütfi, Əlişir Nəvai, Zahiriddin Məhəmməd Babur şeiriyyətindən təsirlənməsindən, onun yaradıcılığının təkrarsız obrazlar, təşbehlər, metaforalarla zənginliyindən bəhs etdim, obrazlarının mahiyyətini, məna və məzmununu təhlil etməyə çalışdım.
Tənəffüs vaxtı tanınmış türkmən ədəbiyyatşünası, akademik Muradgəldi Sayıqovla çay içə-içə söhbət edirdik. Bu zaman bəstəboylu, tökməbədən, cavan bir oğlan gözləri yanaraq, gülə-gülə bizə yaxınlaşdı: "Bağışlayın, söhbətinizə qoşulsam olarmı?" - deyə o nəzakətlə soruşdu. "Niyə olmur, buyurun. Tanış olun, bu azərbaycanlı alim Ramiz Əskərdi", - Muradgəldi dedi və sonra məni ona tanış etdi. Çay söhbətində də Məhəmməd Bayramxan, Babur və Əkbər şahdan bəhs etdik. Ramiz məruzəmin xoşuna gəldiyini, xüsusən, saraydakı həsədçi düşmənlər, rəqiblərin fitnə-fəsadı nəticəsində Məhəmməd Bayramxanın ömrünün axırında Əkbər şah sarayından uzaqlaşdırılmasının açıq-aşkar ədalətsizlik olduğunu söylədi, bu səbəbdən də şairin şikayət etməsi, mərhəmət gözləməsi və s. haqqındakı fikir-lərimi o təsdiq etdi.
Məruzə dinləyərkən, adətən, söhbətin məzmunu yadda qalır. Ramizin yaddaşı o qədər güclüdür ki, o mənim məruzəmdəki ayrı-ayrı fikirləri, cümlələri, demək olar ki, sözbəsöz xatırlayır və təkrarlayırdı.
- Amma, dostum, siz daha başqa bir nöqtəyə fikir verməlisiniz, - dedi Ramiz Muradgəldiyə, - elə hey "Moğollar şah dövləti" deyirsiniz, halbuki, böyük babamız Zahiriddin Məhəmməd Baburun qurduğu dövlətin moğollara heç bir əlaqəsi yoxdur, buna görə də özbək alimlərinin fikri ilə şərikəm, "Baburilər dövləti" istilahını işlətmək lazımdır.
- İki nəfər bir nəfərin allahıdır, belə bir məsəl var, - Muradgəldi gülə-gülə dedi. - Bir özbək bir Azərbaycan dostumun iradını qəbul etməsəm, ikiniz birləşib məni onsuz da inandıracaqsınız.
Gülüşdük. Səmimi söhbət və fikir mübadiləsi Ramizlə bizi yaxınlaşdırdı. Sonralar Ramizlə çox yaxın dost olduq. Ədəbiyyata və xalqlarımızın tarxinə baxışlarımızın ümumiliyi, söz sənətinə, kitaba məhəbbət, tərcüməçilik fəaliyyəti-miz bizi bir-birimizə daha da yaxından bağladı. Onunla xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda tez-tez görüşdük, fikirlərimiz çox vaxt üst-üstə düşür, bundan hər ikimiz məmnun olurduq.
Ramiz Əskər 1954-cü ildə doğulub. 1978-ci ildə Moskva universitetini bitirib, Azərbaycan qəzet-jurnallarında işləyib, hal-hazırda Bakı Dövlət Universitetinin "Türk xalqları ədəbiyyatı" kafederasının müdiri, professor, filologiya elmləri doktorudur.
İllər keçdikcə, Ramizin istedadının yeni-yeni cəhətlərini və xüsusiyyətlərini kəşf etdim. O, bir ədəbiyyatşünas kimi bir neçə elmi monoqrafiyanın, 1500-ə yaxın məqalənin müəllifidir, qardaş türk ədəbiyyatlarının ən yaxşı nümunələrini Azərbaycan dilinə tərcümə edən mahir mütərcim və şairdir.
Bir gün o məndən XX əsr özbək şeiriyyəti antalogiyasını hazırlamağı xahiş etdi. Təklifini məmnuniyyətlə qəbul elədim. Antalogiyanı hazırlayıb, Ramizə göndərdim. Ramiz antalogiyaya daxil edilən şeirləri çox qısa vaxt ərzində Azərbaycan dilinə çevirib, kitabı 2009-cu ildə Bakıda nəşr etdirdi. Öz növbəsində Ramiz və AzərTacın Özbəkistandakı müxbiri, "Qızıl qələm" mükafatının laureatı dostum Qulu Kəngərli "XX əsr Azərbaycan şeiriyyəti antalogiyası"nı hazırlayarkən mənə yardım göstərdilər. Ramiz Azərbaycan dilində nəşr edilmiş 5 cildlik şeiriyyət antalogiaysını mənə göndərdi. Qulu Kəngərli isə antalogiyaya daxil olmayan istedadlı şairlər yaradıcılığından nümunələr seçməkdə mənə kömək etdi. Nəticədə yaxşı bir kitab işıq üzü gördü.
Ramiz türk xalqları ədəbiyyatının ən yaxşı nümunələrini Azərbaycan dilinə məharətlə tərcümə etməkdədir. Onun özbək ədəbiyyatına özgə və özünəməxsus bir mehrlə yanaşması məni hədsiz sevindirir. O, Zahiriddin Məhəmməd Babur, Hüseyn Bayqara divanlarını tərcümə etdirib çap etdirdi, öz yurddaşlarını Mehri Xatun yaradıcılığı ilə yaxından tanış etdi. Ramiz çoxdan bəri "Baburnamə"ni tərcümə etmək arzusui ilə yaşayırdı. Onun xahişini yerinə yetirərək, kitabın özbəkcə nəşrini poçt vasitəsilə göndərdim. Və nəhayət, bu mürəkkəb və çətin tərcümə 2011-ci ildə başa çatdı və "Baburnamə" Azərbaycan dilində nəşr edildi. Ramiz Əskərin bu xidmətlərinə Özbəkistanda münasib, layiqli qiymət verildi və o, Beynəlxalq Babur mükafatına layiq görüldü. Bu münasibətlə Ramiz Özbəkistana gəldi, Daşkənd və Əndicanda oldu, müstəqillik illərində ölkəmizdə həyata keçmiş dəyişiklikləri və yenilikləri öz gözləri ilə görüb, heyrətləndi. Beynəlxalq Babur fondunun müdiri, tanınmış baburşünas alim Zakircan Məşrəbovun rəhbərliyi ilə təşkil olunmuş elmi konfransda fəal iştirak etdi. Əndicana qısa müddətli səfərdən sonra Daşkənddə bir yerdə olduq. Həmin axşam bir xeyli söhbət etdik. Təbii ki, söhbətimizin əsas mövzusu ədəbiyyat, Özbəkistan-Azərbaycan ədəbi əlaqələri, gələcək niyyət və arzularımızdan ibarət idi.
Ramiz Əskər son dərəcə gərgin işləməyi bacaran və əməksevər alimdir. Əgər imkan olsa, bir sutkanın 24 saatını da işləmək həvəsi var. Onun əməksevərliyi mənə Cek Londonun məşhur qəhrəmanı Martin İdeni xatırladır. Axı elmi məqalələr yazmaq, beynəlxalq konfranslarda məruzələr oxumaqla yanaşı, o son dərəcə qısa vaxt ərzində 40-a yaxın əsəri öz ana dilinə çevirib çap etdirdi, bu asan iş deyil! Bu yuxusuz gecələrin, istirahət günlərində özünə aman vermədən gərgin yazıb-yaratmağın səmərəsidir.
Öz söhbətlərimizdə də, elmi məruzələrində də, yeri gəldikcə, Zahiriddin Məhəmməd Babur yaradıcılığından misallar gətirmək artıq Ramizin yaradıcılıq üslubuna çevrilməkdədir. Onun "Baburnamə"ni yaxşı və dərindən oxuduğu və dərk etdiyi həmişə hiss olunur. Ramiz mürəkkəb, son dərəcə elmi cümlələr düzmür, əksinə elmi mövzunu adi oxucu anlaya bilən sadə üslbubda ifadə etməyi xoşlayır. Məncə, əslində də elə bu cür olmalıdır. Elm, xüsusən, ədəbiyyatşünaslıq elmi professional olmayan oxucu üçün də aydın və anlaşıqlı olmalıdır. Bir dəfə bunun səbəbini soruşanda, o Baburdan misal gətirib, məni heyrətləndirdi.
- Sadə, aydın yazmaq, - nöqsan deyil, fəzilətdir, - dedi o. - Bu haqda ulularımız neçə əsrlər öncə yazıb gediblər. Məsələn, Babur oğlu Humayuna yazdığı məktubunda yazı üslubunda süni mürəkkəblikdən, bəzək-düzəkdən qaçmağı, aydın dildə yazmaq gərəkliyini vurğulayır. Xatırla, gör Babur nə deyir: "Aydın, sadə bir dillə yaz, sənə də kolay olur, oxucuya da".
Azərbaycanlı dostumun Zahiriddin Məhəmməd Babur yaradıcılığını bu qədər dərindən və yaxşı bilməyi və ürəkdən sevməyi qəlbimə sonsuz fərəh bəxş edir. Bu öyrənməli və ibrət almalı bir fəzilətdir.
Ramiz Əskərin xidmətləri öz yurdunda da, beynəlxalq miqyasda da layiqincə dəyərləndirilib. Bu yaxınlarda onun 60 yaşı tamam oldu və Azərbaycan Prezidentinin sərəncamı ilə Ramiz Əskər "Şöhrət" ordeni ilə təltif edildi. Bu xəbəri eşidib hədsiz sevindim, dostuma hərarətli təbrik məktubu göndərdim. "Bunların hamısı gələcəkdəki işlər üçün verilən bir avansdır, - o öz cavabında belə dedi. - Boynumuzdakı vəzifə, məsuliyyət çox böyükdür, ən mühümü onları yerinə yetirməyə təki ömrümüz çatsın". Arzularına və məqsədlərinə, xalq və Vətən yolundakı bütün işlərinə səmim-qəlbdən uğurlar diləyirəm, heç zaman yorulmayasan, əziz qardaşım!
Özbəkcədən
çevirən:
Yaşar Qasımbəyli,
Azərbaycan
Yazıçılar Birliyinin
və AMEA Nizami adına
Ədəbiyyat İnstitutu
Ədalət.-2015.-15 yanvar.-S.6.