Müqəddəslik qurtaran yerdə... dünyanın qara yelləri əsir

 

Yazıçı Natiq Məmmədlinin "Körpüdə ümid" romanını oxuyub tamamlayıram və səmimi etiraf edim ki, bu zaman səhifələrin necə çevrildiyinin, hadisələrin bir-birini necə əvəzləndiyinin fərqində olmuram. Obrazların söhbətlərindən, düşüncələrindən təsirlənirəm. Xarakterlərin yaşadıqları dəhşət, ağrı, təlaş, qorxu... kimi hisslərin təsiri altında son dərəcə həyati, canlı mənzərə gözlərim önündə canlanır. Daha çox uşaqlıq, gənclik illəri yada düşür... Kəndimizdən dəstə-dəstə adamların yaxın-uzaq pirlərə, müqəddəs yerlərə ziyarətləri yaddaşımda vərəqlənir... Başqalarını deyə bilmərəm, ancaq mənim qənaətimdə ocağa qədəm basan elə o andaca həmin məkanın aurasının, ab-havasının qəribəliyini, özünəməxsusluğunu duyur. Bunun sirrinin isə müxtəlif yozumlarla açıqlanmasına cəhd göstərilir. Fikirimcə, bu, ilk növbədə hansısa dərdinə əlac axtaran Allah bəndəsinin o ziyarətgahda itən, sovulan ümid-inamının yenidən göyərməsi, pöhrələməsilə bağlıdır... Sonra nə olacaq, nələr baş verəcək, onu o bir Yaradan bilir... Burada o da sirr deyil ki, müqəddəs məkana ümid ardınca gələnlər arasında bu dünyanın his-pasına bulaşmayanlarla, nahaq çəkdiyi əzablardan, həyatda üzləşdiyi haqsızlıqlardan xilas olmağa cəhd göstərənlərlə yanaşı, halalı harama qarışdırıb yoğuranlara da, içlərindəki xıltı, kiri təmizlərin üzərinə tökənlərə də rast gəlinir. Bax, qəribədir ki, ikincilər birinciləri həmişə üstələyir, ikincilər birincilər üzərində həmişə ağalıqlarını qoruyub saxlayır... Belə də zaman-zaman o ucalıqlar kiçilir, o müqəddəsliklərə ləkə düşür...

Mən bir oxucu olaraq bu qeydləri "Körpüdə ümid"lə bağlı təəssüratlarımın girişi kimi anladığım, duyduğum şəkildə qələmə alıram. Qaldı adı çəkilən romanın tənqidçilər, tədqiqatçılar tərəfindən necə qarşılanacağı, yozulacağı, o da zamanın ixtiyarındadır. Bütün hallarda əminəm ki, bu əsər tarixdə əsl ədəbiyyat nümunəsi kimi qiymətini alacaq. Ancaq hansı məqamdasa, mənim düşüncəmlə razılaşmayanlar da ola bilər. Bu, təbiidir. Axı, bədii sənət nümunəsi-əsl ədəbiyyat müxtəlif fikirlərin, mübahisələrin, müzakirələrin qarşılığından, doğulmasından araya-ərsəyə gəlir...

..."Körpüdə ümid"i oxuduqca, əks qütblü adamların (qəhrəmanların) düşdüyü vəziyyəti anladıqca, çətin, yorucu dağ çığırları ilə birtəhər gəlib ümid yerinə-pirə yetişən adamların düşüncələrilə tanış olduqca bir az əvvəl dediyim o ab-havanın, o auranın gücü duyulur, hiss edilir. Həm də bütün bunlar yazıçı təxəyyülünün, fantaziyasının "məhsulu" kimi yox, reallığın, gerçəkliyin təsviri, "rəsmi" təsiri bağışlayır.

Əsərdə Ümidqovan kəndindəki Ümid Pirinin yaranışı barədə müxtəlif fərziyyələr, fikirlər söylənilir. Bunların arasında bir yozum da belədir ki, bu müqəddəs ocağı dünyanın çox-çox uzaq bir məntəqəsindən çay ağuşuna alaraq indiki yerə-hündür bir məkana gətirib. Niyə, nə səbəbə, bilinmir. O da bilinmir ki, dərədən axan çay piri Ümidqovanın ən uca nöqtəsində necə "məskunlaşdırıb". Təkcə heç kəsin şübhə etmədiyi həqiqət odur ki, ocağın yerini bu cür dəyişməsinin kökündə müqəddəsliyin ləkələnməsi dayanır... Başqa sözlə, yerdəyişmə Uca Yaradanın icazəsiylə, məsləhətiylə baş verib. Allah o pirin ilkin ünvanında təmizliyin, ülviliyin naqisliklə, əyriliklə üz-üzə qalmasını, dayanmasını rəva görməyib, ona görə də "kükrəyib daşan dağ çayı, lap uzaq torpaqlardan, kirlənmiş, azğınlaşmış adamların yaşadığı yerlərdən piri xilas eləmək üçün onu sularının qabağına qatıb dünyanı gəzdirib, çox yerlərdən keçsə də, pir heç yanda bənd olmayıb; nə qədər axarlı-baxarlı ölkələrdən adlayıb, insanlar Allaha yalvarıb ki, çayın gətirdiyi müqəddəs onların torpağına səmt gəlsin, amma pir dayanmayıb, çay da yatağından çıxıb dünyanın bütün bəndini-bərəsini yuyub, nəhayət, Ümidqovan kəndinin yanından keçəndə, pir seçimini edib, sıx meşəli, sıldırım qayaların arasına sığınmış dağ kəndi xoşuna gəlib. Pirin dayandığını görən çay da toxtayıb, müqəddəsi hələ insan övladının cığır açmadığı yerlərə təslim edib, sıldırım qayaları, sıx meşələri ona keşikçi qoyub, sakitcə öz yatağına çəkilib. Beləliklə, çayın gətirdiyi möcüzə barlı-bərəkətli Ümidqovan kəndinin də torpağını müqəddəsləşdirib, əli qabarlı, beli bükülü kənd camaatının da eynini açıb, ümidi kəsilmiş insanların ürəyində ümid çırağı yandırıb..."

Amma müəyyən vaxt keçəcək, Ümidqovanda da, bu kəndin beş addımlığındakı pirdə də vəziyyət dəyişəcək: ocağa qurbanlıq gətirənləri, nəzir-niyaz verənləri qarşılayaraq "kitab oxuyan" Qırmızı Xudu, "özünün başa düşdüyü dildə dodaqaltı pıçıltıyla nəsə oxuyub onunla üzbəüz bardaş quran adamın başının üstündən boş havanı üfürən" Yoğun Minə, ziyarətçilərə dua yazan Qələm Bəkir, "əllərini ziyarətçilərin kürəyində, sinəsində, qollarının, ayaqlarının büküşlərində gəzişdirən" Burun Qasım... əməllərilə bu müqəddəs yeri murdarlayacaqlar. Təmizlik, paklıq isə murdarlıq götürmür: su murdarlananda bulağın gözü tutulur, halala haram qatılanda bərəkət tükənir, yalanla, hiyləylə iş aşırılanda tikilən, qurulan ev aşır, dağılır... Hə, o zaman yetişir... dünyanın ən təmiz, ən pak ünvanlarından biri olan Ümid Pirinin böyür-başı "kirlənmiş, azğınlaşmış adamlar"la dolur... Ancaq bu ləbələb murdarlığı təmizləməyə buranın "gecə sakini" Pirdəlinin, Dilsiz Uşağın, "suyuşirin, xoşxasiyyət, gözəgəlimli olsa da, nədənsə ərə getməyən", "bu kəndin bəlkə də yaşı ötüb evdə qalan yeganə qızı olan", niyyət tutub pirə gələnlərə dəmlədiyi ətirli çay süzüb verməklə "ölənlərinə rəhmət oxuyan" Qız Tellinin gücü-qüvvəsi çatmır...

Onların (Dilsiz Uşaq, Pirdəli və Qız Telli) qeyri-adi, bir az da izaha gəlməyən hərəkətləri, düşüncələri ilə zamanın ağrı-acıları, təzadları, nizamsızlığı ifadə edilir. Onların söhbətlərindən yazıçının aşılamaq, oxucuyla bölüşmək istədiyi məna, məram açılır. Başqa sözlə, həyatın hər addımında nəzərə çarpan naqisliklər, pisliklər və bunların ucbatından insan inamının sarsıdılması, ümidinin sındırılması, müqəddəsliyə kölgə salınması... göstərilir.

"Körpüdə ümid"ndə yazıçı qayəsinin, məqsədinin daşıyıcıları da, fikrimcə, elə Dilsiz Uşaq, Pirdəli və Qız Tellidir. Dilinin açılması üçün pirə gətirilən Dilsiz Uşaqla fərqli düşüncəsinə, fərqli baxışına görə Ümidqovandan "dəli" adıyla didərgin salınan, bu səbəbdən də ocaqda ancaq gecələr görünən və "uşağın boğazında söz qalıb, düz söz, onu deyən kimi dili açılacıq" - deyən Pirdəli ilə, Qız Telli ilə "ürək söhbətləri"ndə həyatın, zamanın bütün real görüntüləri, insan xarakterinin, xislətinin qəribəlikləri, təbəddülatları, təzadları açıq-aydın, heç bir uydurmaya, bəzək-düzəyə yol verilmədən sərt şəkildə nəzərə çarpdırılır.

...Dilsiz Uşaq dili ilə yanaşı, yaddaşını da itirmişdi. Görünür, dillə bərabər yaddaşın da itməsi heç də adi bir təsadüf, bəxtə, taleyə yazılan xəstəlik, mərəz deyildi. Bu, onu gələcək bəlalardan, qarşıdurmalardan, intriqalardan uzaq saxlamaq üçün İlahinin bir "hədiyyəsi"ydi. Bu, ona Pirdəli, Qız Telli vasitəsilə "ötürülən", gələcək sarsıntılardan "üzüağ" çıxmasına kömək edəcək, yol göstərəcək "bəxşiş"ydi...

Dilsiz Uşağın Pirdəli ilə, Qız Telli ilə münasibətləri istiləşdikcə biz bunun şahidi oluruq... Pirdəli Dilsiz Uşaqdan adını soruşur. Lakin o nə qədər cidd-cəhd göstərsə də adını xatırlaya bilmir. "Utandı ürəyində "adım yadımdan çıxıb" - desin. "Heç belə iş olar, adım dilimin yaddaşından pozulsa da, ürəyimdə qalmalıydı. Necə oldu adımı unutdum?"

Pirdəlinin cavabı bu müşkülə aydınlıq gətirir: "...Görünür, adında nəsə ləkə varmış, ya da sənə layiq deyilmiş deyə adını yadından çıxardı. Bilirsən, öz adına layiq olmayan, öz adına yaraşmayan milyonlarla insan gəzir yer üzündə. Pir səni onların cərgəsində görmək istəmədi. Sən artıq başqalaşırsan".

Yeri gəlmişkən, Dilsiz Uşağın təmizliyi, paklığı onun dilinin açılmasına, yaddaşının bərpasına təsirsiz ötüşmür. Onun dilinin açılmasının, yaddaşının bərpasının bir səbəbi də o olur ki, Ümid Pirini naqisliklərdən xilas etsin, təmizləsin, sönən ümid ışığını yandırsın - "Ümidqovanda təzə gün başlayanda" adamların itən inamını qaytara bilsin...

Onu da deyək ki, yaddaşsızlıq heç də Dilsiz Uşağın üzləşdiyi bir patoloji hal deyil. Belə yaddaşsızlıq, təəssüf ki, dünən də, bu gün də yüzlərlə, minlərlə insanı cənginə alıb. Səbəb... Bir vaxtlar, yəni uzaq keçmişdə damarlarından qeyrət, namus qanı axanlar bunun kökündə haramın, tamahın dayandığını deyirdilər. Elə indi də, fikrimcə, belədir. Halal ocağa su əndərən, haram tikəni halal malı kimi içəri ötürən bəndə elə o andan, o zamandan yaddaşsızlıq bəlasıyla üzləşir. İnsan cildində olan o canlı "qəbir evinədək" Allahın bu "bəxşişi"ylə (cəzasıyla) - yaddaşsızlıqla çarpışa-çarpışa qalır... Yaddaşsızlığın yurd-yuvanın dağılması, torpağın zaman-zaman itirilməsi, tarixin tarixdən pozulması, silinməsi, yadın, yabançının sənə tarix yazması... kimi acı, təəssüf doğuran nəticələri heç kəsə sirr deyil.

Burada bir məqam da maraqlıdır... İnsan o zaman güclü, qüdrətli olur ki, xəstəliyə, düşmənə, təbiət hadisələrinə... qalib gəlir ki, onda, onun daxilində ümid, inam hissi güclü olur. İnsan o zaman güclü, əzəmətli olur ki, içi, daxili kin-küdurətdən, paxıllıqdan, xəbislikdən uzaq olur, torpaq, yurd sevgisi ev-eşik sevgisindən uca olur. Belə də onu sındırmaq, məğlub etmək mümkün deyil. Vay o gündən ki yaddaşsızların qarşısında aciz qalasan, uduzasan, səndəki o ümid, inam hissi də ölə. Onda müqəddəs sayılan yerlər, ocaqlar da köməyə yetmir, imdada çatmır... Amma həyatın, ömrün hansı dönüm-döngəsindəsə, o öləziməkdə olan ümid güclənə, qüdrətlənə bilər - təki qarşına yaddaşlı adam, yaddaşını qoryub saxlamağa iqtidarı çatan (tamahına, nəfsinə "dur" deməyi bacaran) bəndə çıxa... Dilsiz Uşağın da bəxti onda gətirir ki, Qırmızı Xududan, Yoğun Minədən, Qələm Bəkirdən, Burun Qasımdan... daha çox Pirdəliyə, Qız Telliyə meyl göstərir. O Pirdəliyə ki Ümidə- "...Vətən" sözü, əslində, sözlərin içində ən düzüdü, bəlkə də düzlükdə birincisidi, amma yararsız adamların dilində o qədər çox işlənir ki, düzlükdən çıxır, qədir-qiyməti olmur; onu o qədər çeynəyiblər ki, məqamı gələndə də dilinə gətirmək istəmirsən, qorxursan ki, sən də dönüb olasan haray-həşirin bir tayı. İçi boş gurultulu sözlərdə heç vaxt səmimilik olmayıb, onların hamısı özlərində olmayan şeylərdən danışırlar.

 

(ardı var)

 

Ədalət.-2015.-23 yanvar.-S.7.