MÜASİR
AZƏRBAYCAN ROMANI
ƏDƏBİ
HƏYAT
(icmal) (Əvvəli
ötən şənbə saylarımızda)
Məlumdur ki, yaşadığımız bu həyat mürəkkəbdir, təzadlarla doludur. İnsan çeşidləri də rəngarəngdir. Təbii ki, hər bir yazıçı cəmiyyətdə baş verən mürəkkəb hadisələri, ictimai-siyasi olayları, mənəviyyat aləminin təzadlı mənzərələrini və bu fonda XXI əsr insanının, konkret desək, müasir azərbaycanlının həyat tərzini, duyğu və düşüncələrini qələmə almaq üçün dərin müşahidə qabiliyyətinə malik olmalı, bədii ümumiləşdirmələr aparmağı bacarmalıdır.
Son iiyirmi ilin romanlarında müəlliflər əsasən İNSANIN CƏMİYYƏTDƏ, YAŞADIĞI MÜHİTDƏ BİR FƏRD VƏ ŞƏXSİYYƏT KİMİ ROLU, TUTDUĞU MÖVQEYİ ilə bağlı duyğu və düşüncələrini, hərəkət və fəaliyyətini əks etdirirlər. Təbii ki, hər bir yazıçı bu məsələyə münasibətdə özünəməxsus bir yol seçməyə çalışır - cəmiyyətdə baş verən hadisələrin qəhrəmanın şüurunda necə əks-səda doğurmasını və bu qəhrəmanın hərəkətində, insanlara münasibətində bunun necə təzahür etdiyini hərə özünəməxsus bir şəkildə canlandırmağa səy göstərir.
Həyatda, yaşadığımız cəmiyyətdə müxtəlif problemlər, müşgüllər mövcuddur. Məlum Qarabağ hadisələri, müharibənin doğurduğu ağrı-acılar, yeni ictimai münasibətlərin, bazar iqtisadiyyatının yaratdığı əksliklərgsosial münasibətlərə tam uyğunlaşmayan insanların qarşısına çıxan maniələr, milli, yaşarı ənənələrlə Qərb mədəniyyətinin şüurlarda yaratdığı təbəddülatlar... Əksəriyyətinin varlanmaq, asan yolla pul-para qazanmaq ehtirası. Tədricən aradan qaldırılsa da, yenə də özünü göstərən yoxsulluq, işsizlik. Bütün bunlar son iyirmi ilin romanlarında öz bədii təcəssümünü tapır. Görünür, bu zamanda, bu çağdaş durumda Şərin yaratdığı mənfi halların kökü kəsilmək bilmir və ədəbiyyatın bir missiyası da bu mənfiliklərə qarşı mübarizədən ibarətdir. Ancaq bu, o demək deyil ki, bizim romanlarda həyatın, gerçəkliyin pozitiv cəhətləri əks olunmur. Təbii ki, o işığı da görmək, göstərmək lazımdır.
Roman ustası Sabir Əhmədlinin "Axirət sevdası", "Kef" əsərləri həyatın ziddiyyətlərini reallığı ilə əks etdirmək baxımından onun yaradıcılığında mühüm hadisə sayılmalıdır.
"Axirət sevdası" bir Atanın-Sabir Əhmədlinin müşahidə etdiyi, bilavasitə şahidi olduğu hadisələrin timsalında müharibəyə nifrət duyğusu oyadır. "Kef"də isə yazıçı yaşadığımız doxsanıncı illərin ziyalı mühtini qələmə alır, məşhur bir ziyalının yeni dönəmdə bütün məişət çətinliklərini təfərrüatınacan qələmə alır, belə bir həqiqəti nəzərə çarpdırır ki, təkcə zamanın çarxları paslanmayıb, insanların içində də mənəvi paslanma gedir.
Aqil Abbasın "Allahı qatil edənlər" romanı da cəmiyyətdə baş verən kataklizmləri, sosial mühitdə cərəyan edən neqativ halları əks etdirmək baxımından maraq doğurur. Bu əsərdən də müharibə qoxusu gəlir, ancaq müharibə səngərlərdə baş vermir, mənən təmiz insanlarla onlara əks qütb təşkil edən adamlar arasında baş verir. Aqil Abbasın povest və romanlarına xas olan sərt realizm, bəzən hadisələri, insan xarakterlərini bütün kəskinliyi ilə əks etdirməsi bu əsərdə də bariz nəzərə çarpır.
Əlabbasın "Qiyamçı" və "Qaraqovaq çölləri" romanlarında da həmin o sərt realizmi, cəmiyyətdə, ictimai mühitdə baş verən sosial haqsızlıqlara qarşı üsyan və etirazı izlədik.
Aslan Quliyevin "Yazıçının savaşı", "Keçmiş döyüşçü və oğlan", "Payız" romanları haqda da eyni fikri söyləyə bilərik. Hər üç romanın mövzusu bir-birinə yaxındır, müəllif ayrı-ayrı fərdlərin yaşadıqları mühitdə haqsızlıqlara, neqativ hallara qarşı mübarizəsini təsvir edir. Keçmiş döyüşçü də, Yazıçı da eyni amal uğrunda mübarizə aparırlar - Şəri, insanlara qarşı mənəvi zülmü aradan qaldırmaq, haqqı, ədaləti müdafiə etmək...
Ümumiyyətlə, Azərbaycan romanlarında həmişə İşıqla Zülmətin, Xeyirlə Şərin mübarizəsinin şahidi olmuşuq və bu mübarizə əsrlərdən bəridir ki, elə ədəbiyyatın da əsas konfliktini təşkil edir. Seyran Səxavətin "Nekroloq" romanında biz bunun əyani şahidi oluruq. Romanda bədii təsvir hüdudları genişdir. Doxsanıncı illərin çağdaş Azərbaycan mənzərəsi bütöv və genişdir, az qala cəmiyyətin bütün zümrələrini əhatə edir: çadırlarda yaşayan soydaşlarımızdan tutmuş nəhəng maliyyə fırıldaqları ilə məşğul olan mafioz qruplara qədər... Ancaq Seyran Səxavət romanda konkret olaraq kimlərə isə işarə etmir, oxucu fəhmlə anlayır ki, bu simvolik-rəmzi obrazlar həyatın, gerçəkliyin reallıqlarını əks etdirir.
Azad Qaradərəlinin "Günəş tutulan yerdə" romanında da "Nekroloq"da olduğu kimi sərt həyat həqiqətləri canlandırılır. Ancaq bir fərqi var ki, Azad Qaradərəli cəmiyyətdə baş verən mənəvi aşınmaları təkcə cəmiyyətdə yox, ilk növbədə, bir ailənin timsalında izləyir. Dəyişilən, yeniləşən təkcə zaman deyil, həm də insanlardır. Amma bu "yeniləşmədə" əksliklər daha çox nəzərə çarpır. Əqidələr, prinsiplər, insanların daxili aləmi dəyişir. Ziyalılar zamanın acılıqlarına dözə bilmir, ələbaxımlıq maddiyyatı ön plana çıxarır, ziyasızlar, nadanlar iş başına keçir. Məsələn, onun qəhrəmanı Mirzə müəllim vaxtilə mitinqlərdə azadlıq mücahidi kimi çıxışlar eləyirdi, müstəqillik uğrunda mübarizə aparırdı, amma çox keçmədən o, dəyişir, deputat olandan sonra ona dəstək verən xalqdan uzaqlaşır, mafiozlaşır və beləliklə, istər-istəməz başqa bir adama çevrilir.
Romanlarımızda simvolik olaraq bir ZAMAN obrazı da var. Həm də bu öncə
qeyd etdiyimiz kimi, dəyişilən Zamandır. Bu zamanın
nəbzini tutmaq, ona uyğunlaşmaq, onun prinsiplərinə boyun əymək isə çox çətindir. Və romanlarda
təsvir olunan qəhrəmanlar da çox zaman bu çətinliklərdən,
bu maniələrdən
keçməli olurlar.
Amma bu, çətin prosesdir və bəzən qəhrəmanların
mənəvi depressiyasına
və faciəsinə
gətirib çıxarır.
Əyyub Qiyasın
"Sonuncu büt"
romanında məhz belə bir qəhrəmanın
həyatı canlandırılır.
İyirmi səkkiz il həbsxanada
yatan Məmmədağa
azad həyata qovuşa bilmir və yaşadığı
mühitdə yenə
də eyni mənfiliklərin hökm
sürdüyünü gördükdə
istər-istəməz kriminal
həyat keçirir. Amma bununla yanaşı, o, içindəki mənəvi
potensialı, işıqlı
duyğuları yaşada
bilir, Şuşaya gedir, ölümü bahasına orada Azərbaycan bayrağını
qaldırır.
Afaq Məsudun
"Azadlıq" romanı
isə tamamilə fərqli bir xüsusiyyəti ilə diqqəti cəlb edir. "Azadlıq" Afaq Məsudun insandan cəmiyyətə,
fərdin daxili dünyasından ictimai-siyasi
hadisələrə sıçrayışını
(keçidini də demək olar-V.Y.) tam şəkildə açıqlayır.
Əslində, onun "dörd
divar" arasında təsvir etdiyi gerçəkliyin özü
də cəmiyyətin
mikromodeli təsiri bağışlayır, ancaq
"Azadlıq"da cəmiyyət
- Azərbaycan gerçəkliyi
(söhbət doxsanıncı
illərdən gedir) bütün reallığı
ilə əks olunur. Təbii ki, romanda humanist prezident də, "Millət Atası"
General da, digər obrazlar da prototipləri
etibarilə oxuculara tanış gəlir. Ancaq bunlar gerçəklikdəkindən
fərqli olaraq yazıçının məharətlə
ümumiləşdirdiyi obrazlara
çevrilir. Afaq Məsud
bir nasir kimi yaşadığımız
bu mürəkkəb,
dramatik, fəci, son dərəcə ziddiyyətli
həyatımızı, ictimai-siyasi
hadisələri, bu hadisələrdə mühüm
rol oynayan şəxsiyyətləri orijinallıqla
əks etdirib. Doğrudur, bir müsahibəsində Afaq
yazırdı ki:
"Əslində, "Azadlıq"
son illər ölkəmizdə
baş verən hər hansı siyasi dəyişikliyə
reaksiya kimi yaranmayıb". Amma inanmaq
olmaz ki, bütün bu baş verən hadisələr bir yazıçı kimi ona təsir etməyə. Səfər Alışarlının
"Mayestro" romanı
Afaq Məsudun romanında təsvir olunan hadisələrlə
səsləşir. Bu romanda da 90-cı illərin ilk yarısının
hadisələri öz
əksini tapır, amma mənzərə daha genişdir, zavod-fəhlələr, mayestro-opera,
qəzet-jurnalist aləmi,
prezident və məmurlar ordusu, qiyam və məmləkətin
ictimai-siyasi durumu... bunlar real hadisələrlə
bədii təxəyyülün
"hibritini" əks
etdirən səhnələrə
çevrilir.
Təfərrüata varmadan, qısaca da olsa, biz bir
sıra digər romanlarda da Azərbaycan
gerçəkliyinin, sosial
həyatın bu və ya digər
dərəcədə əks
olunduğunu söyləyə
bilərik. Fikrimizcə, bu əsərlər içərisində Hüseynbala
Mirələmovun "Qırxıncı
otaq", "Gəlinlik
paltarı" romanları
mənən təmiz,
saf adamların dramatik, bir az
da faciəli həyatını, istək
və arzularının
reallaşmadığını açıqlayır. Onun qəhrəmanları
mənəviyyat adamlarıdır
və yazıçı
oxucuya belə bir həqiqəti aşılayır ki, insan ilk növbədə,
daxilən-ruhən saflaşmalıdır.
Kamil Əfsəroğlunun "İt
qanı", "Daşlı
qala" romanları onun mövzuya, toxunduğu problemə bələdliyini, həm şəhər, həm də kənd həyatını, təsvir
etdiyi obrazların psixlojiyasını diqqətlə
müşahidə etdiyini
göstərir. Müəllif süni şəkildə öz qəhrəmanlarına
müsbət xüsusiyyətlər
aşılamır, onların
həyatın ağır
sınaqlarından keçirir.
İlqar Fəhminin artıq bir romançı kimi formalaşdığını
da təsdiq edə bilərik. Onun "Aktrisa"
romanı öz fəlsəfi-psixoloji aspekti
ilə seçilir.
Mövzu
müasir həyatdandır,
İlqarın digər
romanlarında diqqəti
cəlb edən detektiv ünsürlərinə
bu əsərində də təsadüf edirik. Ancaq sona doğru
romanın ideyası realistik istiqamət alır və müəllif səhnədə,
tamaşaçılar qarşısında
deyil, həyatda öz faciəli rolunu oynayan bir insanın mənəvi süqutunu canlandırır.
Sual oluna bilər: son iyirmi ilin romanları doğrudanmı elə bu məhdud bölgüyə sığışır? Bəs hanı sevgi romanları? Bəs hanı ayrı-ayrı peşə-sənət adamlarının həyatından söz açan romanlar? Bəs hanı müasir gəncliyin istək və arzularını, mənəvi dünyasını əks etdirən romanlar? Bu "bəs"lərin sayını artırmaq da olar. Amma məsələ burasındadır ki, bütün digər mövzular bir BAŞ MÖVZUnun ayrı-ayrı şaxələri, qol-budaqları kimi diqqəti cəlb edir. Baş mövzu Azərbaycan gerçəkliyidir. İstər tarixi, istərsə də müasir Azərbaycan gerçəkliyi. İndi bütün mövzular bu gerçəkliyin "inhisarındadırlar". Baxın: qürbətdə yaşayan Gülşən Lətifxanın "Azər və Aida" romanı iki gəncin nakam sevgi münasibətindən söz açır, ancaq bu romanda gənclər amansız bir maniə ilə qarşılaşırlar - həyatın, gerçəkliyin sərt həqiqətləri onları kama çatdırmır. Baxın: Elçin Hüseynbəylinin "Tut ağacı boyunca", "Balıq adam", "Metro vadisi", "Yol ayrıcında qaçış", "Azıx" romanlarında da müxtəlif məsələlərdən söz açılır, amma tənqidçi Əsəd Cahangirin belə bir doğru mülahizəsi ilə şərikik ki, bu romanlar "günümüzün ən adi reallığından bəhs edir". Son illərdə "Bağban", "Bənna", "Bərpaçı" romanları ilə ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş Mübariz Cəfərli də məhz həmin prinsipə sadiq qalır: onun romanlarındakı müxtəlif bədii priyomalar, şərtiliklər, mətndaxili "gəzişmələr" maraqlıdır, bunların bir çoxu yenidir, amma bizi ilk növbədə onun təsvir etdiyi gerçəklik, bədii təxəyyülü canlandırdığı həyat hadisələri cəlb edir. Artıq bir romançı kimi özünü təsdiq etməyə çalışan Varisin "Bir ovuc torpaq", "Sənə inanıram", "Yetmiş yeddinci gün", "Metamarfoz" romanları əsasən kriminal-detektiv aləmi əks etdirir və bu romanlarda da Azərbaycan gerçəkliyinin bədii inikası ilə qarşılaşırıq. Bu mövzu təsnifatına Nisbəyimin "Onlayın", Paşa Qəlbinurun "Qara su", Eyvaz Zeynalovun "Qisas", Məqsəd Nurun "Şəhər meri", Vaqif Sultanlının "Səhra savaşı", Qəni Uamalzadənin "Karxana" romanlarını da daxil edə bilərik.
Beləliklə, son iyirmi ilin Azərbaycan nəsri bizim real həyatı, ictimai-siyasi hadisələri, mənəvi dünyamızı əks etdirən romanlarla zəngin olmuşdur.
(ardı gələn
şənbə sayımızda)
Ədalət.-2015.-24 yanvar.-S.15.