SAKİT TƏBİBLƏ SÖHBƏT

"Sözün ən gözəli, söyləyənin doğru söylədiyi, dinləyənin də faydalandığı sözdür".

Aristotel

 

İnsan varlığının bu qədər mücərrədliyi, zənginliyi və kamilliyi "hər insan özü boyda bir dünyadır" fikrini söyləməyə imkan verir. Demək olar ki, dünyanı dərk etməyə başlayan hər bir söz adamı öz subyektiv fəlsəfələri ilə dünyanı necə dərk etdiyi haqda fikirlər söyləyirlər. Və təbii ki, bütün fikirlər üst-üstə düşmür, əksər hallarda dünya yalançı, vəfasız, fani, hətta fahişə kimi təsvir olunur. Aşağıdakı nümunənin mənə məxsusluğu təvazökarlıqdan uzaq kimi anlaşılmasın. Sadəcə söhbətimizin mövzusu üçün gərəkli olduğundan bu şeir söhbətə açar kimi istifadə olunur:

 

Dünyadan küsən ay dostum,

Bu dünya gözün boydadı.

Çəkisi bircə bayatı,

Mənası sözün boydadı.

 

Əlbətdə, bu fikirlər də subyektivdi. Amma poeziyanın dili, məntiqin diktəsi arif insanları nə qədər düşündürür, inandırırsa, bir o qədər də söz sahibinin dərkinin dərəcəsini müəyyənləşdirir.

 

Bərabərdi sevinc, kədər,

Ölçülüdü qəza, qədər.

Dərdi ürək çəkən qədər,

Ağrısı dözüm boydadı.

 

Bu dünyanın böyüklüyü, mahiyyəti, rəngarəngliyi və s. dünyada formalaşıb da, özünü, dünyanı və nəhayət Allahı dərkin ölçüsüylə nizamlanır.

Nümunə gətirdiyimiz bu şeirin son bəndi belə tamamlanır:

 

Bulaq oldum, axdım çayla,

Ötən ömrə dedim layla...

İşim yoxdu bu dünyayla,

Öz dünyam özüm boydadı.

 

Ölkəmizin və böyük Türk dünyasının ən görkəmli filosoflarından biri olan Səlahəddin Xəlilov mənim yaradıcılığımla bağlı məqaləsində bu şeirə xüsusi yer ayırmış, dünya haqda öz açıqlamalarını qeyd etmişdi:

"...Diqqətlə yanaşıldıqda məlum olur ki, burada söhbət heç də insanın dünyasını dəyişməsindən, bu fani dünyadan və axirətdən getmir; bu dünya və o dünya bölgüsü, dünyanın dəyişilməsi ancaq görüntüdür. Ruhani həyat davamlı və kəsilməzdir. Ruh əbədidir və onun əbədiyyət dünyasına daha zəngin və daha kamil olaraq qədəm qoyması bugünkü həyatımızdan, onu necə yaşamağımızdan və bu dünyanın ruhani siqlətini nə dərəcədə mənimsəməyimizdən asılıdır. Başqa sözlə desək, bu dünya haqqında yanlış təsəvvürlər dəyişməlidir. Bu dünyanı sadəcə maddi və fani dünya kimi qəbul etmək, onun nəfəsini, nəfsini, ruhunu, ruhani siqlətini görə bilməmək, daşa sadəcə daş, dağa dağ, bağa bağ kimi baxmaq və onların özündən böyük mənalarını görə bilməmək - empirik və rasional idrak, ruhani seyrdən aşağı qatlar üçün səciyyəvidir. Hətta mistik düşüncə və təsəvvüf fəlsəfəsi üçün də insan bütün yerdə qalan dünyadan ayrılaraq öz ruhu ilə seçildiyi, göylərə qaldırıldığı halda, yerdə qalan hər şeyi yerlərə endirmək ənənəsi mövcuddur..."

Ümumən bütün sahələrdə tarazlıq pozularsa, orada fəsadlar başlayar. İnsan maddi olduğu qədər də mənəvi varlıqdır və burada da tarazlıq pozulanda cəmiyyət bəlaları başlayır. Elə insanlar da var ki, demək olar ki, tamamən fiziksaldır, maddidir, cismanidir. Mənəvi dəyərləri olmayan belə insanların fikri-zikri pul qazanmaq, kef çəkmək, milyonlarla dünya sərvətini mənimsəyib, bir yoxsula belə məhəl qoymazlar, mənəvi dəyərlərin, ruhani gözəlliyin nə olduğunu anlamadan heyvani hisslərin çevrəsindən çıxa bilməzlər. Təbii ki, belə insanların öz dünyası ola bilməz. Onlar bu fani dünyaya aludə olub öz dünyasını tapa bilməz, ömürlərini qəflətdə keçirib dəyərsiz bir cəsəd kimi də topağa gömülürlər...

Bu fikirlərin davamını Sakit Təbiblə söhbətlərimiz zamanı oxuyacaqsınız.

Sakit Təbiblə Gəncədə yaşadığım illərdə tanış olduq. Hardansa telefonumu öyrənib zəng etmişdi mənə.

-Dəmirçioğlu, mən poeziyanı çox sevsəm də, doymuş məhlulam. Yəni, könlümü ovudacaq, ruhumu yerindən oynadacaq şeirlərə çox az-az rast gəlirəm. Sizin kitabınız əlimə keçdi. Nə gizlədim, şeirləriniz məni ovsunlaya bilib, - deyərək aşağıdakı beyti söylədi:

 

Səhər açılınca gecə can verir,

Üfüqün qırmızı tül körpüsündə.

Sabaha salamat çıxan ümidlər,

Şeh olub titrəşir gül körpüsündə...

 

-Sizinlə tanış olmaq istərdim. Görüm bu misraları necə yazmısınız:

Sərraf olduğunu anladım və tezliklə tanış olduq. Adına yaraşan adamlara çox rast gəlmişəm. Amma Aslan adı daşıyan tülkü xislətli adamlar da az deyillər. Təxəllüsündən məlum olduğu kimi təbibdi, Sakit Təbib. Azərbaycan Dövlət Aqrar Universitetinin dosentidir. Ötən il Universitetləri onu ilin müəllimi seçmişdi. Öz sənətinin sevdalısı olduğu qədər də poeziya vurğunu və xiridarıdı. Adına sadiqdi. Az danışmağı, çox dinləməyi sevir, xaraktercə sakit və həlim adamdı. Danışacağı hər kəlməsinin ağası olmaq üçün az danışır, danışanda da mükəmməl və qüsursuz danışmağı bacarır. Bir sözlə, içində bir dünya hərləyən müdrik filosfdur desəm yanılmış olmaram.

Buyurun, siz də tanış olun Sakit Təbiblə:

-Salam, Sakit Təbib, söhbətə başlayaqmı?

-Sizinlə bir dəfə həmsöhbət olmuşduq. Onda mən imtahana çəkən, siz isə "suçluydunuz". Amma öz aramızdı, imtahadan yaxşı çıxmışdınız. İndi deyəsən yerlərimiz dəyişdi, məndən "qisasınızı" almaq vaxtınız çatdı.

-Düz tapdınız. İndi meydan sizindi. Bir deyin görüm, təbib olduğunuz halda sözə, poeziyaya bu qədər canıdildən yanaşmanız, fəlsəfi düşüncələrinizlə dərin qatlara baş vurmanız öz sənətinizə kölgə salmırmı?

-Elə isə siz özünüz rəssam olduğunuz halda bu kitabları niyə yazırsınız? -deyib gülümsədi. - Sizin yazdıqlarınızdan xəbəriniz varmı? Bax anası ölmüş söz belədi. Məni də öz sehrli ağuşuna alıb əl çatmaz, ün yetməz məkanlara aparır.

- Haqlısınız, dostum. Bu, həm də bir daxili ehtiyacın, insanın iç dünyasına səpilmiş toxumların cücərərək işıq üzünə çıxmaq ehtiyacının zərurətidir. Məncə şairlər söz demək işinə məhkum olunmuş QULLARDI. Bu fikrə münasibətiniz necədi? Daş-daş ömrünü, ağac-ağac ömrünü, quş-quş ömrünü yaşamağa məhkum deyilmi?

-Məhkumlüq məsələsini qəbul edirəm. Mənə elə gəlir ki, hər məhkumun və məhkumluğun kökündə bir humanizmlik var. Humanizm insanı sevmək deməkdir. İnsanı sevmək Allahın yaranmışını sevmək, elə Allahı sevmək deməkdir. Poeziyanın mayasında, elə həkimliyin də mayasında bir humanizm dayanır. Bütün yaranmışlara insani münasibət, məhkumluğun mahiyyətini təşkil edən humanizmdir.

Poeziya dedikdə nəyi başa düşmək lazımdı?

Poeziya insanlığın ana dilidir. Yəni poeziyanı dərk edən insan insanlığa qovuşur. Çünki poeziya insanın qəlbində insani hissləri oyadır. O vəhşi təbiətdən keçir insan təbiətinə.

-Poeziya bəşərlə birlikdə doğulub və mənə elə gəlir ki, poeziyanın dili ilə cəlladın da könlünə girmək olar.

- Bəli, bəli, sözün gücü var. Poetik sözün gücü adi sözün gücündən qat-qat üstün olur. Hər bir poetik söz özlüyündə bir enerjidi. Başqa bir sözlə izah edək. Havasız yerdə insan danışa bilmir. Havanın olması - deməli oksigen var. Oksigen varsa, deməli, yanma prosesi var. Yanma varsa, enerji var. Deməli, hər bir söz ancaq havanın iştirakı ilə gedir və yanmaya məruz qalır. Nəticə etibarı ilə belə qənaətə gəlmək olur ki, söz enerjidi. Havanın iştirakı ilə səs tellərinin hərəkətindən əmələ gələn söz yanmanın məhsuludu. Və ona görə də enerjiyə malik olur. Poetik sözdə isə səslərin ahəngdarlığı onu daha güclü edir. Poetik sözün enerjisi adi sözün enerjisindən qat-qat güclü olur. Çünki burda harmoniya və simfoniya var.

-Deməli, poetik sözü yaradan insan şairdir. Elədirsə nəyə görə bugünkü günümüzdə şairə laiq olduğu qiymət verilmir. Belə ki, bu gün ən ucuz satılan məhsul sözdür. Kitabını hədiyyə etməsən alan yoxdur. Alanlar da oxumaq istəmirlər.

-Bunu Markesin bir fikri ilə izah edə bilərəm. Markes deyirdi ki, ədəbiyyat olmasaydı bəşəriyyət heç nə itirməzdi. Amma polis olmasaydı, bəşəriyyət çox şey itirərdi.

-Bunu necə anlayaq?

-Markes onu hansı cəmiyyətdə, hansı şəraitdə deyib. Cəmiyyətdə xaos olanda, sözə qiymət verilməyəndə söz urvatdan düşür. Bu zaman polisə daha çox etiyac olur. Onu yandığından deyib. Cəmiyyətdə xaos baş verəndə, söz urvatdan düşəndə şairlər meydana gəlir. Nizami sözdü, Səməd Vurğun sözdü, İsmayıl Şıxlı sözdü. Onların özləri olmasa da cəmiyyətə bu gün də sözləri ilə xidmət edirlər. Sözü ilə mədəniyyətə xidmət edənlər cəmiyyəti sağaldırlar. Polislər isə cəmiyyətin sanitarlarıdır. Cəmiyyətdən yad ünsürləri oğurlayırlar. Yəni çıxarırlar cəmiyyətdən. Söz adamları isə sözlə insan mənəviyyatını müalicə edirlər.

Bir paradoksa nəzər salaq. Hakim insana ölüm cəzası verir. Və onu müttəhimə elan edir. Amma həkim bunu xəstəyə elan edə bilməz. Xəstəyə deyə bilməz ki, sən ölürsən. Burda da mənəviyyat var. Humanizm ona imkan vermir ki, xəstəyə desin sənin bir gün ömrün qalıb.

-Çox maraqlıdı. Hakim və həkim qoşalığı. Biri ədaləti mühafizə edərək insana ölüm hökmü oxuyur, digəri isə humanistlik edib, ölümə məhkuma ümid verir.

Doktor, mənə elə gəlir ki, insan bir ömür yaşantılarıyla bütöv bir kainat ömrünü əzəlindən sonunacan yaşayır. Yunis İmrə demiş - Bir mən vardır məndə məndən içəri. Bu fikrə münasibətiniz?

-Yunis İmrənin deyimini mən müasir üslubda izah edim. Bir endo ekologiya var. Bu daxili ekologiya deməkdir. İdarə edən qüvvə ruhdu.

İnsanın daxili mühiti endo ekalogiyadır ki, bu elmlə sübut olunur.

-Ruh anlayışının izahı elmdə yoxdur məncə .

- O yerəki elm izah edə bilmir, orada Allah ortaya çıxır.

-Deməli, Allahı dərkdə elm acizdir.

-Aciz demək də olmaz.

 

(ardı var)

Ədalət.-2015.-17 yanvar.-s.10.