ŞƏKƏRCİYƏ
GEDƏN YOL
Layihənin istiqaməti:
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
"Siz düşmənlə üz-üzə yaşayırsınız, siz böyük cəsarət, mərdlik göstərirsiniz. Biz burada, düşmənlə
üz-üzə Horadizdə bir gülüstan, abad şəhər
görürük. Getsinlər
öz şəhərlərinə baxsınlar. Bu gün Horadiz abadlığa görə onların
paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvandan
bir neçə dəfə üstündür. Bu, reallıqdır. Bunu hər kəs
görür və görməlidir".
İlham Əliyev, Azərbaycan
Respublikasının prezidenti
Füzuli-2014
...Burdan
belə getmək mümkün deyil. Gərək
onda Füzulinin Alxanlı, Aşağı Seyidəhmədli,
Yuxarı Seyidəzmədli kəndlərini keçib şəhərin
özünə çatasan. Ordan da Şəkərciyə
bir addımlıq yoldur. Hələ ki,
Şəkərciyə getmək mümkün deyil. Amma
Allah qoysa, ölkə prezidenti İlham Əliyevin köməkliyi
ilə biz nəinki Şəkərciyə, Füzuli şəhərinə,
Ağdama, Şuşaya, Laçına, Kəlbəcərə...
gedəcəyik...
Hər şey burdan başlayır
Füzuli rayonunda mədəniyyət və turizm sahəsində
çox böyük irəliləyişlər əldə
olunub. Rayon işğaldan azad edildikdən sonra möhtəşəm
mədəniyyət sarayları, klublar və digər ocaqlar
inşa edilib. Rayon Turizm və Mədəniyyət
şöbəsinin müdiri Elman Məmmədov deyir ki, Şəkərcik
kənd musiqi məktəbinin direktoru Əli Baxış
çox maraqlı və istedadlı bir adamdır. Onunla görüşüb söhbət eləsən
tanışlığına şad olarsan. Ümumiyyətlə, bizim rayonda icra hakimiyyəti
başçısı Alı Alıyevin qayğısı ilə
bütün sahələr sürətlə inkişaf edir və
o cümlədən mədəniyyət sahəsi də
dirçəliş və çiçəklənmə
günlərini yaşayır.
Direktor-bəstəkar
Əli Baxışla telefonda söhbət eləyirik və
ilk tanışlıqdan da hər şey gözəl
alınır.
Deyir ki, Faiq müəllim, sən həmişə
Füzuli və füzulilər haqqında xoş sözlər
demisən. Bir ziyalı olaraq, səni
yaxşı tanıyırıq. Gəl Dərnəgülə,
bir stəkan çay içək, həm də dərdləşək.
Çoxdandır, sənin kimi ziyalının həsrətini
çəkirik. Elə onunla Dərnəgüldə
sığınacaq tapdıqları ünvanda
görüşürük. Burda da Əli
müəllim Şəkərciyin ab-havasını yarada bilib.
Sanki otaqlara baxanda elə bilirsən ki, Şəkərciyin
özündəsən. Əli
Baxış bu məktəbi 1991-ci ildə Füzulidə olarkən
yaradıb. Elə o vaxtdan da məktəbin
direktorudur. Söz sözü çəkdikcə
onun ürəyi açılır və məlum olur ki,
Əli müəllim həm də gözəl bəstəkardır.
Onun 250-dən çox mahnısı var. Bu
mahnıları Zöhrə Abdullayeva, Qədir Qızılsəs,
Nadir Bayramlı və digər müğənnilər ifa ediblər.
Əli müəllim onu da bildirir ki, mənim
ürəyim həmişə Füzulidədir.
Füzulidən bir adam görən kimi elə
bilirəm o yerləri gəzib gəlirəm...
Şirin səslər
bulaq suyu kimi təmizdir
Bu musiqi məktəbində bir-birindən istedadlı və şirin səsə malik olan gənclər var. Daha doğrusu, musiqi məktəbində təhsil alan şagirdlər öz ürəklərinin səsi ilə bu ünvana gəliblər. Amil Hüseynzadə (tar), Seyfəddin Qasımzadə (qarmon), Rövlan Hacıyev (səs), Aygün Hacıyeva (səs), Rəsul Quliyev (səs) öz ifaları ilə çoxlarının diqqətini cəlb ediblər və müsabiqədə fərqləniblər. Deyirlər ki, qarabağlıların uşaqları da ağlayanda "Segah" üstündə ağlayır. Onların ifasını dinləyəndə bir daha adam özünü çox gözəl bir məkanda hiss eləyir. Səsin şirinliyi və avazı insanın qəlbini sehrləyir. Əlbəttə, bu uşaqlar elə-belə püxtələşməyiblər. Çünki onları həyata hazırlayan, səhnəyə çıxaran musiqi müəllimləri var.
Yeganə Şirinova (fortepiano), Mübariz Əliheydərov (tar), Hamlet İsmayılov (tar), Zeynəb Quliyeva (səs) belə müəllimlərə nümunə sayıla bilər. Təşkilat Nəsirov isə çox tanınmış və məşhur bir xanəndədir. Onun özü "Xarı bülbül" müsabiqəsinin laureatıdır.
İstedadlar səhnədə
özünü göstərir
Məktəbin direktoru Əli Baxış deyir ki, istedadlı şagirdlərimiz səhnədə özlərini birmənalı olaraq təsdiqləyiblər. Məsələn, mən onlardan Mikayıl İsmayılovun (piano), Aynur Şahverənovanın (piano), Ayaz Hacıyevin (tar) adlarını çəkə bilərəm. İnandırım sizi, bu şagirdlərin hər biri çox bacarıqlı və səhnə üçün sanki yaranmış uşaqlardılar. Onlar öz seçdikləri sənətə o qədər qəlbən bağlıdırlar ki, müəllimləri bir dəfə hər hansı bir musiqini öyrədən kimi onu yadda saxlayır və gözəl ifa edirlər.
Bir faktı da qeyd etməliyəm ki, bu gün məktəbimizdə xalq çalğı alətləri, fortepiano, səs, qarmon, nağara şöbələri fəaliyyət göstərir. Və bu şöbələrdə 185 şagird musiqinin müxtəlif növlərini öyrənirlər. Şəxsən fərəhlə deyə bilərəm ki, onların hər biri bizim üzümüzü beynəlxalq və respublika müsabiqələrində ağ edirlər.
Sevincli anlar
Direktor Əli Baxışla söhbət etdikcə mən xəyalən özümü Füzulinin Şəkərcik kəndində hiss eləyirdim. Çünki uşaq vaxtı o kənddə o qədər olmuşam ki. Yaxın bir qohumumuzun evinə tez-tez atam məni aparardı və orda qalmaq istədiyimi hiss edib xətrimə dəyməzdi. Əli müəllim deyir ki, həmin kənd üçün indi burnumuzun ucu göynəyir. Çox sağ olsun mədəniyyət və turizm şöbəsinin müdiri Elman Məmmədovu. Rayona gedəndə hamımızı başına yığır, öz tövsiyələrini verir, sonra da Horadiz şəhərində gözəl bir məkanda əyləşib bir stəkan çay içirik. Bax, onda Horadizdə biz Füzuli şəhərinin və Şəkərciyin ətrini hiss edirik.
Bizim məktəbin çox istedadlı bir yetirməsi var - estrada müğənnisi Zamiq Hüseynov. Yəqin çoxlarınız onu yaxşı tanıyır. Vaxtı olanda bizi yaddan çıxarmır. Onunla yanaşı, çox istedadlı tar ifaçısı Namiq Fərzəliyev də bizim məktəbi bitirib və bu gün musiqi müəllimi işləyir. Bir şagirdimiz isə Qazaxıstanda keçirilən beynəlxalq müsabiqədə 2013-cü ildə laureat adını qazanıb. Geri baxanda və bu uğurları xatırlayanda iftixar hissi keçiririk.
Əlbəttə, insan keçmişinə qürurla baxır və sevinir ki, yaşadığı ömür hədər getməyib. Əli müəllimin narahatlığını hiss edirik. Deyir ki, bir-iki gündən sonra oğlumun toyudur. Bir az ona görə həyəcanlanıram. Əli müəllim, təki toy olsun və Allah-Təala da sizin balanızı xoşbəxt eləsin!..
Faiq Qismətoğlu
Ədalət.-2015.-16 yanvar.-S.7.