Laçınlı Aşıq Umbayın Dədə Şəmşirlə görüşü

 

1969-cu ildə Həsən bəy Zərdabi adına Gəncə dövlət pedeqoji institutunun tarix fakültəsinin II kursunda oxuyurdum. Yaz ayı idi, bir nagahan Dədə Şəmşiri gördüm. Yaxınlaşıb ehtiramla ustadla görüşdüm. Çox sevindim Allaha şükür etdim ki, ustadın nəfəsi üzümə dəydi. O vaxta qədər 8 il aşıqlıq sənətində olmuşdum. Dədə Şəmşirə dedim:

-Ustad, vaxtınız varmı bu gün sizinlə bir az söhbətləşək?

Dedi:

-Oğul, var.

Ustad iləbirlikdə Gəncə ilə indiki Göygöl şəhərinin arasında, çayın üstündə, bir gözəl məkanda əyləşdik. Artıq bir neçə il idi ki, toy məclislərində Laçın rayonunda mədəni tədbirlərdə aşıq kimi iştirak edirdim. Amma ustad aşıqlara qulluq etməmişdim.

Sual verdim Dədə Şəmşirə:

-Ustad, bir çavan aşığın şəxsiyyəti, səsi, saz çalıb-oxuması, dastanların çoxunu bilməsi, məclis aparması ola, amma ustada qulluq etməsə, qazandığı halaldırmı?

Ustad dedi:

-Oğul, ustada qulluq etməyən Tifarqanlı Abbasın dastanını bilməyən aşığın qazandığı halal olmaz. Əgər ürəkdən bu sənətə bağlısansa, sənə bu yolda böyük uğurlar arzulayıram.

Dedim:

-Ustad, kitabların məndə var, şeirlərinin çoxunu bilirəm, mənə kitabda olmayan bir şeirini de.

Ustad dedi:

-Oğul, eşitdim ki, Növrəs İmanın oğlu Şahmalı Gəncə şəhərində xəstə yatır. Getdim Şahmalının yanına. Baxdım vəziyyəti çox ağırdır. Çəkilib bir xəlvətə ərəb əlifbası ilə bu şeiri yazıb, şeiri iki yüzlüklə bərabər kağızın arasına qoyub Şahmalının yastığının altına qoyub dedim:

-Bu duadır.

 

Qadir olan Allah, qıymaynan ona,

İtkin qardaşımın bir balasına.

İlahi, bağışla yerinən, göyə,

İmam Hüseyinin Kərbəlasına.

 

Özün o xəstəyə olginən pənah,

Məkkə, Mədinədə duran qibləgah.

Şəfa dərmanını özün ver, Allah,

Zəfər toxunmasın şir balasına.

 

Şəmşir dilək dilər bir Kirdikardan,

Qolsuz Ələmdardan, şahi Heydardan.

dərd-bəlası var, keçir kənardan,

Növrəstə İmanın pir balasına.

 

Bu şeir Dədə Şəmşirin heç bir kitabında dərc edilməmişdir.

Elə bil Allah Dədə Şəmşirin səsini eşidir qısa zamanda Şahmalı sağalır.

Dədə Şəmşirin haqq aşığı, Allaha yaxın olduğu bu məqamda aydın olur.

Dədə Şəmşirlə görüşəndən sonra ilhama gəlib bu şeiri yazdım.

Allah böyük ustadımıza rəhmət eləsin.

 

 

Dədə Şəmşir

 

Ustad aşıqlara dədə deyirlər,

Tökülür ağzından dürr, Dədə Şəmşir!

Sən şair Qurbanın yadigarısan,

Var sizdə bir hikmət, sirr, Dədə Şəmşir!

 

Nuranisən, nur ələnir üzündən.

Doymaq olmur o mənalı sözündən.

Qocalığı iraq eylə özündən,

Cavanlıq donuna gir, Dədə Şəmşir!

 

Böyük hörmətin var Laçın elində,

Mənalı sözlərin elin dilində.

Murovdan bir köhlənin belində,

Umbayın yurduna sür, Dədə Şəmşir.

 

 

Dədə Şəmşirin xeyir-duasından sonra iki il Aşıq Mais Gəncəliyə qulluq elədim, sənətin sirlərini Abbas Tufarqanlının dastanını öyrəndim. Sonralar Ümumittifaq festivalı laureatı oldum qızıl medal aldım, qramofon vallarım çıxdı, Şah İsmayıl dastanını şəyirdim mərhum Aşıq Ədalət Axundovla Respublika televiziyasında söylədik. Şeir kitablarım, almanaxlarda qəzet-jurnallarda şeirlərim dərc olundu.

 

Ədalət.-2015.-17 yanvar.-S.13.