ƏYLİS HƏQİQƏTLƏRİ

 

(Nizami Muradoğlunun "Baba ocağı" romanı haqqında)

 

"Bu dünyada Əylis adında bir kənd var. Zaman-zaman başının üstündə qara buludlar çalxalanıb, dağlarının ətəyində səmum yelləri əsibdi. Bəzən yağan yağışlar selə dönüb ziyanlıq versə də, qar-boran qopsa da, tufan olsa da, Əylis yenə də yaşayıbdı, bu gün də yaşayır. Dağları insanların üzünə gülür, bəlkə elə ona görə də insanları gülərüzlüdü".

Yazıçı-publisist-şair Nizami Muradoğlunun "Baba ocağı" romanı bu sətirlərlə başlayır və roman boyu biz Naxçıvanın ən qədim məskənlərindən biri - Əylis haqqında bilmədiyimiz çox-çox həqiqətləri öyrənirik.

Əylis Naxçıvanın Ordubad rayonunda, orta əsrlərdə məkunlaşan, vaxtilə sənətkarlıq və ticarət mərkəzi kimi şöhrət qazanan qədim yaşayış məskənlərindən biridir. Vaxtilə bu ərazidə ipəkçilik geniş yayılmışdı. Əylis tacirləri bir sıra Şərq və Avropa ölkələri ilə ticarət edirdilər. Deyilənə görə, böyük bir kənd olub, amma Səfəvi-Osmanlı müharibələri nəticəsində ərazisi kiçilib. Amma XIX əsrdə yenidən dirçəlib. Əylis tarixi abidələrlə zəngin bir kənd olub, indi o abidələrin bəzi xarabalıqları qalıb. Bu kənddə illər boyu ermənilər də yaşayıblar, amma öz ağılsızlıqları və məkrli niyyətləri ucbatından tərk olunublar. M.F.Axundzadənin "Hacı Qara" komediyasında "Əylis erməniləri" ifadəsinə rast gəlirik. Əylisdən Kazım Ziya kimi görkəmli bir aktyor çıxıb, Əkrəm Əylisli də o kənddəndir. Və "Baba ocağı" romanının müəllifi Nizami Muradoğlu da Əylislidir.

Bu məlumatları ayrı-ayrı kitablardan əxz etmişəm. Nizami Muradoğlunun romanı isə bizim Əylis haqqında təsəvvürlərimizi genişləndirdi.

Romanda iki mühüm xətt diqqəti cəlb edir. Birinci xətt - Əylislə bağlıdır. Müəllif mümkün olduqca dünyaya gözünü açdığı o kənd - onun tarixi, adət-ənənələri, etnoqrafiyası, qədim abidələri, əhalinin məişəti, geyim-gecim, sənət-peşə mədəniyyəti, müsəlmançılığa etiqad, inamı haqda bilgilər verir və gözlərimiz qarşısında Əylis obrazı canlanır. Və onun adicə bir kənd olmadığını, qədimliyi, ticarət və mədəniyyət ocağı kimi tanındığını, burada yaşayan insanların milli-dini xüsusiyyətlərini görürük. Təbii ki, Əylisi sevməyən, böyük Vətənə məhəbbətin Əylisdən başlandığını dərk etməyən bir adam bu kitabı yaza bilməzdi, çünki onun hər sətrində Əylisə məhəbbətin alovlarını, şölələrini görürük. İkincisi isə, romanda keçən əsrin əvvəllərində baş verən hadisələrlə tanış oluruq, biz ayrı-ayrı bədii obrazların timsalında müxtəlif xarakterli insanlarla qarşılaşırıq.

Nizami Muradoğlu heç şübhəsiz, Əylis kəndi ilə bağlı bir çox mənbələrlə yaxından tanış olmuş, yaşlı insanların kəndlə bağlı bilgilərini, eşitdiklərini yaddaşında saxlamışdır. Məsələn, romanda yazılır ki, "bu kənddə mövcud olan məbədlər, məscidlər üç günbəzli hamam, kəhrizlər su kanalizasiya təsərrüfatı böyük intibahdan xəbər verir XVII-XVIII əsrlərdə Əylis Şərqin ən qabaqcıl şəhərləri sırasına daxil edilmiş, burada ipəkçilik xüsusi inkişaf mərhələsinə qədəm qoymuşdu. O zaman Ordubad mahalı çox böyük bir ərazini əhatə edirdi. Zəngəzurun demək olar ki, yarısı bu mahalın tərkibinə daxil idi. Buraya Səfəvilərin hakimiyyəti dövründə xüsusi önəm verilirdi. Hülakü xanın zövcəsi Doqquzxatun xanım yay istirahətini çox zaman Əylisdə keçirirmişgCəvizlik adlanan ərazi Doqquzxatun xanımın çox xoşuna gəlirmiş Doqquzxatun xanım nəsrani dininə mənsub türklərdəndi. O səbəbdən də buraya özüylə xristian xidmətçilər gətirib yerləşdirir. Sonralar o xidmətçilər burada artaraq məskunlaşdılar, onların balaca bir icması yarandı. Sonra da bura 1828-ci ildə ruslar İrandan 37 erməni ailəsi köçürdülər".

Maraqlı məlumatlardır. Müəllif Əylisin özünəməxsus təbiətindən, etnoqrafik xüsusiyyətlərindən söz açır. Əylisdə meyvə bağlarının xüsusi gözəlliyindən (Əylisin meyvələri dünyada şöhrət qazanmışdı, Ağ kahatı cəvizi, Abutalibi əriyi, daş badamı) evlərinin quruluşundan, burada bitən dağ lalələrindən, dadlı göbələklərdən, dombalan kartofundan, can dərmanı lumulardan rəğbətlə söz açır. Əylis həm də dinsevər, müsəlman kəndi olub. Eyni zamanda, xalq adət-ənənələrini yaşadıb. Məsələn, romanda Novruz bayramı günləri, həmin günlərdə kiminsə "şah" seçilməsi epizodu qədimlikdən xəbər verir.

Romanda ikinci xətt Əylisdə baş verən hadisələri əhatə edir. Rövşən bəy bir müddət əylisdən-öz doğma kəndindən iraq düşüb, Bakaqa yaşayıb, burada hamının hörmətini qazanıb. Amma yurd həsrəti heç vaxt onu rahat buraxmır. Ona görə də kəndə qayıdır. İlk növbədə, tövbə etmək, etdiyi günahları yumaq istəyir. Bu tövbə məsələsi bir qədər qaranlıq qalsa da, hər halda, müsəlmançılığa dəlalət edir.

Müəllif Əylisdə yaşayan müxtəlif xarakterli insanlarla bizi tanış edir. Birinci olaraq Ordubad mahalının şeyxül-islamı ilə görüşür. Əslində, bu görüş zahiri xarakter daşıyır. Müəllif Ordubadın ta qədimdən dini etiqadlara möhkəm bağlı olan bir bölgə olduğunu xatırladır. Dini etiqad güclü olan yerdə insanlıq da xeyirxah əməllərlə, xoş niyyətlərlə cilalanır. Romanda Rövşənin Ordubadın və Əylisin müdrik insanları ilə görüşlərinin şahidi oluruq. Onun Ağ Dədənin hüzuruna getməsi təsadüfi xarakter daşımır. Burada xalqdan gələn, əsrlərdən əsrlərə keçən inanclara üz tutulur. Ağ Dədə görün nə deyir: "Oğul, o ocaqdan bir kösöv götürərsən, buradan aşağıda bir dərə var, o dərəyə gedərsən. Dərənin kənarında bir düzənlik var, ordan yolçular keçib gedər. Dərənin baş tərəfini qazıb ordan su çıxararsan, kösövü düzənlikdə əkərsən. Bil ki, kösöv göyərəndə Uca Tanrı sənin tövbəni qəbul edibdi". Əlbəttə, bu mistik təsəvvür, inanc romandakı hadisələrin gedişatı üçün elə bir əhəmiyyət daşımır, amma Əylis camaatının nəyə etiqad etdikləri, dinə, qədimliyə möhkəm bağlı olduqlarını nümayiş etdirir.

Romanda əsas konflikt Əylisdə yaşayan, vaxtilə bura köçüb yurd-yuva salan ermənilərlə müsəlman icması arasında gedən münaqişə üzərində qurulub. Müəllif bu münaqişədə erməni icmasının (əlbəttə, onların arasında fitnəyə uymayanları da var) haqsız olduğunu, "Böyük Ermənistan" xülyasının bu icma başçılarına sirayət etdiyini nəzərə çarpdırır. Ermənilik milli şüurun zəhərlənməsi üstündə kök atıb və Əylis ermənilərin bir çoxu üzdə özlərinin maskasını gizlətsələr də, tədbirli və hiyləgərdirlər. Əsərin qəhrəmanı Rövşən bəy və Əylisin ağsaqqalları, igid oğlanları onların məkr və hiylələrindən xəbərdardırlar. Ancaq Əylisdə insanı öldürmək, qətlə yetirmək duyğusu ilə yaşayan müsəlman olmayıb. Məsələ burasındadır ki, münaqişə həmişə erməni tərəfdən alovlanıb. Məmləkətimizdə müsəlmanlara, türklərə qarşı qırğınlar başlayanda, bu, Əylisdən də yan keçmir. Quldur Ncde Naxçıvana hücum edir, bir çox kəndləri yandırır. Öz vəhşiliyi ilə tarixdə "şöhrət" qazanan Andronik də ondan geri qalmır: "Andronikin quldur dəstəsi Tiviyə hücum edib dinc əhalini qılıncdan keçirdi... Ncdenin rəhbərliyi ilə hərəkət edən erməni yaraqlıları Lic kəndində dayandılar. Ncdenin gəlişindən çiçəyi çırtlayan Lic erməniləri çoxdan ürəklərində qalan arzularını həyata keçirməyə fürsət tapıb, bir böyük atlı dəstə ilə Nuhgədiyi kəndinə hücum edib yandırdılar". Bax, belə erməni qəddarlığı ilə bağlı səhnələr romanda az deyil. Ordubad kəndləri doğrudan da həmin illərdə çox böyük vəhşiliklərin şahidi oldular. Ancaq müəllif bu vəhşiliklərə dözməyən, qisas məqamı gələndə silaha sarılan qəhrəmanları da unutmur. Rövşən bəy, Baba, Qulam belə igidlərdəndir. Romanda ən təsirli səhnə Rövşən bəyin ölümüdür. O, namərd erməni gülləsindən yaralanır, amma özündə güc tapıb üçrəngli bayrağı Əylisə çatdırır və şəhid olur.

Romanda erməniliyin iç üzünü, rəzilliyini özündə təcəssüm etdirən obrazlar da diqqətdən yayınmır. Hələ Bakıda yaşayarkən Rövşən bəy Stepan və Akop kimi üzdə özlərini yazıq göstərən, amma daxilən müsəlmanlara-türklərə nifrət hissi ilə yaşayan erməniləri tanıyırdı. Onların niyyətlərini duyurdu. Əylisdə isə erməni icmasının başçısı Arakelin, Anastasın əməlləri üzə çıxır. Romanda Arakel obrazı erməniliyin bütün çalarlarını (hiylə, altdan-altdan iş görmək, lazımi məqamda qətldən, tor qurmaqdan çəkinməyən) üzə çıxarır. Nədir onun arzusu? "Arakel ürəyində "siz necə istərsiz düşünün, amma bu xamır çox su aparar", - deyə fikirləşdi. İndi isə türkləri arxayınlaşdırmaq, vaxtı gələndə ehtiyatda olan qüvvələri hərəkətə gətirib onları darmadağın etmək, cənnət Əylisi birdəfəlik ələ keçirmək lazımdı".

Əlbəttə, müəllif Əylis ermənilərin heç də hamısını eyni xasiyyətə, daha doğrusu, eyni xəstəliyə tutulan insanlar kimi təqdim eləmir. Məsələn, Arakelin ailəsində Rövşən bəyin sevdiyi Selcan və onun anası Tamara var. Amma bu sevgi faciəli bir sonluqla başa çatır. Ayka ana var və o, müsəlmanlığı qəbul edir. Yəni müəllif bizə düşmən kəsilən ermənilərin içində də saf adamlar tapa bilir.

"Baba ocağı" əsasən bir şair kimi tanınan Nizami Muradoğlunun nəsrə ilk müraciətidir. Həm sənədli, həm də bədii səciyyə daşıyan romanda qüsurlar da diqqətdən yayınmır. Müəllif daha çox hadisələrin təfsilatına, onları nəql etməyə üstünlük verir. Obrazların daxili aləminə, psixologiyasına nisbətən az diqqət yetirir. Bəzən publisistik şərhlər romanın bədii effektini azaldır. Amma bu qüsurlara baxmayaraq "Baba ocağı" bizi Əylis dünyasına, daha doğrusu, keçən əsrin birinci yarısındakı Əylis aləminə çəkib aparır. Əylis həqiqətlərinin şahidi oluruq.

 

Ədalət.-2015.-23 yanvar.-S.7.