ZƏLİMXANIN POEZİYA
ALƏMİNƏ SƏYAHƏT
Tədqiqatçı
monoqrafiyasında Zəlimxan Yaqubun saza-sözə, aşıq
sənətinə münasibətini şairdən sitatla
tamamlayır və hər şey aydın olur: "Saz mənim
üçün Türk ruhunun şəksiz və şəriksiz,
tək və müqəddəs alətidir. Saz mənim
üçün ana laylası, beşikdən məzara qədər
ömür yolunda yol yoldaşım, könül
sirdaşım, həyatım, varlığımdır".
Şair öz məramını poeziya dili ilə belə
çatdırır:
Sən varsan, həyatda mən varam demək,
Səsimi
hər yana yetir, ay sazım.
Və ya:
Qalxıb
şəhər könlüm, meyli kəndədi,
Xəyalım yaylaqda, göy çəməndədi.
Özüm
Göyçədə yox, Göyçə məndədi,
Hər
yeri gəzməyə ömür də çatmaz,
Yaxşı ki, sən varsan, ay sədəfli saz.
Ədəbiyyatşünas
alim Azər Turan şairin poemalarından danışarkən həqiqətdən
söz açan fikir söyləyir: "Etiraf etməliyik ki,
Azərbaycanda muğamın dərki müstəvisində Bəxtiyar
Vahabzadənin "Muğam" poeması hansı işi
görübsə, Zəlimxan Yaqubun "Saz" poeması da
saz havalarının dərki müstəvisində eyni işi
görüb".
Dahi Ü.Hacıbəyli yazırdı ki, aşıq sənəti
elə bir aləmdir ki, burada bəstəkarın da, şairin
də, xanəndənin də, rəqqasın da istənilən
qədər götürə biləcəyi pay vardır. Mənə belə gəlir
ki, şairlərimiz arasında aşıq sənətindən,
aşıq yaradıcılığından Xalq şairi Zəlimxan
Yaqub qədər pay götürən, bu sənət aləmi
ilə üzvi surətdə bağlı olan ikinci bir
adlı-sanlı şairimiz yoxdur. Burada bir məsələdən
də söz açmaq yerinə düşərdi.
Akademik Mirzə İbrahimov yazır: "Aşıq
poeziyası xalq yaradıcılığı ilə
yazılı ədəbiyyat arasında bir keçiddir,
möhkəm bir körpüdür. O, bir tərəfdən
xalq yaradıcılığına bağlıdır, o biri tərəfdən
yazılı ədəbiyyata. Həm bununla, həm
də onunla qarşılıqlı əlaqə və təsirdə
inkişaf etmişdir. Onun kökləri,
rişələri folklordan su içirsə, budaqları,
qol-qanadı həmişə ədəbiyyatla qovuşur, ona təsir
edir və ondan qüvvət alır".
Tam əminliklə deyə bilərik ki, aşıq
poeziyasına məxsus keçidin daimi olmasında, xalq
yazıçısının söhbət
açdığı körpünün daha möhtəşəm
olmasında, ədəbiyyata qovuşmasında Zəlimxan Yaqub
qədər xidmətləri olan başqa bir
çağdaş şairimiz də yoxdur. Məhz buna
görə də şairin çağdaş ədəbiyyatımızın,
aşıq yaradıcılığının və folklorun
qovşağında bərqərar olması təəccüb
doğurmur.
Onu da demək
vacibdir ki, Zəlimxan Yaqub görkəmli aşıq Hüseyn
Saraçlının itkisindən təsirlənərək
"Aşıq Hüseyn Saraçlı" dastanını
yazmış və Xalq yazıçısı Elçinin
doğru olaraq qeyd etdiyi kimi, yazılı ədəbiyyatımıza
dastan janrını gətirmişdir.
"Böyüklərin
qədrini ancaq böyüklər bilər"
Bu bölüm də çox maraqla oxunur. Həqiqət budur ki, Zəlimxan
Yaqubun dediyi kimi, hər bir qələm sahibinin xatirə yazmaq
dövrü və xatirəyə çevrilmək məqamları
var. Zəlimxan Yaqubun görkəmli şəxsiyyətlər,
tanınmış ədəbiyyat, mədəniyyət və
incəsənət adamları haqqında təkrarsız məqalələri,
xatirələri vardır. Lakin Zəlimxan Yaqub Zəlimxan
olmazdı, əgər bu şəxsiyyətlərə
şeirlər, poemalar həsr etməsəydi.
Şair Məhəmməd
Əmin Rəsulzadəyə, Səməd Vurğuna,
Mikayıl Müşfiqə, İlyas Əfəndiyevə,
İsa Muğannaya, Hüseyn Arifə, Məmməd Araza, Tofiq
Bayrama, Musa Yaquba, Cavad Heyətə, Mikayıl Mirzəyə və
bir çox başqalarına şeirlər həsr edib. İsa Muğannaya "Ün", Turan Cavidə
"Cavidin qız balası", Xudu Məmmədova
"İnsan" poemalarını ithaf edib. Bir çox yazıçı və şairlərimiz,
ictimai xadimlər haqqında xatirə məqalələri
yazıb. Bütün deyilənlər barədə
monoqrafiyada müfəssəl danışılıb.
Monoqrafiyada Xalq şairinin Ulu öndərimizə həsr
etdiyi irihəcmli "Əbədiyyət dastanı"
poemasından da bəhs edilir. Bu, təbiidir. Zəlimxan
Yaqubun göz yaşları ilə yazdığı bu möhtəşəm
"Əbədiyyət dastanı" Azərbaycan tarixində
bir epoxa olan, misilsiz xidmətlərinə görə xalqın
xatirəsində əbədilik qazanan, onun qürur və
güvənc yerinə çevrilən dahi şəxsiyyət
Heydər Əliyevə kədər dağının zirvəsindən
oxunan elegiyadır.
"Əbədiyyət
dastanı" ali kədər və ali
sevgidən yaranıb.
Mən
belə ağlamışam,
qanlı
fələk ilk dəfə
Ürəyimi qıranda.
Yetim
qalıb, atamı
torpağa tapşıranda.
Ali kədər zirvəsində dayanan şair onun
ümümxalq kədəri olduğunu dərindən dərk
etmiş, bu kədərin və bu sevginin sonsuzluğunu
inanılmaz ürək çırpıntıları ilə
vəsf etmişdir. Şairin "Əbədiyyət dastanı"
poemasına yazdığı giriş məqaləsi də
ümummilli liderimizə həsr olunan məntiqi fikirlərlə
zəngindir: "Ölümsüzlüyü ilə
ömrüm boyu öyünəcəyim bir şəxsiyyətlə
bağlı üstümüzü alan,
qapımızı qəfil döyən qara xəbər
hamı kimi məni də dərindən-dərinə
sarsıtdı. Bu sarsıntılar içində
əlimə nə vaxt qələm aldığımdan
heç özümün də xəbərim olmadı.
O vaxt özümə gəldim ki, artıq sonuncu misranı
yazıb, son hissəni tamamlamışam".
Bu deyilənləri
ölməz "Əbədiyyət dastanı"
poemasının son misraları da təsdiqləyir:
Həsrətini
çəkəcəyəm illər boyu,
Kövrək qəlbim oyum-oyum oyulacaq.
Eşqin
ilə yaratdığm bu dastanın
Son nöqtəsi mən öləndə qoyulacaq.
"Şair
bu dünyanı boşuna gəzməz"
Musa Nəbioğlu bu bölümü də ilhamla
işləmişdir. O, yazır: "İnsan ömrünün böyük
bir hissəsini yollarda, səfərlərdə keçirir. Əslində, bütün həyatımız bir səfərə
bənzəyir. İnsan doğulduğu
gündən onu axirətə aparan bir yolun yolçusuna
çevrilir. Və bu böyük yolun hər
dayanacağı, hər tini, hər döngəsi, enişi,
yoxuşu insana çox şey öyrədir,
dünyagörüşünü zənginləşdirir, həyat
təcrübəsini artırır".
Həqiqətən də, yollar, səfərlər
çox vaxt əzablı olsalar da, barlı-bəhrəli
olurlar. Bunu biz Zəlimxan Yaqubun dəfələrlə səfərlərdən
necə barlı-bəhrəli döndüyünün
şahidi olaraq da görmüşük. Mənim
qənaətimə görə, çağdaş
poeziyamızda Zəlimxan Yaqub qədər rəsmi və
qeyri-rəsmi səfərlərdə olan ikinci bir şair
tapmaq çətindir. O, bütün Türk ellərini,
Avropa, Asiya, Afrika qitələrini gəzib, Vətənə
bol-bol ədəbi materiallarla, şeirlərlə, poemalarla
dönüb. Onun hər səfəri bir kitaba
çevrilib. Tədqiqatçı M.Nəbioğlu
"Şair bu dünyanı boşuna gəzməz"
bölümündə söz açdıqlarımızdan hərtərəfli
danışıb, həqiqəti şairin misralarında
tapıb:
Şair
bu dünyanı boşuna gəzməz,
Hər səfər bir tarix, bir kitab olar.
Şair səfərləri
zamanı Vətən-qürbət məsələsini də
ortaya qoyub:
Elə gəzməyə
də Vətən torpağı,
Elə
ölməyə də Vətən yaxşıdı
- qənaətinə gəlib.
"Təbiət
Allahın şah əsəridi"
Bu bölümdə tədqiqatçı Zəlimxan
Yaqubu təbiətlə təmasda, təbiətlə vəhdətdə
araşdırır. Hüseyn Arifdən sonra təbiət
vurğunu olan, təbiətin qoynunda dinclik tapan şairimiz Zəlimxandır.
Təbiətdən böyük ziyarət olmaz -
deyən şair təbiəti ilham mənbəyi, şeir
qaynağı, poeziya bulağı, müqəddəslik
beşiyi adlandırır.
Musa Nəbioğlu şairin təbiəti vəsf edən,
ilhamla yazılmış şeirlərini eyni ilhamla tədqiq
edir. Ən uğurlu şeirlərə məhəbbətini,
vurğunluğunu gizlətmir. Zəlimxanın təbiəti
dərindən duyduğunu xüsusi vurğulayır:
Ən
böyük hikməti təbiətdə gəz,
Olsa da yolları dolaşıq, çətin.
Yüz il yaşasan da, sirrini verməz,
Dilini bilməsən
sən təbiətin!
Təbiətin dilini bilmək üçün gərək
Zəlimxan kimi onun vurğunu olasan, təbiəti bütün
vücudunla sevəsən, onun qoynunda boy atasan. Şair 13
cildlik külliyyatının birinci cildinə
yazdığı ön sözdə təbiətlə
bağlı göstərir ki, gözündən su içdiyi
bulaqlar ona aşıqlıq, şairlik bəxş edib. Həmin
bulaqlar onu hallı-havalı çaylara, çaylar da sahilsiz
ümmana - söz, ruh, təfəkkür ümmanına
qovuşdurub:
Qəlbimi
riqqətə gətirməsəydi,
Ana təbiətin
yaratdıqları,
Mən
hardan bilərdim şairlik nədir
- deyərək hər şeyin
başlanğıcını Yaradanla Ana təbiətin vəhdətində
görür.
"Allahın
sözünü sevənlər yazır"
Nəbioğlunun əsərinin bu bölümü də
böyük ilham, şairin yaradıcılığına dərin
məhəbbətlə yazılıb. Sevgiyə
nökərəm, sevgidi şahım - deyən Zəlimxan
bütün yaradıcılığı boyu bir gün də
sevgisiz yaşamayıb. Tədqiqatçının
doğru olaraq göstərdiyi kimi, Zəlimxanın şeirini
oxuyan oxucu altında imzası olmasa belə şeirin kimə məxsus
olduğunu müəyyənləşdirə bilər. Şairin şeirlərində diqqəti çəkən
mühüm cəhət vardır. Şair
sevənləri ismətli olmağa, sevgiyə müqəddəs,
ülvi məhəbbət kimi baxmağa
çağırır. Şair
üçün sevgi inamdı, ümiddi, həyatdı, dindi,
imandı. Sevgi dağın Allah heç
kimə göstərməsin - deyə dua edir. Sevən ürək saf, təmiz, pak, kindən-küdurətdən
uzaq olar. Sevənlərin mərd olduğu
qənaətinə gəlir. Sevən
adamın gözündə cəhənnəmə bənzər
bir yer də dönüb laləzar olur. Şair etiraf edir:
"Mənim bircə dinim var, dinimin adı sevgi". Şair gözəllik qarşısında heyrətdən
lal olur. Musa Nəbioğlunun qənaəti
də maraqlıdır. "Zəlimxan
Yaqub üçün gözəllik başdan-başa
ilhamdı, düşüncədi". Şairin
sevgiyə həsr etdiyi şeirlərin sayı-hesabı yoxdur.
Onları əzbər bilər insanların,
xüsusən də gənclərin də sayı hesaba gəlməz.
Necə ki, sevənlər var, sevilənlər
var, şairin şeirləri unudulmayacaq, nəsildən nəslə
keçəcək, könüllərdə yaşayacaq - deyən
tədqiqatçı haqlıdır.
"Öləndə
də qəbrim qədər Azərbaycan torpağıyam"
Tədqiqatçı bu bölümdə Vətən və
vətənpərvərlik mövzusunda qələmə
aldığı poeziya nümunələrini
araşdırır. Akademik Budaq Budaqovdan misal gətirir və
göstərir ki, Zəlimxan Yaqub bir vətənpərvər
şair kimi qanı canına hopdurulmuş ana torpağın
yetişdirdiyi vətənə layiq
oğullarımızdandır. Şair doğru deyir:
"Sənin eşqin, sənin odun olmasa, şair qəlbi
alovlanmaz, ey Vətən". Bu isə tədqiqatçının
qənaətidir: Zəlimxanın hər şeirindən Vətən
ətri gəlir, el-obanın, yurd-yuvanın istisi,
sazımızın nəfəsi, dilimizin şirinliyi duyulur.
(əvvəli 9-cu səhifədə)
Şair
ölkəmizin cənnət guşələrinin əsrarəngiz
gözəlliyini tərənnüm etməkdən doymur:
Nə həddi
var əfsanəvi cənnətin,
Azərbaycan torpağına bənzəyə.
Vətəni, eli-obanı, müqəddəs
torpaqlarımızı bundan gözəl tərənnüm
etməkmi olar?
Bu, Nəbioğlunun göstərdiyi kimi,
bütün sevgilərdən baş olan Vətən sevgisi,
torpaq sevgisi, tarix və yaddaş sevgisidir.
Bu
dünya əbədi dirilərindi
Musa Nəbioğlunun "Sözün Zəlimxan zirvəsi"
əsərinin bu bölümündə fani dünya, insan,
zaman haqqında şairin şeirləri, fikirləri tədqiqat
süzgəcindən keçirilir. Nə yaxşı ki,
araşdırıcı şairin son vaxtlar yazdığı
şeirləri bu son bölümdə nəzərdən
keçirir. Artıq müəyyən
yaşa dolmuş şairin düşüncəsində,
fikrində, təfəkküründə baş verən dəyişiklik,
mübtəla olduğu xəstəlik ilə bağlı bəzən
ümidsizliyə qapılması, həyat həqiqətlərini
dərindən dərk etməsi bu şeirlərində əksini
tapır. Lakin şair ümidini üzmür:
Bircə
təsəllim var, eşqim ürəkdən,
Adım yaddaşlardan silinməyəcək.
Musa Nəbioğlu söhbət
açdıqlarımızı dərindən duymuş və
yazmışdır ki, insan-dünya, həyat-ölüm
bütün dövlərdə ədəbiyyatın əsas
mövzularından olmuşdur. Elə şair tapmaq
çətindir ki, bu dünyanın gərdişinə
şeir həsr etməmiş olsun. Bu
baxımdan Zəlimxan Yaqubun yaradıcılığı da
istisna deyil. Dünyanın gərdişinə,
həyat fəlsəfəsinə, insanın bu dünyadakı
və axirətdəki aqibətinə həsr etdiyi şeirlərində
şairin özünəməxsus müdrik yanaşması
diqqəti cəlb edir.
Tədqiqatçı fikirlərində haqlıdır. Lakin unutmaq olmaz ki, Zəlimxanın
sağlamlıq durumu ona dünyaya başqa gözlə baxmaq,
dünyanı daha yaxşı dərk etmək imkanı verib:
Ürək
səsdə, təlaşda,
Baş fikirlər içində.
İnsan
çox düşünsə də,
Qalır sirlər içində.
***
Bilmək
olmur zamanı,
Bilmək
olmur həyatı
- deyir.
Və ya:
Hamı
bu dünyanındır,
Dünya heç kəsin deyil.
Bu iki misalda şair həqiqəti bəyan edir.
Qəbiristana gedən yolda düşüncələrə
dalan, adamları fağır, addımları ağır
görən şair deyir ki, cığırları nəmli
olan bu yolda giriş var, çıxış yoxdur. Bu, Musa Nəbioğlunun
doğru qənaətidir. Bu isə şairin həqiqətindən
bəhs edən sətirləridir:
Ah
qalxır, aha qovuşur,
Ağı segaha qovuşur.
İnsan
Allaha qovuşur,
Qəbiristana gedən yolda.
Burada bədbinliklə həqiqət tam
açıqlığı ilə çulğaşır. Bununla belə,
şairin arzuları tükənmir. Şair zamana
sığmayan, yazıb-yaratmaq eşqilə döyünən
ürəyindəkiləri boşaltmaq, bütün
arzularını həyata keçirmək üçün
Yaradandan möhlət istəyir:
Qapısını
öz əlimlə döyərəm,
Əzrailə xoş gəlmisən deyərəm.
Nəfəsimi
gülə-gülə verərəm,
Aman
ölüm, mən dediyim vaxtda gəl
- deyir.
Allah Zəlimxan Yaquba poeziyamızın naminə uzun
ömür versin. Dünyanın keşməkeşlərini dərindən
duyan şair oxuyanda göz yaşlarımı saxlaya bilmədiyim,
məni haldan-hala salan şeirini də yazıb:
Bildiyim bircə şey var:
Bir ustanın əliylə,
Naxış-naxış qazılmış,
Məzarımın üstündə,
Başdaşıma yazılmış,
Belə bir bənd olacaq:
Yer üzündə bəndənin,
Göy üzündə Allahın,
Qədrini bildi, getdi.
İşıq ömrü yaşadı,
Sevdi-sevildi, getdi.
Bu misralar yadıma sevimli şairimiz Səməd Vurğunun misralarını saldı:
Şirin bir xatirədək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Zəlimxan xoşbəxt şairdir. O, bu dünyada o dünyalığını da qazanıb. Sevərək yaşayan, ümumxalq məhəbbəti qazanan, sevilən şair əbədilik qazanıb. Və nəhayət onu da deyim ki, Musa Nəbioğlu bütün əsər boyu şairin poeziyasından dərin məhəbbətlə söz açmış, ortaya şairə layiq bir əsər qoymuşdur. Bizə qalırsa, tədqiqatçının "Sözün Zəlimxan zirvəsi" əsəri şairin sahilsiz ümmana bənzər yaradıcılıq yoluna işıq tutan tədqiqat işi olmaqla bərabər, Zəlimxan Yaqub poeziya aləminə uğurlu səyahətdir.
Ədalət.-2015.-17 yanvar.-s.9-13.