"Azərbaycan kitab qrafikasının vəziyyəti çox acınacaqlıdır"

 

Arif Hüseynov: "Qarabağla bağlı tarixi layihə üzərində işləyirəm"

 

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının "Miniatür və kitab qrafikası" bölməsinin rəhbəri Arif Hüseynov Adalet.az-a müsahibə verib.

 

 "İndiki kitablar pis vəziyyətdə çıxır"

 

Arif müəllim, dəzgah qrafikası və kitab illustrasiyası sənətinin hazırki vəziyyətini necə dəyərləndirirsiniz?

 

- Əvvəllər bu sənətə başqa cür münasibət vardı. Sovet dövründə müəyyən sifarişlər olurdu, inkişafı üçün sistem formalaşmışdı. İndi dəzgah qrafikasında işləyənlər çox azdır. Çünki bu sənətin bazarı zəifdir.

- Qrafikaya niyə tələbat yoxdur?

 

- Azərbaycanda rəngkarlıq inkişaf edib, ona tələbat daha çoxdur. Qrafika isə əksinə. Qrafika əsasən kitabda istifadə olunur. Çoxları bu sənəti qoyub, gedib rəngkarlıqla məşğul olur. Bu bazarın tələbatıdır. İndi bir adam tapmaq olmaz ki, ofortla məşğul olsun. Ofort ağır işdir, texnologiyası qəlizdir. Bazara çıxarıldıqda isə layiqli qiymətini almır.

 

- Bəs siz niyə digər təsviri sənət növlərini yox, məhz qrafikanı seçdiniz?

 

- Mən uşaqlıqdan ədəbiyyata çox bağlıyam. Məktəb vaxtlarımdan bədii əsərlərə illustrasiyalar çəkmişəm. İncəsənət Universitetində II kursda oxuyanda məni "Göyərçin" jurnalına dəvət etdilər. Orda illustrasiyalar çəkməyə başladım. Daha sonra müəyyən yazıçılar, şairlərlə, nəşriyyatlarla tanış oldum. Bu minvalla bu sənətə gəldim. İndiyədək də kitab qrafikası ilə məşğul oluram.

Bəxtiyar Vahabzadə, Rəsul Rza, Hüseyn Abbaszadə və Nəbi Xəzrinin əsərlərinə illusturasiyalar çəkmişəm. O vaxt "Gənclik" nəşriyyatı vardı, orda hər il azı 10 ədəd uşaqlar üçün rəngli kitablar nəşr olunurdu.

O vaxtlar buraxılan kitablara azı 5-6 illustrasiya verilirdi. Bizim çox gözəl kitab rəssamlarımız olub. Bu qəbildən Qəzənfər Xalıqov, Əmir Hacıyev, Əzim Əzimzadə, Vlasov, Nazim Babayev, Altay Hacıyev, Oqtay Sadıqzadənin adlarını çəkə bilərəm.

Mən Rəssamlar İttifaqında qrafika və miniatür bölməsinin sədriyəm. İctimai vəzifəmlə əlaqədar qrafikanın inkişafı istiqamətində mübarizə aparıram. Ancaq gözlənilən nəticə hasil olmur. Əvvəllər hər nəşriyyatda baş rəssam olardı. Hazırda nəşriyyatlar bu məsələyə diqqət yetirmirlər. Ona görədir ki, indiki kitablar pis vəziyyətdə çıxır.

                        

        "Uşaqların ixtiyarına o cür bərbad rəsmlər vermək və yaxud heç verməmək cinayətdir"

 

 

 

- Prezidentin sərəncamı ilə dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində kütləvi nəşrinə başlanılıb. 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanası layihəsi həyata keçirilir. "Şərq-Qərb" nəşriyyatında hazırlanan bu nəşrlərin heç birində kitab qrafikasına yer verilmir.

 

- Əsrin əvvəllərində latın qrafikasında bədii  ədəbiyyat nümunələrinin kütləvi nəşrinə başlanılmışdı. Mən ictimai vəzifəmi nəzərə alaraq bununla əlaqədar 15-dək rəssamı qrafika işinə cəlb etdim. Azərbaycan və xarici ədəbiyyat nümunələri əsasında xeyli sayda illustrasiyalar hazırladıq. Bunları nəşriyyata təhvil versək də, kitablara daxil edilmədi. Bu da Azərbaycan kitab qrafikasına böyük zərbə oldu.

Rəssamlıq Akademiyasında kitab qrafikası bölməsi var, hər qrupda 4-5 nəfər təhsil alır. Onlar təhsilini bitirdikdən sonra yaradıcılıqlarının istiqamətini dəyişib, keçirlər rəngkarlığa. Çünki onları bu sahəyə cəlb edən yoxdur. Açığını deyim, hazırda Azərbaycan kitab qrafikasının vəziyyəti çox acınacaqlıdır.

Müasir dövrdə kitab qrafikası işində elektron vasitələrdən çox istifadə edilir. Hərdənbir dövlət tərəfindən sifariş verilən yubiley nəşrlərində rəssamlara müraciət olunur. Uşaqlar üçün nəşr edilən kitablarda qrafika işi maliyyə imkanlarına görə tələbələrə, diletantlara həvalə olunur. Hesab edirəm ki, uşaqların ixtiyarına o cür bərbad rəsmlər vermək və yaxud heç verməmək cinayətdir.

- Azərbaycan yazıçıları öz kitablarını nəşrə hazırlayarkən sizə və digər qrafika rəssamlarına müraciət etmirlər?

 

- Yox etmirlər. Bir-iki nəfər olur, hansı ki, məni tanıyır, simvolik olaraq müraciət edirlər.

 

Fikrim var gənclərin diqqətini cəlb etmək üçün müsabiqə xarakterli sərgi təşkil edim. Qrafikaya diqqət cəlb etmək, nəşriyyatçıları bir araya toplamaq istəyirəm. Ancaq vəsait, mükafat fondu məsələləri problem yaradır.

 

                            "İttifaq bizim evimizdir, o bizi ayaqda saxlayır"

 

- Bu kimi müsabiqələrin təşkilində Rəssamlar İttifaqı maddi dəstək nümayiş etdirmir?

 

- Hazırda Rəssamlar İttifaqı ictimai təşkilatdır. Sistem əvvəllər başqa cür təşkil olunurdu. İttifaqa maliyyə ayrılır. Ancaq bu sadəcə texniki problemlərin həlli və əməkhaqqlarının verilməsi üçün nəzərdə tutulub. Əvvəllər bu kimi məsələlərin həlli üçün xüsusi olaraq dövlət komitəsi fəaliyyət göstərirdi. Rəssamlar İttifaqı yer ayıra, münsiflər heyəti təşkil edə bilir, ancaq onun mükafat fondu təşkil etməyə imkanı yoxdur.

 

- Mədəniyyət Nazirliyi necə, dəstək olmur?

 

- Mədəniyyət Nazirliyi bu işlərlə çox az məşğul olur. Kütləvi dəstək verilmir, açığını deyim.

 

Bizdə hər il "AzNar" adlı müsabiqə keçirilir, o da ancaq narın təbliğinə qulluq edir. ictimai problem hesab olunan kitab qrafikasıyla isə heç kim maraqlanmır. Bu vaxta qədər bir dəfə də olsun Rəssamlar İttifaqına gəlib deyən olmayıb ki, bizə kitab rəssamı lazımdır.

- Kitab qrafikası bir yana, digər təsviri sənət sahələri üzrə də gənc rəssamlar arasında hər hansı həvəsləndirici müsabiqələrin təşkili məsələləri arzuolunan səviyyədə deyil.

 

- Rəssamlar İttifaqı sərgilərin təşkil olunması üçün heç bir təmənna ummur. Kim istəyir gəlir sərgisini təşkil edir. Alınmasına isə birbaşa cavabdeh deyil. Əsərlərin alınması ayrı-ayrı şəxslər və yaxud da Mədəniyyyət Nazirliyinə bağlıdır. Sovet dövründə bütün sahələrə müvafiq olaraq əvvəlcədən nəzərdə tutulmuş müəyyən məbləğ ayrılırdı. İndi o sistem yoxdur, ümumidir, verilib nazirliyin ixtiyarına. Nəyi inkişaf etdirmək də onlardan asılıdır. Elə olur ki, 2 il bizə pul çatmır. İndiyədək xeyli layihə hazırlanıb ki, onu həyata keçirməyə və davam etdirməyə vəsait yetməyib.

- Danışdıqlarınızdan belə qərara gəlmək olur ki, bu sənətdə qətiyyən dolanışıq yoxdur, rəssamlar birmənalı yoxsulluğa məhkumdurlar.

 

- Yaxşı dolanışıq hər rəssamda olmur. Ümumiyyətlə dünya praktikasına nəzər salsaq tarixən rəssamların maddi imkanı yaxşı olmayıb(gülür).

 

- Ancaq uzağa getməyək, Azərbaycan rəssamlığında bir neçə şəxs var ki, əsərləri yüksək qiymətlərə satılır, adı dünya auksionlarında brenddir. Məsələn, Sakit Məmmədov.

 

- Müəyyən bir çevrə var ki, onun sayəsində bəzi rəssamlar irəli gedir. Sakit elə-belə adam deyil ki.

 

- O, bəndənizə müsahibəsində Rəssamlar İttifaqı haqqında kifayət qədər tənqidi fikirlər səsləndirmiş, qurumu fəaliyyətsizlikdə ittiham etmişdi.

 

- Onun müsahibəsini oxudum. Hər insanın şəxsi fikri var. Ancaq Rəssamlar İttifaqının bağlanması barədə danışmaq absurddur. Bu Sovet hökumətinin vaxtından qalma bir qurumdur. Əvvəllər bu qurum bilavasitə hökumətlə işləyirdi, Mədəniyyət Nazirliyində fond vardı, hökmən əvvəlcədən nəzərdə tutulan məbləğ Rəssamlar İttifaqına ayrılırdı. Rəssamlar İttifaqı da o vaxt çox məhsuldar fəaliyyət göstərirdi.

İttifaq bizim evimizdir, o bizi ayaqda saxlayır. Demirəm ki, problemlər yoxdur, əlimizə yanımıza salmamışıq hər halda, bunların üzərində çalışırıq.

- Azərbaycan rəssamlığında bu postda 28 ildir Fərhad Xəlilovu əvəzləyə biləcək şəxs yoxdur?

 

- O şəxs gəlsin, fikirlərini desin, alternativ ideyalarını irəli sürsün, seçki təşkil edilsin. Görək səs verirlər ona, ya yox. Həmin o Sakit Məmmədov və yaxud hər hansı Məmməd Əhmədov gəlsin desin ki, mənim filan ideyam var. İttifaqın sədri postu ittifaqdaxili seçki ilə ilə müəyyənləşir, onu ölkə rəhbərliyi təyin etmir ki.

 

Hərəsi öz işi ilə məşğuldur. Gücü veriblər danışığa, dedi-qoduya. Gəlib obyektiv tənqidlərini bildirsələr, fikirlərini irəli sürsələr, onları ittifaqdan heç kim qovmayacaq. Sakit Məmmədov sədr olmaq istəyirsə, gəlsin, ideyalarını irəli sürsün, namizədliyini versin. Əvvəllər sədr seçimi gizli səsvermə yolu ilə keçirilirdi, indi elə deyil, açıq şəkildə təşkil olunur.

 

Özüm də müəyyən məsələlərlə bağlı Rəyasət heyətinin toplantılarında tənqidi fikirlərimi səsləndirirəm. Gedin Fərhaddan soruşun, mən özümü orda necə aparıram...

 

Rusiyada, Yaponiyada oğlumla birgə sərgi təşkil etmişəm, ancaq Rəssamlar İttifaqı mənə heç nə verməyib. Çünki verə blmir. Rəssamlar İttifaqı rəssamlara maddi cəhətdən kömək etmək iqtidarında deyil. Mən bütün bunları işlərin içində olan adam, qurumun rəsmisi olaraq deyirəm.

 

Layihə hazırlamışam, bunu həyata keçirmək üçün azı 50 min manat lazımdır. Gedib sədrə necə deyim ki, bu pulu ver mənə. Yoxdur axı. Müsabiqə xarakterli sərgidir, 3 nominasiyada hazırlanıb ; Azərbaycan, dünya və uşaq ədəbiyyatı. Hər biri üçün də xüsusi mükafat fondu, ayrıca katalaloqun hazırlanması lazımdır. Müəyyən xırda məsələlər də var; Məsələn, mən rəssama deyə bilmərəm ki, get 100 manat ver, çərçivə al. Bilirəm ki, onun buna imkanı yoxdur. Rəssam işini gətirib adi kağızda verir, onu da bu vəziyyətdə sərgiyə çıxarmaq olmaz axı.

 

Kitab qrafikası işi ictimai məsələdir Digər sənət nümunələrini bir dəfə sərgiyə çıxararsan, bəyənməzlər, götürüb apararsan. Ancaq kitab işi belə deyil. Kitab çap olunur, uzun illər ömür sürür. Özü də hazırda Azərbaycanda kitabçılıq böhran dövrü keçirir.

 

                        "Qanun" nəşriyyatı xarici nəşrlərdəki şəkilləri kopya edib kitablara yerləşdirir"

 

- Əksinə, son vaxtlar kitab bazarında nəzərəçarpacaq canlanma hiss olunur.

 

- Bir balaca var. Yeni ildə gördüm ki, "Qanun" nəşriyyatı şəhərin mərkəzində kitab yarmarkaları təşkil edib, insanlar da maraq göstərir. Bu çox xoşuma gəldi, xeyli sevindim.

 

- "Qanun və digər bu kimi özəl nəşriyyatlardan təkliflər almısınız?

 

- Yox, heç vaxt. "Qanun" nəşriyyatı xarici nəşrlərdəki şəkilləri kopya edib kitablara yerləşdirir. Hər hansı xarici nəşriyyat, kitab qrafikləri bunu görsə, onları məhkəməyə verə bilərlər. Bu oğurluqdur. Digər tərəfdən də milli kitab qrafikası ənənələrinə zərbədir.

 

- Siz həmçinin Xətai Sənət Mərkəzinin bədii rəhbərisiniz. Mərkəzin iş fəaliyyəti haqda danışardınız.

 

- Mən oranın yiyəsi deyiləm, özəl təşkilatdır və söz sahibləri var. Mərkəz yeni fəaliyyətə başlayanda məni ora dizayn tərtibatı vermək üçün dəvət etmişdilər. Bir il mərkəzin qalereyasında iki-üç rəssamın sərgisini keçirdim. Sonra təklif irəli sürdüm ki, o rəssamların işləri alınsın. Ancaq almadılar, vəsait ayırmağa risk etmədilər. Çünki bizdə birdən-birə varlanmaq istəyirlər. Anlamırlar ki, incəsənət əsəri bu gün 1000 manata alınırsa, on ildən sonra onun qiyməti 100 min manat olacaq. Bu art biznesin qaydasıdır.

 

                                                        "Oğluma 10 il menecerlik etmişəm"

 

- Razıyam. Azərbaycanda incəsənət sahəsində peşəkar marketinq strategiyası demək olar ki, yox səviyyəsindədir.

 

- Mən oğluma - Orxan Hüseynova 10 il menecerlik etmişəm. O başını aşağı salıb işləyirdi, heç bilmirdi ki, sərgi harda, necə təşkil olunacaq. Beləliklə qoymadım o, sənətindən ayrılsın, kənar məsələlər barədə fikirləşsin. Hazırda kifayət qədər özünü təsdiq edib. Bu yaxınlarda Avstriyada sərgisi təşkil olundu. Orxan YARAT-ın da ən istedadlı rəssamlarından hesab olunur.

 

- Hazırda hər hansı ideya üzərində işləyirsiniz?

 

- Tarixi layihə üzərində işləyirəm. Hansı ki, ilk dəfə olaraq məhz sizə bu haqda danışıram. Qarabağ tarixi ilə bağlı layihədir. Bu haqda çox danışmaq istəmirəm. Hələ kiçik hissəsi hazırdır. Yarısından çoxu hazır olanda bu haqda geniş məlumat verəcəm.

 

- Niyə məlumat vermirsiniz ki...İdeyanın reallaşmayacağından qorxursunuz?

 

- Həyatdı, hər şey ola bilər. Ancaq mən bunda qərarlıyam, əlimdən gələni edəcəm. Sadəcə hələ çox tezdir, onun üçün geniş informasiya vermək istəmirəm. Layihə haqda Heydər Əliyev fonduna da yazıb, məlumatlandırmışam.

- İdeya necə yarandı?

 

- Azərbaycanda olmasa da dünya miqyasında qrafika çox yüksək səviyyədə qəbul olunur. .

Mənim istədiyim odur ki, tanınmış rəssamlardan tutmuş gənclərədək, hər kəs tarixi mövzular üzərində işləsin. Bu Azərbaycan təsviri sənət ustalarının borcudur. Pikassonun dünyaca məşhur "Gernika" əsəri var. Gernika İspaniyada balaca bir kənd idi, heç yerdə tanınmırdı. Mövzu üzərində işləməyi də Pikassoya heç kim sifariş etməmişdi. Hazırda isə o əsər BMT-də saxlanılır.

 

P.S Rəssam üzərində işlədiyi layihə haqda geniş məlumat verməsə də təkidli xahişimizi nəzərə alaraq bu yöndə hazırladığı bir neçə nümunəni bizə göstərdi. Dəzgah qrafikası texnikasında hazırlanmış orjinallığı ilə seçilən əsərlər Azərbaycan tarixinin qaranlıq məqamlarına sənət işığı salır. Tarixi həqiqətlərə rəssamın fərdi baxışını özündə əks etdirən bu layihə reallaşacağı təqdirdə ölkə incəsənətinə böyük töhfə hesab oluna bilər.

 

Sahib Əsədbəyli

Ədalət.-2015.-22 yanvar.-S.8.