YAŞ O YAŞ OLMASA DA...
("Bölgələrdə
ədəbiyyat” silsiləsindən
- Binnət Eloğlu)
Tovuz Azərbaycanın
sazlı-sözlü sənət
ocaqlarından biridir. O, təkcə
gözəl təbiəti,
bərəkətli torpaqları
ilə deyil, həm də yetirdiyi görkəmli sənətkarları ilə
fəxr edə bilər. Bu torpaqda
təkcə gözəl
nemətlər yetişmir,
onun bağrından Aşıq Hüseyn Bozalqanlının, Mikayıl
Azaflının saz möcüzələri fəvvarə
vurub. Ozan-Aşıq mədəniyyətinin ən qədim ocaqlarından biridir Tovuz. Ünlü şairlərimiz-Məstan Günər, Məmməd
İsmayıl, Zirəddin
Qafarlı Tovuzun Azərbaycana bəxş etdiyi qüdrətli qələm sahibləridir.
Ədəbi-elmi fəaliyyətləri ilə daim diqqət
mərkəzində olan
professorlar-Qəzənfər Paşayev, Məhərrəm
Qasımlı Tovuzun yetirmələridir. Tovuz
torpağı - Tovuz eli hələ
bundan sonra da neçə belə istedadlı sənətçilər yetirəcək.
Bu yaxınlarda Binnət Eloğlu adlı yaşlı bir şairlə tanış
oldum. Yetmiş yaşlı şair
"Elin dərdi, həsrəti" adlı
qalın bir şeir kitabını mənə hədiyyə etdi. Doğrusu, elə bildim,
bu da şeir
yazmaq, şairlik adı ilə qürrələnmək istəyən
şəxslərdən biridir.
Oxumaq istəmədim, amma ağsaqqal bir kişinin, üz-gözündən
nuranilik yağan bir insanın işıqlı çöhrəsini
görəndə fikirləşdim
ki, o işıqdan mütləq bu kitabda nəsə olacaq. Şeirlərin bir neçəsini
oxudum və doğrudan, sevindim. Ədəbi aləmdə demək olar ki, heç
tanınmayan, yalnız
bəzi qəzetlərdə
şeirləri dərc
edilən Binnət Eloğlunun ŞAİR olduğuna
şübhəm qalmadı.
Hiss elədim ki, Binnət Eloğlu, lap uşaqlıqdan şeir yazırmış. Çünki onun şeirlərində illərin təcrübəsi,
şeir yaza-yaza gəlib mənzil başına çatıb
formalaşması özünü
göstərirdi. Həm
də ona inandım ki, o, Tovuzda yaşayıb, sazlı-sözlü bir diyarda, əgər bir azca istedadın
varsa, şair ola bilərsən.
Bu şərtlə ki, poeziyaya, onun sirlərinə bələd olasan, özgəsinin yazdıqlarını
təkrar etməyəsən,
öz sözünü
deməyi bacarasan.
Binnət
Eloğlunun şeir və poemalarını oxuyanda onu da
hiss elədim ki, o, geniş mütaliə
qabiliyyətinə malikdir.
Azərbaycan poeziyasının vurğunudur (ona ən yaxşı oxucu da demək
olar), oxumadığı
şair yoxdur. Təkcə bumu? Başqa bir cəhəti
də var-o da bundan ibarətdir
ki, Binnət Eloğlu Azərbaycan şeirinin bütün formalarına, şəkillərinə
yaxşı bələddir.
Hecada olduğu kimi, əruzda da qələmini sınayır.
Amma ən çox heca şeiri yazır, bu da səbəbsiz deyil. O, xalq şeirinin, aşıq poeziyasının fanatıdır.
Şeirlərinin mövzusuna gəldikdə
isə rəngarəngdir.
Vətənpərvərlik, Azərbaycanın tərənnümü,
Qarabağda baş verən və bir şair kimi
onu həyəcanlandıran
hadisələr, müharibənin
doğurduğu ağrı-acılar,
cəmiyyətdə, yaşadı?ı mühitdə baş verən mənfi hallar, gözəl təbiətimiz-çaylarımız,
dağlarımız, meşələrimiz,
bulaqlarımız, çəmənlərimiz,
qədim məskənlərimiz,
sevgi, məhəbbət
duyğuları onun şeirlərində əks
olunur. Binnət Eloğlunun Azərbaycan Demokratik Respublikasının
80 illiyinə ithaf etdiyi "Qoymadılar bilək tariximizi", şəhidlərdən söz
açdığı "Şəhidlərimiz-igidlərimiz", "Qarabağın qanlı, qəmli günləri",
Şəhriyarın "Heydərbabaya
salam" poemasından
təsirlənib yazdığı
"Həsrət", Füzuliyə
həsr etdiyi "Müqəddəsim", Q.B.Zakirə
xitab və nəzirə kimi qələmə aldığı
"Belədir halımız,
ay baba indi" adlı poemaları da var. Bu da sübut
edir ki, Binnət Eloğlu təkcə lirik, satirik şeirlərlə kifayətlənmir, şəm
də epik poeziyaya meyl edir.
Binnət Eloğlunun şeirləri
çox təbiidir, xəlqidir, elə bil bu şeirləri
bir kənd ağsaqqalı yazıb. Doğrudan elədir.
Bəli, o, sadə yazır, amma çalışır ki,
şeirlərində qırıqlıq
olmasın, fikrini sərrast ifadə etsin:
Məni
gəzmə Bakıda,
nə də Tovuzda, qardaş,
Ürəyimdə qəm-kədər, gözlərimdə
qanlı yaş,
Huşum
özümdən uzaq,
halım pərişan,
çaş-baş
Sərsəritək gəzirəm, fikrim düzdə, dağdadır,
Sübh hələ açılmayıb,
danım Qarabağdadır.
Cıdır düzü yas tutur, Şuşa
yağılardadır,
Vaqifin şair ruhu nigarandı, dardadır,
Qədir yanır, qovrulur, haqq-ədalət hardadır?
Bakıda
can verirəm, canım
Qarabağdadır.
Elin dərdi,
məmləkətimizin başı
üstündə oynayan
qara buludlar, həyatın ağrı-acıları
Binnət Eloğlunu düşündürən, həyəcana
gətirən əsas
məsələlərdir. Xüsusən,
onun doxsanıncı illərdə yazdığı
şeirlərdə Vətən
dərdi çəkən
bir kənd ziyalısının, bir ağsaqqalın ürək
harayını eşidirik:
Qanlı
göz yaşını
mürəkkəb edib
Bir ildir yazıram elin dərdini.
Min-min şəhid olmuş igidlərimin,
Min-min ər gözləyən
gəlin dərdini.
Onun
"Çadır şəhərində",
"Qarabağ getdi bada", "On iki ildir", "Bölünmüş
xalq", "Şəhidlər
xiyabanında" və
s. şeirləri də
məhz elin dərdini ifadə edir. Bir sıra şeirlərində
isə qələbəyə
inam hissini görürük.
Binnət Eloğlunun qoşmaları
məni daha çox sevindirdi. Ona görə
ki, Binnət müəllim qoşmanı
məhz qoşma kimi yazır. Onun klassik ölçülərinə
tam riayət edir və çalışır
ki, bu qoşmalarda
özünəməxsus izi
olsun. Xüsusən,
onun sevgi mövzusunda qələmə
aldığı qoşmaları
bu canrın bədii imkanlarını bir daha aşkara
çıxarır:
Əzizim,
hər dəfə səni ananda,
Dil dodağa,
dodaq dilə yalvarır.
Könlümdən keçəni sənə
yazanda,
Əl varağa,
varaq ələ yalvarır.
Bağa
yayılanda ətrin, nəfəsin,
Binnətə ruh verir gülüşün, səsin,
İstəyirlər səni xoşhal eləsin,
Bülbül bağa, bağ bülbülə yaraşır.
Binnət Eloğlunun qəzəlləri
də, dördlükləri
də, bayatıları
da, gəraylıları
da, təmsilləri də, rübailəri də onun bu
formalara yaxşı bələd olduğundan xəbər verir. Xüsusilə,
gəraylılarda o, xalq
şeirinin bu qədim formasında öz sözünü deyə bilir:
Qüzey
yeli çox bəd əsdi,
Bağ-bağçam saraldı, getdi.
Bülbül öldü, çiçək
soldu,
Gülümü xar aldı, getdi.
Yağı üstümə od tökdü,
Sinəmə çarpaz dağ
çəkdi,
Torpağımı tankla əkdi,
Eli dərdə saldı,
getdi.
Zəmimi
bombalar biçdi,
Tarlam su yerinə qan içdi,
Evim yox, çırağım
keçdi,
Ocağım qaraldı, getdi.
Binnətəm, ədalət hanı?
Qurulmur haqqın divanı,
Cəllad
tökdü nahaq qanı,
Canımdan can aldı, getdi.
Binnət Eloğlunun şeir və poemalarında onun özünün obrazı-bir azərbaycanlı kimi keçirdiyi hisslər, duyğular əks olunur və deyərdim ki, o, bu şeirlərin qəhrəmanıdır. Düşünən, əzab çəkən, sevinən, kövrələn bir xalq adamı-bir ağsaqqal və ziyalı özünü ifadə edir, ürəyini açır insanlara.
Onun poemaları
da ilhamla yazılıb. Ən çox diqqəti
cəlb edən "Həsrət" poemasıdır
ki, Binnət Eloğlu bu əsəri Şəhriyarın
"Heydərbabaya salam"
poemasına nəzirə
yazıb. Şəhriyarın poemasındakı şeir ölçüsünü yaxşı
mənimsəyib. Əgər bir
oxucu maraqlansa ki, Tovuzun Düz
Cırdaxan kəndi hansı adət-ənənələri,
etnoqrafiyası, insan çeşidləri ilə
seçilir, o zaman
"Həsrət" poemasına
müraciət edə
bilər. Deyə bilərəm
ki, bu poema
Düz Cırdaxan kəndinin tarixidir, coğrafiyasıdır, keçmişi
və bu günüdür.
Cırdaxan, sönməsin odun,
ocağın,
Günəştək əbədi yansın çırağın,
Yayılsın aləmə səsin,
sorağın,
Mənim
şöhrətimdir şöhrətin,
adın,
Mən nədən
yazardım, sən olmasaydın?
Binnət Süleymanın şeirləri
içərisində zəif
və ortabab nümunələr də diqqətdən yayınmır. Amma yetmiş beş
yaşlı bu qoca şairi incitmək istəmirəm.
Kitabdan xoş təəssüratla
ayrılıram. Və
müəllifin bu misraları ilə sözümü bitirirəm:
Bir gözələ saldı meylini hərə,
Kimi nakam oldu, kimi bəxtiyar.
Mən də bir Məcnunam
özümə görə,
Mənim Vətən adlı bir sevgilim var.
Ədalət.-2015.-27 yanvar.-S.7.