Əsl Xoşbəxt haqqında film
Yeni ekran əsərində 80-dən
çox aktyor rol alıb
Görkəmli geoloq-alim, akademik,
Azərbaycan neft sənayesinin canlı əfsanələrindən sayılan Xoşbəxt Yusifzadənin bu günlərdə 85 yaşı
tamam oldu. Doğum gününü Dövlət
Neft Şirkətinin birinci vitse-prezidenti kimi məsul vəzifədə qarşılayan
Xoşbəxt müəllim
çoxsaylı orden və medallarının, titullarının sırasına
"Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu"nu da əlavə etdi.
Yubilyara ən qiymətli hədiyyələrdən birini
də kinematoqrafçılar
bağışladı. Xoşbəxt Yusifzadənin 85 illiyinə
həsr olunan "Fədakar" adlı iki hissəli bədii-sənədli film tamaşaçılara
təqdim olundu. Dövlət
Neft Şirkətinin sifarişi ilə
"SOCAR-MEDİA" İctimai Birliyində istehsal edilən bu yeni ekran əsəri
Xoşbəxt Yusifzadənin
"Ömrümün illəri
və izləri" kitabındakı həyat hekayələri əsasında
lentə alınıb.
"Fədakar"ın ssenari müəllifi Eldar İskəndərzadə,
quruluşçu rejissor
Vasif Məmmədzadə,
quruluşçu operatoru
isə Rafiq Quliyevdir. Dövlət Neft Şirkətinin
vitse-prezidenti Xalik Məmmədov filmin baş məsləhətçisidir.
Premyerası "Nizami" Kino Mərkəzində keçirilən
"Fədakar" artıq
ölkənin bir neçə telekanalı vasitəsilə də yayımlanıb və geniş tamaşaçı
marağına səbəb
olub.
Bir neçə
nüfuzlu beynəlxalq
kinofestivalın mükafatçısı,
gənc və istedadlı kinorejissor Vasif Məmmədzadə yaradıcı heyətin bu ekran əsəri
üzərindəki işindən
danışır. Özünün dediyi kimi, hələ
çəkilişlərə başlamazdan əvvəl filmin qəhrəmanı qarşısında ciddi imtahan verməli olub.
- Vasif bəy, hər bir film tamaşaçı qarşısında
bir imtahandır. Bildiyim qədəri ilə sən hələ "Fədakar"ın
çəkilişləri başlamazdan
öncə də çətin sınaqdan keçməli olmusan...
- Tək mən yox, elə filmin
bütün yaradıcı
heyəti işin lap əvvəlindən Xoşbəxt
müəllimin qarşısında
ciddi imtahan verdik. "SOCAR-MEDİA"-nın sifarişi ilə Eldar İskəndərzadənin yazdığı
ssenari əsasında filmin çəkilməsi
milli kinomuzda sözünü demiş bir neçə tanınmış rejissora
təklif olunsa da, yubilyar razılıq
verməyib. Daha doğrusu, onların
gələcək filmlə
bağlı fikirləri
Xoşbəxt Yusifzadəni
qane etməyib. Bundan sonra ssenari müəllifi
Eldar İskəndərzadənin
təklifi ilə mən bu işə
cəlb olundum. Tanınmış və istedadlı
ssenarist Eldar İskəndərzadə ilə
15 ildən çoxdur
ki, sıx yaradıcılıq əlaqələrimiz
var, birgə 40-a yaxın irili-xırdalı
film ərsəyə gətirmişik.
Hər ikimizdə əminlik var idi ki, bu
dəfə də uğurlu bir iş ortaya qoya bilərik.
- Qalırdı baş qəhrəmanı razı
salmaq...
- Ən çətini
razı salmaq yox, Xoşbəxt müəllimi inandırmaq
idi. Yaxından tanıyanlar bilir
ki, akademik Xoşbəxt Yusifzadə görkəmli geoloq, neft sənayesinin mahir bilicisi olmaqla yanaşı ədəbiyyatı, musiqini,
kinonu, teatrı da gözəl duyur. Onunla incəsənət barədə saatlarla söhbət etmək, müzakirə aparmaq olar. Xoşbəxt müəllimlə 5-6 dəfə görüşdük,
çəkiləcək filmlə
bağlı düşüncələrimizi
bölüşdük. O, istəyirdi ki, yaşadığı ömür,
keçdiyi mürəkkəb
çətinliklərlə dolu həyat bu ekran əsərində
təbii şəkildə
və dolğun təsvir olunsun. Mən də bir quruluşçu rejissor kimi ssenarini
mənimsədikdən sonra
fikirlərimi dedim. Nəhayət ki, gərgin
keçən müzakirələrin
sonunda Xoşbəxt müəllimi inandıra bildim.
Filmin qəhrəmanı
Pirşağıda doğulub,
orada boya-başa çatıb, mən də Pirşağıda böyümüşəm, Xoşbəxt
müəllimin təhsil
aldığı orta məktəbdə oxumuşam,
yəni Abşeron mühiti mənə çox doğmadır. Bir-birimizi
yaxşı anlamaqda yəqin ki, bu ruhi bağlılığın
da köməyi az olmadı.
- Söhbətimizin bu yerində "Fədakar"ın
üzərində əməyi
olan fədakar insanlar-yaradıcı heyət
haqqında danışmaq
maraqlı olar...
- Həqiqətən də filmin çəkilməsi
üçün bir araya gələn böyük bir heyətin bütün üzvləri böyük
əmək sərf etdi, fədakarlıq göstərdi. Filmin çəkilişlərini Pirşağıda,
Buzovnada, "Neft Daşları"nda, Xoşbəxt
müəllimin ali təhsil aldığı indiki Neft Akademiyasında, paytaxtın digər məkanlarında, ümumilikdə
götürəndə 52 məkanda
apardıq. Xoşbəxt müəllimin 60 yaşına kimi olan dövrünü 5 aktyor canlandırır, sonrakı illəri əhatə edən hadisələrdə isə
Xoşbəxt Yusifzadə
özü iştirak edir. Belə bir mürəkkəb və iki hissəli
bədii-sənədli ekran
əsərini ərsəyə
gətirmək üçün
cəmi 8 ay zamanımız
var idi, çünki yanvarda-qəhrəmanımızın
85 illik yubileyi ərəfəsində filmi
təhvil verməli idik. Yaradıcı heyətin fədakarlığını
göstərən bir
çox məsələləri
qeyd etmək olar, amma mən
birini demək istəyirəm. Tamaşaçıların
gördüyü kimi,
bizim film balıqçıların
dəniz qırağında
söhbəti ilə başlayır, onlar Bağı kişinin ailəsində oğlan uşağının dünyaya
gəldiyini deyirlər.
Xoşbəxt müəllim yanvarda
doğulub, biz isə balıqçılarla olan
həmin epizodu avqustda çəkirdik.
Aktyorlar paltoda, qulaqlı papaqda, qış ayaqqabılarında idilər,
amma cəmi 5-10 metr aralına camaat Pirşağı çimərliyində əməlli-başlı
dincəlirdi.
Üzləşdiyimiz çətinliklərdən biri
də ssenariyə uyğun olaraq ötən əsrin 30-cu,
40-cı, 50-ci illərdəki mühiti göstərməklə
bağlı idi. Bu gün sürətlə inkişaf edən paytaxtımızda belə
məkanları tapmaq demək olar ki, mümkünsüzdür.
Üstəlik, o dövrün geyimlərini,
əlbəsələrini əldə
etmək çətindir.
Amma bu problemlərin də öhdəsindən
gəlməyə çalışdıq.
Ümumiyyətlə Dövlət Neft
Şirkəti filmin ərsəyə gəlməsi
üçün bütün
lazım olan şəraiti yaratdı.
Fürsətdən istifadə edib
yaradıcı kollektivimiz
adından ARDNŞ-in rəhbərliyinə
minnətdarlığımı bildirirəm.
- Filmdə baş qəhrəman da daxil, bütün rollar real obrazlardır. Ona görə də aktyor seçimi xüsusi diqqət tələb edirdi...
- Həmin insanların zahiri oxşarlarını tapmaq üçün də xeyli əziyyət çəkdik, Gürcüstandan xüsusi qrim ustası dəvət etdik. Çəkilişin bütün mərhələlərində olduğu kimi, aktyorlarla iş prosesində də Xoşbəxt müəllim yaxından iştirak edir, onlara oynadıqları obrazın xarakteri, özünəməxsus xüsusiyyətləri barədə danışırdı. Bizim filmdə 80-dən çox aktyor rol alıb. Tamaşaçılar "Fədakar"da Xalq artistləri Rasim Balayevi, Səidə Quliyevanı, İlham Əsgərovu, Əməkdar artistlərdən Fərhad İsrafilovu, Şamil Süleymanovu, Azad Şükürovu, Əliqulu Səmədovu, Əlican Əzizovu, Namis Şirməmmədovu, Mirzə Ağabəylini, aktyorlardan Hikmət Rəhimovu, Xanlar Həşimzadəni, Şahmar Qəriblini, Məhərrəm Musayevi, Əjdər Zeynalovu, Günəş Mehdiyevanı, Könül Şahbazovanı, Rauf Hüseynovu və başqalarını görə biləcəklər.
Filmdə çoxlu məktəbli uşaqlar da çəkilib, onlarla çalışmaq çox maraqlı idi. Çəkiliş başlayana qədər onlarla xeyli söhbət edirdim, "Motor!" komandası verəndən sonra elə təbii oynayırdılar ki, bəzən özüm də təəccüblənirdim. Bu filmin baxımlı alınmasında Xoşbəxt müəllimin ömür-gün yoldaşı Fəridə xanımın də zəhməti çox oldu. Fəridə xanımın çəkildiyi epizodlar maraqlı alındı, çünki kamera qarşısında təbii danışırdı.
Film hazır olandan sonra onu ilk dəfə Xoşbəxt müəllimə göstərəndə sanki yenidən bu böyük insanın qarşısında imtahan verirdim. Bilirdim ki, əgər o, bəyənsə tamaşaçılar qəbul edəcək. Şükür Allah ki, Xoşbəxt müəllimin bu imtahanından da üzüağ çıxdım.
Biz ömürlüyü ölkəmizin, xalqımızın yaşadığı müəyyən dövrün tarixi salnaməsi olan, tərcümeyi-halı əslində Azərbaycanın neft epopeyası haqqında ən maralı hekayət sayıla bilən Xoşbəxt Yusifzadə barəsində film ərsəyə gəyirmək istəyirdik. İlkin reaksiyalardan belə məlum olur ki, bütün yaradıcı heyət istəyinə nail olub. İndi "Fədakar"ın rus dilinə tərcümə olunması üzərində iş gedir. Azərbaycanın Xoşbəxt Yusifzadə kimi görkəmli övladlarını tanıtmağı bacarmalıyıq, gənclərimizə məhz belə insanları nümunə göstərməliyik. Qoy onlar inansın ki, həyatda çəkilən zəhmət heç vaxt nəticəsiz qalmır.
Ədalət.-2015.-17 yanvar.-S.7.