ZƏLİMXANIN POEZİYA ALƏMİNƏ SƏYAHƏT

 

Zəlimxan Yaqub poeziya aləminə gəldiyi ilk gündən ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuş və bu diqqət, bu məhəbbət bir an belə səngiməmiş, çəkilmələrə məruz qalmamışdır. Ona görə də şairin poeziyasında həyat həqiqətdə olduğundan daha həyatidir. Ən önəmlisi isə odur ki, onun poeziyası milli oyanışa, milli ruhun təbliğinə, milli özünüdərkə xidmət edir. Şairə dərin məhəbbətlə yazılan məqalələri toplasaq, cild-cild kitablara sığmaz. Təsadüfi deyildir ki, görkəmli alimimiz Nizami Cəfərov "Zəlimxan Yaqubdan yazılanlar" kitabına yazdığı ön sözdə xüsusi vurğulamışdır: "Zəlimxan Yaqub haqda yazılmış elə bir yazı yoxdur ki, şairə bəslənən dərin, hüdudsuz məhəbbət özünü bütün parlaqlığı ilə göstərməsin. Mən cəsarətlə deyə bilərəm ki, bu miqyasda (və bu keyfiyyətdə!) məhəbbət Azərbaycan ədəbiyyatının tarixində sonuncu dəfə Səməd Vurğuna qismət olmuşdur".

Zəlimxan Yaqubu bu xoşbəxtlik mərtəbəsinə yüksəltmiş şəxsiyyətlər arasında ömrünü milli elmimizə, ədəbiyyatımıza, ədəbiyyatşünaslıq elmimizə həsr edən Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Yaşar Qarayev, Süleyman Rəhimov, İsa Hüseynov, Mirvarid Dilbazi, Hüseyn Arif, Məmməd Araz, Xəlil Rza Ulutürk, Tofiq Bayram, Pənah Xəlilov, Budaq Budaqov, Tofiq Hacıyev, Nizami Cəfərov, Camal Mustafayev, Səlahəddin Xəlilov və onlarla başqa elm, ədəbiyyat fədailərini görəndə istər-istəməz qürur duyursan.

İstər "Zəlimxan Yaqubdan yazılanlar" (Bakı, 2005), istərsə də sonra işıq üzü görən üçcildlik "Zəlimxan Yaqub ədəbi düşüncədə" (tərtib edəni və redaktoru Musa Nəbioğlu) kitabları özlüyündə çox şey deyir.

Zəlimxan Yaqubun ədəbi fəaliyyətinin ciddi elmi-tədqiqat müstəvisinə çıxarılması, onun bir şair kimi elm aləmində də yüksək dəyərləndirilməsindən xəbər verir. Əminə Hüseynova "Zəlimxan Yaqubun yaradıcılığı" və Qədim Rufullayev "Zəlimxan Yaqub və xalq yaradıcılığı" mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişlər.

Çəkinmədən deyə bilərəm ki, bütün bunlar şairin sahilsiz ümmana bənzər çoxşaxəli yaradıcılığını tam əhatə etməkdən çox uzaqdır. Zəlimxan Yaqubun bağbanı olduğu şeir bağçasına daxil olmaq üçün gərəkdir ki, çağdaş poeziyamızla yanaşı, folklorumuzu, xüsusən də, aşıq yaradıcılığını, Zəlimxanı yetişdirən mühiti yaxşı biləsən. Bunları bilən tədqiqatçı şairin yaradıcılığına hərtərəfli vaqif ola bilər.

"Sözün Zəlimxan zirvəsi" kitabının əlyazmasını ön söz yazmaq üçün mənə təqdim edən Musa Nəbioğlu deyilənlərə cavab verə biləcək tədqiqatçıdır. Zəlimxanın yetişdiyi mühitdə boy atdığından, mayası sazla-sözlə yoğrulduğundan, neçə illərdən bəri Aşıqlar Birliyinin katibi və "Ozan dünyası" jurnalının baş redaktoru kimi aşıq yaradıcılığı ilə məşğul olduğundan, eləcə də uzun illərdən bəri Zəlimxan Yaqubun kitablarının tərtibçisi və redaktoru (şairin 13 cildlik əsərləri külliyyatı da daxil olmaqla) olduğundan və nəhayət şairin yaradıcılığını mükəmməl bildiyindən "Sözün Zəlimxan zirvəsi" vaxtında yazılmış uğurlu bir əsərdir. Əsərin uğurlu alınmasında yuxarıda sadaladıqlarımızla bərabər, tədqiqatçının istedadı və əməksevərliyi də rol oynamışdır.

Musa Nəbioğlunun ürəyi, qələmi, bütün vücudu Zəlimxan Yaqub yaradıcılığı üstündə köklənib. Tədqiqatçı Zəlimxanın üslubunu tamamilə saxlayaraq sinonimlərdən, antonimlərdən, xalq deyimlərindən Zəlimxan necə istifadə edibsə, öz əsərində eləcə istifadə edib. Bəzən adama elə gəlir ki, tədqiqatçının monoqrafiyasını deyil, Zəlimxan Yaqubun poeziyasını oxuyursan, şairin özünü dinləyirsən. Giriş və on üç bölümdən ibarət əsərin hər bölümünə şairin şeirlərindən bir misranı başlıq verməsi bu yaxınlığı daha da doğmalaşdırır.

"Sözün Zəlimxan zirvəsi" adlı girişdə Nəbioğlu söz barədə fikirlərini irəli sürür. Qeyd edir ki, o yaradıcılar sözdən möhtəşəm abidələr yarada bilir ki, zamana öz sözünü deyə bilir, sözü urvatdan salmır, onun qədir-qiymətini bilir, zirvələrə yüksəldir. "Sözün Zəlimxan zirvəsi" ona görə yarandı ki, şair sözü göz bəbəyi kimi qorudu, onun üzərində ana övladı üzərində əsdiyi kimi əsdi.

Zəlimxan Yaqubun şeirlərini oxuyanda, söz haqqında fikirlərinin fərqinə varanda Hüseyn Kürdoğlunun misraları qəlbimə hakim kəsildi:

 

Mən sözün üstündə can qoymuşam ki,

Şerim kal görünər, Sözə söz gələr.

 

Zəlimxan Yaqub söz üstündə can qoyan, ona görə də sözləri, misraları ürəklərə məlhəm olan şairdir. Zəlimxanın misralarıdır:

 

Əbədi dirilər cərgəsindədi,

Söz üstə şəhid tək ölən şairlər.

 

 

"Zaman səni dana bilməz"

 

Bu bölümdə tədqiqatçı Zəlimxan Yaquba ümumxalq məhəbbəti qazandıran möhtəşəm poeziyası ilə yanaşı, həm də şairin nitq qabiliyyətindən, fenomenal yaddaşından və s. bəhs edir.

Yeri gəlmişkən, poeziyamızı Zəlimxan Yaqub qədər təbliğ edən ikinci bir şair tapmaq çətindir. Bu, bir yandan onun qeyri-adi hafizəsi, digər tərəfdən, ürəkgenişliyi və poeziyamıza vurğunluğu ilə bağlıdır. Zəlimxan fenomenal yaddaşı və xeyirxahlığı hesabına başqa şairlərimizi təbliğ etməkdən usanmır. Böyük yaradan ona hər şey bəxş edib, qısqanclıqdan savayı. Yaxşı yadımdadır, 1994-cü ildə Füzulinin 500 illik yubiley tədbirinə bir avtobusda, qoşa gedib-gəldik. Şair Bakıdan Bağdada qədər klassik şairləri-mizdən tutmuş gənc şairlərimizə qədər hər birinin şeirlərindən, eləcə də "Koroğlu" və "Aşıq Qərib" dastanlarından əzbərdən dedi.

Musa Nəbioğlu "Zaman səni dana bilməz" bölümündə şairin yaradıcılığına verilən qiymətdən, Zəlimxanın bir şair kimi missiyasından da söz açır. Şairin dünyaya niyə gəldiyini, hansı missiyanı yerinə yetirməli olduğunu onun öz sözləri ilə açıqlayır:

 

Şair olan öz ömrünü yaşamır,

Dərdin-qəmin bol ömrünü yaşayır.

Yolçuların yoldaşına çevrilir,

Cığır açır, yol ömrünü yaşayır.

 

Zəlimxan Yaqub xalq ruhu ilə qaynayıb-qarışan, xalqın içində olan, xalq tərəfindən sevilən, poeziyası ilə xalqın qəlbini riqqətə gətirən bənzərsiz şairdir. Şairin rahat gününün olmadığını bəyan edir:

 

Sevgisiz, ilhamsız, sözsüz, nəğməsiz,

Şairin bircə gün həyatı yoxdur

 

- deyir.

 

"Haqdan gəlib

Haqqa gedən yorulmaz"

 

Bu bölüm də maraqla oxunur. Araşdırıcı əsərində yerinə görə sitatlar gətirir, onlara arxalanaraq fikirlərini sübuta çalışır və buna nail olur: "Hər kəs həqiqətə, gerçəkliyin idrakına öz xüsusi yolu ilə gedir. Mən də yazı ilə" (Lev Tolstoy). Zəlimxan Yaqub yaradıcılığı ilə tanış olan hər kəs deyər ki, elə Zəlimxan da belədir. Dahi yazıçının dedikləri sanki görkəmli şairin boyuna biçilib.

"Yalan qənimidi, dini həqiqətdi şairin", - deyən Zəlimxan heç vaxt əqidəsini dəyişmədi. Əlində qələm, dilində həqiqət həyat kredosuna çevrildi.

Şairin "Kimdi səni bu qapıdan buraxan" şeiri zəmanəmizdə baş verən, ürək bulandıran, könül dağlayan, cəmiyyətdə kök salan hadisələrdən söz açır. Aylarla bir nazirliyə ayaq döyən qocanı, şikayətinin yerinə yetirilib-yetirilməyəcəyi bir yana, heç qapıdan içəri buraxmırlar. Şair göstərir ki, bu qapının düyməsi var, tilsimi var, zəngi var. Bir deyil, beş deyil, yetmiş yeddi rəngi var. Zəlimxan bu eybəcərliyin xalqa, millətə vurduğu zərbədən söz açır:

 

Silahı var, polisi var, postu var,

Rüşvət adlı bir canciyər dostu var.

Bu qapının bu millətə qəsdi var,

Kimdi səni bu qapıdan buraxan?

 

Bu məqamda da Musa Nəbioğlunun "Sözün Zəlimxan zirvəsi" adlı çox maraqlı kitabında bir az başqa çalarda rast gəlmək olur. M.Nəbioğlu yazır ki, məmur özbaşınalığına, haqlının haqqının tapdanmasına dözə bilməyən şair "siyasət içində siyasət"lə yanaşı, "ticarət içində də siyasət"in getdiyi, "hər şeyin sahibi, ağası bəlli" olan cəmiyyətdə naqisliklərə, eybəcərliklərə, ağsaqqal sözünün eşidilməməsinə dözə bilmir, şair-vətəndaş kimi etiraz səsini ucaldır:

 

Kimdi şəhərlini, kəndlini sayan,

Sözünü kim tutur bir ağsaqqalın?

 

- deyir.

 

Şair bir çox şeirlərində millətin dərdindən söz açır. Millətin halından xəbərsiz olanlardan, millətin adından danışmağa mənəvi haqqı olmayanlardan bəhs edir:

Millətin adından danışan kəsin,

Dili uzun gərək, üzü gərək - deyir.

 

Şair cəmiyyəti qanunsuzluq girdabından qurtarmaq üçün işlək qanunların hazırlanmalı olduğunu qeyd edir. Olub-keçənləri göz önünə gətirir: "bəzən gözümüzün önündə haqlının haqqı tapdananda susmuşuq, gözümüzün qabağında öyülən nakəsə də əl çalmışıq, döyülən mərdə də". Bununla belə, şair bədbinləşmir, cəmiyyətə toy tutanlara da bir gün toy tutulacaq deyir.

"Sözün Zəlimxan zirvəsi"ndə Musa Nəbioğlu bunlardan səmimiyyətlə söz açır.

 

"Mən elə Türkün ruhuyam"

 

Bu bölümdə Zəlimxan yaradıcılığında türkçülük, türk dünyası əhəmiyyətli yer tutur. Tədqiqatçı Zəlimxan Yaqub yaradıcılığında Türkçülük ideyasına əsərlər həsr edən araşdırıcıların məqalələrinə müraciət edir. Burada akademik Tofiq Hacıyevin, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın və tənqidçi Əsəd Cahangirin əsərlərinə üstünlük verir. Xüsusən də, Azər Turanın "Əzəl-axır dünya Türkün dünyası" monoqrafiyası dəyərləndirilir: "Zəlimxan Yaqubun şeirlərində Türkün genetik yaddaşı dipdiridir" cümləsi çox mətləblərdən xəbər verir, - deyən müəllif Türk dünyası ilə bağlı şeirlərini tədqiqat süzgəcindən keçirir. Zəlimxanın, Dərbəndə, Kərkükə, Təbrizə, Borçalıya həsr etdiyi şeirlərə xüsusi önəm verir:

 

Kərkükü, Dərbəndi xatırlamazdım,

Əgər Borçalıda doğulmasaydım

 

- deyir.

 

Bununla Borçalının da, Kərkükün də, Dərbəndin də yad əlində olduğunu bir daha oxucuların, xüsusən də keçmişimizdən az xəbəri olan gənclərin nəzərinə çatdırır. Doğrudan da, tarixin yaddaşı gödək olur. İndi çoxmu adam bilir ki, Dərbənddən əlavə, Dərbənd ətrafında düz 30 kənddə azərbaycanlılar yaşayır. Şair ingilis yazıçısı Ceyms Oldricin "ikiyə bölünmüş bir ürək" adlandırdığı Güney və Quzey Azərbaycandan ürəkağrısı ilə söz açır.

Tədqiqatçı bu bölümdə Zəlimxan Yaqubun bütün Türk dünyasının şairi olduğunu xüsusi vurğulayır.

 

"Qarabağ ən çətin sualdı, qardaş"

 

Bu bölümdə müstəqillik qazanmağımızla bərabər, Qarabağ problemi ilə də üzləşməyimizlə bağlı şairin narahat anlarından, çözülməsi müşkülə çevrilən Qarabağ dərdindən söz açılır. Şair şeirlərində, M.Nəbioğlu isə tədqiqatında göstərir ki, Qarabağ problemini ortaya atanlar öz çürük niyyətlərini həyata keçirənədək bizdən əl çəkmək niyyətində deyillər. Bizim prezidentimizin, dövlətimizin çalışdığı odur ki, bu bəladan az ziyanla çıxaq. Z.Yaqub bu gün şairlərin də öz şeirləri ilə sıravi əsgərə dönmələrini təkidlə irəli sürür:

 

Haqqın var baş olub, başda durmağa,

Qaldır məmləkəti ayağa, şerim -

 

- deyə haray çəkir. Bu gün şair olan şeirini evdə yox, səngərdə yazmalıdır, - deyir.

Bununla belə, "Qarabağ ən çətin sualdı, qardaş" - deyən şair "Millətin xilas yolu bu gün savaşdan keçir", - deyərək doğma torpaqlarımızın tezliklə azad olunacağına ümidini itirmir.

 

"Mən dünyanı durultmağa can atdım"

 

Bu bölümdə tədqiqatçı şairin mənəvi saflığa, paklığa, daxili gözəlliyə səsləyən poeziyasını araşdırır. Z.Yaqubun "dünyanın çirkabını şair sözü təmizlər" misrasına söykənərək onun çoxsaylı poeziya nümunələrini süzgəcdən keçirir. Tədqiqatçı şairin bu yoldakı amalını ortaya qoyur:

 

Nemətdi duruluq, saflıq, təmizlik,

Bəsimdir sənintək bir bulaq olum.

 

Z.Yaqub saflığın, paklığın insana başucalığı gətirdiyini, insan qocalanda da vüqarlı olacağını şair fəhmi ilə dəqiq görmüş və şeirlərində qabarıq şəkildə vəsf etmişdir.

 

"Sarıldığım sazdı mənim"

 

Bu bölüm M.Nəbioğlunun ilhamla qələmə aldığı, tədqiqata cəlb etdiyi aşıq yaradıcılığı ilə, sazla-sözlə bağlıdır. Bu, təsadüfi deyildir. Akademik K.Talıbzadə deyirdi: "Zəlimxan sazla şeirin ruhunu, mayasını birləşdirən şairdir". Xalq şairləri Osman Sarıvəlli də, Hüseyn Arif də, AMEA-nın müxbir üzvü S.Xəlilov da bu fikirdədir. Həqiqətən də Zəlimxanın mayası sazla sözün vəhdətindən yoğrulub. Bu bölümdə şairin onlarla şeiri, aşıq yaradıcılığına, aşıq sənətinə, saz havalarına, bu havaları yaradan, yaşadan, aşıq sənətini zirvələrə qaldıran sənətkarlara həsr etdiyi poema və dastanlar tədqiqata cəlb olunub. Tədqiqatda "Saz", "Yunus Əmrə", "Ələsgər", "Aşıq Hüseyn Saraçlı", kimi lirik-epik poema və dastanlara geniş yer verilib. Şairin bircə cümləsi deyilənlərə işıq tutur: "Məni başqa yerdə axtarmağa gərək yoxdur, ünvanımı sazdan soruşun". Bu sözlər çox mətləblərə aydınlıq gətirir.

 

(ardı var)

Ədalət.-2015.-16 yanvar.-S.6.