SAKİT TƏBİBLƏ SÖHBƏT

 

 (Əvvəli ötən şənbə sayımızda)

 

Sözün ən gözəli, söyləyənin doğru söylədiyi, dinləyənin də faydalandığı sözdür.

Aristotel

 

-Deməli, Allahı dərkdə elm acizdir.

-Aciz demək də olmaz.

-Sizə elə gəlmirmi ki, dində Allahı dərk bir mühafizəkarlıqla müşayiət olunur. Yəni, Allahı dinin təbliğ etdiyi kimi qavramaqda qorxu və tamah ön plana gəlir. Cənnət tamahı, Cəhənnəm xofu. Məncə Allahı dərkdə insan azad olmalıdı. Ondan qorxmaqla yox, onu sevməklə ona doğru getmək olar. Sevgi hissi insanı kamilliyə, qorxu hissi isə köləliyə aparıb çıxarır. Siz necə düşünürsünüz? Bizi canlı edən ruhumuz Allahın bir qətrə nuru deyilmi?

-Tibet təbabəti ruh anlayışını izah edərək insanı bütövlükdə enerji kimi götürür. İnsan enerjinin bir qismini kosmosdan alır. Belə ki, həmin enerji günəş şüaları ilə dərinin vasitəsi ilə insan vicuduna daxil olur. Bir qismini isə torpaqdan alır. Torpaqdan alınan enerjilər qida vasitəsi ilə insan bədəninə daxil olur. Bu iki enerjinin tarazlığı insanın normal yaşamasını təmin edir. Bunların birinin pozulması disbalansa gətirib çıxarır. Disbalansın pozulması xəstəliyə səbəb olur. Allah Dünyanı yaradanda halallıq üzərində qurdu. İnsan dünyasını dəyişəndə göydən gələn enerji göyə qalxır, yerdən gələn isə yerə gedir. Təyyarədə ölən insanın cəsədini göy qəbul etmir. O mütləq yerə gömülməlidi. Göy cəsədi qəbul etmir: - sən mənlik deyilsən, - deyir.

- Maraqlıdır. Bu fikri mən bir şeirimdə demişəm:

 

Əridim şam kimi ayda, ildə mən,

Bir damla yaş oldum şehli güldə mən.

Özümü ovudum hansı dildə mən,

Ruh göyə tələsir, can köçəköçdə.

 

Quran-i Kərimin "Möminlər" surəsində yazılır ki, "Göylərlə Yerin yaradılması insanların yaradılmasından daha böyük bir şeydir" (40 - 57). Təsadüfi deyil ki, Əbu Turxan da diqqəti bu məqama çəkir: "Ruhun təntənəsi bədənin inkarı üzərində qurulmamalıdır".

-Füzulinin də bir fikri var. O deyir: - Elm iki cür olur. Biri bizə məlum olan elm, digəri bizə məlum olmayan - dünyanı yaratmaq haqqında olan elm.

İnsanı Allah yaradanda dünyanı yaratma idrakını, elmini verməyib ona. Ona görə ki, dünyanı yaratmaq elmi Allaha məxsusdu. İnsan idrakı onu dərk edə bilməz.

Təbiətdə hər şey vacib bir funksiyanı yerinə yetirir. Bu bir ahəngdarlıq, bir harmoniyadır. Ona görə yaranmışların birinin mövcudluğu digərsiz mümkün deyil. Hamısı bütövlükdə bir-birinin və ümumilikdə kainatın yaşamasına xidmət edir.

-Bu harmoniyada insanın rolu nədir?

-Mən insanı mikro kainat kimi qəbul edirəm. Yer üzərində ən bəsit struktur canlı hüceyrədir. Hər şey bir hüceyrədən yaranıb. İnsan bədənində milyardlarla hüceyrə var. Bu hüceyrələr birləşib toxuma əmələ gətirir. Toxumalar birləşib orqan əmələ gətirir. Qara ciyər, ürək, böyrək və s. Bu orqanlar birləşib sistem əmələ gətirir. Məsələn, ürək-damar sistemi, tənəffüs sistemi, sinir sistemi və s. Bütün bu sistemlər birgə ahəngdar fəaliyyət göstərərək vahidi - insanı yaşatmağa xidmət edir. Bir hüceyrə ölürsə o vahidin yaşaması üçün özünü ölümə verir. Və bütövlükdə cəmiyyətdə hər bir fərd cəmiyyətin xoşbəxt yaşaması üçün özünü fəda edərsə cəmiyyət xoşbəxt yaşayardı. Belə ki, ayın, günəşin və digər planetlərin birgə fəaliyyəti Kainatın yaşamasına xidmət edir. Bu baxımdan insan da bir mikro kainatdır.

- Çox maraqlı fikirlərdi. Sizin poeziyaya və ədəbiyyəta münasibətiniz bu qədər güclü olduğu halda yaradıcılıqla nə üçün məşğul deyilsiniz?

-Mən hiss edirəm ki, bu iş mənlik deyil. Buna baxmayaraq bir neçə məqalə və esseler yazmışam. Amma poeziya ilə məşğul olmaq haqda heç düşünməmişəm də. Ona görə bu sahədə qələmimi sınamamışam və güman da etmirəm. Bu sahədə yeni bir söz deməlisən ki, cəmiyyət onu qəbul etsin. Bu isə zor bir iş. Mənə elə gəlir ki, cəmiyyət hər şeyi bilir və onu aldatmaq mümkün deyil.

- Sizinlə ilk tanışlığımızda söyləmişdiniz ki, mən poeziyada doymuş məhlulam. Bu nə deməkdi?

-Mən poeziyada fəlsəfi yükü olan şeirlərə üstünlük verirəm. Həm ictimai mənası olsun, həm də fəlsəfi yükü. Misal üçün, Məmməd Arazın "Uçqun" şeirinə nəzər salaq. Təbii ki, uçqun xoşa gələn bir şey deyil. Məsələn, zəlzələ olub, Gəncədə 300 min adam qırılıb, nəticədə Göy göl yaranıb. Bunun poetik lövhəsini M. Araz belə təsvir edir:

 

Baxdıqca dağlara, dərələrə mən

Qəribə fikirlər başıma gəlir.

Bəzən ilk baxışda xoşa gəlməyən

Uçqunlar yamanca xoşuma gəlir.

 

Uçqundan bir bulaq axır dərəyə,

Uçqun bir talanın sönən yazıdı.

Uçqun təbiətdə nəyinsə nəyə,

Təbiət dilində etirazıdı.

 

Dediyimiz kimi, insan özü təbiətin bir parçasıdır, onun da daxilində uçqunlar, ziddiyyətlər var. Yəni ziddiyyətlərin vəhdəti var. Bunlarla mübarizə gedir. Yerin dərinliyində də bu ziddiyyətlər gedir. O ziddiyyətlər kulminasiya həddinə çatanda artıq yaşaya bilmir. Deyir mən bu cür yaşaya bilmirəm və vulkan kimi püskürür, vurub dağıdır. Partlayış əmələ gətirir. İnsanın daxilindəki ziddiyyətlər də vulkana çevrilir, onun insultuna və yaxud infarktına gətirib çıxarır. Deməli, endo ekologiya orada təmiz olmur. Ziddiyyətlər əmələ gəlir və bu vəziyyətdən çıxmaq üçün partlamalıdır.

Sizin də buna bənzər bir beytinizi misal gətirmək olar:

 

Yer altında qalan su,

Sevdalara dolan su,

Bulaq eşqi olan su

Daşı dəlib çıxacaq.

 

Bu doğrudan da belədir. Amma burada məsələ başqa cür qoyulub. Burada yaşamaq eşqi ön plana çəkilib. Bulaq eşqi olan suyu qayalar da tutub saxlaya bilməz. Və məhz bulaq olmaq üçün o yerin bütün suxurlarından süzülür, durula-durula yerin üst qatına can atır, hətta qarşısına çıxan qayanı, daşı belə deşib çıxır.

Poeziya dili ilə bunları demək bir ustalıq tələb edir. Bütün qafiyyələr və s. düz olsa da orada fikir dərinliyi olmasa mən onu qəbul edə bilmirəm.

Ədəbiyyatda tükənməyən mövzular var. Bura bütün şairlər müraciət edə bilər, məs. dünya, dağ, bulud, ana, vətən və s.

-Bunlar əbədi və əzəli mövzulardı.

- Elədir ki, var. Ana mövzusunda M. İsmayılın gözəl bir fikri var.

 

Ana, ağır olan cənazən deyil,

Analıq haqqındı çiyinlərimdə.

Sən məni dünyaya gətirdin, ana,

Sənisə dünyadan aparıram mən.

 

Ananın cənazəsini götürmək nə ağır işdi ki. Amma o deyir, mən cənazəni götürə bilirəm, sənin analıq haqqını qaldıra bilmədiyim. Bax budur poeziya.

Və yaxud, götürək yenə M. Arazın: "Ana itirmişəm ana yaşında" - fikrinə.

İndi fikir verək. Qadın dünyaya evlad bəxş eləmirsə, o ana yaşına daxil olmur. Amma ana yaşına daxil olursa kimisə xoşbəxt edib, ata yaşadır.

M. Arazın belə bir fikri də var.

 

Örüşdən qayıdıb mələşir quzu,

Boz inək axtarır onun səsini.

Yadıma bir sözün, bir misran düşür,

Çırağı anaymış ata yurdunun.

Baxın, bizdə qarğış var ey, deyir, çırağın sönsün. Ayə demək bu anan ölsün deməkmiş. Bax, mənim anam yaşayır, 94 yaşı var. Gedirəm ziyarətinə. saat üçdü, dörddü, gecə ösgürmüşəm. Elə bilirəm yatır. Deyir a bala, niyə öskürürsən, niyə həkimə getmirsən? 94 yaşında adam, ürəyinin də yarısı işləmir, Deyir ki, sən niyə öskürürsən? Olmaya o sünnü qızı səni qoymur həkimə getməyə? (Gülərək "bunu salma" dedi.)

-Niyə ayrı-seçkilik salır? (mən də gülürəm)

-Dünyanın özündə doğmalıq var, ögeylik var, yaltaqlıq var. Elə insanlara da dünyanın özündən gəlir bu xislətlər. Məsələn, B. Vahabzadə də belə bir fikir var:

 

Pərvanə özünü tez yetirərmi

Çırağın üstünə, çıraq yanmasa.

Günəş yer üzünə işıq verərmi,

Yer onun başına hey dolanmasa..

 

Deməli, elə ən böyük yaltaq dünyanın özüdü. Yer günəşin ətrafına fırlanmasa ondan işıq ala bilərmi? Belə çıxır ki, iki üzlülük, yaltaqlıq dünyanın özündən başlayır. İndi fikir verin. Günəş ekvatora enerjisini çox verir. Qütblərə isə demək olar heç vermir. Deməli, ekvatorla qütblər arasında ögeylik yaradır.

- Belə çıxır ki, bütün bunlar sistemin özündən gəlir.

- Qərib Mehdi haqda belə bir söz işlətmişdim. Günəşdi, aydı, yerin keşiyini çəkirlər. Təmənnasız istiliyini, işığını bizə bəxş edərlər. Bəs günəşdəki, aydakı ləkələr hardandı? Görünür onların da öz rəqibləri var və onları ləkələyirlər. Ayrı bir kainat, ayrı bir qallaktika da mövcuddu. Sirr bundadır. Dünya bizim dərk etdiyimizdən də böyük, daha sirlidi.

-Özünüzlə baş-başa qalanda nələr düşünürsünüz.

-Ən çox vicdanımla üz-üzə qalıram. Görəsən kimin qəlbinə dəymişəm. Heç kimi könlünə dəymək lazım deyil. Harda günah işlətmişəm, harda səhv eləmişəm, bunları özüm özümdə izah edirəm. Kiminsə qəlbinə dəymişəmsə ondan üzr istəməyi də baçarmışam. Adətən belə səhvləri etmirəm.

-Kamil insanlar etiraf edirlər. Amma qeyri kamillər bunu etməyi əksiklik sayırlar.

- Onlar cəmiyyətin xəstə insanlarıdırlar. Eqo sentralizm deyilən bir xəstəlik var. Onların xəstəliyi belə adlanır. Canlıda üç əsas xarakter var. Birinci özünü qoruma instikti. İkinci nəsli davam etdirmə instikti, Üçüncü dominantlıq instikdi. Dominant - üstün olmaqdır. Hakim olmaq. İnsanda dominantlıq instikti iki şəkildə baş verir. Biri təbii, anadan gəlmədir, qəbul olunandır və normal qəbul edilir. Biri isə dominant olaraq kiminsə həyatını puç etməkdir. Onun fəaliyyətini qəsdən pozub, özünü dominant görmək. Bax bu cəmiyyətin ən ağrılı yeridi. Bütün müharibələrin kökündə dominantlıq durur. Tutaq ki, qüvvətli bir dövlət istəyir ki, daha da güclü olsun. Müharibələr edir, qırğınlar törədir.

(ardı var)

Ədalət.-2015.-24 yanvar.-S.10.